106
"BLOOMBERQ" TELEVİZİYASININ
MÜXBİRİNƏ MÜSAHİBƏ
∗
Bratislava, Azərbaycan prezidentinin iqamətgahı
19 mart 2004-cü il
S u a l:
Cənab Prezident, müsahibəyə razılıq verdiyinizə görə sağ olun. Son vaxtlar Rusiya ilə
Azərbaycan arasında münasibətlərdə mülayimləşmə müşahidə edilir. Siz bundan nə gözləyirsiniz?
C a v a b: Bu proses artıq bir neçə il əvvəl, Rusiyaya Vladimir Putinin rəhbərlik etdiyi vaxtdan başlanmışdır.
Həqiqətən, ölkələrimiz arasında çox əlamətdar, müsbət dəyişikliklər baş vermişdir – mövqelər yaxınlaşdırılmış,
əvvəllər ziddiyyət doğuran məsələlər həllini tapmışdır. Bununla da həm Rusiya, həm də Azərbaycan yəqin
etmişlər ki, bir-birinə rəqib olmaqla deyil, əməkdaşlıq etməklə daha böyük uğurlar qazanmaq mümkündür. İndi
münasibətlər çox yüksək səviyyədədir, biz yaxşı qonşularıq, ikitərəfli məsələlərdə,
eləcə də digər məsələlərdə
aramızda, əslində, fikir ayrılığı yoxdur.
Ümidlər əməkdaşlığımızı bundan sonra da möhkəmlətməkdən ibarətdir. Bu yaxınlarda mən Rusiyada rəsmi səfərdə
oldum. Səfər çox uğurlu keçdi. Bir sıra mühüm sənədlər imzalandı, bütün məsələlərə dair çox geniş söhbət getdi. Biz
normal, səmimi və mehriban qonşuluq münasibətləri olmasında maraqlıyıq. Elə Rusiyanın özü də. Odur ki, siyasi iradə
olduqda, bu münasibətlər, təbii ki, real məzmunla dolğunlaşır.
S u a l:
Bütün bu yaxşı münasibətlər Xəzərin bölgüsü məsələsinin həllinə şərait yaradır. Daha bir
problem var ki, o da Xəzər hövzəsinin sürətlə hərbiləşdirilməsidir. Siz buna necə baxırsınız?
C a v a b: Yeri gəlmişkən, Xəzər problemi keçmişdə Rusiya ilə Azərbaycan arasında həmişə müxtəlif
mövqelər doğurmuş məsələlərdən biri idi. İndi, demək olar ki, bizim aramızda heç bir məsələ yoxdur. Biz
sərhədimizin delimitasiyası haqqında Rusiya ilə ikitərəfli saziş imzalamışıq. Bizim Qazaxıstanla da sazişimiz,
habelə Rusiya ilə Qazaxıstan arasında saziş var.
Zənnimcə, bu ikitərəfli sazişlər çoxsahəli, hərtərəfli sazişin
əsasını təşkil etməlidir. Çünki bu sənədlər tərəflərin qarşılıqlı mənafelərini tam əks etdirir.
Regionda hərbi iştirakın artırılması məsələsinə gəldikdə isə, biz həmişə Xəzər dənizinin
silahsızlaşdırılmasının tərəfdarı olmuşuq. Azərbaycanın kifayət qədər hərbi donanması vardır, lakin biz hesab
edirik ki, Xəzər dənizi sülh zonası olmalı, burada rəqabət yox, əməkdaşlıq hökm sürməlidir. Xəzər dənizində
bölünməli heç nə yoxdur, hər ölkənin öz sektoru vardır, dənizin sektorlara bölünməsi artıq heç kimdə heç bir
sual doğurmur. Bu gün yalnız sektorlara bölünmənin bəzi aspektləri ilə bağlı məsələ mövcuddur. Biz
həmişə
beynəlxalq hüquq və beynəlxalq təcrübə normalarını əsas götürmüşük, Rusiya və Qazaxıstanla imzaladığımız
sazişlər də bunu təsdiq edir. Zənnimcə, biz birgə səylərlə Xəzər dənizində gərginliyi artırmağa yox, azaltmağa
çalışmalıyıq.
S u a l:
Azərbaycanda və Gürcüstanda baş vermiş dəyişikliklər dünya ictimaiyyətinin diqqətini cəlb etdi.
İndi siz Avropaya üz tutmusunuz, eyni zamanda, hesab edirsiniz ki, bu qarışıq dövrdə Qafqazın İranla da,
İraqla da yaxşı münasibətləri olmalıdır.
C a v a b: Bizim siyasətimiz çoxcəhətlidir. Hər bir ölkə kimi, Azərbaycanın da xarici siyasəti öz
mənafelərinin qorunmasına, ölkəmizin milli mənafelərinin tam şəkildə təmin olunmasına yönəlmişdir.
Xarici
siyasətdə bu, ilk növbədə, qonşu ölkələrlə – Rusiya, Türkiyə, Gürcüstan və İranla, habelə dünya siyasətinin
mühüm amilləri – Avropa Birliyi, Avropa cəmiyyəti ilə yaxşı münasibətlər qurulmasına əsaslanır. Azərbaycanın
təcrübəsi sübut edir ki, bunların biri digərinə mane olmur. Amerika Birləşmiş Ştatları ilə çox yaxşı
münasibətlərimiz var, bir sıra geniş məsələlər üzrə Avropa Birliyi ilə, habelə İranla əməkdaşlıq edirik. Yəni biri
digərini istisna etməməlidir.
Biz həmişə çalışmışıq ki, ölkəmiz rəqabət yox, əməkdaşlıq meydanı olsun. Qafqaz çox mürəkkəb və təəssüf
ki, çox təhlükəli regiondur. Belə gətirib ki, burada keçmişdə də, indi
də çoxlu münaqişələr baş verir, onlardan
biri də Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən davam etməkdə olan işğalıdır. Əlbəttə,
Qafqazda sülh və əmin-amanlığın təmin edilməsinin həm Avropa, həm də bütün dünya üçün daha böyük
əhəmiyyəti olacaqdır. Biz sülhə, təhlükəsizliyə can atırıq və ümid edirik ki, qalan ölkələr də bu istiqamətdə fəal
işləyəcəklər.
S u a l:
Cənab Prezident, Azərbaycan nefti dünya bazarlarına çatdırıldıqdan sonra ölkənizdəki
iqtisadi vəziyyət yaxşılığa doğru xeyli dəyişmişdir. Növbəti illər üçün Sizin iqtisadi proqnozunuz necədir?
C a v a b: Ölkəmizin gələcəyini parlaq görürəm. Bizim iqtisadi göstəricilərimizin artımı yalnız bu günlə
bağlı deyildir. 1996-cı ildən
başlayaraq, ümumi daxili məhsulun illik artımı 10 faiz təşkil edir, inflyasiya çox
∗
"Bloomberq" telekanalının verilişləri bütün dünyada 7 dildə yayımlanır.