101
"DAHA GENİŞ AVROPAYA DOĞRU:
YENİ GÜNDƏLİK"
MÖVZUSUNDA BEYNƏLXALQ
KONFRANSDA ÇIXIŞ
19 mart 2004-cü il
Əziz xanımlar və cənablar!
İlk öncə mən konfransın təşkilatçılarına və Slovakiya rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim.
Onlar bizim səmərəli işləməyimiz üçün çox gözəl şərait yaratmışlar. Azərbaycan yeni müstəqillik qazanmış bir
ölkədir. Yalnız Sovet İttifaqı dağıldıqdan sonra biz digər respublikalarla birlikdə dövlət müstəqilliyi qazandıq.
Lakin ölkəmiz dövlət müstəqilliyini yenicə qazanmasına baxmayaraq, çox qədim tarixi ənənələrə malikdir.
Bizim zəngin mədəni irsimiz və nəhəng intellektual potensialımız vardır.
Müstəqilliyin ilk illəri ölkəmiz üçün çox mürəkkəb olmuşdur. İqtisadi vəziyyət çox çətin idi, bu sahədə,
habelə siyasi və hərbi sahələrdə dərin böhran hökm sürürdü. Digər tərəfdən, vətəndaş müharibəsi təhlükəsi
cəmiyyətimizdə sabitliyin təmin edilməsinə imkan vermirdi. Bütün bunlarla yanaşı, Ermənistanın
Azərbaycana
qarşı təcavüzü və ərazilərimizin 20 faizinin işğalı ölkəmizi tam süquta gətirib çıxarmışdı. Sabitlik sonradan
yarandı. Yalnız hökumətin böyük səyləri nəticəsində müstəqilliyimizdən bir qədər sonra, daha dəqiq desək,
1996-cı ildən başlayaraq, ölkədə iqtisadiyyat inkişaf etməyə başladı, tam ictimai-siyasi sabitlik bərqərar oldu.
Ölkənin iqtisadi potensialına və əldə etdiyimiz nəticələrə nəzər salsaq,
görərik ki, 1996-cı ildən bu günədək hər
il ümumi daxili məhsul orta hesabla 10 faiz artmış, inflyasiyanın illik səviyyəsi bu müddət ərzində 2 faizdən yu-
xarı qalxmamışdır. Dünyada tanınmış xarici şirkətlərin iqtisadiyyatımıza yatırdığı nəhəng sərmayələr keçmiş
sovet respublikaları içərisində adambaşına xarici sərmayənin həcmi baxımından Azərbaycanı aparıcı ölkəyə
çevirmişdir.
Ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı özəlləşdirmə proqramı güclü özəl sektor yaratmağa imkan
vermişdir. Bu gün ümumi daxili məhsulun 74 faizi məhz bu sektorda formalaşır.
Siyasi və ictimai sabitlik iqtisadi artıma nail olmağın əsas səbəbidir. Mən əminəm ki, qarşıdakı illər ərzində
bu iqtisadi artım ölkəmizə daha çox firavanlıq gətirəcəkdir. Bu gün dünyada enerji daşıyıcıları sahəsində ən
böyük
layihələr Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirilir. Milyardlarla dollar dəyəri olan enerji
layihələri bizim müstəqil ölkələrin həm bir-birlərinə, həm də Avroatlantik məkanına inteqrasiyasına şərait
yaradacaqdır. Bu bizim həqiqi istəyimiz və strateji məqsədimizdir. Azərbaycan öz gələcəyini Avroatlantik
məkanına daha geniş inteqrasiyada görür. Biz bu istiqamətdə böyük addımlar atırıq və əminəm ki, Avropa
strukturları və beynəlxalq strukturlarla əlaqələr gələcəkdə daha da möhkəmlənəcəkdir.
Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında fəal iştirak edir.
Avropa Birliyinin Cənubi
Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsinin təyin edilməsi bizdə minnətdarlıq və razılıq hissi doğurmuşdur.
Bu çox vacib qarşılıqlı addımlar Azərbaycanın və ümumilikdə, Cənubi Qafqazın Avropa ailəsinə daha sıx
inteqrasiyasına imkan verəcəkdir.
Əlbəttə, biz hələ çox şey öyrənməliyik. Amma ölkəmizin də qədim tarixi ənənələri və zəngin mədəni irsi
vardır. Biz də Avropaya böyük töhfələr verə və ümumi dəyərləri bölüşə bilərik. Əminəm ki, yeni xətt – "Daha
geniş Avropaya doğru" siyasəti bizim ölkəyə daha çox firavanlıq gətirəcəkdir. Bu isə bizim əsas məqsədimizdir.
Azərbaycan hökumətinin gündəliyindəki ən öncül məsələlərdən biri də sosial problemlərin həllidir. Biz bazar
münasibətlərinə əsaslanan iqtisadiyyatımızla sosialyönümlü büdcə arasında çox gözəl vəhdət yaratmağa nail
olmuşuq. Əgər büdcəmizə baxsanız, görərsiniz ki, onun 70–80 faizi məhz sosial
problemlərin həllinə
yönəldilmişdir. Eyni zamanda, bazar iqtisadiyyatının bütün əsas komponentləri qüvvədə qalır.
Bu gün yalnız Azərbaycanda deyil, bütün regionda, habelə daha geniş ərazidə təhlükə mənbəyi olan məsələ
Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmamasıdır. Uzun tarixçəsi olan Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi regionda ən böyük təhlükə mənbəyidir və vəziyyətin qeyri–sabit olmasına gətirib
çıxarmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi 8
milyonluq ölkə əhalisinin 1 milyona yaxınının qaçqın və köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdur.
Əlbəttə, bu bizim üçün həm də çox mühüm iqtisadi, sosial və siyasi məsələdir.
Biz çox istərdik ki, beynəlxalq
ictimaiyyət bu münaqişənin nizama salınmasında daha fəal iştirak etsin. Uzun illərdir ki, ATƏT-in Minsk qrupu
Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyanın həmsədrliyi ilə bu münaqişənin həlli ilə məşğuldur. Təəssüf ki,
hələ də nəzərəçarpacaq bir nəticə yoxdur.
Ümidvarıq ki, digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi və Avropa Şurası da bu
məsələyə
diqqəti artıracaqlar. Biz artıq bu təşkilatların münaqişənin həlli ilə bağlı, ona siyasi qiymət vermək və onu sülh
yolu ilə nizama salmaqla əlaqədar səylərini hiss edirik. Münaqişəni sülh yolu ilə həll etməyə çalışsaq da,
102
deməliyəm ki, Azərbaycan xalqının dözümünün də həddi vardır. Biz ərazi bütövlüyümüzün bərpa olunmasını
istəyirik və bütün ölkələrin ərazi bütövlüyünə və dövlət sərhədlərinə hörmətlə yanaşırıq. Əlbəttə ki, özümüzə
qarşı da eyni münasibəti gözləyirik.
Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.
Ermənistan tərəfi bu təcavüzə və işğala bəraət qazandırmaq üçün, adətən, beynəlxalq hüququn digər
prinsiplərindən çıxış etməyə çalışır. Onlar nəzərdə tuturlar ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratını həll
etmək hüququna malikdirlər. Lakin mən sizin nəzərinizi bir fakta cəlb etmək istəyirəm. Ermənilərin artıq öz
ölkəsi və dövləti vardır. Onlar artıq öz müqəddəratını Ermənistan dövləti çərçivəsində təyin etmişlər. İndi
təsəvvür edin ki, ermənilər yaşadıqları hər bir ölkədə öz müqəddəratını təyin etməyə çalışsalar, onda nə baş
verər? Hamıya məlumdur ki, onlar müxtəlif ölkələrdə yaşayırlar,
lakin bu o demək deyil ki, yaşadıqları hər bir
yerdə muxtariyyət yaratmalı və separatçılıq etməlidirlər. Həm də bu separatçılıq təcavüzkar xarakter daşıyır.
Əminəm ki, beynəlxalq ictimaiyyətin bu mövzuya daha çox diqqət yetirəcəyi təqdirdə, məsələ beynəlxalq hüquq
normaları əsasında və sülh yolu ilə həll edilə bilər.
Düşünürəm ki, problemi həll etməkdən ötrü yardımçı amillərdən biri kimi, Cənubi Qafqazın
demilitarizasiyası siyasətini yeritmək olar.
Bizim ərazimizdə heç bir xarici hərbi baza yoxdur. Əgər Cənubi Qafqazın digər ölkələrində də buna nail
olunarsa, əminəm ki, bu regionda tezliklə sülh və təhlükəsizlik bərqərar olar. Biz sülh şəraitində yaşamaq
istəyirik, iqtisadiyyatımızı, ölkəmizi daha da inkişaf etdirmək arzusundayıq, inteqrasiyaya can atırıq. Əminəm
ki,
ölkələrimizin birgə səyləri, bir-birlərinin ərazi bütövlüyünə və insanların sülh şəraitində yaşamaq haqlarına
hörmət bu sahədə bizə yardımçı olacaqdır.
Əziz xanımlar və cənablar!
Bu mühüm tədbirdə iştirak etmək imkanına görə sizə təşəkkürümü bildirirəm. Əminəm ki, bu konfrans
ölkəmizin Avropa strukturlarına daha da yaxınlaşmasına, bu sahədə apardığımız siyasətin gələcəkdə də davam
etdirilməsinə kömək edəcəkdir.
Diqqətinizə görə sağ olun!