Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə12/20
tarix28.06.2018
ölçüsü1,48 Mb.
#52085
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

Başlayanlara mƏslƏhƏt

Yeniyetmələrin son zaman oxuduğumuz əsərlərində hələ də əv­vəl­lər göstərdiyimiz qüsurlar gözə çarpmaqdadır. Az mü­taliə etdik­ləri üçün götürdükləri temaları lazımınca qavramağı bacarmayırlar, həyatımızı olduğu kibi görə bilməyirlər. Bir çox­la­rının yazılarında hələ də qramer səhvlərinə təsadüf edilmək­dədir. Başlıca nöqsan­lardan birisi də hər sahəyə əl atmaqdır. Məsələn, biri həm şer, həm hekayə, həm də pyes yazır, “tutar qatıq, tutmaz ayran”, – demək istəyirlər. Halbuki bu düzgün üsul deyil. Bir sahədə ləngər atmalı, ixtisası dərinləşdirməlidir.

Bununla bərabər, müvəffəqiyyətlər də az deyil. Yazıçılıq ilə maraqlananların dairəsi get-gedə genişlənir, verdiyimiz göstə­riş­lərə diqqət edərək çalışan gənc yazıçıların sayı artır. Qızlar arasında da ümid verən şəxslər meydana çıxır. Verdiyeva Sə­kinə ilə Məhəm­mədzadə Sonanı misal göstərmək olar. Bu iki qızın qələmlərində bir duzluluq görünür. Sonanın yazılarında olduqca gözəl müqayisələr, obrazlar var. Lakin onlar hələ gənc­dirlər, mütaliə tədarükləri və həyatın təcrübələri azdır, sa­vadları kafi deyil. Göstərişlər alırlar, hazırlanırlar, lazımınca ha­zırlandıqdan sonra mətbuatımızda daha fəal bir surətdə iştirak edəcəklərinə ümid edirəm.

Kirovabad rayonundan yazan Qəhrəman Qəhrə­man­za­də­nin üç hekayəsini oxuduq. Müəllifdə dil pozğunluğu ilə bəra­bər, müşahidə pozğunluğu da var. Bu hələ yeni əlifbaya və onun qaydalarına lazı­mınca alışmamışdır. “Qorxulu imtahan” adlı hekayəsində göstərdiyi müəllim kənddə yaşadığı evin qı­zı­na aşiq olur. Qızın qardaşı Gümüş bunları pusmaq üçün pərdə dalında gizlənir və oradan qəflətən çıxanda qız bunu görüb dəli olur.

Dəlilik və dəlinin rəftarı müşahidədən çox elmi bir məsələ­dir. Bu­nunla psixotriya məşğul olur. Müəllif bu elmlə məşğul olmuşdurmu?

“Aldanmış həyat” adlı hekayə daha çox uydurmadır. Xən­dan adlı gözəl bir qız evlərindən küçəyə salınır və bir sərsəriyə qoşulub gecələr peyin altında yatır. Bizdə sərsəri həyatı var­mı?.. Bizdə qızları belə həyata vadar edən şərait varmı?

Eyni müəllifin “Üz-üzə” adlı üçüncü hekayəsi həqiqi həyata ya­xınlaşır. Pambıq qəhrəmanlarından Bəyaz tipi fəna deyil. Bu qadın vəzifələrinə sadiqdir. Lakin buna qarşı qoyulan düşmən tipin vəziy­yəti anlaşılmayır. Bu adam sinifcə yabançı olmaq­dan başqa, canidir. Bəyazın qardaşını öldürmüş[dür]. Bəyazın buna qarşı əlaqəsi qəribədir – yalnız qarğış etməklə kifayətlə­nir.

Qəhrəmanzadə yoldaş öz üzərində ciddi olaraq çalışmalı­dır, siyasi savadını artırmalı və həyatı ətraflı olaraq öyrən­mə­li­dir.

Qadamov Oraz, Gözəlov Cahangir və Paşa Osmanın yaz­dıq­ları bir sıra hekayə məktəblilərin həyatını təsvir edir. Bun­la­rın möv­zuları dar bir sahədən alınmışdır. Məktəbli oxumamış, nəticədə sinifdə qalmış və ya məktəbdən dışarı atılmış[dır]. Böylə dar mövzulu hekayələr divar qəzetələrinə verilsə, daha yaxşı olar. Sonra bu hekayələrdə başqa nöqsanlar da az de­yil. Qadamov Orazın dili hələ oturuşmamışdır, Bakı bağlarının adlarını bilməyir. Bakıda “Quber­nator”, “Parapet”, “Çarlston” ad­lı bağ yoxdur. Paşa Osmanın təsvir etdiyi məktəb müdiri ti­pik deyil.

Bir sıra gənc yoldaşlar var ki, içində yaşadığımız həyatı bu­raxıb uzaqlarda mövzu arayırlar. Davud Bağırın “Frans” və “Cəb­hədə” adlı hekayələri bu qəbildəndir. “Cəbhədə” impe­ria­list müharibəsini təsvir etməyə çalışır. Qəhrəman keyfi istədiyi zaman alman cəbhəsindən rus cəbhəsinə keçir, yenə geri qayıdır və gediş-gəlişinin məqsədi də bəlli olmayır. Halbuki mü­haribə əsnasında cəbhədən keçmək ayrı-ayrı şəxslər üçün bir o qədər də asan deyil. Düşmənlər bir-biri ilə sıralarla çəkil­miş tikanlı tel örgülərlə ayrılır, hər yerdə qaraulçular qoyulur, gecələr cəbhə boyu fişənglərlə işıqlanır… Bizə Anri Barbüs, Bexer, Mate Zalqa və başqa proletar yazıçıları belə səhnələri ətraflı olaraq təsvir etmişlər.

Məhəmmədnağı Nağıyevin bir pyesini oxuduq. Pyes yaz­maq yaxşıdır. Bu gün bizim dram əsərlərinə böyük ehtiyacımız var. Lakin pyes yazmaq zənn olunduğu qədər də asan deyil. Bu­rada xüsusi bir texnika var. Pyes yazmadan əvvəl teatro texnikasını ətraflı surətdə öyrənməlidir. Nağıyev yoldaş bu tex­ni­ka ilə tanış deyil. Tanış olmaq üçün teatroya getməli və klas­siklərin pyeslərini öyrənməlidir.
Yazıçı

YeniyetmƏlƏr uğrunda

Dünya yazıçılarının yaradıcılıq tarixini, səthi də olsa, tədqiq et­dikdə orada bir təsadüfilik olduğuna qane oluruq. Təsadüfən atılmış toxum kibi, talantların biri münbit torpağa düşür, kök atır, o biriləri isə daşa-kəsəyə rast gələrək, quruyub məhv olur­­dular. Böyük so­sializm dövründə isə məsələ büsbütün baş­qa bir şəkil alır. Talanta təşkilatlı bir sürətdə yardım olunur. İttifaqın hər bir yerində olduğu kibi, bizdə də Şura Yazıçıları İttifaqının yanında yeniyetmələrə kömək etmək məqsədilə kon­sultasiya heyəti təşkil olunmuşdur. Hər gün sabah saat on­dan başlayaraq, gənclərin əsərləri oxunur və onlara lazımi göstərişlər verilir. Şifahi göstərişlərlə bərabər, qəzetəmiz vasi­təsilə də yazılıb, mülahizə və məsləhətlər söylənir.

Yeniyetmələrə qarşı göstərilən bu rəğbət sayəsində də ədə­­biyyat sahəsinə bir çox ümid verən gənclər çəkilmişdir. Oxu­cularımızı bu ədəbi kadro ilə tanış etmək üçün arabir on­ların əsərlərini qəzetə­mizdə nəşr edirik. Son beş ayın müd­də­tində yalnız nəsr sahəsində qırx beş müəllifin altmış beş əsəri oxunmuş və göstərişlər verilmişdir. Bu əsərlərin içində iki-üç dəftərə yerləşən romanlar da az deyil.

Yeniyetmələrin əksər məhsulu lirik şerdən və hekayədən iba­rət­dir. Roman az yazılır, pyesə isə çox az təsadüf edilir. Gənclərin he­ka­yə sənətinə sarılmaları, bizcə, çox düzgün yol­dur. Xırda bir əsərdə qələmi yoxlayıb sənəti yüksəltməli, son­ra­lar daha çətin və yüksək texnika tələb edən roman və pyesə keçməli[dirlər]. Mütaliə və göstərişlər vasitəsilə hər cür savad­sızlığı ləğv edib, yüksək bədii texnikanı mənimsəmək kibi şü­a­rı­mıza yeniyetmələr riayət edir və çalışır. Sərf edilən əməklər nəticəsi olaraq daha yüksək keyfiyyətli əsərlər meydana çıxa­cağına ümid edirik.


Yazıçı
* * *

TİKANLI YOLLARLA GƏLDİK

Yazıçılıq sahəsinə atıldığım ilk zamanlar (1907-ci il) yazı­çı­nın vəziyyəti olduqca ağır idi. Nəşriyyat yox, ədəbi dil yox, nəsr ilə yazılmış və örnək ola biləcək bir ədəbi məhsul da yox idi. Ayrıca kitab nəşr etmək bilxassə gənclər üçün qeyri-müm­kün bir şey idi. O vaxt ədəbiyyatda hələ Əli bəy Hüseyn­za­də ənənəsi qüvvətli idi – xalqa yaxın bir dildə yazmaq sa­vad­sızlıq sanılırdı. “Molla Nəsrəd­din” Əli bəyin “Füyuzat” cərə­yanından uzaq idisə də, o da geniş nəşriyyata qadir deyil idi. Jurnala əlavə olaraq yalnız Mirzə Cəlilin kitabçaları nəşr olu­nurdu, biz­lər oraya yol tapa bilməyirdik. Bizim üçün yeganə vasitə qəze­tə sütunları idi.

Mən də ilk təcrübələrimi “Səda” qəzetəsində nəşrə baş­la­dım. O vaxt yazıçılıq fəxri bir sənət idi – qonarar almaq fikri­mi­zə belə gəlməyirdi. Biləks, kağız və poçta xərci də cibi­miz­dən gedirdi.

Bir gün böylə bir söhbət əsnasında Haşım bəy Vəzirova: “Qona­rar verərsinizmi?” – deyə bir sual fırlatdım. Haşım bəy coşğün bir hal­da: “Necə vermərəm, sən bizim Qoqolumuz­san!” – dedi. Yeni heka­yələr vəd etdim. Haşım bəy də sətrinə bir qəpik verəcəyini söylədi. Doq­quz ay sonra yenə Bakıdan ke­çəndə qalın bir kitaba qol çəkib, on manat aldım. Bununla qo­na­rar bitdi. Sonralar yenə məccani yazırdım.

Bilaxirə, Orucov nəşriyyatı genişlənməyə başladı. Heka­yə­lər məc­muələrini Orucova göndərib, “Qazancın yarısı mənim”, – deyə şərt qoy­dum. Cavab olaraq Orucov mənə aşağıdakı mək­tubu gön­dər­mişdi:

“9 iyun 1913.

Möhtərəm Yusif Vəzirov cənablarına!

Əfəndim! Məktubunuzu aldıq, məzmunu məlum oldu. Siz Ba­kıda olduğunuz zaman görüşə bilmədiyimizdən dolayı təəs­süf edi­rəm. “Həyat səhifələri” nam kitabınız bizdədir. Şərt ba­rə­sində bunu deyə biləriz ki, yarı qazanca şərik şərti bir öylə şeydir ki, uzun illər gözləməsi lazımdır.

Bu isə bizdən ötrü əlverişli deyil. Çünki çap edilən kitabların bir çox hissəsi başqa şəhərlərə göndərilir. Bunda o göndərilən kitab­çaların təbiidir ki, cümləsi satılmayıb qalır. Axırda hesab etdikdə bu kitabları təkrar Bakıya gətirmək bir növ əziyyətdir. Binaən əleyh, biz indi başqa bir təklif ediriz və şərtimiz budur ki, sizin kitabçalarınızın bir dəfəlik çap edilmək haqqını, yəni birinci nəşri ixtiyarını bizə satasınız, hər çap kitab səhifəsinə iyirmi qəpik həqqül-qələm verəriz. Əgər satılıb qurtarsa və ikinci dəfə çap edilməyə ehtiyac olsa, o vaxt yenidən tazə bir şərt ilə danışarız. Əgər buna razı olsanız, yazdığınız kitabları göndəriniz ki, bu yaxın zamanlarda çap edək.

Baqi ehtiram, Orucov”.

Məktubu eynən oxuyuca təqdim etməkdən məqsəd iyirmi il əvvəlki vəziyyəti göstər­mək­dir. Yazıçı istismar olunur və əsəri meydana çıxsın deyə, hər bir şəraitə razı olurdu.

Maddi cəhət kənarda dursun, yazıçı böyük mənəvi əzablar da çəkirdi. Hökumət senzurundan başqa, qarşımızda bir də na­şir senzuru vardı. Yazılarımızın şəriətə müğayir olub-olma­ması yox­lanırdı. “Səda”ya qadın məsələsinə dair göndərdiyim məqalələrin bir hissəsi nəşrə buraxılmadı. Səbəbini sordum, Haşım bəy izah etdi: “Həzrəti-Həvvanın Həzrəti-Adəmin qa­bır­ğasından çıxmasına “xu­rafat” adı verirsən. Halbuki şəriətimiz­cə bu xurafat deyil”.

İnqilabdan əvvəl yazıçını məşğul edən başlıca məsələ ma­arif və mədəniyyət məsələsi idi. Tərəqqiyə sədd çəkən din ilə ru­hani olduğu üçün birinci zərbəni bunlara endirmək icab edir­di. Bakı türk mətbuatı isə siyasət yürüdürdü – hər bir fikrinin düz­gün olduğunu ayə və hədislərlə isbata çalışırdı. Başqa yol məqbul görünməyirdi. Odur ki, elmə istinadən, din əleyhində yazılmış bir çox məqalələrim “Açıq söz” idarəsində çürüyüb, oxucuya çatdırılmadı.

Keçdiyimiz tikanlı yollar artıq dumanlara bürünüb keçmişə qa­rışmışdır. Bolşevik firqəsinin rəhbərliyi altında şura höku­mə­ti dövründə bir aləm başladı. Yazıçı və oxucu böyüdü. Nəş­riy­yat xüsusi əllərdən dövlət əlinə keçdi. Azərbaycan tarixində gö­rünməyən bir miqyasda fəaliyyətə başlandı, kitab mey­da­nı­na hədsiz-hesabsız əsərlər çıxdı. Yazıçılıq təsadüfilikdən sabit bir sənət şəklinə keçdi. Yazıçılar təşkilata malik olaraq mün­tə­zəm işə başlayırlar.

ÜİK(b)F MK-nın 1932-ci il aprel tarixli qərarı yazıçılara ge­niş bir yaradıcılıq sahəsi açdı. İmdi yazıçı öz üzərindəki böyük vəzifəni idrak edərək yüksək keyfiyyətli əsərlər vücuda gətir­məlidir. Etiraf etməliyik ki, yapılan qiqantlara nisbətən yazı məhsulu hələ geri­də­dir. Dövrümüzə layiq ədəbiyyat yaratmaq yaxın məqsədlərimizdən ən mühümü olmalıdır.
Yusif Vəzir
İNANILMAYIR1
“Ölmüş”, – dedilər... İnanmadım. Ən istedadlı yazıçının, ən ye­tiş­miş bir qələmin aramızdan getməsinə inanılırmı? Ondan hələ bir çox əsərlər gözləyirdik. Əlində hər bir imkan vardı... Lakin amansız ölüm bunları nəzərə almadı... O ölmüş, ancaq bir cığır açmış, bir yol qoymuş[dur]. Böyük yoldaşımızın açdığı yolu xali qoymayacağımıza söz verib, onu şad etməliyik.
Y.Vəzir

Tarixi etüdlƏr


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə