95
RUSİYA FEDERASİYASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB VLADİMİR PUTİNƏ
Hörmətli Vladimir Vladimiroviç!
Rusiya Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi
səmimi-qəlbdən
təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə Rusiya cəmiyyətinin iradəsini özündə əks etdirərək, qətiyyətlə həyata
keçirdiyiniz dövlətçilik xəttinin, dərin sosial-iqtisadi islahatların, ardıcıl yeritdiyiniz xarici siyasətin tam
dəstəkləndiyini nümayiş etdirir. Şadam ki, Sizin başçılığınız ilə dost Rusiya artıq yeni inkişaf yoluna çıxaraq
Dünya Birliyində öz nüfuzunu möhkəmləndirməkdədir.
Əminəm ki, tarixən dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində yaşamış
xalqlarımızın mənafeyinə uyğun olaraq Azərbaycan ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, genişmiqyaslı
əlaqələrimiz bundan sonra da bütün sahələrdə inkişaf edərək strateji tərəfdaşlığımızın
dərinləşməsinə xidmət
edəcəkdir.
Hörmətli Vladimir Vladimiroviç!
Sizə bir daha öz təbriklərimi yetirərək möhkəm cansağlığı, xoşbəxtlik, dost Rusiyanın rifahı naminə dövləti
fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 mart 2004-cü il
96
GÖRKƏMLİ ALİM, AKADEMİK
İQRAR ƏLİYEVƏ
Hörmətli İqrar Əliyev!
Şanlı yubileyiniz – anadan olmağınızın 80 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz bütün həyatınızı sevib-seçdiyiniz tarix elminə həsr edərək milli köklərimizin araşdırılması, hərtərəfli
tədqiqi sahəsində müstəsna xidmətlər göstərmişsiniz.
Gənclik dövründən taleyinizi bağladığınız Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda
elmin çətin yollarından addım-addım keçərək alimlik zirvəsinə yüksəlmisiniz. Son 25 ildən çox bir müddətdə
doğma institutunuzda fasiləsiz olaraq direktor vəzifəsində çalışaraq, fundamental elmi-tədqiqat işinin təşkilinə
bilavasitə başçılıq edirsiniz.
Məhz sizin böyük təşkilatçılıq qabiliyyətiniz, elmi əzmkarlığınız sayəsində müstəqil Azərbaycanımızın
həyatında böyük hadisə olan çoxcildlik "Azərbaycan tarixi" yazılıb çapa hazırlanmış və işıq üzü görmüşdür.
Siz Azərbaycanın qədim tarixinin tədqiqinə həsr olunmuş dəyərli monoqrafiyaların,
elmi məqalələrin,
publisistik oçerklərin müəllifisiniz. Ölkəmizin hüdudlarından kənarda da sizə böyük şöhrət gətirmiş sanballı
elmi-tədqiqatlarınız ilə xalqımızın çoxəsrlik tarixini dünyaya tanıtmış və təbliğ etmisiniz.
Yarıməsrlik elmi fəaliyyətiniz ərzində Siz tarix elmi sahəsində artıq öz sözünü demiş bir sıra görkəmli
alimlər yetişdirmiş, gənc istedadların elmə gəlişinə həmişə böyük himayədarlıq göstərmisiniz.
Qətiyyətiniz, prinsipiallığınız və əzmkarlığınız təəssübkeş və fədakar alim kimi sizin şəxsiyyətinizdə üzvi
şəkildə birləşmişdir. Çox şadam ki, siz bu gün də ölkəmizin elmi, ictimai-siyasi həyatında eyni dərəcədə fəal
vətəndaşlıq mövqeyindən iştirak edirsiniz.
Hörmətli İqrar müəllim!
Sizi
bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 mart 2004-cü il
97
ATƏT-in HAZIRKI SƏDRİ, BOLQARISTAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ
SOLOMON PASSİ VƏ ONUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
16 mart 2004-cü il
İ l h a m Ə l i y e v: Hörmətli Solomon Passi!
Hörmətli qonaqlar, sizi səmimi-qəlbdən salamlayıram. Biz bundan əvvəl ATƏT-in sədri ilə təkbətək
görüş zamanı geniş fikir mübadiləsi apardıq, bir çox məsələni müzakirə etdik. Azərbaycanın strateji istiqaməti
beynəlxalq strukturlara, Avropa strukturlarına inteqrasiyadan ibarətdir. Azərbaycanda bu vaxta qədər aparılmış
və bundan sonra da davam etdiriləcək siyasət bizim düz yolla getdiyimizi göstərir.
Azərbaycan sürətlə inkişaf edən ölkədir. Aparılan iqtisadi, sosial, siyasi islahatlar
öz müsbət nəticələrini
verməkdədir. Bu islahatlar davam etdiriləcək və ölkəmiz hərtərəfli inkişafa nail olacaqdır. Azərbaycanın çox
güclü iqtisadi potensialı var. Aparılan iqtisadi siyasət ölkəmizi iqtisadi cəhətdən gücləndirməyə imkan verir.
Bütün iqtisadi göstəricilərimiz yüksəkdir. Adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan
MDB məkanında liderdir. Ümumi daxili məhsulun ildən-ilə artması da göstərir ki, iqtisadi islahatlar böyük
uğurlar gətirir.
Azərbaycanda aparılan siyasi islahatlar nəticəsində demokratiyanın inkişaf etdiyini, çoxpartiyalı sistemin
bərqərar olduğunu vurğulayıram. Əminliklə bildirirəm ki, gələcəkdə bizi bu yolda da böyük uğurlar gözləyir.
Biz əminik, seçdiyimiz yol imkan verəcək ki, Azərbaycanda demokratik dəyərlər bundan sonra da inkişaf etsin
və ölkəmizə böyük faydalar gətirsin.
Bütün bunlarla yanaşı, sosial məsələlərin həllinə də böyük diqqət yetirilir. Regionların
sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramının əsas məqsədi Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsini daha da
yüksəltməkdən, ən çətin vəziyyətdə yaşayan qaçqınlar və köçkünlərdən ötrü müasir, gözəl şəraitin təmin
edilməsindən ibarətdir.
Azərbaycan üçün ən ağrılı problem Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: Biz ümid edirik
ki, ATƏT-in Minsk qrupu bu münaqişənin həlli istiqamətində öz səylərini artıracaqdır. Əfsuslar olsun ki, bu
vaxta qədər bu istiqamətdə heç bir müsbət dəyişiklik yoxdur və münaqişə həll edilməmiş qalır. Artıq bütün
dünya ictimaiyyəti bilir ki, bu münaqişə nəticəsində Azərbaycan torpağının 20 faizi işğal olunmuş,
bir milyondan
artıq qaçqın-köçkün yaranmışdır. Təəssüflər olsun ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutur, Ermənistan
silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmaq istəmir. Beləliklə, ümumiyyətlə, region üçün böyük təhlükə
yaranır.
Problemin həlli üçün ilk növbədə beynəlxalq hüquq normalarına əməl olunması zəruridir. Münaqişə yalnız
bu normalar əsasında öz həllini tapa bilər. Yəni, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Ermənistan
silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxarılmalı, qaçqınlar, köçkünlər öz doğma torpaqlarına
qayıtmalıdırlar.
Biz
ümid edirik ki, ATƏT və onun Minsk qrupu öz səylərini göstərəcək və bu münaqişə tezliklə öz ədalətli,
beynəlxalq hüquq normalarına əsaslanmış həllini tapacaqdır.
S o l o m o n P a s s i: Cənab Prezident, vaxt ayırıb bizi və nümayəndə heyətimizi qəbul etdiyinizə görə
Sizə öz təşəkkürümü bildirirəm. Azərbaycan prezidenti seçilməniz münasibətilə cənab İlham Əliyev, Sizi bir
daha təbrik edirəm, bu məsul vəzifədə Sizə uğurlar diləyirəm. Mən Bakıda ilk dəfə olduğumu və şəhərin tarix-
mədəniyyət abidələrinin məndə onda böyük təəssürat yaratdığını qeyd etmək istəyirəm.
Azərbaycanın Avropaya inteqrasiyası prosesini yüksək qiymətləndirirəm. Mən eyni zamanda,
onu da deyim
ki, 15 il əvvəl heç kimin ağlına belə gəlməzdi ki, mənim ölkəmin də yerləşdiyi Balkan yarımadası Şimali
Atlantika blokuna bu qədər yaxın olacaqdır. Lakin indi bu reallıqdır və əminəm ki, inteqrasiya prosesi daha
geniş vüsət alaraq bütün Qara dəniz məkanını əhatə edəcəkdir. ATƏT-ə üzv ölkələrlə daha sıx inteqrasiya üçün
Azərbaycana hər cür yardım edəcəyimizi bildirirəm.
Dağlıq Qarabağ münaqişəsinin nə dərəcədə ciddi və Azərbaycan xalqı üçün ağrılı problem olduğunu bilirəm.
Təəssüflə vurğulayıram ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası hələ də nəticə vermir. Mənim
fikrimcə, rəhbərlik etdiyim təşkilat yalnız birbaşa danışıqların hər hansı bir nəticə verəcəyinə ümid edir. Mən
hər iki ölkənin prezidentlərinin dialoqundan çox şey gözləyirəm və bunu Yerevana səfərim zamanı da bəyan
edəcəyəm.