İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei



Yüklə 1,54 Mb.
səhifə6/77
tarix06.05.2018
ölçüsü1,54 Mb.
#42356
1   2   3   4   5   6   7   8   9   ...   77

Zeynəbin (ə) əzəməti


Zeynəbi-Kübra (ə) böyük bir qadındır. Bu böyük qadının İslam xalqlarının gözündə olan əzəməti nədəndir? Demək olmaz ki, Əli ibn Əbu Talibin (ə) qızı, yaxud Hüseyn ibn Əlinin (ə) və Həsən ibn Əlinin (ə) bacısı olduğuna görədir. Qohumluq heç zaman belə əzəmət yarada bilməz. Bizim bütün imamlarımızın bacıları, anaları və qızları olmuşdur. Amma Zeynəbi-Kübra (ə) kimi birisi hanı?

Zeynəbi-Kübranın (ə) dəyəri və əzəməti, onun ilahi vəzifəsinə əsaslanan əzəmətli insani və İslami mövqeyinə və hərəkətinə görədir. Onun işi, onun qərarı, onun hərəkət tərzi ona belə əzəmət bəxş etdi. Kim belə bir iş görsə, Əmirəlmömininin (ə) qızı olmasa da, əzəmət əldə edər. Bu əzəmətin əsas hissəsi odur ki, əvvəla mövqeyi tanıdı. Həm İmam Hüseynin (ə) Kərbəlaya getməsindən qabaqkı mövqeyi, həm Aşura gününün böhranlı anlarının mövqeyini, həm də İmam Hüseynin (ə) şəhidliyindən sonrakı ağır hadisələrin mövqeyini. İkincisi də budur ki, hər mövqeyə uyğun bir seçim etdi. Bu seçimlər Zeynəbi (ə) Zeynəb etdi.

Kərbəlaya hərəkətdən qabaq İbn Abbas, İbn Cəfər və erkən İslam çağının fəqihlik, şücaət, rəislik və ağalıq iddiasında olan bəzi məşhur simaları çaşıb qaldılar, nə iş görməli olduqlarını anlamadılar. Amma Zeynəbi-Kübra (ə) çaşmadı, anladı ki, bu yolu getməli, öz imamını tənha qoymamalıdır və getdi. Belə deyil ki, bunun çətin yol olduğunu bilməsin. O, digərlərindən daha yaxşı hiss edirdi. O, bir qadın idi; məmuriyyətindən ötrü həyat yoldaşından və ailəsindən ayrılan bir qadın. Məhz buna görə özünün azyaşlı uşaqlarını da özü ilə apardı. O, hadisənin necə olacağını duyurdu.

Ən güclü insanların nə etməli olduqlarını dərk edə bilmədikləri böhranlı saatlarda o anladı, öz imamına dayaq oldu, onu şəhid olmaq üçün hazırladı. Hüseyn ibn Əlinin (ə) şəhidliyindən sonra da dünya zülmətə qərq oldu. Ürəklər, canlar, dünyanın üfüqləri qaraldı. Bu böyük qadın bir nur olub parladı. Zeynəb (ə) elə bir yerə çatdı ki, yalnız bəşəriyyət tarixinin ən üstün insanları, yəni peyğəmbərlər oraya çata bilərlər.



Şəfqət bacıları ilə görüşdə çıxışdan; 13 noyabr, 1991

Vəzifələri yerinə yetirməkdə həzrət Zeynəbdən (ə) öyrənmək


Müsəlman qadın bir qadının görə biləcəyi bütün mühüm vəzifələri yerinə yetirmək üçün həzrət Zeynəbdən (ə) öyrənməlidir. Bir qadının ən böyük xüsusiyyətləri olan paklıq və təqva, həyatda əsl dəyərlərə hər bir şeydən artıq əhəmiyyətli yanaşmaq, elmə və bilgiyə diqqət yetirmək, siyasi fəaliyyətlər göstərmək, insanlara yardım etmək, evi və ailəni keyfiyyətli etmək Zeynəbi-Kübranın (ə) xüsusiyyətlərindən sayılır. Müsəlman qadın ailənin içindən cəmiyyətin içinə, elmi və siyasi məsələlərə, əxlaqi dəyərlərə, eləcə də böyük inqilabçı mənliklər göstərməyə qədər o həzrətin həyatından dərs götürə bilər.

Feldşerlərlə görüşdə çıxışdan; 4 oktyabr, 1995

Keyhan qəzeti

Zeynəbi-Kübranın (ə) zalım sultanla rəftarı


Baxın, Fatimeyi-Zəhranın (s) qızı olan bu Zeynəbi-Kübra (ə) öz dövrünün ən iqtidarlı sultanlarına - özü o zalım və qaniçən sultanın əlində əsir olduğu zaman - deyir ki, nə edə bilirsən et, sən bizi tarix səhnəsindən çıxarıb yolumuzu məhv edə bilməyəcəksən və bəşəriyyət bu yolu gedəcək. Əgər maddi iqtidar bacarsaydı, bu işi görərdi. Onlar da görərdilər.

Keşikçilər Korpusunun məsul şəxsləri və komandanları ilə görüşdə çıxışdan; 16 may, 1997

Keyhan qəzeti

Zeynəbi-Kübradan (ə) dərs öyrənmək


Ümidvaram ki, Aşuranın böyük və həmişəyaşar qəhrəmanlığının əsas hissəsinin aid olduğu həzrət Zeynəbi-Kübranın (ə) pak ruhu cəmiyyətin təkcə qadınları arasında yox, bütün üzvləri arasında canlı, hazır və dərs öyrədən olsun.

Feldşer və müharibə əlilləri ilə görüşdə çıxışdan; 10 sentyabr, 1997

Keyhan qəzeti

Aşura hadisəsinin əbədi qalmasında həzrət Zeynəbin (ə) rolu


Bizim qadınlarımız bilsinlər ki, onların bu sayıqlığı, məlumatlılığı, dözümlülüyü həzrət Zeynəbin (ə) İslam baxışından qaynaqlanırdı. O, Kərbəla hadisəsini tarixdə belə böyük və əbədi saxlaya bildi, bu hadisənin əzəmətli mənəvi və tarixi nəticələrini həmişəlik edə bildi.

Həzrət Zeynəb (ə) cəmiyyətinin mərkəzi ofisinin üzvləri ilə görüşdə çıxışdan; 17 fevral, 1988

Ettelaat qəzeti

Səkineyi-Kübra - elm və bilgi məşəli


İmamın qızı, Zeynəbin qardaşı qızı və şagirdi olan Səkineyi-Kübra - adını Kərbəlada eşitdiyiniz bu xanım bu günə qədər bütün İslam tarixində ərəb bilgisinin məşəllərindən biridir. Tədqiqatçı və kitab adamı olanlar baxa bilərlər. Hətta Zeynəbi, Zeynəbin (ə) atasını və Səkinənin atasını qəbul etməyən şəxslər də etiraf edirlər ki, Səkinə bir elm və bilgi məşəlidir.

Şəfqət bacıları ilə görüşdə çıxışdan; 13 noyabr, 1991

Qurani-Kərimdə örnək qadınlar


Allah-Taala burada iki qadını, təkcə qadınların yox, bütün görkəmli və mömin insanların iki nümunəsi kimi xatırladır. Yəni insaniyyət və mənəvi təkamül səhnəsində Allah-Taala görkəmli nümunə göstərmək istədikdə, peyğəmbərlərdən, böyük insanlardan, elmi və dini şəxsiyyətlərdən danışmır, iki qadından danışır. Onların biri Fironun həyat yoldaşıdır. O biri qadın isə İsanın anası və İmranın qızı Məryəmdir (ə).

Xuzistan qadınlarının toplantısında çıxışdan; 11 mart, 1997

Quranda qadının yaxşı və pis nümunəsinin təqdimi


Qadın və kişi məsələsi barəsində vəhyin sözü mühüm məsələləri ehtiva edir. Görək vəhy bu barədə nə deyir. Vəhy təkcə moizə etməklə kifayətlənməmiş, nümunə də göstərmişdir. Allah-Taala mömin insanlar üçün tarixi bir misal göstərmək istədikdə buyurur: “Allah iman gətirənlər üçün Fironun xanımını misal vurur”.1 Allah Fironun qadınını misal vurur. Halbuki həzrət Musanın (ə) zamanında iman yolunda çalışıb fədakarlıq göstərən çox insanlar vardı. Amma Allah Fironun həyat yoldaşının adını çəkir. Bu nədən irəli gəlir? Allah-Taala qadınların tərəfini tutmaq istəmişdir? Yoxsa məsələ başqa bir şeydir? Məsələ budur: bu qadın mənəvi hərəkət zirvəsində elə bir yerə çatıb ki, yalnız onu misal vurmaq olar, başqasını yox. Fironun həyat yoldaşı mövzusu tarixi baxımdan Fatimeyi-Zəhra (s) və Məryəm-Kübra (ə) dövründən öncəyə aiddir. O nə peyğəmbərdir, nə peyğəmbər övladı, nə peyğəmbərin həyat yoldaşı, nə də hansısa bir peyğəmbərin ailə üzvü. Lakin Fironun xanımının mənəvi tərbiyəsi, inkişafı və nailiyyəti elə bir həddə çatır ki, Allah-Taala Quranda onu möminlərə nümunə təqdim edir. Əlbəttə, onun qarşı tərəfi, yəni fəsadlı bir qadın nümunəsi də ortaya qoyulur. Allah ən pis insanların nümunəsini göstərmək üçün buyurur: “Və Allah kafir olanlar üçün Lutun xanımını misal vurur”1.

Nuhun və Lutun dövründə çox kafir və pis insanlar vardı, amma Quran onları misal çəkmir. Nuhun və Lutun xanımını nümunə kimi göstərir. Qadın cinsiyyətinin zirvələrinə və uçurumlarına qarşı Allahın bu diqqəti nədən irəli gəlir? Bəlkə də Allah dünyanın o zamankı xalqının yanlış baxışına (təəssüf ki, bu gün də həmin baxış müəyyən həddə qalmışdır), öz qızlarını torpağa gömən Ərəbistan xalqının rəftarına, həmçinin o günün böyük imperatorluqları olan Roma və İran kimi imperiya xalqlarının rəftarına işarə vurmaq istəyir. Siz onların baxışını və qadınlarla rəftarını bilirsiniz. Avropanın bugünkü mədəniyyətinin bünövrəsi Roma imperiyasının mədəniyyəti və sivilizasiyasıdır.



Ölkə qadınları ilə görüşdə çıxışdan; 15 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə