Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)


Xalq ƏdƏbiyyatının tƏhlili



Yüklə 1,48 Mb.
səhifə15/20
tarix28.06.2018
ölçüsü1,48 Mb.
#52085
1   ...   12   13   14   15   16   17   18   19   20

Xalq ƏdƏbiyyatının tƏhlili



I. Vəsfi-hal
Xalqımız arasında Novruz bayramına bir ay qalmışdan baş­la­­yaraq hər çərşənbə axşamı vəsif-hal salmaq kibi bir adət vardı. Qadın və qızlar toplanar, bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın tə­sa­düfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söylə­yər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürə­yin­də bir niyyəti olar və niyyətinin baş verəcəyini və ya ver­mə­yəcəyini söylənən vəsfi-haldan duyardı.

Vəsfi-hal adəti ruslarda da var. Afanasyev “Poetiçeskie vozzre­­niya slavyan na prirodu” adlı əsərində bu adəti böylə təs­vir edir: “Bir qab çeşmə suyu gətirirlər, içinə bir parça çö­rək, bir çimdik duz, kömür və bir az kül töküb, qabı ağ örtü ilə ör­türlər. Sonra qısa olaraq gələcəyi xəbər verən mahnılar oxu­yurlar. Oxuduqdan sonra suya salınmış metalik şeylərdən ilk ələ gələnini çıxarırlar. Şey sahibi mahnının sözlərini qədər­lən­miş hökm kibi qəbul edər” (C.II, səhifə 194). Ruslar bu mah­nı­lara “podolyudnıe pesni” deyirlər.

Məsələ ilə məşğul olmuş alimlər fal açma adətini ikiyə ayı­rırlar: biri sırf fal açma (kleromantiya), ikincisi su ilə falabaxma (hidro­mantiya). Bu adətlərin bəsit şəklinə ibtidai xalqlar ara­sında rast gəlirik, mürəkkəb şəkli isə qədim Yunanıstanda və Bizansda olmuş[dur].

Bizim vəsfi-hal da hidromantiya qismindən olaraq, Azər­bay­­canın bəzi nöqtələrində icra olunur. Badya başında söylə­nilən mahnıya gəldikdə, bu adi üzrə bayatı deyə tanıdığımız dörd misralı xalq şeridir. Halbuki bayatı, ağı və vəsfi-halın bir-birinə bənzəyişi zahiridir. Ağı daima kədərli olan kibi, vəsfi-hal da ümid verən, nəşə doğuran və mətanət bağışlayandır. Bun­lar bir-birindən yalnız məzmunca ayrılır. Quruluş etibarilə bir-birindən ayrılmaz: üçü də dörd misralıdır, üçündə də birinci iki misradakı fikir son iki misradakı məqsədi qüvvətləndirmək üçündür. Buna “paralelizm” de­yilir.

Vəsfi-halların bəzilərində ən qədim etiqad və fəlsəfə iz­lə­ri­nə rast gəlirik. Bunların izahı üçün Yaxın Şərqin və bilxassə İra­nın ən qədim dövrünü öyrənmək icab edir. Fikrimizi izah et­mək üçün bir vəsfi-hal alalım:
Ağ at gəlir yenişdən,

Sinəbəndi gümüşdən

Bizə də nəsib olsun

Heybədəki yemişdən.


Zahirən baxdıqda birinci sətirlərlə sonuncu iki misra ara­sın­da heç bir rabitə və əlaqə görünməyir. Halbuki burada üzvü bir rabitə var: birinci misralardakı fikir həsrətində bulunan ar­zu­nu qüvvətlən­dirir və ümid verir. Burada işlənən ayrı-ayrı söz­­lərin belə böyük bir tarixi var. Məsələn, at. At qədim İran­da qüdsiyyət daşıyan bir heyvan sayılırdı. Atın hətta padşah seç­ki­sində də böyük rolu vardı. Yunan müvərrixi Herodotun rəva­yətinə görə, farslardan yeddi zadəgan nəsli maqlarla müba­ri­zə edib, onları devirdikdən sonra yeddi üsyançı İran təxtinə na­mi­zəd oldu. Dara da bunların arasında imiş. İran adətincə, bunlar ata minib, günəş doğmadan şəhərdən kənara çıxmalı idilər, günəşin ilk şüası gözə çarpar-çarpmaz kimin atı kiş­nə­səymiş, o padşah sayılarmış. Daranın atı kişnədiyi üçün onu təxtə oturtmuşlar.

Bu bir əfsanə də olsa, onda bir həqiqət var. Bu gün bizdə belə yuxuda at görülsə, onu murada çatmaq sayırlar. Bu gün belə bəziləri qapısına, ya dükanın kandarına bir at nalı çal­maq­la arzusuna çatmaq istəyir. İran tarixində rast gəldiyimiz adların çoxunda əsb (at) sözü var. Məsələn: Gişdasb, Da­masb, Camasb, Ardızasb, Farnasb, Ariasb və i.a. Sahilində ya­şadığımız dənizin adında da “asb” sözü var, bunlarda ya­şa­yan “Qasb” xalqının adıyla adlanmış. “Qafqaz” kəlməsində də eyni söz var: əsli “Qafqasb” olmalıdır (“Qasb dağı” demək­dir…)

Vəsfi-halda murad və arzu mənasında işlədilən “at” kəlmə­sinə bir “ağ” sifəti də qoşulmuşdur. Ağ xalq arasında xoşbaxt­lığa işarədir. “Ağ günlü” xoşbaxta deyərlər. Vəsfi-haldakı “gü­müş sinəbənd” də mənasız deyildir: xalq arasında bütün par­laq şeylər, gümüş, su, od, şam, nur – xoşbaxtlığa və parlaq gə­­ləcəyə aiddir.

Vəsfi-halda ifadə olunan əsl arzu məcazi olaraq, “hey­bə­də­ki yemişdən” ibarətdir. Xalq şeri müəllifi bu arzunu bir sıra səadət rumuzları ilə əhatə etmişdir.

İkinci bir vəsfi-hal alalım:
Güzgünü atdım bayıra,

Şoqi şəfəqi çayıra.

Yığılın, qohum-qardaş,

İşimiz dönüb xeyirə.


Yenə paralelizm: Güzgünün şəfəqi çayırı nurlandıran kibi iş­lər də xeyrə dönür. Güzgü xoşbaxtlıq rumuzudur. Gəlin kö­çü­rüldükdə, ya xonça aparanda həmişə ön tərəfdə güzgü aparırlar ki, bu da gəlinin xoşbaxt olmasını arzulamaqdır.

İslamiyyət dövründə meydana çıxmış vəsfi-hallarda, təbiidir ki, Zərdüşt fikirlərilə bərabər, müsəlman etiqadları da ifadə olu­nur. Ancaq vəsfi-halların xüsusiyyətini təşkil edən nikbinlik, ümid və səadət rumuzları yenə əsas olaraq qalır:


Bu məscidi mən yapdım,

Darvazasın gən yapdım.

Şax atdı budaq atdı,

Kölgəsində mən yatdım.

*

Göydə bir quzu gördüm,



Tükün qırmızı gördüm.

Açdım cənnət qapısın,

Sevdiyim qızı gördüm.

*

Ağlama, naçar ağlama,



Əlində haçar ağlama.

Qapını bağlayan Allah

Bir gün açar, ağlama.
*

Məscidin ocağında,

Şam yanar bucağında.

Allah muradın versin,

Ağ oğlan qucağında.
*

Qapıdan biri gəldi,

Gözümün nuru gəldi.

Bu arxı kim arıtdı,

Su belə duru gəldi.
*

Oturmuşdum səkidə,

Ürəyim səksəkidə.

Üç qızıl alma gəldi

Bir gümüş nəlbəkidə.1

Xalq ƏdƏbiyyatının tƏhlili



II. Ağı
Ölüyə ağı deyib ağlamaq xalqlar tarixində ən qədim za­man­dan bəri davam edib gələn bir adətdir. Bir çox xalq ara­sında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təs­vir olunmuş, bunlar ağı ayininda iştirak edərmişlər. Qədim Ro­ma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkil­miş vazlar tapılır. Bunlar ağıya tamaşa şəkili verildiyini göstə­rir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə evin bütün qadınları başlarına örtü salıb döş­lərini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər şəhəri dolaşıb, döşlərinə vurarmışlar. Bir tərəfdən də ki­şilər bu hərəkəti yapar, sonra meyiti balzame edilən yerə apa­­­rar­mışlar.

“İliada”nın təsvirinə görə, Hektorun meyitinin üzərində xa­nən­­dələr ağı deyir, qadınlar ağlaşır. Axill öldükdə doqquz sə­nət pərisi növbə ilə ağı deyir, ağlaşırlarmış. Qədim erməni­lər­də dster şqo (ağı qızları) deyilən bir dəstə ağıçı mer oqhbost (ağı anası) ilə bərabər, cürbəcür alətlərdə çalaraq, ağı deyir, oynayır, bir-birinin avucuna vururmuşlar. Və hər yerdə olduğu kibi, burada da ölünün yalnız hünərlərindən, fəzilət və gözəl­li­yindən bəhs edərmişlər.

Qədim türklərdə sağuçular (ağıçılar) meyit yanında qobuz adlı alət çalaraq onun haqqında oxuyarmış. “Kitabi-Dədə Qor­qud”da Birg* adlı birisinin ölümü böylə təsvir olunur: “Birgin ba­­basına, atasına xəbər oldu, ağ evin eşiyində şivən qopdu, qaza bənzər qızı-gəlini ağ çıxardı, qara geydi. Ağ-boz atın quy­­ruğunu kəsdilər, 40-50 yigid qara geyib göy sarındılar. Qa­zan bəyə gəldilər, sarıqları yerə urdular, Birgi deyiv çox ağla­dılar. Qazanın əlin öpdülər: “Sən sağ ol, Birg öldü”, – dedilər. Qazan bu xəbəri eşitdi, dəsmalını əlinə alıb, ökür-ökür ağladı, divanda zarlıq qıldı, hər anda bəglər ağlaşdılar. Qa­zan vardı odasına girdi. Yeddi gün divana çıxmadı, ağladı otur­du”.

Akademik Veselovskinin məlumatına görə, Atillanın dəfn mərasimi böylə olmuş[dur]: “Düşərgədə təpə başında meyitini ipək çadır altına qoydular. Hun suvarilərinin ən gözəlini seç­di­lər, təpəni do­lanaraq gözəl ağılarla Atillanı mədh etməyə baş­ladılar: “Hunların şə­hir padşahı, qoçaq millətlər hökmdarı Mundzuq oğlu Atilla görünməmiş qüvvət ilə iskit və german ölkələrinə şəxsən malik idi. Şəhərləri istila etdikdə iki Roma imperatorluğunu da qorxutdu. Lakin qarət edilməmək üçün ri­calərə tənəzzülən ilbəil tövci veril­məsinə razı oldu. Bu müvəf­fə­qiyyətləri əldə edərkən, düşmən yara­sından deyil, özünün­külərin xəyanətindən də yox, şad, xəstə olmayaraq və şənlik içində öldü. İntiqam yeri olmayan bu vəqəni kim süquti-həyat ədd edə bilər?”

Sonra ziyafət verib, keyf çəkirlər. Bu ağıların ən xarakterik cəhəti odur ki, ölünün bütün qüsurlarını buraxıb, onu yüksək bir sima, mərhəmətli bir şəxs kibi təsvir edirlər. Bu hər yerdə gözə çarpır. Həbəş ağısı da eyni şəkildədir. Balay adlı birisinə həsr olunmuş bir ağını alalım: “Balay, qatırına minib, pəhlivan­la­rınla səfərə çıxdın. Qatırın ağ idi, qılınc, qalxan və çaxmaqlı tüfənginlə Allahın oğlu qədər gözəl idin. Balayın dişləri süd kibi ağ idi. Sənin gözəl üzünə bütün qəbilə valeh idi, sənin qılıncın sadə nəfərlər deyil, sərkərdələr arardı. Bəs səni vuruşmada yoldaşların nə üçün mühafizə etmədilər?

Sən ölən günü yoldaşın Leymaş yoxmu idi?

Balay, düşmən ilə heç vədə barışmayacaqsan, çünki ağac altında öldürülmüşsən. Balay, adını tez-tez çəkdiyimdən darıl­ma: səni daşın yanında öldürmüşlər. Heç olmazsa, səni güllə, ya qılınc ilə öldürsəydilər, halbuki iti boğan kibi, gəbərtmişlər. Söylə görək səni öldürəndə dostun Səmaala yanında yoxmu idi? Balay, Balay, sənin ölümündən ananın xəbəri yoxdur. Oy­lə zənn edir ki, indicə ağ qatırın üstündə çapa-çapa gələ­cək­sən.

Sənin qəhrəman ayaqlarından qopan tozu anan gözəlcə tə­səvvür edir. Qualdu oğlu Balay getdi, əvəzində dağılmış ba­rıt qabı (dəbbə) gəldi!.. İndi sən daş altda yataraq bir daha tər­pənməyəcəksən… Balay, Balay, ananın təkcə oğlu öldürül­müş!

Üç yüz atıcı gözləyirdi, səni qavradılar. Güllələr səni dəlirdi, tüstü boğurdı. Əynində qırmızı köynəyin, altında ağ qatırın var­dı. Köy­nəyini qurşun yıldırımı dəldi, ölümün Yuhənna padşahı çox kədərləndirdi.

(Anasına). Düşmənlər oğlunu öldürdülər! Sən min topa qar­şı, biz min süvariyə qarşı vuruşduq… Bu vəqə yuxuya bən­zə­yir.

Ulu Tanrı, müdafiəyə hazırlanmadan əvvəl düşmənlərə qə­lə­bə çal! Qoy, bütün yer və gög onlara qarşı dəmir kibi sərt olsun!”

Bu həbəş ağısında ən kədərli yer Balayın ağac altında öl­dürül­məsidir. Balay açıq döyüşdə, cəsur düşmən tərəfindən öl­dürülsəydi, şübhəsiz ki, ağıçını bu qədər yandırmazdı. Lakin axırda ağıçı təsəlli yeri tapır: “Sən min topa qarşı, biz min sü­va­riyə qarşı vuruşduq…” – deyir.

Ölünü igid kibi göstərmək bizim ağılarda da var. Bəzən ən qor­xaq bir adamı belə pəhlivan kibi təsvir edirlər. Məsələn: “Açılmayan tüfəngin, sivrilməyən xəncərin öz canına qurban. Ay kibi doğdun, gün kibi batdın, minəndə at bağrı yardın, say­dığına salam verdin, saymadığına yan verdin, düşməninə dir­sək göstərdin, qəniminə qan uddurdun. Altıyın bədəvi atına, çiyniyin süzən tüfənginə, tərkiyin dolu xurcusuna, ağzıyın kə­sər­li sözünə anan qurban!”

Bu ağı başlanğıcdır. Çox vəqt ağı bayatı şəklində olur; iləri­ki məqaləmizdə dediyimiz kibi, fərq yalnız məzmunundadır. Ağı­dakı kədər olduqca həssasdır, bəzən gözəl təşbehlər və məcazi mənalarla ifadə olunur. Nümunə üçün bir neçəsini bu­raya köçürəlim:


Bu dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölmüş,

Göy kişnər, bulud ağlar.


***

Atdılar atdı məni,

Bir tula dutdu məni.

Bir pakın, bir napakın

Naləsi dutdu məni.
***

Ağlaram ağlar kimi,

Dərdim var dağlar kimi.

Xəzəl ollam, tökülləm,

Virana bağlar kimi.
***

Başıma küllər mənim,

Gözümə millər mənim.

Necə keçər əhvalım

Bu uzun illər mənim.
***

Can qardaş, canım qardaş,

Ağrayır canım, qardaş.

Baş qoyum dizin üstə,

Qoy çıxsın canım, qardaş.
***

Dağlara saldım əkin,

Aldılar əlimdəkin.

Heç kafir, heç müsəlman

Olmasın mənim təkin.
***

Sən məni ağlar qoydun,

Sinəmi dağlar qoydun.

Yıxdın atam evini,

Qapısın bağlar qoydun.
***

Əzizim, bəla budur,

Dərd budur, bəla budur.

Bəla çəkməyən başım,

Çək indi, bəla budur.
***

Mən öldüm, anam qaldı,

Oduma yanan qaldı.

Nə dünyada gün gördüm,

Nə bir nişanəm qaldı.
***

Elədimi, gül ağlar,

Bülbül ağlar, gül ağlar.

Oğlu ölən analar

Başa tökər kül ağlar.
Çəmənzəminli


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə