İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   58   59   60   61   62   63   64   65   ...   84

159 
 
Hörmətli Prezident, son günlərdə Türkiyədə Ermənistanla sərhədin açılması  məsələsi gündəliyə 
gəlib. Azərbaycan–Türkiyə münasibətlərini bu müzakirələr çərçivəsində  dəyərləndirsək, bu əlaqələri 
necə görürsünüz?  
– Bilirsiniz, bu məsələ indi Azərbaycan cəmiyyətində, yəqin ki, Türkiyədə də və digər ölkələrdə də müzakirə 
olunur. Bizdə bu barədə heç bir rəsmi bəyanat, sənəd yoxdur, bu məsələ müzakirə mövzusu deyildir. Mən keçən 
ilin sentyabrında Baş nazir kimi Türkiyədə olarkən bu məsələ müzakirə olunmuşdur və Türkiyənin belə bir 
mövqeyi bir daha bəyan edilmişdir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana 
qədər sərhəd açılmayacaqdır. Mənim üçün bu kifayətdir. 
O ki qaldı bu məsələnin ciddiləşməsinə, əgər bu, müzakirə olunursa, deməli, buna əsas var. Hər bir ölkənin və 
yaxud ölkədə fəaliyyət göstərən qrupların maraqları, bu günün, dünənin, sabahın maraqları ola bilər. Amma tarix də 
var. Ölkələrimiz, xalqlarımız bütün dövrlərdə,  əsrlərdə bir-birinə kömək, dayaq olmuşlar. Bu gün də belə olacaq, 
sabah da, əlli ildən, iki yüz ildən sonra da. Hər hansı bir qərarın qəbul olunmasında da bu amil nəzərə alınır. Bu 
məsələyə tarix prizmasından baxılmalıdır və əminəm ki, Türkiyə–Azərbaycan qardaşlığı, dostluğu bundan sonra da 
əbədi olacaqdır.  
– Cənab Prezident, Türkiyədə belə bir fikir də var ki, Ermənistan ilə  sərhəd açılarsa, həmin ölkəyə 
nəzarət etmək asanlaşar və bu, Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin düzəlməsi 
baxımından faydalı olar.  
– Mənim fikrim belədir ki, bu o qədər də  həqiqəti  əks etdirən mövqe deyildir. Bunu deməyə  də  əsas var. 
Baxın, dünyada nələr baş verir. Balaca, iqtisadi cəhətdən zəif, gücsüz Ermənistan Türkiyəyə bütün ölkələrdə 
hücumlar edir. Avropada da, Amerikada da, bütün qitələrdə, hər yerdə uydurma "soyqırımı" haqqında 
bəyanatlar qəbul olunur. Türkiyə əleyhinə kampaniyalar aparılır. Ermənistan daim Türkiyəyə hücumlar edir və 
Türkiyə, sadəcə, özünü müdafiə edir. Belə olan halda sərhəd açılarsa, kimin təsiri daha çox olacaq – bu hələ sual 
altındadır.  
Bilirsiniz, yenə də deyirəm, əgər bir ölkə kimi, Ermənistan özü bunu etmiş olsaydı, heç vaxt heç bir uğura 
nail ola bilməzdi. Erməni lobbisi və onları  dəstəkləyən bəzi qüvvələrin sayəsində Ermənistan bu cür əsassız 
iddialarla çıxış edir. Baxın, Azərbaycanda baş vermiş hadisələr, Ermənistan–Azərbaycan münaqişəsi məhz 
Ermənistanın separatçı meyllərindən doğmuşdur. Türkiyəyə qarşı Ermənistanın iddiası var. Gürcüstanla bağlı 
buna bənzər iddialar var. Yəni bu ölkə, Ermənistan dinc oturmur. Bu ölkənin özünün o qədər problemləri var ki, 
əgər ancaq öz problemləri ilə məşğul olsaydı, bəlkə də müəyyən dövrdən sonra iqtisadiyyatını bərpa edə bilərdi. 
Amma bütün bu problemlər qala-qala, sən gəl Azərbaycana, Türkiyəyə, Gürcüstana, digər ölkələrə iddia ilə 
çıxış et?! Bu, heç bir məntiqə sığmır. Bir daha onu göstərir ki, bu ölkə öz yanlış siyasətindən, xülyalardan əl 
çəkmir. Bu "Böyük Ermənistan" xülyası ilə yaşayan ölkədir və belə siyasətin gələcəyi yoxdur.  
– Diaspordakı ermənilər ilə Ermənistanda yaşayan ermənilərin bir-birlərindən fikir baxımından, 
siyasi baxımdan fərqli hərəkət etdikləri haqqında mülahizələr var. Siz bununla razısınızmı?  
– Xeyr. Bizdə bu barədə kifayət qədər məlumat yoxdur. Hesab edirəm ki, diasporun dediyi həlledicidir. 
Ermənistanda görülən iqtisadi işlər yalnız diaspor tərəfindən həyata keçirilir. Mənə deyirlər ki, hətta binaların 
divarlarının boyanması da diasporun pulu ilə edilir. Əgər diaspor öz yardımını kəsərsə, Ermənistan çökər.  
– Hörmətli Prezident, Azərbaycan bir çox layihədə Türkiyənin yanında oldu. Hörmətli Heydər 
Əliyevin vaxtından başlayaraq Azərbaycan Türkiyəyə daha da yaxınlaşdı. Bütün təzyiqlərə baxmayaraq, 
Bakı–Tbilisi–Ceyhan neft kəməri layihəsi gerçəkləşdi. Azərbaycan bir çox nöqtədə Türkiyə üçün 
addımlar atdı. Siz Türkiyədən nə gözləyirsiniz, hansı sahələrdə dəstək gözləyirsiniz?  
– Qardaş qardaşdan heç nə istəməməli, heç nə ummamalıdır. Bu, təbii hisslər, təbii münasibətlərdir. 
Azərbaycan, dediyiniz kimi, həmişə Türkiyənin yanında olub və öz siyasətini bu istiqamətdə aparıbdır. Eyni 
zamanda, Türkiyə  də Azərbaycana böyük kömək göstərmiş, dəstək vermişdir. Bunu biz heç vaxt 
unutmamalıyıq.  Əlbəttə, biz hesab edirik ki, gələcəkdə  də bu meyllər davam edəcək, bütün məsələlərdə bir-
birimizə arxa, dayaq olmalıyıq. Ölkənin hansısa mühüm bir problemi, iqtisadi çətinliyi ola bilər. Ticarətin də 
daha fəal getməsi üçün hansısa addımların atılması, bəlkə  də, zəruridir. Amma, ən başlıcası, Türkiyə–
Azərbaycan dostluğu, qardaşlığıdır. Heç bir başqa amil buna çata bilməz. Biz bu amili həmişə  rəhbər tutsaq, 
ölkələrimiz arasında daim qardaşlıq hissləri davam edəcəkdir.  
– Cənab Prezident, Türkiyəyə, xüsusilə Ermənistan məsələsində  həm Avropa Birliyi, həm də ABŞ 
tərəfindən təzyiqlər edilir. Sizcə, Türkiyə bu təzyiqlərə dözə biləcəkmi?  
– Bilirsiniz, Azərbaycana da təzyiqlər göstərilirdi. Azərbaycan,  əlbəttə ki, böyük ölkə deyildir. Əgər 
yadımıza salsaq, 1994–96-cı illərdə Azərbaycanın iqtisadi vəziyyəti çox pis idi. Azərbaycan Ermənistanın 
təcavüzünə məruz qalmış bir ölkə idi. Azərbaycanda iqtisadi tənəzzül o qədər güclü idi ki, hər il iqtisadiyyat 10, 
20, 30 faiz aşağı düşürdü. Həmin o illər  ərzində Bakı–Ceyhan layihəsi ilə  əlaqədar çox böyük təzyiqlər 
olmuşdur. Hətta bir neçə dəfə hərbi çevrilişlərə cəhd də edilmişdir. Bunun təməlində məhz Azərbaycanın öz neft 


160 
 
ehtiyatlarını dünya bazarlarına  Türkiyə ərazisi ilə çatdırmasının qarşısını almaq məqsədi vardı. Amma Azər-
baycan buna dözdü.  
Türkiyə böyük ölkədir, qüdrətli, böyük hərbi, iqtisadi potensiala malik dövlətdir. Təbii ki, Türkiyə təzyiqlərə 
dözəcək və dözməlidir. Təzyiqlər daim olacaqdır. Biz, təəssüflər olsun ki, dünyada mövcud olan ikili 
standartlarla üzləşirik. Bu ikili standartlar var. Nə üçün Türkiyəni bu vaxta qədər Avropa Birliyinə  qəbul 
etmədilər? Nə üçün Türkiyədən sonra müraciət edən ölkələr qəbul edilir, Türkiyə  qəbul olunmur? Bu suala 
gərək cavab verilsin. Əgər biz həqiqətən dünyada ədalətin, demokratiyanın, insan haqlarının qoruyucusuyuqsa, 
əgər həqiqətən bu amilləri üstün tuturuqsa, onda ədalət hər yerdə olmalıdır. Türkiyə çoxdan Avropa Birliyinə 
üzv olmalı idi. Amma qəbul etmirlər,  şərt qoyurlar. O şərtdən sonra başqa bir şərt çıxacaq. Sonra yenisi 
çıxacaqdır. Azərbaycan da bütün bu acı həqiqətləri yaşayıb və yaşayır.  
Biz nə etməliyik? Biz öz siyasətimizi müstəqil  şəkildə aparmalıyıq ki, xalqlarımız, millətimiz daha da 
güclənsin, qüdrətlənsin, möhkəmlənsin. Bizim gücümüz də birlikdədir. Birlik olmalıdır. Həmişə olduğu kimi, 
bundan sonra da bir olsaq, qarşımızda duran bütün problemləri,  əngəlləri aşacağıq və  gələcəyə doğru böyük 
addımlarla irəliləyəcəyik.  
J u r n a l i s t: Cənab Prezident, müsahibəyə görə dərin təşəkkürümüzü bildiririk. 
 
 
 
Müsahibəni «Axşam» qəzetinin yazarı  
Yavuz Göyalh aparmışdır. 
Müsahibənin mətni «Azərbaycan» qəzetində (11 aprel 2004-cü il) dərc olunmuşdur. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə