112
AZƏRBAYCAN PREZİDENTİ
İLHAM ƏLİYEVİN
ÖZBƏKİSTANA SƏFƏRİ
23 mart 2004-cü il
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Özbəkistan Respublikasının prezidenti İslam
Kərimovun dəvəti ilə bu ölkədə ilk dövlət səfərində olmuşdur.
Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə bəzədilmiş "Daşkənd–2" hava limanında Azərbaycan
prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Özbəkistanın rəsmi şəxsləri səmimiyyətlə qarşıladılar.
Milli geyimli qızlar prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim etdilər.
Azərbaycan prezidenti İlham Əliyev hava limanından Özbəkistan prezidentinin "Durmen" iqamətgahına
gəldi.
ÖZBƏKİSTAN PREZİDENTİNİN
İQAMƏTGAHINDA RƏSMİ QARŞILANMA
MƏRASİMİ
Özbəkistan prezidentinin iqamətgahı qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Özbəkistan prezidenti İslam Kərimov və xanımı Tatyana Kərimova dövlətimizin başçısını və xanımı
Mehriban Əliyevanı iqamətgahın önündə hərarətlə, hörmət və ehtiramla qarşıladılar.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan rəsmi nümayəndə heyətini prezident İslam Kərimova təqdim
etdi.
Özbəkistan prezidenti İslam Kərimov Özbəkistanın yüksək vəzifəli şəxslərini prezident İlham Əliyevə təqdim
etdi.
113
ÖZBƏKİSTAN PREZİDENTİ
İSLAM KƏRİMOV İLƏ TƏKBƏTƏK GÖRÜŞ
23 mart 2004-cü il
Rəsmi qarşılanma mərasimindən sonra "Durmen" iqamətgahında Azərbaycan prezidenti İlham Əliyev ilə
Özbəkistan prezidenti İslam Kərimov arasında təkbətək görüş oldu.
Özbəkistan rəhbəri Azərbaycan dövlətinin başçısını bir daha salamlayaraq onun Daşkəndə dövlət səfərini
yüksək qiymətləndirdi və bu səfərin uğurla keçəcəyinə əminliyini vurğuladı.
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə dəvətə görə minnətdarlığını bildirdi, dost-qardaş
ölkələrimiz və xalqlarımız arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əmin olduğunu söylədi.
Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli
əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və
beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir
mübadiləsi aparıldı. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin
artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə
böyük diqqət yetirdilər.
* * *
Dövlət başçılarının təkbətək görüşü başa çatdıqdan sonra "Durmen" iqamətgahının konfrans salonunda
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə Özbəkistan Respublikasının prezidenti İslam Kərimov
arasında geniş tərkibdə görüş oldu.
İ s l a m K ə r i m o v: Mən Azərbaycanın yeni prezidenti İlham Əliyevi Özbəkistan torpağında
salamlamaqdan, səmimi hörmət və ehtiramımı ifadə etməkdən böyük məmnunluq duyduğumu bildirirəm.
Biz Azərbaycan prezidentinin Özbəkistana dövlət səfərini ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın
inkişafında və dərinləşməsində mühüm mərhələ kimi qiymətləndiririk. Zənnimcə, xalqlarımız arasında qarşılıqlı
münasibətlərin, yaxınlığın, əsrlərin dərinliklərinə gedib çıxan köklərindən, hətta milli adət və ənənələrimizin, dil
və mədəniyyətimizin ümumiliyindən danışmağa lüzum yoxdur. Bu
gün sübuta ehtiyac yoxdur ki, ölkələrimiz
arasındakı belə yaxınlıq və hörmət münasibətlərimizi qarşılıqlı etimad və qarşılıqlı yardım əsasında qurmaq
üçün əlverişli, nadir imkan yaradır.
Bu imkandan istifadə edərək təkcə öz adımdan deyil, həm də bütün ictimaiyyətimiz və xalqımız adından
atanız Heydər Əlirza oğlu Əliyevə çox dərin hörmət hissləri bəslədiyimizi bildirmək istərdim. Onu
Özbəkistanda görkəmli şəxsiyyət kimi, bütün ömrünü, tükənməz enerjisini və təkrarolunmaz istedadını öz
vətəninə, öz xalqına həsr etmiş insan kimi tanıyırlar. Heydər Əliyev Azərbaycan ilə Özbəkistan arasında
münasibətlərin inkişafı və möhkəmlənməsi üçün çox işlər görmüşdür. Onu
mübaliğəsiz olaraq müasir
Azərbaycanın memarı adlandırmaq olar. O öz ölkəsini, xalqını dirçəltdi, çox ağır sınaqlardan çıxardı,
Azərbaycanı dünya meydanına çıxarmaq üçün lazımi baza yaratdı.
İlham Heydəroviç, zənnimcə, Heydər Əliyeviçin apardığı siyasətin prinsiplərinə Sizin sadiqliyiniz
Özbəkistanda bizə, ictimaiyyətimizə, xalqımıza belə bir
böyük inam təlqin edir ki, Özbəkistan ilə Azərbaycan
arasında münasibətlərin gözəl perspektivləri var və biz bu yolla cəsarətlə gedə bilərik.
Hörmətli dostlar, Özbəkistan Azərbaycanı regionda və müasir dünyada özünün mühüm tərəfdaşı hesab edir.
Azərbaycanın coğrafi–siyasi və iqtisadi əhəmiyyəti getdikcə artır. Hesab edirik ki, Özbəkistan–Azərbaycan
münasibətlərinin böyük potensialı var. Biz sizin ölkənizlə münasibətləri hərtərəfli şəkildə inkişaf etdirmək
niyyətindəyik. İlham Heydəroviçlə yenicə başa çatan təkbətək danışıqlarda biz Özbəkistan–Azərbaycan
münasibətlərinin vəziyyətini ətraflı müzakirə etdik, Mərkəzi Asiyadakı, Cənubi Qafqazdakı vəziyyət
barədə
fikir mübadiləsi apardıq, iri regional layihələrin həyata keçirilməsinin perspektivlərini, o cümlədən nəqliyyat və
energetika məsələlərini nəzərdən keçirdik. Biz müzakirə edilən bütün əsas məsələlər barədə razılığa gələ və
beynəlxalq meydanda prinsipial mövqelərimizi və qarşılıqlı fəaliyyətimizi razılaşdıra bildik. Biz
belə bir ümumi
rəyə gəldik ki, postsovet məkanında və bütün dünyada baş verən mürəkkəb və birmənalı olmayan proseslər
şəraitində ölkələrimizin xarici siyasət xətlərini əlaqələndirməyin xüsusi əhəmiyyəti var. Biz razılığa gəldik ki,
yüksək səviyyədə müntəzəm siyasi məsləhətləşmələr praktikasını davam etdirəcəyik. Ölkələrimiz beynəlxalq
terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və dini ekstremizm ilə qətiyyətli mübarizə aparılması məsələsində
prinsipial mövqe tuturlar. Daşkənd və Bakı bu transmilli təhdidlərə qarşı durmaq üçün
istər ikitərəfli səviyyədə,
istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsindən ötrü xeyli siyasi
ehtiyatlara malikdirlər.