İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə46/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   42   43   44   45   46   47   48   49   ...   86

99 
 
 
«EUPES–AZƏRBAYCAN» 
ALMANİYA–AZƏRBAYCAN BİRGƏ  
MÜƏSSİSƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ 
 
Bakı, Xətai rayonu  
 
2 oktyabr 2003-cü il  
 
Əziz dostlar!  
Xanımlar və cənablar! 
Mən sizin hamınızı bugünkü əlamətdar hadisə – Azərbaycan–Almaniya birgə müəssisəsinin açılışı 
münasibətilə təbrik edirəm.  
Azərbaycanda Heydər  Əliyevin rəhbərliyi altında 1994-cü ildən yeni neft strategiyası  həyata keçirilir. Bu 
zavodun yaradılması da məhz həmin neft strategiyasının həyata keçirilməsi ilə bağlıdır.  Əgər 1994-cü ildə 
"Əsrin müqaviləsi" imzalanmasaydı, təbii ki, bu zavoda da ehtiyac olmazdı. O vaxtdan bəri Azərbaycanda bu 
istiqamətdə çox işlər görülmüşdür. Bu barədə artıq burada deyilmişdir. Azərbaycana böyük həcmdə  sərmayə 
qoyulur, yeni müəssisələr, zavodlar, fabriklər yaradılır, yeni iş yerləri açılır. Çox sevindirici haldır ki, bu proses 
davam edir. 
Heydər Əliyevin neft strategiyası çoxşaxəlidir, müxtəlif istiqamətlərdən ibarətdir. Əlbəttə, ilkin mərhələdə ən 
önəmli məsələ ondan ibarət idi ki, Azərbaycana sərmayə  cəlb edilsin. İndi bu proses uğurla davam edir. 
Azərbaycana milyardlarla dollar sərmayə qoyulmuşdur və gələcəkdə də qoyulacaqdır. bp şirkətinin nümayəndəsi 
burada dedi – Azərbaycanın neft sektoruna 18 milyard dollar sərmayə qoyulacaqdır. Məhz buna görə 
Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında adambaşına düşən xarici sərmayənin həcminə 
görə qabaqcıl yerlərdədir.  
Neft strategiyasının digər istiqaməti ondan ibarətdir ki, Azərbaycanda nəqliyyat infrastrukturu yaradılsın, 
neft kəmərləri inşa edilsin. Bu proses davam edir. Azərbaycan nefti artıq iki kəmər vasitəsilə dünya bazarlarına 
çatdırılır. Bunlar Bakı–Novorossiysk və Bakı–Supsa neft kəmərləridir. Hazırda nəhəng Bakı–Tbilisi–Ceyhan 
neft kəməri tikilir və yaxın gələcəkdə istifadəyə veriləcəkdir.  
Bu da imkan verəcəkdir ki, Azərbaycan öz neftini böyük həcmdə ixrac etsin, dünya bazarlarına çatdırsın. 
Beləliklə, iqtisadiyyatımız daha da möhkəmlənəcəkdir. 
Heydər  Əliyevin neft strategiyasının daha bir istiqaməti ona yönəlmişdir ki, Azərbaycanda yerli istehsal 
yaransın, iş yerləri açılsın. Bu gün biz bunu açılışını etdiyimiz zavodda görürük. Ümumiyyətlə, bütün bu amillər 
bu zavodun yaradılmasında özünü göstərir. Bura həm sərmayə qoyuluşu, həm yeni yerli istehsal yaradılması, 
həm də yeni iş yerləri açılması daxildir. Burada 350 iş yeri açılmışdır, onun 300-dən  çoxuna da yerli vətəndaşlar 
cəlb olunmuşdur. Maaşlar da çox yüksəkdir. Mənə verilən məlumata görə, burada Azərbaycan vətəndaşlarının 
maaşları 400 dollardan artıqdır.  Əlbəttə ki, bütün bunlar çox sevindirici hallardır. Ümumiyyətlə, Azərbaycanda 
yeni iş yerlərinin açılması istiqamətində işlər görülür və görüləcəkdir, növbəti beş il ərzində 600 min yeni iş yeri 
açılacaqdır. Azərbaycanda zavodlar, fabriklər, emal müəssisələri yaradılır və gələcəkdə  də yaradılacaqdır. Bu bizə 
imkan verəcəkdir ki, Azərbaycanı hərtərəfli inkişaf etdirək.  
Əlbəttə ki, hələ uzun illər ərzində ölkəmizin iqtisadi inkişafını müəyyən edən amil neft faktoru olacaqdır. Bu 
da təbiidir. Amma bununla yanaşı, Azərbaycanın digər sektorları da inkişaf edir və  gələcəkdə  də buna fikir 
veriləcəkdir. Əminəm ki, hələ buna bənzər və dünya standartlarına cavab verən neçə-neçə müəssisə yaradılacaq 
və insanlarımız işlə təmin olunacaqdır. 
Mənə məlumat verildi ki, burada yerli vətəndaşlar həm fəhlə işini görürlər, eyni zamanda yüksək peşəkarlıq 
tələb edən işlərlə  də  məşğuldurlar. Bu bir daha göstərir ki, Azərbaycanda güclü insan potensialı var, peşəkar 
insanlar çoxdur. Çox sevindirici haldır ki, bu müəssisə onlardan istifadə edir.  
Bu birgə müəssisənin yaradılması həm də ona görə sevindiricidir ki, o, Almaniya və Azərbaycan şirkətləri 
tərəfindən təsis olunmuşdur. Bu iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir. Bizim aramızda nəinki 
heç bir problem yoxdur, əksinə, əməkdaşlıq və qarşılıqlı hörmət, anlaşma vardır.  
Hesab edirəm ki, Azərbaycanın Avropa ailəsinə inteqrasiyası məsələsində də Almaniyanın dəstəyi bizə lazım 
olacaqdır və biz bu dəstəyi hiss edirik. Çox şadıq ki, Almaniya kapitalı, biznesi Azərbaycana gəlir.  Əlbəttə, 
Azərbaycanda Heydər  Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində yüzlərlə xarici şirkət 
ölkəmizdə  fəaliyyət göstərir, minlərlə xarici vətəndaş Azərbaycanda çox gözəl və rahat yaşayır. Onlar heç 
Azərbaycandan getmək də istəmirlər. Çünki ölkəmiz,  şəhərimiz günü-gündən abadlaşır, gözəlləşir, 
iqtisadiyyatımız möhkəmlənir. Biz çox sevinirik ki, Azərbaycanda bu baxımdan heç bir problem yoxdur. Əksi-
nə, əməkdaşlıq ruhu mövcuddur.  


100 
 
Biz eyni zamanda çox istərdik ki, burada podratçı qismində fəaliyyət göstərən şirkətlər öz ofislərini açsınlar. 
Amma ilk növbədə, Azərbaycana sərmayə qoyan şirkətlər gəlsin. Ölkəmizin böyük imkanları, potensialı, 
gələcəyi vardır. Əlbəttə ki, bu gün bizim iqtisadiyyatımıza sərmayə qoyan şirkət bundan böyük mənfəət, fayda 
əldə edəcəkdir. Hesab edirəm ki, bu gün Almaniya  şirkəti tərəfindən göstərilən nümunə digər  şirkətlər 
tərəfindən də bəyəniləcək və onlar da bu təcrübədən istifadə edib Azərbaycana sərmayə qoyacaqlar.  
Ölkəmiz, ümumiyyətlə, çox sürətlə inkişaf edir. Azərbaycanda iqtisadi islahatlar aparılır, özəlləşdirmə 
prosesi gedir. Çox sevindirici haldır ki, ümumi daxili məhsulda özəl sektorun payı 70 faizdən yuxarıdır. Bu gün 
olduğumuz müəssisə də tamamilə özəl sektora məxsusdur. Biz çox istəyirik ki, Azərbaycanda özəl sektor inkişaf 
etsin, sahibkarların sayı artsın, orta təbəqə yaransın. Hökumət bu istiqamətdə əlindən gələni edir və gələcəkdə 
də edəcəkdir. Bu bizim strateji xəttimizdir. Azərbaycan zəngin ölkəyə çevrilməlidir və çevriləcəkdir. Bunun 
üçün bizdə bütün imkanlar vardır. Təbii sərvətlər, yüksək peşəkarlıq, iradə, Vətənə, xalqa məhəbbət vardır. 
Bundan başqa daha nə lazımdır?  
Bütün bu amilləri səfərbər edib Azərbaycanı çox qısa bir zamanda zəngin dövlətə çevirmək niyyətindəyik və 
bunu edəcəyik. Biz istəyirik insanlarımız yaxşı yaşasın, işsizlik, yoxsulluq olmasın. Bu istiqamətdə  də    işlər 
aparılır və deyə bilərəm ki, artıq uğurlar əldə etmişik.  
Qısa müddət  ərzində Azərbaycanda dünya standartlarına cavab verən bir neçə müəssisə yaradılıb. Dünən 
balıqartırma zavodunun açılışı oldu, iyirmi gün əvvəl Xaçmazda konserv zavodunun açılışını etdik. Bu gün 
burada Azərbaycanın iqtisadi inkişafı üçün çox önəmli zavod açılır. Çox mühüm cəhət budur ki, bütün bu 
müəssisələrin istehsal etdiyi məhsulların böyük bir qismi Azərbaycanda satılacaqdır. Yəni xaricdə bazar 
axtarmaq lazım olmayacaqdır. Bu da, öz növbəsində, bir daha onu göstərir ki, 1994-cü ildə Heydər  Əliyev 
tərəfindən "Əsrin müqaviləsi"nin imzalanması çox cəsarətli və müdrik addım idi. Məhz o müqavilənin nəticə-
sində Azərbaycanda infrastruktur və yerli istehsalçılar üçün şərait  yaradılır.  
Biz istəyirik ki, Azərbaycanın bazarını yerli şirkətlər öz məhsulları ilə doldursunlar. Əlbəttə, idxal da 
lazımdır və olacaqdır. Amma o sahələrdə ki, imkanımız vardır, gərək biz yerli şirkətlərə öz istehsal etdikləri 
məhsulları Azərbaycan bazarına çıxarmalarına kömək edək.  
Əziz dostlar, dediyim kimi, bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Gözəl, yeni müəssisə 
yaradılıb istifadəyə verilir. Mən bu münasibətlə bir daha sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm, sizə 
cansağlığı, uğurlar arzulayıram. Sağ olun. 
 
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə