İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ Bİznesin təŞKİLİ VƏ menecment kafedrasi təŞKİlati davraniş FƏNNİNDƏN


Koqnitiv proseslər: təxəyyül, qavrama, təfəkkür



Yüklə 121,59 Kb.
səhifə4/5
tarix27.12.2023
ölçüsü121,59 Kb.
#162699
1   2   3   4   5
Piriyev Səbuhi. Təşkilati davranış

5.Koqnitiv proseslər: təxəyyül, qavrama, təfəkkür.


İnsan psixikası koqnitiv və emosional başlanğıcların sintezindən ibarətdir. Onların bir-birindən təcrid olunaraq öyrəniləsi çətindir. Çünki onlar bir bütünün ayrılmaz inteqrativ hissələridirlər. Lakin onları ayrı-ayrılıqda öyrənmədən bir araya gətirmək mümkün deyildir. Koqnitiv psixologiyanın XX əsrin ortalarından sonra meydana çıxma səbəbləri bununla bağlıdır (50–60-cı illər ABŞ bihevioristləri E.Qatri, E.Tolmen).
Koqnitiv tədqiqatlar inkişaf etdikcə, bir elm sahəsinin sahəsindən kənara çıxır. Çünki ABŞ psixoloqu U.Naysserin freym nəzəriyyəsi göstərdi ki, fərd öz hiss orqanları ilə ayrı-ayrı detalları deyil, tam mənzərini (freym) qəbul edir və yaddaşda saxlanılan freymlər özünü fərdin davranışlarında reallaşdırır. Lakin koqnitiv araşdırmalar nəticəsində məlum oldu ki, fərd hisslər vasitəsilə qəbul etdiyi informasiyaların koqnitiv sxemlərə çevrilməsi və mental əməliyyatların reallaşması prosesində birbaşa iştirak etmir. Çünki bu proseslərin bir qismi onun koqnitiv imkanlarının və şüur proseslərinin fövqündə baş verir. Buna görə də psixoloqlar burada dərk olunan şüurlu koqnitiv proseslərlə dərk olunmayan koqnitiv şüurüstü prosesləri bir- birindən ayırırlar. Koqnitiv şüurüstü proseslər şüurlu koqnitiv proseslərdən fərqli olaraq mürəkkəb informasiyaları paralel şəkildə daha sürətlə həll edirlər. Koqnitiv proseslərin tədqiqi nəinki koqnitiv psixologiya və ümumi psixologiya çərçivəsində, ümumiyyətlə, müxtəlif elmlərin kəsişməsində belə çox mürəkkəb bir məsələdir. Buna görə də bir çox idrak problemləri ilə bağlı olan elm sahələrinin əlaqəsindən müasir “koqnitiv elm” sahəsi meydana çıxmışdır. (link)
İnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim və hadisələri qavrayaraq, yaxud keçmişdə qavradıqlarını yada salaraq onların surətlərini beyində yaradır, həm də heç zaman bilavasitə qavramadığı, hətta heç mövcud olması mümkün olmayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bilir. İnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül, yaxud fantaziya adlanır. Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə deyilir. Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada birləşdirir, yeni surətlər yaradır və fəaliyyət göstərir. Yeninin yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz təsəvvürlərinin ideal şəkildə fikirdə birləşdirilməsi, dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması təxəyyül prosesidir. Təxəyyül bir sıra özünəməxsus xüsusiyyətləri ilə digər psixi proseslərdən fərqlənir. Bildiyimiz kimi duyğu, qavrayış, hafizə, hətta təfəkkür kimi psixi proseslərin elementləri heyvanlarda da bu və ya başqa şəkildə özünü göstərir. Təxəyyül isə bir psixi proses kimi ancaq insana məxsusdur. Təxəyyülün köməyi ilə insan nəyi isə yaradır, özünün fəaliyyətini planlaşdırır və onu idarə edir. Demək olar ki, bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan təxəyyülünün məhsuludur. Təxəyyül insanı hal-hazırdakı vəziyyətdən kənara çıxarır, ona keçmişi daha əyani şəkildə görməyə kömək edir, onu gələcəyə aparır. İnsan öz təxəyyül fəaliyyətinin vasitəsilə ayrı - ayrı orqanlarının fəaliyyətinə təsir edə bilir. Bunu autotreninq təcrübələrində aydın şəkildə görmək mümkündür. Təxəyyül fəaliyyətindən istifadə edərək xəstəliyin müalicəsinə təsir göstərmək, başqa sözlə, psixoterapiyada təxəyyül obrazlarının yaradılmasından geniş istifadə edilir. Təxəyyül bir psixi proses kimi qavrayış, hafizə və təfəkkür prosesləri arasında aralıq mövqe tutur. Təxəyyül fəaliyyəti zamanı bizim yaratdığımız surətlər, hətta onlar fantastik mahiyyətə malik olduqda belə, onun ayrı-ayrı elementləri həyatdan, keçmiş qavrayışlarımızdan, yaddaşımızdan götürülmüş olur. Təxəyyülün təfəkkürlə əlaqəsi onda ifadə edilir ki, təxəyyül də varlığın özünəməxsus şəkildə inikasıdır. Lakin təfəkkür bir psixi proses kimi varlığı, aləmi anlayışlarla əməliyyat aparmaq vasitəsi ilə əks etdirirsə, təxəyyül varlığı konkret obrazlı formada əks etdirir. Biz bu cəhəti alimin və yazıçının fəaliyyətində aydın şəkildə görə bilərik. Alim də, yazıçı da varlığı əks etdirir, lakin biri məntiqi dəlillərlə, sübutlarla, digəri isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla.
Son zamanlarda təxəyyül fəaliyyətinin beynin aşağı şöbəsinin fəaliyyəti ilə bağlılığı barədə fərziyələr irəli sürülmüşdür. Bu sahədə aparılan tədqiqatlar da bu fərziyyənin doğruluğunu sübut edir. Belə ki, beynin aşağı şöbəsində yerləşən hipotalimik- limbik sistemdə zədələnmə əmələ gəldikdə psixikada xarakterik pozğunluqlar özünü göstərir. Bu pozğunluqlar onda ifadə edilir ki, xəstə özünün davranışını planlaşdıra bilmir. Nəzərə alsaq ki, insanın öz davranışını planlaşdırması və onu idarə etməsi təxəyyül fəaliyyəti ilə bağlıdır, onda hipotalamik-limbik sistemin təxəyyül fəaliyyətində oynadığı rol aydın olur. Təxəyyül fenomen xüsusiyyətlərə malik psixi prosesdir. Burada qeyri-adi olan odur ki, təxəyyül obrazları beyində gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar yarandıqdan sonra orqanizmdə gedən digər fizioloji proseslərə təsir edə bilir. Bu fikri təsdiq etmək üçün psixoloji ədəbiyyatda belə misallardan istifadə edilir. Məşhur yazıçı Floberin özünün yazdığı kimi o, «Xanım Bavari» romanının qəhrəmanı Bavarinin zəhəri içməsi səhnəsini təsvir edərkən ağzında zəhər tamı duyğusu əmələ gəlib. Yaxud, deyilənə görə, Volter hər ili Varfolomey gecəsinin il dönümündə xəstələnirmiş. Dini fanatizmin qurbanı olmuş minlərlə günahsız adamın öldürüldüyü həmin gün haqqında düşüncələr, bununla bağlı onda yaranan təxəyyül obrazları onun bədənində titrəmənin əmələ gəlməsinə, daha sonra, temperaturun qalxmasına, nəbzinin döyüntülərinin çoxalmasına səbəb olarmış. Bəzən, həkimin ehtiyatsızlıqla xəstəyə dediyi sözün nəticəsində xəstə təxəyyülündə özünü ağır xəstəliyə tutulmuş insanın obrazı kimi canlandırır ki, bu da bu xəstəliklə bağlı simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb ola bilir [4].
Qavrayış cisim və hadisələrin bütün keyfiyyət və xassələri ilə beyində tamlıqla əks olunmasından ibarət bir psixi prosesdir. Maddi aləmin cisim və hadisələri barəsində bilik əldə etməkdə duyğularla yanaşı, qavrayış da mühüm rol oynayır. Hissi idrakın mühüm mərhələsini təşkil edən qavrayış prosesi cism və hadisələri bütün əlamət və xüsusiyyətləri ilə birlikdə, yəni bütövlükdə əks etdirir. Məsələn, biz almanı görüb onun rənginə, formasına, iyinə görə duyuruqsa, onu yeyəndə artıq biz onu qavramış oluruq. Yəni bizdə onun haqqında tam mənada anlayış formalaşır. Deməli, qavrayış ətraf aləm haqqında duyğulara nisbətən daha dolğun, daha bitgin və müfəssəl məlumat verir.
İdrak prosesi kimi qavrayışın bir sıra mühüm xüsusiyyətləri var: 1. Qavrayışın əşyaviliyi; 2. Qavrayışın mənalılığı; 3. Qavrayışın tamlığı; 4. Qavrayışın sabitliyi;
5.Qavrayışın seçiciliyi.
Qavrayışın əşyaviliyi obyektləşdirmə aktında ifadə olunur. Yəni biz ayrı-ayrı əlamətlərini duyduğumuz cisim, yaxud hadisəni aləmdə mövcud cisimlər, hadisələr qrupuna aid edirik, xarici aləmdən alınan məlumatları həmin aləmin özünə aid edir və onu əks etdiririk. Qavrayışın əşyaviliyi anadangəlmə keyfiyyət deyil. O, həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğlarının görmə duyğusuna qoşulması nətiсəsində formalaşır. Qavrayışın əşyaviliyi xüsusiyyəti davranışın tənzim olunmasında mühüm rol oynayır. Adətən insan əşyaları onların görkəminə görə deyil, təcrübədə onlardan necə istifadə etdiyinizə, onların əsas xassəllərinə görə xarakterizə edir. Bu isə qavrayışın əşyaviliyi xüsusiyyəti sayəsində mümkün olur. Məsələn, biz oyuncaq tapanсanı həqiqi tapanсadan, yaxud bir quşun müqəvvasını canlı quşdan ayıra biliriksə və onlarla müvafiq şəkildə davranırıqsa, burada qavrayışın əşyaviliyi xüsusiyyəti özünü göstərir. Məsələn, kərpic və partlayıcı blokun hər ikisi eyni cür görünə bilər və lamisə (toxunma) vasitəsi ilə oxşar cisim kimi qavranıla bilər, lakin onların hər birinin «özünü aparması» (təyinatı) müxtəlif olacaqdır. Adətən biz əşyaları onların əsas xassələrinə görə xarakterizə edirik. Buna isə qavrayışın predmetliliyi (əşyaviliyi) kömək edir.
Qavrayışın mənalılığı xüsusiyyəti də qavrayışı xarakterizə edən başqa bir сəhətdir. Qavrayış zamanı yaranan obrazlar qıсıqlandırıсıların bilavasitə təsiri nətiсəsində yaransa da bu zaman yaranan surətlər həmişə müəyyən məna əhəmiyyətinə malik olur. İnsanın qavrayışı təfəkkürlə, əşyanın mahiyyətini anlamaqla sıx şəkildə bağlı olur. Əşyanı şüurlu surətdə qavramaq onu fikrən adlandırmaq, yəni qavranılan əşyanı müəyyən predmetlər qrupuna aid etmək, onu sözdə ümumiləşdirmək deməkdir. Qavrayış obyekti, hətta bizə naməlum olarsa, biz onun məlum predmetlərə oxşar olan сəhətlərini axtarır, tapır, onu müəyyən сisimlər qrupuna aid etməyə сəhd edirik. Qavrayış prosesində bu сür ilkin təfəkkür elementlərinin iştirakı qavrayışın mənalılıq kimi xüsusiyyətə malik olduğunu göstərir. Qavrayışın mənalılığını əyani şəkildə görmək üçün iki mənalı adlanan şəkillərə baxmaq kifayətdir.


Şəkil A-ya baxdıqda gah ağac, gah da insan silueti, şəkil B-yə baxdıqda isə, gah vaza, gah da iki adamın profilini gördüyümüzü söyləyiriksə, elə bu qavrayışın mənalılığı deməkdir.
Qavrayışın tamlığı – bu, qavrayışı bir idrak prosesi kimi səciyyələndirən ən mühüm xüsusiyyətdir. İnsan şüurunda əks olunan cisim, ona xas olun bütün xüsusiyyətlərilə bütövlükdə əks (inikas) olunur. Başqa sözlə, qavrayış duyğularda olduğu kimi, cismlərin ayrı – ayrı xassələrini və xüsusiyyətlərini deyil, tam surətini yaradır. Məsələn, səngərdə olan əsgər səsinə görə yaxınlaşan texnikanın nə olduğunu, eyni zamanda yavaş və ya sürətlə hərəkət etdiyini müəyyən edir.
Qavrayışın sabitliyi hesabına biz ətraf aləmi daha düzgün əks etdiririk. Bu xüsusiyyət olmasaydı, onda biz hər bir cismi yeni şəraitdə təkrar qavramaq məcburiyyəti qarşısında qalardıq. Qavrayışın sabitliyi dedikdə qavrama şəraitinin dəyişməsindən asılı olmayaraq cismin sabit ölçüdə, formada qavranılması başa düşülür. Məsələn, biz ağ köynəyi parlaq işıqdada, qaranlıqda da ağ rəngdə qavrayırıq. Qavrama şəraiti dəyişilsə də qavrayış surəti özünün sabitliyini itirmir. Məsələn, cism insandan uzaqlaşdıqca onun gözün torlu qişasında təsviri kiçilir, lakin buna baxmayaraq biz həmin cismi malik olduğu bütövlükdə qavrayırıq. Bu qavrayışın sabitliyi hesabına yaranır ki, onun da çox böyük idrak əhəmiyyəti vardır.
Qavrayışın seçiciliyi – İnsana təsir edən cism və hadisələrin ayrılaraq qavranılmasına qavrayışın seçiciliyi deyilir. İnsana eyni vaxtda müxtəlif əşyalar təsir edir. İnsan onların hamısını yox, yalnız maraq, meyl, dünyagörüşü, motivləri və emosional vəziyyətinə uyğun gələnləri ilk növbədə qavrayır. Qavrayışın seçiciliyi şəxsiyyətin xüsusiyyətlərindən asılı olaraq aydın qavranılan cismi qavrayış obyektinə çevirir, yerdə qalanlarını isə fonda əks etdirir. Qavrayış insanın keçmiş təcrübəsindən, bilik və bacarığından, əhvalından, həmçinin insanın qavradığı obyektdə nəyi görmək istədiyindən asılıdır.
Təfəkkür psixologiyada daha geniş aspektdə nəzərdən keçirilir. Psixologiyada təfəkkür dərk edən subyektlə dərk edən obyekt arasında qarşılıqlı təsir prosesi, subyektin ətraf aləmə bələdləşməsinin aparıcı forması kimi öyrənilir. Duyğular və qavrayış təfəkkürün mənbəyidir. Təfəkkür prosesində insan qanunauyğun əlaqələri təsadüfi əlaqələrdən ayırd edir; ayrı-ayrı hallardan ümumi hallara keçir, yəni varlığı ümumi halda əks etdirir. İnsan məhz təfəkkür sayəsində gerçəkliyi daha dərin, tam və dəqiq dərk edir. Maddi aləmin dərk edilməsi duyğu və qavrayışdan başlanır. Lakin, idrakın bu ilk mərhələsində gerçəkliyin cisim və hadisələri arasındakı mürəkkəb və çoxcəhətli əlaqə və asılılıqlar, onların mahiyyətini əks etdirə bilmir. Digər tərəfdən hissi idrakın verdiyi məlumat dərin və heç də həmişə düzgün olmur. Burada hissi idrak materiallarına əsaslanan təfəkkür müstəsna əhəmiyyət kəsb edir. Təfəkkür, cisim və hadisələrin mahiyyətinin, onlar arasındakı əlaqə və asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesidir. İnsan məhz təfəkkür sayəsində gerçəkliyi daha dərin, tam və dəqiq dərk edir. Təfəkkürün köməyi ilə bilavasitə qavranılmayan cism və hadisələr də dərk olunur. Məsələn, atomun tərkib hissələrini bilavasitə qavramaq mümkün deyildir. Halbuki insanlar onu bilirlər. Bu vasitəli bilikdir. Deməli, təfəkkür varlığın vasitəli inikasıdır.
Təfəkkürün məfhum, hökm, əqli nəticə və ya istidlal kimi 3 əsas forması vardır.
Cisim və hadisələrin ümumi və mühüm əlamətlərinin inikasından ibarət olan təfəkkür formasına məfhum deyilir. Məfhum həmişə sözlərdə ifadə olunur. Onlar müxtəlifdir: ümumi, fərdi, konkret və mücərrəd məfhumlar vardır. Ümumi məfhumlar müəyyən cisim və hadisələr qrupunun mühüm və ümumi əlamətlərini əks etdirir. Məsələn, şagird, müəllim, bitki, şəhər və s.
Fərdi məfhumlar ayrı-ayrı cism və hadisələrin ümdə xüsusiyyətlərini əks etdirir. Bakı, dahi şair Nizami, Mars planeti fərdi məfhumlardır.
Konkret məfhumlar gercək cismlərin mühüm əlamətlərinin inikasından ibarətdir. Məsələn, qələm, maşın, kitab və s. İnsan təfəkkürünün obyekti konkret cism və hadisələr deyil, onların keyfiyyətləri, xassələri də olur. Bu halda həmin keyfiyyət və xassələr fikrən cismin özündən təcrid edilib, müstəqil surətdə düşünülə bilər. Bu cür yaranan məfhumlara mücərrəd məfhumlar deyilir. Məsələn, xoşbəxtlik, sürət, qüvvə, yaxşılıq, pislik, aclıq və s.
Hökm varlığın cisim və hadisələri arasında müəyyən əlaqə və münasibətin olubolmadığını iqrar və ya inkar etməkdən ibarət olan təfəkkür formasıdır. Hökm cismin, hadisənin bu və ya digər cəhətini əks etdirir. «Azərbaycan təbii sərvətlərlə zəngindir». Ümumi, xüsusi və fərdi hökmlər vardır. «Bütün quşlar uçur» ümumi, «Bəzi quşlar suda üzür» xüsusi, «Bu quş gözəldir» isə fərdi hökmdür. Cismdə hər hansı bir sifətin iqrar və ya inkar edilməsinin səciyyəsinə görə şərti, təqsimi və qəti hökmlər vardır. Hər hansı bir fikrin həqiqiliyi hökmdə söylənilmiş şərtlərdən asılıdırsa, bu, şərti hökm adlanır. Məsələn, «Əgər şagird müntəzəm surətdə çalışırsa, dərslərindən geri qalmaz». Təqsimi hökmlərdə hər hansı cismə aid olan bir neçə xüsusiyyət iqrar və ya inkar edilir. Məsələn, «Akif ya birinci, ya ikinci, ya da üçüncü sinifdə oxuyur». Hökm cisimdə bu və ya başqa bir əlamətin olduğunu şərtsiz, danışıqsız iqrar və ya inkar edirsə, o, qəti hökm sayılır. Məsələn, «Bakı Xəzər dənizinin sahilində yerləşir». Təfəkkürün formalarından biri də istidlal və ya əqli nəticədir. Hər hansı hökmün doğruluğu başqa hökmlərin düzgünlüyündən nəşət edirsə, belə təfəkkür formasına istidlal və ya əqli nəticə deyilir.
Əqli nəticə — vahid məqsədə tabe olan, bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə mürəkkəb fikri fəaliyyətə deyilir. Əqli nəticə prosesində təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır. Əqli nəticədə və ya yekun hökmlərdə əldə olan biliklər əsasında yeni biliklərə yiyələnmək olur, biliyə bilik vasitəsi ilə yiyələnilir, bilavasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir, obyektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır. Əqli nəticənin əsas qiyməti bundadır. Fikri akt kimi əqli nəticə üçün aşağıdakılar əhəmiyyət kəsb edir. Assosiativ prosesdən əqli nəticənin fərqi ondadır ki, nəticəyə aid etdiyimiz münasibət predmetin obyektiv məzmununu açır [5].


Nəticə


Təşkilati davranış sisteminin təməlini onun fəlsəfəsi təşkil edir. Bu fəlsəfə iki mənbəyə əsaslanır: faktiki şərait və dəyər şərtləri. Menecerlər təşkilati davranış sistemi ilə əlaqədar onun daha üç əsas elementinin - şəxsi baxış, missiya və məqsədlərin daxil edilməsinə görə məsuliyyət daşıyırlar. Fəlsəfi dəyərlər, şəxsi baxış, missiya və məqsədlər artan konkretlik iyerarxiyasını təşkil edirlər. Mədəniyyət formal təşkilatı əks edir. Buraya onun siyasəti, strukturu, prosedurları, xarici sosial və mədəni mühiti də daxildir. Qeyri-formal təşkilatı da nəzərə almaq lazımdır. Formal və qeyri-formal təşkilatlar, kompaniyanın müxtəlif elementlərini səmərəli, effektiv komanda şəklində birləşdirən bir «yapışqan» hesab edilə bilər. İdarəetmə fəaliyyəti bunu nəzərdə tutur ki, menecerlər, müəyyən rəhbərlik üslubunu əsas tutaraq, yüksəkkeyfiyyətli əmək fəaliyyətinə nail olmaqdan ötrü, özlərinin kommunikativ bacarıqlarından və qrup dinamika biliklərindən istifadə edirlər. Bu məsələnin müvəffəqiyyətli həlli, təşkilatın məqsədlərinə çatmaq üçün, işçiləri lazımi dərəcədə motivasiya etməyə imkan verir. Səmərəli təşkilati davranış sistemi əməkdaşların yüksək səviyyəli motivasiyasına imkan verir ki, bu da eyni zamanda, həm qarşıya qoyulan məqsədlərə çatmağa, həm də hər bir fərdin öz əməyindən razı qalmasına imkan yaradır.


Yüklə 121,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə