İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   57   58   59   60   61   62   63   64   ...   84

156 
 
Bu gün çox əlamətdar bir gündür. Mən ümid edirəm və  əminəm ki, burada, Azərbaycanda fəaliyyət 
göstərəcək Atatürk Mərkəzində Atatürkün tarixi irsi öyrəniləcək və təbliğ ediləcəkdir. Mən Atatürk Mərkəzinə 
uğurlar arzulayıram. Sizin hamınızı bu tarixi hadisə münasibətilə bir daha təbrik edirəm. Sağ olun. 
 
 


157 
 
 
TÜRKİYƏNİN NÜFUZLU "ŞOU-TV"  
KANALINA MÜSAHİBƏ 
 
– Hörmətli Prezident, ilk öncə Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəməri 
layihələrindən başlamaq istəyirəm. Hər iki böyük layihə ilə bağlı son hadisələr haqqında danışsanız, 
məmnun olarıq. 
– Hər iki layihə uğurla həyata keçirilir. Bildiyiniz kimi,  Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisi işində 
keçmişdə müəyyən çətinliklər olmuşdur. Amma bütün bu maneələr aradan qaldırılıb və inşaat işləri həm 
Azərbaycanda, həm Gürcüstanda, həm də Türkiyədə çox uğurla davam edir. Nəzərdə tutulub ki, bu ilin sonuna 
qədər boru xətti istifadəyə veriləcək. Bütün işlər cədvəl üzrə gedir, böyük işlər görülübdür, böyük həcmdə vəsait 
qoyulubdur. Ümid edirəm ki, bu layihə vaxtında başa çatdırılacaq. "Şahdəniz" layihəsi də uğurla davam edir. 
Artıq orada da böyük işlər görülübdür. Ümid edirəm ki, bu da nəzərdə tutulan vaxtda istifadəyə veriləcək. Bu 
da, öz növbəsində, Azərbaycanın təbii qazını Türkiyəyə, daha sonra isə digər Avropa ölkələrinə çatdıracaqdır. 
– Gürcüstandakı son hadisələr Bakı–Tbilisi–Ceyhan neft kəmərinə  mənfi təsir göstərə biləcək bir 
nəticə verdimi? 
– Xeyr, Gürcüstanda baş verən hadisələrin bu layihəyə heç bir təsiri olmadı. Bildiyiniz kimi, üç ölkə öz 
ərazisində boru xəttinin qorunması üçün öhdəliklər götürmüşdür. Kəmərin təhlükəsizliyi ilə bağlı bütün 
məsələlər həmin ölkələrin səlahiyyətləri çərçivəsində  həll edilməlidir. Bu vaxta qədər bu məsələdə heç bir 
çətinlik olmamışdır. Ümid edirəm ki, bundan sonra da olmayacaqdır. 
– Hörmətli Prezident, Amerikada prezident seçkiləri yaxınlaşdığı bir dövrdə həmin ölkədəki ermənilər 
prezident Buşa məktub göndərərək Bakı–Ceyhan neft kəmərinin Gürcüstandan yox, Ermənistan 
ərazisindən keçməsini təklif etdilər. Bu cür təklifləri necə qiymətləndirirsiniz? 
– Bilirsiniz ki, ermənilər hər zaman bu boru xəttinin əleyhinə çıxıblar. Çünki onlar gözəl başa düşürlər ki, 
kəmər istifadəyə veriləndən sonra Azərbaycanın iqtisadi potensialı xeyli dərəcədə artacaq, güclənəcəkdir. Təbii 
ki, Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevrilərsə, əlbəttə ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin həllində də üstünlük əldə edəcəkdir. İkincisi, bu layihə Azərbaycanı, Gürcüstanı və Türkiyəni bir 
daha yeni formada birləşdirən layihədir. Ermənistan onsuz da regionda gedən bütün iqtisadi layihələrdən 
kənarda qalır. Demək olar ki, təcrid olunub. Bu layihə Ermənistanı daha da təcrid edəcəkdir. Bütün bu amilləri 
nəzərə almaq şərtilə Ermənistan əvvəldən layihənin əleyhinə çıxmışdır. Sadəcə olaraq, Ermənistanın bu vaxta-
dək bütün cəhdləri nəticə verməmişdir. Ona görə də indi tələb edirlər ki, kəmər Ermənistan ərazisindən keçsin. 
Halbuki bu, mümkün deyil, biz buna heç vaxt razı ola bilmərik. Digər tərəfdən, erməni lobbisi dünyada fəaliyyət 
göstərən ekoloji qurumlara, qeyri-hökumət təşkilatlarına böyük təzyiqlər göstərir ki, guya bu layihə ətraf mühit 
baxımından təhlükəlidir. Əslində isə bu belə deyildir. 
– Gürcüstanda da ətraf mühit adı altında Bakı–Tbilisi-Ceyhan layihəsinə qarşı çıxan bəzi qruplar var. 
Bəzi xarici ölkələr onları  təşkilatlandırır, maliyyələşdirirlər. Bunların layihə üçün maneə yarada 
biləcəyinə inanırsınızmı? 
– Xeyr, artıq onların heç bir təsiri qalmamışdır. Bilirsiniz, bəzi ekoloji qurumlar bəlkə  də, həqiqətən, 
narahatlıq hissləri keçirirlər. Amma onların böyük əksəriyyəti ermənilərin təsiri altında olan qurumlardır və 
burada ancaq siyasi motivlər var. "Mavi axın" layihəsi ətraf mühit üçün qat-qat təhlükəlidir. Amma baxın, onun 
tikintisində həmin təşkilatlardan heç birinin səsi çıxmadı. Nə üçün Bakı–Ceyhan kəmərinin  əleyhinə  çıxırlar? 
Bunun əsasında ancaq siyasi amillər dayanır. Bu təşkilatlar bizə kredit ayıran Dünya Bankına, digər beynəlxalq 
maliyyə qurumlarına da müraciətlər göndərmişlər. Onları bu işdən çəkindirmək üçün cəhdlər göstərmişlər. 
Amma onların heç birinin nəticəsi olmamışdır. Ermənistanın bu növbəti təxribat planı həyata keçməmişdir.  
– Rusiyanın bu məsələyə mövqeyi necədir? 
– Rusiyanın bu mövzu ilə bağlı  hər hansı bir hərəkəti olmadı. Rusiya son illər  ərzində, ümumiyyətlə, bu 
məsələlərə qarışmır, sadəcə olaraq, bir müşahidəçi kimi bu məsələyə münasibət göstərir. Heç bir problem, çətinlik, 
etiraz olmamışdır. 
– Cənab Prezident, başqa bir mövzuya keçmək istəyirəm.  İyun ayında Türkiyədə NATO-nun zirvə 
toplantısı keçiriləcək. Azərbaycan da NATO-ya üzv olmağa çalışır. Bildiyimə görə, Siz NATO-nun zirvə 
toplantısında iştirak edəcəksiniz. NATO-nun genişlənməsi prosesini necə qiymətləndirirsiniz? 
– Bu, dünyada gedən təbii bir prosesdir və buna bütün qüvvələr təbii yanaşmalıdır. Azərbaycan da NATO-
nun həyata keçirdiyi proqramlarda fəal iştirak edir, "Sülh naminə  tərəfdaşlıq" proqramının fəal iştirakçısıdır. 
Əlbəttə ki, Azərbaycan NATO-nun zirvə toplantısında da fəal iştirak edəcəkdir. NATO-nun genişlənməsi son 
illər  ərzində dünyada gedən proseslərin təzahürüdür.  Əlbəttə ki, dünya ictimaiyyəti bunu belə 
qiymətləndirməlidir. 


158 
 
– Hörmətli Prezident, icazənizlə bildirmək istəyirəm ki, Əfqanıstan və  İraqda NATO-nun iştirak 
etməsi məsələsinin gündəliyə  gələcəyi ehtimal edilir. Qafqazdakı münaqişə ocaqlarının da NATO-nun 
səlahiyyət dairəsi çərçivəsində daxil olacağı gözlənilir. Bu, bölgədəki qüvvələr nisbətinə  mənfi təsir edə 
bilərmi? 
– Məncə, təsir etməz, çünki bilirsiniz ki, bölgə müxtəlif ölkələrdən ibarətdir və bu ölkələrin də yolu eyni 
deyildir. Hər bir ölkə özünə uyğun siyasət seçib. Azərbaycanın da siyasəti uzun illər ərzində dəyişməz olaraq 
qalır. Biz öz gələcəyimizi Avroatlantik məkanına inteqrasiyada görürük. Azərbaycanın bütün sahələrdə apardığı 
siyasət bunu deməyə  əsas verir. Biz Avropa Birliyi ilə  də daha sıx inteqrasiya etmək niyyətindəyik və bu 
istiqamətdə artıq praktiki işlər görülür. O cümlədən, Dünya Birliyinə də inteqrasiya ölkəmiz üçün çox vacibdir. 
Bu baxımdan hesab etmirəm ki, bölgədəki qüvvələr nisbəti dəyişə bilər. 
– Hörmətli Prezident, qarşıdakı beş ilə  nəzər salsaq, Siz prezident olaraq Azərbaycanı iqtisadi 
baxımdan, texnologiya, təhsil, sosial həyat, xarici əlaqələr baxımından necə görürsünüz? Qarşıdakı beş 
ilin Azərbaycanının layihəsini açıqlaya bilərsinizmi? 
– Bu barədə  mən öz çıxışlarımda  əhaliyə kifayət qədər məlumat vermişəm. Bu mənim seçkiqabağı 
kampaniyamın tərkib hissəsi idi. Seçkilərdə hər bir namizəd öz proqramı ilə iştirak edirdi. O cümlədən də mən. 
Mənim bütün planlarım ictimaiyyət üçün sirr deyildir. Mən Azərbaycanı müasir, iqtisadi cəhətdən güclü dövlət 
kimi görmək istəyirəm. Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşı ölkəni bu cür görmək istəyir.  
Eyni zamanda, inanıram ki, növbəti beş ildə Azərbaycanın bölgədə  də, dünyada da nüfuzu artacaqdır. 
Ölkəmiz coğrafi-siyasi cəhətdən, həm bölgə üçün, həm də geniş mənada Avropa üçün çox mühüm bir ölkədir. 
Burada çox güclü intellektual potensial var. Azərbaycanda yeni sənaye müəssisələri yaranacaqdır. Mənim 
təşəbbüsümlə  həyata keçirilən sosial-iqtisadi islahatların ilk nəticələrini artıq, demək olar ki, biz müşahidə 
edirik. Eyni zamanda, Azərbaycanın bölgələrinin inkişafı da çox önəmlidir. Azərbaycanın təkcə paytaxtı Bakı 
yox, bütün bölgələri inkişaf etməlidir. Bu istiqamətdə  də proqram tərtib edilib və  mətbuatda dərc olunubdur. 
Azərbaycan öz neft və qaz ehtiyatlarını dünya bazarlarına çatdıraraq böyük səmərə əldə edəcək və bu da bizə 
imkan verəcək ki, iqtisadiyyatın bütün sahələri inkişaf etdirilsin. Mən ümid edirəm və əminəm ki, qarşıda duran 
bu proqramları biz ləyaqətlə yerinə yetirəcəyik. 
– Mən də inanıram ki, qarşıdakı beş il ərzində Qafqaz dövlətləri arasından güclü bir Azərbaycan 
ortaya çıxacaq. Bəs bu beş ildə qarşıya çıxa biləcək ən ciddi problem kimi nəyi görürsünüz? 
– Hesab edirəm ki, beş il ərzində, bəlkə daha da az bir müddətdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsi öz həllini tapmalıdır. Artıq biz XXI əsrdə yaşayırıq və Ermənistanla birlikdə müxtəlif beynəlxalq 
təşkilatların da üzvüyük. Belə olan halda bir ölkənin başqa ölkənin torpaqlarını işğal etməsi dözülməzdir. Bütün 
dünya ictimaiyyəti, böyük dövlətlər buna son qoymalıdır. Ermənistan öz işğalçı siyasətindən  əl çəkməlidir, 
Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır və beləliklə, bir milyon Azərbaycan qaçqın və köçkünü 
öz doğma torpaqlarına qayıtmalıdır. Bu təkcə Azərbaycan üçün yox, bütün bölgə üçün önəmlidir. Çünki 
Ermənistan bölgə üçün təhlükədir, Dağlıq Qarabağ  nəzarətsiz bir zonadır. Orada heç bir beynəlxalq nəzarət 
yoxdur, monitorinq keçirilmir. Bizdə olan məlumata görə, orada terrorist düşərgələri də  fəaliyyət göstərir, 
narkotik maddələr yetişdirilir və nəql edilir. Bütün bunlar bölgə üçün böyük təhlükədir. Əlbəttə, bir halda ki, biz 
özümüzü Avropada, Avropanın bir hissəsi kimi görürük, deməli, Dağlıq Qarabağ Avropa məkanında qara bir 
ləkədir. Buna da son qoyulmalıdır. 
İnanıram ki, bu məsələ  həll ediləcək, Azərbaycanın  ərazi bütövlüyü bərpa olunacaq və beləliklə, dünyada 
mövcud olan bütün hüquq normaları burada da öz əksini tapacaqdır.  
– Hörmətli Prezident, Qarabağda heç bir beynəlxalq qurumun və ya müşahidəçinin fəaliyyət 
göstərmədiyini bildirdiniz və orada narkotiklərlə  və terrorla bağlı  fəaliyyətlərin artdığını vurğuladınız. 
Nə üçün buna göz yumulur?  
– Bunun müxtəlif səbəbləri var. Biz dəfələrlə bu barədə öz fikirlərimizi bildirmişik. Hesab edirəm ki, ilk 
növbədə, erməni lobbisinin dünyada güclü olması, müxtəlif ölkələrdə  fəaliyyət göstərməsi  ən  əsas amillərdən 
biridir. Çünki Ermənistan özü iqtisadi cəhətdən də, siyasi cəhətdən də zəif və gücsüz bir dövlətdir. Ermənistan 
öz siyasətində  işğalçılıq prinsipinə əsaslanır, öz ölkəsində ciddi problemlərə baxmayaraq, digər ölkələrə qarşı 
ərazi iddiaları ilə çıxış edir. Ermənistanın təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da ərazi iddiaları var. 
Ermənistan "xalqın öz müqəddəratını təyinetmə" prinsipini rəhbər tutaraq digər ölkələr üçün də problem yaradır. 
Əlbəttə ki, əgər erməni lobbisi, onun güclü maliyyə dəstəyi olmasaydı, Ermənistan özünü belə apara bilməzdi. 
Bunun əsas səbəbi bu amildədir və bu amil, əfsuslar olsun ki, böyük dövlətlərin mövqeyində böyük rol oynayır. 
Beynəlxalq təşkilatlar da bu amilə görə öz siyasətlərinə müəyyən düzəlişlər edirlər. Mən hesab edirəm ki, 
dünyada buna bənzər münaqişələrin həllində bütün dünya ictimaiyyəti və bu məsələ ilə bilavasitə məşğul olan 
beynəlxalq təşkilatlar ikili standartlara yol verməməli, vahid bir mövqedən yanaşmalıdırlar.  Əgər belə olarsa, 
əminəm ki, tezliklə Ermənistan öz işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxaracaqdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə