34
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XIII nömrə
1. Məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı hissədə şikayətə baxılmasını mümkün, digər
hissələrdə mümkünsüz hesab edir;
2. Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin pozulduğunu qət edir;
3. Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsinin pozulduğunu qət edir;
4. Qərara alır ki,
(a) Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndinə uyğun olaraq cavabdeh Dövlət üç ay ərzində
ərizəçiyə tutulacaq vergi də daxil olmaqla vurulmuş mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro
məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq
Azərbaycan manatı ilə ödəməlidir:
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər
gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz
dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77‐ci Qaydasının 2 və 3‐cü bəndlərinə uyğun olaraq 18
dekabr 2012‐ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre Vampak
Nina Vayiç
Katibin müavini
Sədr
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XIII nömrə
35
Yerli mətbuat səhifələrindən
NMR‐nın Vəkillər Kollegiyası sədrinin müraciəti
Bu ilin may ayında mətbuatda Naxçıvan şəhərində yeni "hüquq
firması"nın (“SHD” şirkətinin Azərbaycan ofisinin) fəaliyyətə
başlaması ilə bağlı məlumatlar yayılmışdır. Həmçinin mətbuatda
qeyd olunduğu kimi “SHD” şirkətinin Azərbaycan ofisinin (Naxçıvan
şəhərində) “Reyhan” şadlıq sarayında açılış mərasimi də keçirilmişdi.
Bununla əlaqədar, “lawreform.az” portalı NMR Vəkillər
Kollegiyasının sədrinin aşağıdakı müraciətini hüquq ictimaiyyətinin
diqqətinə təqdim edir:
“15.05.2017‐ci il tarixdə NAXÇIVANXƏBƏRLƏRİ.com internet saytında SHD hüquq firması kimi təqdim
olunan bir “qurum” un rəsmi açılış mərasimi ilə bağlı məlumat verilmişdir. Bu qurumun Naxçıvan
Muxtar Respublikasında qansunsuz fəaliyyət göstərdiyini bildirərək, aşağıdakı əsasları diqqətinizə
çatdırırıq.
Əvvəla, SHD Türkiyə Respublikasında hüquq firması kimi deyil, zərər ‐ məsləhət və tibbi assistent
xidmətləri həyata keçirir. Həmin qurumun öz saytında yerləşən məlumatlara əsasən SHD zərər çəkmiş
(xəsarət almış) insanlara siğorta və təzminat ödənilməsi sahəsində məsləhət verməklə, habelə tibbi
assistent xidmətləri göstərməklə məşğul olur. Onların hər hansı vəkillik fəaliyyəti və ya hüquqi yardım
göstərmək səlahiyyətləri yoxdur (hətta onun qurucu rəhbəri olan Akaltun Memed Ömər oğlu Türkiyədə
belə həkimlik və vəkillik fəaliyyəti ilə məşğul olmur, onun ortağı Azərbaycanlı Etibar və Gülparə adlı
şəxslər belə nə ölkəmizdə, nə də ki, Türkiyədə vəkillik və həkimlik fəaliyyəti ilə məşğul olurlar). Ona
görə də SHD Türkiyə Respublikasında fəaliyyət dairəsinə aid olmayan bir funksiyanı başqa bir ölkədə,
o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirə bilməz!
İkincisi, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyindən aldığımız məlumata əsasən
15.05.2017‐ci il tarixdə rəsmi açılışı olan bu “qurum” vergi və DSMF qeydiyyatından keçməmiş və
qanunsuz olaraq sahibkarlıq fəaliyyət (və ya hüquq xidmətləri) göstərir.
Üçüncüsü, Türkiyə Respublikasında Vəkillik statusu daşıyan vəkillər Azərbaycan Respublikasında
vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. Azərbaycan Respublikasında vəkillik fəaliyyət göstərmək
üçün Azərbaycan Respublikası vətəndaşları Vəkillər Kollegiyasının üzvü olmaqla, fərdi qaydada və ya
vəkillik qurumunun tərkibində (vergi və DSMF qeydiyyatından keçməklə) fəaliyyət göstərə bilərlər
(“Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanunun 5‐ci madəsinin V hissəsi). Əks təqdirdə vəkil adından
qanunsuz istifadə edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 399‐cu
maddəsi ilə, dələduzluğa, qanunsuz sahibkarlığa və vergi ödəməkdən yayınmaya görə Cinayət
Məcəlləsinin 178, 192 və 213‐cü maddələri ilə məsuliyyətə səbəb olur.
Hazırda Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhər Hüquq Məsləhətxanasının (vəkillik
qurumunun) vəkilləri və 5 nəfər fərdi qaydada fəaliyyət göstərən vəkil vergi və DSMF qeydiyyatından
keçməklə fəaliyyət göstərir. Bunlardan heç biri (o cümlədən Azərbaycan Respublikasında Vəkillər
Kollegiyasının digər üzvləri) “SHD şirkətinin Azərbaycan ofisi”ndə fəaliyyət göstərmirlər. O ki qaldı,
Türkiyə Respublikası vəkillərinin Azərbaycan Respublikasında (o cümlədən Naxçıvan Muxtar
Respublikasıda) vəkilik fəaliyyətinə, bununla bağlı Azərbaycan Respublikasının “Vəkillik və vəkillik
fəaliyyəti haqqında” qanunun 26‐cı (Əcnəbilər tərəfindən hüquqi yardımın göstərilməsi) maddəsinə
görə, Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər tərəfindən hüquqi yardım göstərilməsi yalnız
əcnəbinin mənsub olduğu dövlətin qanunları və ya beynəlxalq hüquq normalarının tətbiqinə dair
verilən məsləhət və rəylərlə məhdudlaşır. Habelə Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər
mülki işlər, cinayət işləri, inzibati və iqtisadi mübahisələrə dair işlər, inzibati xətalar haqqında işlər
üzrə məhkəmə icraatına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq
olaraq qarşılıqlı münasibətlər əsasında buraxılır.