Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


BMT-NİN ӘSAS ORQANLARI VӘ STRUKTURU



Yüklə 1,29 Mb.
səhifə47/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   43   44   45   46   47   48   49   50   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

BMT-NİN ӘSAS ORQANLARI VӘ STRUKTURU


Bu qurumun nizamnaməsinin 3-cü fəslinin 1-ci maddəsinə görə, onun əsas orqanları aşağıdakılardan ibarətdir: ümumi yığıncaq (Baş Assambleya), Təhlükəsizlik Şurası, Ictimai-Iqtisadi Şura, Qəyyumluq Şurası, katiblik, Beynəlmiləl Әdliyyə Məhkəməsi.

a) Ümumi yiğincaq

Bu orqan BMT-yə üzv olan 200-ə yaxın ölkənin nümayəndələrindən təşkil olunmuşdur. Mövqeyi və vəziyyətindən asılı olmayaraq, burada hər ölkə bir səs hüququna malikdir. Ümumi yığıncaqda ölkələr öz problemləri və müxtəlif məsələlərə dair baxışlarını dünya ictimaiyyətinə bəyan edə bilərlər. Həmin yığıncaqlar Nyu-York şəhərində keçirilir. Ölkələrin buradakı nümayəndələri birbaşa diplomatla təmsil olunurlar. Lakin bəzən Xarici Işlər nazirləri və hətta dövlət başçıları da iclaslarda iştirak edir və ümumi yığıncaqda nitq söyləyirlər.

BMT-yə üzv olan dövlətlər ümumi yığıncaqda istənilən dünya problemləri barəsində çıxış edə bilərlər. Ümumi yığıncaq dünya millətlərinin ictimai-iqtisadi sahələrdə əməkdaşlıq etməsi və insan hüquqlarının qorunmasına təkidlə çalışır. Onun tərkisilah məsələləri, maliyyə işləri, humanitar, iqtisadi və ictimai məsələlər üzrə komissiyaları vardır. Ümumi yığıncaq öz iclaslarının sonunda qətnamələr qəbul edir və bəyannamələr elan edir. Lakin belə qətnamələrin icra mexanizmi yoxdur və onlar yalnız, tövsiyə xarakteri daşıyır. Bununla belə, həmin məsələlər barəsində dünya ictimaiyyətinin baxışlarının formalaşmasında çox mühüm rol oynayır. Çünki, burada izhar olunan fikirlər, əsas etibarilə dünya millətlərinin ümumi rəyindən irəli gəlir.

Sülh və təhlükəsizlik, yeni üzvlərin təşkilata qəbul edilməsi və büdcə işləri üzrə məsələlər barəsində BMT-nin ümumi məclisinin qərarları, üzv dövlətlərin 2/3-si həmin qərara tərəfdar olduqda məqbul sayılır. Lakin digər məsələlərdə qərar qəbul olunması üçün nisbi əksəriyyət kafi hesab edilir.

Ümumi məclisin vəzifə və səlahiyyətləri bunlardan ibarətdir:



  1. Beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına dair məsələlər üzrə əməkdaşlığa dair tövsiyələr vermək (Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aid olan mövzular istisna olmaqla);

  2. BMT nizamnaməsi çərçivəsində təşkilatın digər orqanlarının vəzifə və səlahiyyətləri barəsində tövsiyələr vermək;

  3. Beynəlxalq aləmdə millətlərarası əməkdaşlığın inkişafı, hüquqi məsələlərin tənzimlənməsi, insan hüquqları və siyasi azadlıqların qorunması, habelə, iqtisadi-ictimai, elmi-maarif və səhiyyə sahələrində həmkarlığın genişləndirilməsinə dair dünya ictimaiyyətlərinə tövsiyələrin təqdim edilməsi;

  4. Hər mümkün şəraitdə sülhün qorunması və millətlərarası dostluq rabitələrinin bərqərar olunması haqqında tövsiyələrin verilməsi;

  5. Təhlükəsizlik Şurası və başqa orqanlarla bağlı məlumatların yoxlanılması və qəbul edilməsi;

  6. Təhlükəsizlik Şurasının qeyri-daimi, iqtisadi-ictimai şura, qəyyumluq şurası üzvlərinin, Təhlükəsizlik Şurası ilə birgə Beynəlmiləl Әdliyyə Məhkəməsi hakimlərinin seçilməsi, habelə, BMT baş katibini seçmək üçün təhlükəsizlik şurasına tövsiyə vermək.

Ümumi yığıncağın iclasları hər il sentyabr ayının axırlarında öz işinə başlayır və dekabr ayının ortalarına qədər davam edir. Hər rəsmi iclasın əvvəlində nümayəndələr yeni rəis və onun 21 müavini həmçinin, əsas yeddi komitənin sədrlərini seçirlər. Ümumi yığıncağın rəisi növbə ilə 5 coğrafi məntəqədən, yəni, Afrika, Asiya, Şərqi Avropa, Latın Amerikası və Qərbi Avropa ölkələri nümayəndələri arasından seçilir. Fövqəladə iclaslar Təhlükəsizlik Şurası və ya ümumi yığıncağın əksər üzvlərinin tələbi ilə çağırıla bilər.

Ümumi yığıncaqda müzakirə olunan məsələlər dövlət başçıları və ya ölkələrin Xarici Işlər nazirləri yaxud, 6 əsas komitə tərəfindən irəli sürülür. Həmin komitələr bunlardır:


  1. Beynəlxalq tərkisilah və təhlükəsizlik üzrə komitə;

  2. Iqtisadi-maliyyə məsələləri üzrə komitə;

  3. Ictimai-humanitar, mədəni-maarif məsələləri üzrə komitə;

  4. Xüsusi siyasi komitə;

  5. Idarəetmə və büdcə üzrə komitə;

  6. Hüquqi məsələlər üzrə komitə.

Әlbəttə ki, ümumi yığıncağın yuxarıda adları göstərilənlərdən savayı, başqa komitələri də mövcuddur.

b) Bmt-nin təhlükəsizlik şurası

Bu orqan BMT-nin nizamnaməsinə əsasən, beynəlxalq aləmdə sülh və təhlükəsizliyin qorunmasına cavabdehdir və onun iqamətgahı Nyu-Yorkda yerləşir.

Onun 15 üzvü vardır. Bunlardan 5-i daimi (Çin, Fransa, ABŞ, Rusiya və Ingiltərə), 10-u isə müvəqqəti üzvlərdir. Müvəqqəti üzvlər ümumi yığıncağın qərarı ilə iki il müddətinə müxtəlif coğrafi regionlardan növbə ilə bir dövrə üçün seçilirlər.

Nizamnaməyə uyğun şəkildə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar, bütün üzv ölkələr üçün icbaridir. Çünki, ümumi yığıncaqdan fərqli olaraq, Təhlükəsizlik Şurası qəbul etdiyi qərarların icra mexanizminə malikdir və beynəlxalq aləmdə onun qüdrəti, ümumi yığıncağın iqtidarından daha çoxdur.

Qeyd etmək lazımdır ki, şuranın 5 daimi üzvü “veto” hüququndan istifadə etməklə, qərar qəbul edilməsi və onun icrasının qarşısını ala bilərlər. Hətta Təhlükəsizlik Şurasının 14 üzvü hər hansı məsələ üzrə qərar qəbul etmək istədikdə, əgər bir daimi üzv “veto” tətbiq etsə, həmin qətnamə məqbul sayılmır!!! Ona görə də, Təhlükəsizlik Şurası uzun müddət öz işini səmərəli şəkildə qura bilməmiş və yalnız, SSRI-nin dağılmasından sonra onun fəaliyyətində bəzi müsbət irəliləyişlər müşahidə edilməyə başlamışdır. “Soyuq Müharibə” başa çatdıqdan sonra TŞ daha dinamik və səmərəli iş üslubuna yiyələnmişdir.

Təhlükəsizlik Şurasının vəzifə və səlahiyyətləri aşağıdakılardan ibarətdir:


  1. BMT-nin hədəflərinə uyğun qaydalarla beynəlxalq sülhün və təhlükəsizliyin qorunması;

  2. Münaqişəyə səbəb ola biləcək hər cür ixtilafların təhqiq edilməsi;

  3. Sülhü bərqərar etmək və münaqişələri sahmanlamaq üsullarının inkişaf etdirilməsi;

  4. Silahlanmanın tənzimlənmə sisteminin planlaşdırılması və bunun tətbiqi;

  5. Beynəlxalq ümumi sülhə təhlükə yaradan ocaqların təyini, təcavüzkar dövlətlərə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi və lazım gəldikdə onlara qarşı hərbi qüvvələrdən istifadə etmək;

  6. Təcavüzkar dövlətlərə qarşı müxtəlif üsullarla mübarizə aparmaq;

  7. Beynəlmiləl Әdliyyə Məhkəməsinə yeni üzvlərin qəbul edilməsi haqqında tövsiyələr vermək;

  8. Ümumi yığıncağa baş katib və Beynəlmiləl Әdliyyə Məhkəməsinin hüquqşünaslarının təyin olunması barəsində tövsiyələrin verilməsi;

  9. Qəyyumluq planlarının və işlərinin həyata keçirilməsi, dünyanın mühüm strateji bölgələrində sülh təminatçısı funksiyalarını yerinə yetirmək.

Təhlükəsizlik Şurası elə şəkildə qurulmuşdur ki, onun üzvləri yalnız qarşılıqlı həmkarlıq şəraitində faydalı fəaliyyət göstərə bilərlər və bunun üçün qurumun hər bir iclasında bütün üzvlərin iştirakı zəruridir. Təhlükəsizlik Şurası öz iclaslarını başqa şəhərlərdə də keçirə bilər. Məsələn: 1973-cü ildə onun iclasları Efiopiyanın paytaxtı Әddis-Әbəbədə və sonra isə, Panamada keçirilmişdi.

Təhlükəsizlik Şurasının iş üslubu elə bir şəkildədir ki, o, əvvəlcə münaqişədə olan tərəfləri sülhə və dostluq münasibətlərini yaratmağa çağırır. Sonra isə ixtilafı araşdırmaq üçün həmin bölgəyə öz xüsusi nümayəndəsini və yaxud, BMT Baş katibini göndərir. Amma, mümkündür ki, Təhlükəsizlik Şurası əvvəlcədən müəyyən konfliktli məsələ barəsində öz qərarını təyin etsin. Bəzi ölkələr arasında müharibə və hərbi əməliyyatlar başlayan kimi, şura təcili olaraq onun dayandırılması üçün tədbirlərə əl atır və atəşkəs rejiminin bərqərar edilməsinə çalışır. Xüsusi şəraitlərdə Təhlükəsizlik Şurası konfliktli bölgələrə BMT-nin sülh məramlı hərbi birləşmələrini göndərir və belə regionlarda sülhün bərpa olunmasını təmin edir. Bundan əlavə, bu cür tədbirlər fayda vermədikdə, daha artıq hərbi qüvvələrdən və təcavüzkar dövlətə qarşı iqtisadi sanksiyaların tətbiq olunmasından istifadə edilir.

Həmçinin, BMT nizamnaməsini kobud surətdə pozan ölkələri üzvlükdən xaric etmək üçün Təhlükəsizlik Şurası ümumi yığıncağa tövsiyə verə bilər.

Təhlükəsizlik Şurası beynəxalq sülhə təhlükə yaradan və təcavüzkar hərəkətlərin qarşısını almaqdan ötrü bir sıra əməli səlahiyyətlərə malikdir ki, bunlar nizamnamənin 41, 42 və 43-cü maddələrində aydın şəkildə bəyan olunur:

41-ci maddə: “Təhlükəsizlik Şurası konfliktlərin həll edilməsi prosesində hərbi qüvvələrin tətbiqinə şamil olmayan istənilən təşəbbüslə çıxış edə bilər və bu istiqamətdə qəbul etdiyi qərarların, BMT üzvü olan dövlətlər tərəfindən icrası zəruridir. Şuranın qətnamələrinə məhəl qoymayan dövlətlər isə, qismən və ya tamamilə iqtisadi əlaqələrin, dəmir, dəniz və hava yolları ilə rabitələrin, habelə, poçt, teleqraf və s. vasitələrlə olan digər əlaqələrin kəsilməsi və həmçinin, belə ölkələrlə siyasi rabitələrin dondurulması, həmin istiqamətlərdə atıla bilən addımlardandır“.

42-ci maddə: “41-ci maddədə nəzərdə tutulan vasitələrdən istifadə olunması kifayət etməzsə, Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün hava, dəniz və quru qüvvələrini tətbiq edə bilər. Bu cür hərbi əməliyyatlarda BMT-yə üzv dövlətlərin hava, dəniz və quru qoşunlarından istifadə olunması mümkündür“.

43-cü maddənin 1-ci bəndi: “BMT-nin bütün üzvləri beynəlxalq sülh və təhlükəsizliyi qorumağa borcludurlar. Təhlükəsizlik Şurasının müvafiq qərarından sonra beynəlxalq sülhü qorumaq üçün həyata keçirilən hərbi əməliyyatlar və digər tədbirlərdən ötrü üzv ölkələr öz silahlı qüvvələrindən və ərazilərindən istifadə olunması ixtiyarını şuranın öhdəsinə verə bilər“.

v) Ictimai-iqtisadi şura

Bu şuranın ümumi yığıncaq tərəfindən 3 il müddətinə seçilən 54 üzvü vardır ki, hər il 18 yeni üzv yenidən seçilir. Şurada səsvermə nisbi əksəriyyət şəklində həyata keçirilir. Onun iclasları ildə bir dəfə, beş həftə müddətində növbə ilə Nyu-York və Cenevrədə təşkil olunur. Üzv ölkələrin nazirlikləri, müzakirə olunacaq məsələləri gündəliyə çıxarmaq üçün təkliflər irəli sürürlər. Iqtisadi inkişaf, ekoloji problemlər, insan hüquqları və s. məsələlər müzakirə obyekti ola bilər. Şuranın iclaslarında bu və ya digər məsələlər müzakirə olunur, onların barəsində qərarlar qəbul edilir və ümumi yığıncağa tövsiyələr verilir. Bu şura həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Məşğulluq Təşkilatı, ərzaq və əkinçilik, mədəni-maarif və s. ixtisaslaşmış beynəlmiləl qurumlar arasında koordinator rolunu oynayır.

BMT-nin ictimai-iqtisadi şurasının vəzifələri və səlahiyyətləri:



  1. Beynəlxalq ictimai-iqtisadi problemləri araşdırmaq, onların həlli və tənzimlənməsi yollarını tapmaq, bu barədə tövsiyələr hazırlamaq;

  2. Ictimai-iqtisadi məsələlər barəsində proqnozlar vermək və bu istiqamətdə inkişaf üsullarını təklif etmək;

  3. Әsas insan hüquqları və azadlıqlarının qorunması sahəsində nailiyyətlər qazanmaq üçün əməli fəaliyyət göstərmək;

  4. Müxtəlif mövzularda beynəlxalq konfrans və konvensiyaların gündəliyini hazırlamaq, onları ümumi yığıncağa təqdim etmək.

  5. BMT və xüsusi agentliklər arasında rabitələri bərqərar etmək barəsində müzakirələr aparmaq;

  6. Ümumi yığıncağın təsdiqi ilə, BMT üzvləri və xüsusi agentliklər üçün xidmətlərin yerinə yetirilməsini təşkil etmək;

  7. Ikitərəfli əlaqələr barəsində qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparmaq (Hal-hazırda 1500 qeyri-dövlət təşkilatı bu şura ilə məsləhətləşmələr aparır).

Belə təşkilatlara icazə verilir ki, nümayəndələrini şuranın iclaslarında iştirak etmək üçün göndərsinlər və ictimai-iqtisadi şuranın işinin təkmilləşdirilməsi üçün lazım bildikləri məsləhətləri təqdim etsinlər.

q) Qəyyumluq şurası

BMT nizamnaməsinə görə, Qəyyumluq Şurası onun əsas orqanlarından biri hesab olunur. Bu şura BMT-nin qəyyumluğunu öz öhdəsinə götürdüyü ərazilərdə nəzarət və idarəetmə funksiyalarını yerinə yetirir. Qəyyumluq sisteminin əsas hədəfləri, qəyyumluq nəzarətində olmuş 11 ölkənin sakinlərinin həyat səviyyəsinin tərəqqisi və inkişafına nail olmaq idi ki, bununla da, onlar hərtərəfli şəkildə öz istiqlaliyyətlərini əldə etsinlər.

Bu şuranın ən ümdə məqsədi, qəyyumluq nəzarətində olan bütün ölkələrdə müstəmləkəçiliyin ağır nəticələrini aradan qaldırmaq və həmin ölkələrin müstəqillik yaxud, müxtariyyət qazanmaqlarına kömək etmək idi.

BMT-nin nizamnaməsində qəyyumluq şurasına ixtiyar verilirdi ki, onun himayəsində olan əraziləri idarə edən orqanların məlumatlarını yoxlayıb, həmin ölkə sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində təsirli tədbirlərə əl atsın.

Beləliklə, şuranın nəzarəti altında olan ölkələr tədricən müstəqil dövlətlərə çevrildilər. Qəyyumluq Şurasının nəzarət etdiyi axırıncı ölkə (Mikroneziya adalarından biri) 1994-cü ildə öz müstəqilliyini elan edib, bundan bir ay sonra BMT üzvlüyünə qəbul olundu. Bu cəhətdən Qəyyumluq Şurası ın missiyası başa çatdı və onun fəaliyyəti məlum səbəblərə görə donduruldu.

ğ) Beynəlxalq ədliyyə məhkəməsi

BMT-nin əsas orqanlarından biri olan bu məhkəmənin iqamətgahı, Hollandiyanın Haaqqa şəhərində yerləşir. Bu məhkəmə, yalnız dövlətlərarası ixtilafların həlli məsələlərinə baxır və şəxslərin fərdi işləri ilə heç bir əlaqəsi yoxdur. Üzv ölkələr sərhəd ixtilafları, təbii sərvətlərdən istifadə, balıq ovu və s. sahələrdə ortaya çıxan problemləri həll etmək üçün bu məhkəməyə müraciət edə bilərlər. BMT-nin ümumi yığıncağı və Təhlükəsizlik Şurasında müxtəlif məsələlər barəsində bu məhkəmədən məşvərətçi rəy verməsini istəyə bilərlər. Həmçinin, BMT-nin digər orqanları eyni məqsədlə bu məhkəməyə müraciət edə bilərlər. Haqqında danışılan məhkəmənin 15 rəsmi üzvü var ki, bunlar Təhlükəsizlik Şurasının məsləhəti ilə ümumi yığıncaq tərəfindən seçilirlər. Bu hakimlər özlərinin yüksək peşəkarlıq keyfiyyəti və əməli fəaliyyətlərinə görə seçilirlər (milliyyətlərinə görə yox). Onlar dünyada mövcud olan müxtəlif hüquqi məktəb və sistemlərin nümayəndələridirlər. Bir ölkə və ya bir millətdən bu məhkəmədə iki hakim olmur. Hakimlərin xidmət dövrü - 9 ildir və bu müddətdən sonra yeni hakimlər vəzifəyə seçilir. Bir hakimin yenidən seçilməsi də mümkündür. Әlbəttə ki, onlar hakimlik etdikləri həmin müddətdə başqa işlə məşğul ola bilməzlər.

d) Bmt-nin katibliyi

Katiblik, əslində BMT-nin işlərini idarə edən əsas orqandır. Onun 15 minə yaxın işçisi vardır. Bu şəxslər müxtəlif ölkə vətəndaşlarından ibarət olub, BMT-nin cürbəcür agentlik və komissiyalarında fəaliyyət göstərirlər. Katibliyin iqamətgahı Nyu-Yorkda yerləşir və onun rəisi BMT-nin baş katibidir. Katibliyin Cenevrə və Vyana şəhərlərində də şöbələri mövcuddur.

BMT baş katibi Təhlükəsizlik Şurasının tövsiyəsinə əsasən, ümumi yığıncaq tərəfindən təyin edilir. O, 5 il müddətinə seçilir və vəzifə səlahiyyətləri uzaldıla bilər. Habelə, bir şəxsin bir neçə dəfə baş katib seçilməsi də mümkündür. Katiblik müxtəlif işlərlə məşğul olur. O cümlədən, BMT işçilərinin Nyu-York və bütün dünya boyu fəaliyyətlərinin idarə olunması, beynəlxalq münaqişələr zonasında sülh və təhlükəsizliyi qorumaq məqsədilə keçirilən əməliyyatların idarəçiliyi, insan hüquqlarının qorunması istiqamətində fəaliyyətlərin aparılması, müxtəlif mövzularda beynəlxalq konfransların təşkili, belə yığıncaqlarda söylənilən nitq və məruzələrin BMT-nin rəsmi dillərinə tərcüməsi və şərh olunması və s.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə