157
TÜRKİYƏNİN NÜFUZLU "ŞOU-TV"
KANALINA MÜSAHİBƏ
– Hörmətli Prezident, ilk öncə Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəməri
layihələrindən başlamaq istəyirəm. Hər iki böyük layihə ilə bağlı son hadisələr haqqında danışsanız,
məmnun olarıq.
– Hər iki layihə uğurla həyata keçirilir. Bildiyiniz kimi, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisi işində
keçmişdə müəyyən çətinliklər olmuşdur. Amma bütün bu maneələr aradan qaldırılıb və inşaat işləri həm
Azərbaycanda, həm Gürcüstanda, həm də Türkiyədə çox uğurla davam edir. Nəzərdə tutulub ki, bu ilin sonuna
qədər boru xətti istifadəyə veriləcək. Bütün işlər cədvəl üzrə gedir, böyük işlər görülübdür, böyük həcmdə vəsait
qoyulubdur. Ümid
edirəm ki, bu layihə vaxtında başa çatdırılacaq. "Şahdəniz" layihəsi də uğurla davam edir.
Artıq orada da böyük işlər görülübdür. Ümid edirəm ki, bu da nəzərdə tutulan vaxtda istifadəyə veriləcək. Bu
da, öz növbəsində, Azərbaycanın təbii qazını Türkiyəyə, daha sonra isə digər Avropa ölkələrinə çatdıracaqdır.
– Gürcüstandakı son hadisələr Bakı–Tbilisi–Ceyhan neft kəmərinə mənfi təsir göstərə biləcək bir
nəticə verdimi?
– Xeyr, Gürcüstanda baş verən hadisələrin bu layihəyə heç bir təsiri olmadı. Bildiyiniz kimi, üç ölkə öz
ərazisində boru xəttinin qorunması üçün öhdəliklər götürmüşdür. Kəmərin təhlükəsizliyi ilə bağlı bütün
məsələlər həmin ölkələrin səlahiyyətləri çərçivəsində həll edilməlidir. Bu vaxta qədər bu məsələdə heç bir
çətinlik olmamışdır. Ümid edirəm ki, bundan sonra da olmayacaqdır.
– Hörmətli Prezident, Amerikada prezident seçkiləri yaxınlaşdığı bir dövrdə həmin ölkədəki ermənilər
prezident Buşa məktub göndərərək Bakı–Ceyhan neft kəmərinin Gürcüstandan yox, Ermənistan
ərazisindən keçməsini təklif etdilər. Bu cür təklifləri necə qiymətləndirirsiniz?
– Bilirsiniz ki, ermənilər hər zaman bu boru xəttinin əleyhinə çıxıblar. Çünki onlar gözəl başa düşürlər ki,
kəmər istifadəyə veriləndən sonra Azərbaycanın iqtisadi potensialı xeyli dərəcədə artacaq, güclənəcəkdir. Təbii
ki, Azərbaycan iqtisadi cəhətdən
güclü dövlətə çevrilərsə, əlbəttə ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində də üstünlük əldə edəcəkdir. İkincisi, bu layihə Azərbaycanı, Gürcüstanı və Türkiyəni bir
daha yeni formada birləşdirən layihədir. Ermənistan onsuz da regionda gedən bütün iqtisadi layihələrdən
kənarda qalır. Demək olar ki, təcrid olunub. Bu layihə Ermənistanı daha da təcrid edəcəkdir. Bütün bu amilləri
nəzərə almaq şərtilə Ermənistan əvvəldən layihənin əleyhinə çıxmışdır. Sadəcə olaraq, Ermənistanın bu vaxta-
dək bütün cəhdləri nəticə verməmişdir. Ona görə də indi tələb edirlər ki, kəmər Ermənistan ərazisindən keçsin.
Halbuki bu, mümkün deyil, biz buna heç vaxt razı ola bilmərik. Digər tərəfdən, erməni lobbisi dünyada fəaliyyət
göstərən ekoloji qurumlara, qeyri-hökumət təşkilatlarına böyük təzyiqlər göstərir ki,
guya bu layihə ətraf mühit
baxımından təhlükəlidir. Əslində isə bu belə deyildir.
– Gürcüstanda da ətraf mühit adı altında Bakı–Tbilisi-Ceyhan layihəsinə qarşı çıxan bəzi qruplar var.
Bəzi xarici ölkələr onları təşkilatlandırır, maliyyələşdirirlər. Bunların layihə üçün maneə yarada
biləcəyinə inanırsınızmı?
– Xeyr, artıq onların heç bir təsiri qalmamışdır. Bilirsiniz, bəzi ekoloji qurumlar bəlkə də, həqiqətən,
narahatlıq hissləri keçirirlər. Amma onların böyük əksəriyyəti ermənilərin təsiri altında olan qurumlardır və
burada ancaq siyasi motivlər var. "Mavi axın" layihəsi ətraf mühit üçün qat-qat təhlükəlidir. Amma baxın, onun
tikintisində həmin təşkilatlardan heç birinin səsi çıxmadı. Nə üçün Bakı–Ceyhan kəmərinin əleyhinə çıxırlar?
Bunun əsasında ancaq siyasi amillər dayanır. Bu təşkilatlar bizə kredit ayıran Dünya Bankına, digər beynəlxalq
maliyyə qurumlarına da müraciətlər göndərmişlər. Onları bu işdən çəkindirmək üçün cəhdlər göstərmişlər.
Amma onların heç birinin nəticəsi olmamışdır. Ermənistanın bu növbəti təxribat planı həyata keçməmişdir.
– Rusiyanın bu məsələyə mövqeyi necədir?
– Rusiyanın bu mövzu ilə bağlı hər hansı bir hərəkəti olmadı. Rusiya son illər ərzində, ümumiyyətlə, bu
məsələlərə qarışmır, sadəcə olaraq, bir müşahidəçi kimi bu məsələyə münasibət göstərir. Heç bir problem, çətinlik,
etiraz olmamışdır.
– Cənab Prezident, başqa bir mövzuya keçmək istəyirəm. İyun ayında Türkiyədə NATO-nun zirvə
toplantısı keçiriləcək. Azərbaycan da NATO-ya üzv olmağa çalışır. Bildiyimə görə, Siz NATO-nun zirvə
toplantısında iştirak edəcəksiniz. NATO-nun genişlənməsi prosesini necə qiymətləndirirsiniz?
– Bu, dünyada gedən təbii bir prosesdir və buna bütün qüvvələr təbii yanaşmalıdır. Azərbaycan da NATO-
nun həyata keçirdiyi proqramlarda fəal iştirak edir, "Sülh naminə tərəfdaşlıq" proqramının fəal iştirakçısıdır.
Əlbəttə ki, Azərbaycan NATO-nun zirvə toplantısında da fəal iştirak edəcəkdir. NATO-nun genişlənməsi son
illər ərzində dünyada gedən proseslərin təzahürüdür. Əlbəttə ki, dünya ictimaiyyəti bunu belə
qiymətləndirməlidir.
158
– Hörmətli Prezident, icazənizlə bildirmək istəyirəm ki, Əfqanıstan və İraqda NATO-nun iştirak
etməsi məsələsinin gündəliyə gələcəyi ehtimal edilir. Qafqazdakı münaqişə ocaqlarının da NATO-nun
səlahiyyət dairəsi çərçivəsində daxil olacağı gözlənilir. Bu, bölgədəki qüvvələr nisbətinə mənfi təsir edə
bilərmi?
– Məncə, təsir etməz,
çünki bilirsiniz ki, bölgə müxtəlif ölkələrdən ibarətdir və bu ölkələrin də yolu eyni
deyildir. Hər bir ölkə özünə uyğun siyasət seçib. Azərbaycanın da siyasəti uzun illər ərzində dəyişməz olaraq
qalır. Biz öz gələcəyimizi Avroatlantik məkanına inteqrasiyada görürük. Azərbaycanın bütün sahələrdə apardığı
siyasət bunu deməyə əsas verir. Biz Avropa Birliyi ilə də daha sıx inteqrasiya etmək niyyətindəyik və bu
istiqamətdə artıq praktiki işlər görülür. O cümlədən, Dünya Birliyinə də inteqrasiya ölkəmiz üçün çox vacibdir.
Bu baxımdan hesab etmirəm ki, bölgədəki qüvvələr nisbəti dəyişə bilər.
– Hörmətli Prezident, qarşıdakı beş ilə nəzər salsaq, Siz prezident olaraq Azərbaycanı iqtisadi
baxımdan, texnologiya, təhsil, sosial həyat, xarici əlaqələr baxımından necə görürsünüz? Qarşıdakı beş
ilin Azərbaycanının layihəsini açıqlaya bilərsinizmi?
– Bu barədə mən öz çıxışlarımda əhaliyə kifayət qədər məlumat vermişəm. Bu mənim seçkiqabağı
kampaniyamın tərkib hissəsi idi. Seçkilərdə hər bir namizəd öz proqramı ilə iştirak edirdi. O cümlədən də mən.
Mənim bütün planlarım ictimaiyyət üçün sirr deyildir. Mən Azərbaycanı müasir, iqtisadi cəhətdən güclü dövlət
kimi görmək istəyirəm. Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşı ölkəni bu cür görmək istəyir.
Eyni zamanda, inanıram ki, növbəti beş ildə Azərbaycanın bölgədə də, dünyada da nüfuzu artacaqdır.
Ölkəmiz
coğrafi-siyasi cəhətdən, həm bölgə üçün, həm də geniş mənada Avropa üçün çox mühüm bir ölkədir.
Burada çox güclü intellektual potensial var. Azərbaycanda yeni sənaye müəssisələri yaranacaqdır. Mənim
təşəbbüsümlə həyata keçirilən sosial-iqtisadi islahatların ilk nəticələrini artıq, demək olar ki, biz müşahidə
edirik. Eyni zamanda, Azərbaycanın bölgələrinin inkişafı da çox önəmlidir. Azərbaycanın təkcə paytaxtı Bakı
yox, bütün bölgələri inkişaf etməlidir. Bu istiqamətdə də proqram tərtib edilib və mətbuatda dərc olunubdur.
Azərbaycan öz neft və qaz ehtiyatlarını dünya bazarlarına çatdıraraq böyük səmərə əldə edəcək və bu da bizə
imkan verəcək ki, iqtisadiyyatın bütün sahələri inkişaf etdirilsin. Mən ümid edirəm və əminəm ki, qarşıda duran
bu proqramları biz ləyaqətlə yerinə yetirəcəyik.
– Mən də inanıram ki, qarşıdakı beş il ərzində Qafqaz dövlətləri arasından güclü bir Azərbaycan
ortaya çıxacaq. Bəs bu beş ildə qarşıya çıxa biləcək ən ciddi problem kimi nəyi görürsünüz?
– Hesab edirəm ki, beş il ərzində, bəlkə daha da az bir müddətdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi öz həllini tapmalıdır. Artıq biz XXI əsrdə yaşayırıq və Ermənistanla
birlikdə müxtəlif beynəlxalq
təşkilatların da üzvüyük. Belə olan halda bir ölkənin başqa ölkənin torpaqlarını işğal etməsi dözülməzdir. Bütün
dünya ictimaiyyəti, böyük dövlətlər buna son qoymalıdır. Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir,
Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır və beləliklə, bir milyon Azərbaycan qaçqın və köçkünü
öz doğma torpaqlarına qayıtmalıdır. Bu təkcə Azərbaycan üçün yox, bütün bölgə üçün önəmlidir. Çünki
Ermənistan bölgə üçün təhlükədir, Dağlıq Qarabağ nəzarətsiz bir zonadır. Orada heç bir beynəlxalq nəzarət
yoxdur, monitorinq keçirilmir. Bizdə olan məlumata görə, orada terrorist düşərgələri də fəaliyyət göstərir,
narkotik maddələr yetişdirilir və nəql edilir. Bütün bunlar bölgə üçün böyük təhlükədir. Əlbəttə, bir halda ki, biz
özümüzü Avropada, Avropanın bir hissəsi kimi görürük, deməli, Dağlıq Qarabağ Avropa məkanında
qara bir
ləkədir. Buna da son qoyulmalıdır.
İnanıram ki, bu məsələ həll ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və beləliklə, dünyada
mövcud olan bütün hüquq normaları burada da öz əksini tapacaqdır.
– Hörmətli Prezident, Qarabağda heç bir beynəlxalq qurumun və ya müşahidəçinin fəaliyyət
göstərmədiyini bildirdiniz və orada narkotiklərlə və terrorla bağlı fəaliyyətlərin artdığını vurğuladınız.
Nə üçün buna göz yumulur?
– Bunun müxtəlif səbəbləri var. Biz dəfələrlə bu barədə öz fikirlərimizi bildirmişik. Hesab edirəm ki, ilk
növbədə, erməni lobbisinin dünyada güclü olması, müxtəlif ölkələrdə fəaliyyət göstərməsi ən əsas amillərdən
biridir. Çünki Ermənistan özü iqtisadi cəhətdən də, siyasi cəhətdən də zəif və gücsüz bir dövlətdir. Ermənistan
öz siyasətində işğalçılıq prinsipinə əsaslanır, öz ölkəsində ciddi problemlərə baxmayaraq, digər ölkələrə qarşı
ərazi iddiaları ilə çıxış edir. Ermənistanın təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da ərazi iddiaları var.
Ermənistan "xalqın öz müqəddəratını təyinetmə" prinsipini rəhbər tutaraq digər ölkələr üçün də problem yaradır.
Əlbəttə ki, əgər erməni lobbisi, onun güclü maliyyə dəstəyi olmasaydı, Ermənistan özünü belə apara bilməzdi.
Bunun əsas
səbəbi bu amildədir və bu amil, əfsuslar olsun ki, böyük dövlətlərin mövqeyində böyük rol oynayır.
Beynəlxalq təşkilatlar da bu amilə görə öz siyasətlərinə müəyyən düzəlişlər edirlər. Mən hesab edirəm ki,
dünyada buna bənzər münaqişələrin həllində bütün dünya ictimaiyyəti və bu məsələ ilə bilavasitə məşğul olan
beynəlxalq təşkilatlar ikili standartlara yol verməməli, vahid bir mövqedən yanaşmalıdırlar. Əgər belə olarsa,
əminəm ki, tezliklə Ermənistan öz işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxaracaqdır.