Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə11/20
tarix28.06.2018
ölçüsü1,48 Mb.
#52085
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

YeniyetmƏlƏr haqqında

Gənclərin əsərlərini oxumaqda davam edirik. Yazıda ən bi­rin­ci yer tutan savada heç də əhəmiyyət verilməyir. Adam dahi mün­də­ri­cəli bir əsər də yazsa, imla səhvi o əsəri gözdən sala bilər. Halbuki bizim bu gün təhlil edəcəyimiz yazıların hər bir sətrində hədsiz səhv­lər var.

Yoldaş M.G.Nialın “Pasportlu şəhər”i bu savadsızlığın nü­mu­­nəsi ola bilər. Görünür, müəllif qramer deyilən şey ilə tanış deyil, böyük hərf harada yazılır, ahəng qanunu nədir, ədəbi dil və məhəlli şivə nədir… bunların heç birindən Nialın xəbəri yox­dur. Yoldaşın cümlələrindən birini eyni ilə buraya köçü­rü­rəm: “Nataryost Müdiri ağır bir Tavr ilə nə vaxt süzün səsiniz verilər isə o zaman lazımi yoxlamalar ilə də süzün ayrılıq ka­ğızınız düzələr”.

Əbülfəz Dəqiqin “Yəhya”sında da savada az diqqət verilir. Əlavə olaraq Dəqiq qələmini zorlamağa çalışır, nəticədə də qey­ri-təbiilik əmələ gəlir. Nümunə üçün bir neçə cümlə göstə­rim: “Günəş yenicə öz mavi tellərini qarşıdakı təpənin arxasın­dan ətrafa yayırdı”; “Göz­lə­rini yarımqırıq həyət qapısının düş­gün görünüşünə rəbt edib”; “Sözlərini yarım cingiltili ahəng ilə öylə dedi ki, Yəhyə bənizində sözlər təsiri ciddi bir hərəkət doğultmuş kibi oldu…”; “Yəhyə qımıldanmadan bir-iki addım atdı…”

Əvvəla, bu cümlələrdə doğru olmayan şeylər göstərilir: gü­nə­şin telləri mavi olmaz, adam qımıldanmadan addım ata bil­məz; ikinci ifadə dolaşıqdır, anlaşılmayır. Ədəbi dilin başlıca məqsədi fikri aydın ifadə etməkdir. Bundan başqa, ifadə zərif, lətif və şux ol­ma­lıdır. Ədəbi dil ilə danışıq dilinin arasındakı fərq ədəbi dilin yük­sə­lib, təbəllür etməsindədir. Böyük rus şairi Puşkin ədəbi dil yaratmaq üçün danışıq dili ilə xalq ədəbiy­ya­tından istifadə olunmağı tövsiyə edir. Bu fikir, bizcə, doğru fi­kir­dir. Vaqif və Aşıq Ələsgərin təbii ifadələri folklor şerinə ya­xın bir tərzdə yazdıqlarından irəli gəlir. Folklorumuzda gözəl təs­virlər, təşbehlər, istiarə və cinaslar var. Hər şeydən də çox səmimi ifadə var…

Gənclərimiz dillərini yüksəltmək üçün bu vasitələrdən istifa­də etsəydilər də…

Ə.Səmədli və A.İbrahimin yazdıqları “Dalğalar gülüm­sü­nür”­də də eyni savadsızlıq və dil pozuqluğu görünür.

Qəmbər Bədəlin “Aldanmış”ı dil, üslub etibarilə başqalara nis­bə­tən daha irəlidədir. Lakin Q.Bədəl də başqa qüsura qa­pılır. Əvvəla, lüzumu oldu-olmadı, əcnəbi kəlməsi işlətməyi çox sevir. Xırda bir hekayədə pritça, affektasiya, kapriz, orqa­nizm, gilyotina, moral kibi sözlərə rast gəlirik. Ədəbiyyatda böylə sözlərin lüzumundan artıq qollanmasına “barbarizm” deyilir. Bu kibi bilgi satmaq qüsur sayılır. Lakin məsələ əcnəbi sözlərindən tamamilə vaz keçməkdə deyil. Dil genişləndikcə başqa dillərdən söz almalıdır. Bu gün tele­fon, teleqraf, qra­mo­fon, tramvay, zavod, fabrik kibi bir çox sözlər dilimizə daxil olmuş və özlərinə haqq qazanmışdır. İnternasional kəl­mələr əvəzində yeni türk sözləri uydurmaq ifrata varmaq de­məkdir. Böylə təcrübələr olmuş, lakin müvəffəqiyyət qazanma­mış­dır. Bizdə qramofona “banqi-nəvis”, aeroplana “uçquc”, aktivə “mü­əs­sir”, passivə “mütəəsir”…deyənlər olmuş, ancaq bu yeni kəlmələr özlərinə ədəbiyyatda mövqe qazana bilmə­miş­[dir]. Rus dili tarixində də vaxtilə Karamzin və Şişkovların söz uydurmaq təşəb­büsləri nəticəsiz qalmışdı.

Məsələdən uzaq düşdük. Deməli, başqa dillərdən söz al­malı, am­ma yerində işlətməli[yik].

Qəmbər Bədəlin ikinci qüsuru dilinin qeyri-təbiiliyidir. Adi adam­lar, Şekspirin qəhrəmanları kibi, şairanə bir dil ilə danı­şır­lar.

Müəllif ən yüksək və ən şairanə bir dil ilə yaza bilər, lakin qəh­­rəmanlarını danışdırarkən hərəni öz səviyyəsinə görə da­nışdır­ma­lıdır. Bədii tələb böylədir. Mirzə Fətəli “Hacı Qara”nı sa­də bir dildə, “Aldanmış kəvakib”i qəliz ibarəli, geniş kütlənin an­lamadığı bir dildə yazmışdır. Çünki İran vəzirləri ilə tacirin və savadsız bəylərin danışdığı bir ola bilməzdi. Lev Tolstoy aris­tokrat qəhrəmanlarını ya­rı fransızca, yarı rusca danışdırır, kəndlini isə sadə dil, tez-tez mə­səl çəkən kibi göstərir.

Xırda bir məqalədə ədəbiyyatın bütün tələblərini meydana çıxarmaq mümkün deyil. Gənclər özləri özlərilə məşğul olmalı və daima mütaliə etməlidirlər. Maksim Qorki kibi böyük yazıçı­ların həyatı yeniyetmələrimizə örnək olmalıdır. M.Qorki orta və ali təhsil görmədiyi halda bu gün dünyanın ən böyük yazıçısı­dır.


Yazıçı

YeniyetmƏlƏr


Gənclərin mətbuat sütunlarına atılmağa böyük həvəsləri var. Bu təbiidir. Lakin bununla bərabər bəziləri ilk göstərişdən qorxaraq əsərlərinin üzərində işləmək istəməyir, bizə darılır və həqiqətə mü­ğayir bir ifadədə də bulunurlar. “Bizi burax­ma­yır­lar, bizə yol ver­məyirlər…” kibi şikayətlər də edirlər. Halbuki bütün göndərilən yazıları səbr ilə sonuna qədər oxudu­ğu­mu­zu, hər kəlmədə neçə səhv düzəltdiyimizi, özləri ilə üz-üzə otu­rub uzun vaxt sərf edərək, gös­tərişlər verdiyimizi unudur­lar…

Bunu bilməli[dirlər] ki, böyük yazıçılar belə, ilk başlan­ğı­cın­da göstərişə möhtac olmuş[lar]. Mopassan ilk hekayələrini ustadı Floberə oxuduqda Flober onları bir müddət cırıb atmış və dərin işlənilməsini tövsiyə etmişdir. Mopassan bundan inci­məz və Floberə qarşı hörmət bəs­lə­yərək çalışarmış. Nəhayət, Flo­ber onun mətbuata çıxa biləcəyini söyləmiş[dir]…

Biz də gənclərdən yüksək keyfiyyətli sənət tələb edirik. Bu bizim haqqımızdır.

Gənclərin iki ay bundan əvvəl bizə verdikləri yazılarda bir başdan sovmaqlıq vardı. Bu günkülərdə bir az irəli getdikləri gö­rünür, yavaş-yavaş qramer və texnika səhvləri azalır.

İlərikinə nisbətən gənc müəlliflərin sayı da artmışdır. Mövzu etibarilə də yeniliklər var. Məsələn, M.Kazımovun “Yüngül ya­ra” adlı hekayəsi bizi sosializm təsərrüfatının yeni bir sahəsinə apa­rır. Yoldaş düyüdən və oradakı ziyançılardan bəhs edir. Lakin Ka­zı­movun da səhvi az deyildir, savadının dərinləş­mə­sinə böyük ehtiyac görünür. Bədii cəhətdən də qüsuru var – hekayəni məqalə kibi başdan ayağa özü nağıl edir. Tiplərin özlərini hərəkətə gətirib, onları ətraflı olaraq oxucunun qaba­ğı­na çıxarsaydı, daha gözəl olardı.

Kazımova tanınmış yazıçıların bir sıra hekayəsini tədqiq edib, texnikanı mənimsəməyi şiddətlə tövsiyə edirik.

X.Rəhimin “Müxbiri aldadanlar”ında çoxsözlülük gözə çar­pır. Əsərdə təkrara, məsələyə dəxli olmayan söhbətlərə, he­ka­yənin mü­va­zinəsini pozan girişlərə lüzum yoxdur. Bunun əvə­zində tiplərin ta­mam­lanmasına fikir verilsəydi, daha da yax­şı olardı. Sonra tiplərin zahirini onlara rast gəldikdə təsvir edirlər, bir saat sonra gülünc olur. Rəhimin qəhrəmanı Rza­za­də aktiv və səliqəli bir adamdır, müəl­limlikdə və ictimai işlərdə böyük fəaliyyət göstərir. Böylə müs­bət bir tipin otağı da gərək səliqəli olaydı. Rəhim əksinə düşünür: otaqda yağlı qablar ya­tağa, yataq da başqa şeylərə qarışmış, paltar, kağız və kitab döşəməyə səpilmişdir.

Ənvər Lütfi göstərişlərimizə diqqət verərək ciddi çalışma­da­dır. Son əsərində bir qədər irəli getdiyi görünür. Lakin çox ça­lış­malıdır.

Ə.Əkbərin başlıca qüsuru mövzu verə bilməməsində və tex­nikanı mənimsəməmə­sin­də­dir. Mətbuata atılmağa çox tə­ləs­diyi üçün keyfiyyət məsələsinə diqqət verə bilməyir. Bizcə, tələsməyə hacət yoxdur: mətbuata hazır gəlməli, bunun üçün də geniş məlumat əldə etməlidir. Göstərişlərimizi Əkbər qəbul edir və çalışır. “Yeni Naxçıvan”ı artıq onun irəliləməsini göstə­rir.

İşçi qadınlar arasından meydana gəlmiş Püstə Əsgə­rova­nın ilk əsərini oxuduq. Yazıçılıq duyğusu var, müşahidəsi fəna deyil, ancaq çox işləməlidir, savad və texnikasını dərinləşdir­məlidir. Yaşadığı kənddə ədəbiyyat dərnəyi varsa, mütləq ora yazılmalıdır.
Yazıçı


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə