110
NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK
Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoş arzularımı yetirirəm.
Novruz xalqımız tərəfindən qədim zamanlardan həmişə barışıq, dostluq, səmimiyyət, təmizlik və yeniləşmə
əhval-ruhiyyəsi yaradan Bahar bayramı kimi qeyd olunub. Novruz təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş
arzuların yarandığı bir bayram, insanla təbiətin bütövləşməsinin, harmoniyasının təcəssümü hesab olunur. Əsrlərin
sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və
mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl
yaratmışdır. Azərbaycanın müstəqillik əldə etməsindən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa
başladı ki, bu da tarixi köklərə qayıdışın, milli-mənəvi dəyərlərə qayğının güclənməsini şərtləndirdi.
Xüsusi qeyd
etməyə dəyər ki, Bahar bayramı kimi Novruz təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində
böyük təntənə ilə qeyd olunur. Bu bayrama hər yerdə yenilik, nikbinlik, arzuların həyata keçməsi və həmrəylik vasitəsi
kimi baxırlar.
Novruz bayramını hər kəsin öz ev-eşiyində, ocağı başında qeyd etməsi xalqımızın gözəl adətlərindəndir.
Təəssüflər olsun ki, torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmiş həmvətənlərimiz bayramı
bu il də öz doğma yurdlarında qarşılaya bilmirlər. Əminəm ki, ata-baba ocağından didərgin düşmüş soydaşlarımızın
bu bayramı öz doğma torpaqlarında qeyd edəcəyi gün uzaqda deyildir. Mən bayram münasibətilə qaçqın və məcburi
köçkünləri, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda öz sağlamlığını itirmiş və əlil olmuş insanları,
şəhid ailələrini, habelə sərhədlərimizin keşiyində duran, ölkəmizin müdafiəsini təmin edən əsgər
və zabitləri təbrik
edir, onlara ən xoş arzularımı çatdırıram.
Novruz həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların milli birlik bayramıdır. Ölkə hüdudlarından
kənarda yaşayan bütün azərbaycanlılar bu bayramı böyük sevinc və qürurla qeyd edirlər. Novruz şənliklərində
yaranan xoş ünsiyyət onları həm bir-biri ilə, həm də doğma Azərbaycanla daha sıx bağlayır, hər bir
soydaşımızda milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını gücləndirir. Bu bayram şənlikləri
azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsasları yaradılmış və möhkəmləndirilmiş Azərbaycan
dövləti getdikcə qüdrətlənir. Dövlət və cəmiyyət həyatının bütün sahələri qabaqcıl dünya standartlarına
uyğunlaşdırılır, demokratik dəyərlər, insan hüquqları daha dolğun təmin olunur. İqtisadi sahədə inkişaf artır, əhalinin
sosial rifahı yüksəlir.
Cəmiyyətimizdə milli birlik, sosial həmrəylik güclənir. Vətəndaşlarımızın nikbin əhval-ruhiyyəsi, sabaha
inam hissi artır. Əhalinin ən
müxtəlif təbəqələri, sosial qrupları arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir.
Ağrılı problemimiz olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri
artırmışıq, bütün daxili imkanlardan, beynəlxalq hüququn gücündən istifadə edirik. Bizim mövqeyimiz qəti və
prinsipialdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü təmin edilməli, regionda sabitlik və təhlükəsizlik
qorunmalı, vətəndaşlarımızın pozulmuş hüquqları bərpa olunmalıdır. Dövlətimizin və xalqımızın gücü, birliyi,
insanlarımızın əzmi və iradəsi məqsədlərimizə çatacağımıza bizdə tam əminlik yaradır.
Bu əziz bayram günündə hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, onların ailələrinə bir daha səadət,
firavanlıq, cansağlığı arzu edirəm və uğurlar diləyirəm.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
19 mart 2004-cü il
111
YAPONİYANIN "İNPEX" ŞİRKƏTİNİN PREZİDENTİ KUNİXİKO MATSUO
BAŞDA OLMAQLA ŞİRKƏTİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
22 mart 2004-cü il
İ l h a m Ə l i y e v: Sizin şirkəti Azərbaycanda çoxdan tanıyırlar. Bizim neft şirkətimizlə fəal işləyir və
əməkdaşlıq edirsiniz, böyük layihələr həyata keçirirsiniz. Biz bunu alqışlayırıq. Artıq neçə ildir ki, "İnpex"
şirkəti Azərbaycanda sərmayə layihələrində fəal iştirak edir, milyonlarla dollar məbləğində sərmayə qoyur, boru
kəmərləri layihələrində iştirak edir. Bütün bunlar şirkətin Azərbaycanla əməkdaşlığa sadiqliyini və qoyulmuş
kapitalın etibarlı şəkildə qorunacağına, şirkətə də, Azərbaycana da fayda gətirəcəyinə inamı göstərir.
Prezident İlham Əliyev vurğuladı ki, "İnpex"in "Azəri–Çıraq–Günəşli" layihəsində iştirak payı alması, ola
bilsin, xarici şirkətlərin Azərbaycanda həyata keçirdikləri ən böyük kommersiya sazişidir və bu fakt şirkətin
fəaliyyətində ölkəmizə sadiqliyini bir daha təsdiqləyir. Bu, ilk növbədə, onu sübut edir ki, bizim kimi, siz də
əminsiniz ki, həmin layihə uğurla həyata keçiriləcək və yaxın vaxtlarda bundan hamı –
Azərbaycan da, bizim
xarici tərəfdaşlarımız da fayda götürəcəklər. Əminəm ki, Azərbaycanın neft şirkəti ilə, Azərbaycan hökuməti ilə
bundan sonra da əməkdaşlığınız müvəffəqiyyətlə inkişaf edəcək və gələcək birgə layihələrimiz üçün yeni
perspektivlər açacaqdır.
K u n i x i k o M a t s u o: Cənab
Prezident, səmimi qəbula görə Sizə təşəkkür edirəm. Biz bilirik ki, iş
cədvəliniz çox sıxdır və ona görə də bu gün bizi qəbul etdiyiniz üçün çox məmnunuq. Fürsətdən istifadə edərək,
prezident seçilməyinizlə əlaqədar sevinc hisslərimizi ifadə etmək istərdik.
Biz prezident Heydər Əliyevin nurlu xatirəsini, ölkəmizdə səfərdə olduğu günləri unutmuruq.
O bizə çox
böyük təsir bağışladı. Dünən mənə onun məzarını ziyarət etmək şərəfi nəsib oldu. Xahiş edirik, atanızın
xatirəsinə çox dərin hörmət bəslədiyimizə əmin olasınız.
1998-ci ilin fevralında prezident Heydər Əliyev ölkəmizə rəsmi səfərə gəldi, onun həm siyasi, həm də
iqtisadi dairələrin liderləri ilə görüşləri oldu. O, vətəndaşlarımıza təkcə dövlət xadimi kimi deyil, həm də böyük
şəxsiyyət kimi çox dərin təsir bağışladı. Bundan sonra ölkələrimizin iqtisadiyyat sahəsində qarşılıqlı
münasibətlərində böyük inkişaf başladı. Xalqınızın bəxtindən və özümüzü Azərbaycanın dostları hesab edən
bizim də bəxtimizdən, bu gün Siz prezident Heydər Əliyevin xəttinin layiqli davamçısısınız. Biz görürük ki, Siz
ölkənizin daha böyük iqtisadi inkişafı üçün fəal siyasət aparırsınız və Sizin səyləriniz sayəsində Azərbaycanda
dünyanın bütün ölkələri ilə dostcasına qarşılıqlı münasibətlər üçün əlverişli mühit yaradılır.
Cənab Prezident, bizim Azərbaycandakı kiçik fəaliyyətimizi yüksək qiymətləndirməyinizdən çox məmnu-
nuq. Biz "Azəri–Çıraq–Günəşli" kimi mühüm layihənin iştirakçısı olmağı çoxdan arzu edirdik. Bəxtimizdən bu
layihənin, habelə Bakı–Tbilisi–Ceyhan layihəsinin iştirakçısı olmaq istəyimizdə Sizin tərəfinizdən, Dövlət Neft
Şirkəti tərəfindən dəstək və diqqət hiss etdik. Bu bizim üçün böyük şərəfdir. Şirkətimiz planetin müxtəlif
guşələrində – Yaxın Şərqdə, Afrikada, Cənubi Amerikada, Okeaniyada öz fəaliyyətini genişləndirir.
Lakin bu
cür çoxsaylı layihələr arasında AÇG və BTC layihələrində iştirak etmək bizim üçün çox mühüm və vacibdir.
İndi biz Azərbaycanın neft sənayesi üçün layiqli tərəfdaş olmaqdan ötrü bütün işləri görəcəyik. Hamıya, o
cümlədən də sizin ölkənizə fayda gətirəcək bu layihələrin uğurlu olmasına yönəldilmiş işdə öz məsuliyyətimizi
başa düşürük. Biz çalışacağıq, ona görə də xahiş edirik ki, bizi bundan sonra da dəstəkləyəsiniz, biz Sizə çox
minnətdar olacağıq.
Onu da xatırladım ki, hazırda Yaponiya hökuməti ölkənin neft sənayesində özəl sektorun rolunu genişləndir-
məyi qarşısına məqsəd qoymuşdur. Əgər əvvəllər bu sektorda Yaponiya Milli Neft Korporasiyası böyük rol
oynayırdısa, indi onun funksiyalarının əsas hissəsi özəl şirkətlərin rolunu möhkəmlətmək üçün məhz bizim
şirkətə veriləcəkdir. Şirkətimiz Yaponiyanın neft kəşfiyyatı ilə məşğul olan aparıcı şirkətlərindən biridir. Biz
ölkə qarşısında və mühüm tərəfdaşımız olan Azərbaycan qarşısında öz məsuliyyətimizi yerinə yetirmək üçün
əlimizdən gələni edəcəyik.