Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə8/20
tarix28.06.2018
ölçüsü1,48 Mb.
#52085
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

QOYUNÇULUQ

Qoyunun ev heyvanı şəklinə düşüb, insanlara xidmət et­mə­yə başlaması, heç şübhəsiz ki, tarixdən çox-çox əvvəldir. Çün­­ki yazılmış ən qədim tarixlərdə qoyundan bəhs olunur. Azər­­bay­cana gəldikdə, burada da eyni halı görürük. Təqribən üç min il əvvəl yazılmış “Avesta” kitabı gözəl xalılardan bəhs elə­­yir. Deməli, o zamandan da əvvəl qoyunçuluq Azər­bay­can­da bö­yük bir mövqe dutmuş[dur]. Bu fikrin doğruluğunu ondan son­ra gələn müvərrixlər də təsdiq edirlər.

15-ci əsr müvərrixi Təbəri Bakı ətrafının xalılarını ən məruf ədd eləyir. Gözəl xalılar vücuda gətirən ölkədə qoyunçuluq və yun işlərinin də inkişafı təbiidir. Heyf ki, Şərq müəllifləri iqtisadi cəhətə əhəmiyyət verməmişlər və əldə etdiyimiz məlumatlar tamamilə təsadüfidir. Qərbdə isə məsələ büsbütün başqa bir şəkildədir. Tarixi materiallar ətraflıdır və işlənmişdir. Bunlara istinadən deyə bilərik ki, Avropada daş əsrində qoyunçuluq hələ zühur etməmiş, ancaq tunc dövründən inkişafa başlayır. Həfriyyat nəticəsində yerdən çıxan sümüklərin tədqiqi qo­yu­nun Avropada at, mal-qara və keçidən sonra gəlməsini gös­tərir. Alimlər bu vəq’əni İsadan 2500–3000 il əvvələ isnad edir­lər. İngilis alimi Leude Kekerin məlumatına görə, Avropa qoyunu ilk əvvəl Asiyadan zühur etmiş[dir]. Qədim Assur pad­şahı Nəmrudun sarayına məxsus bir abidədə qalınquyruq qo­yunlar şəkli çəkilib, qədim İran paytaxtı İstəxr xərabələrində də gö­dək və şux qulaqlı qoçlar həkk olunmuş[dur]. Görünür, arıqquyruq cins­dən imiş ki, əmsalı əl’an İranda görünmür. Qə­dim Yunanıstanda da qoyun olduğunu o zamanın pullarının üzə­rində çəkilən qoyun şə­killəri göstərir. Cins qoyunların Gür­cüstanda da mövcud olmasına “altun qıllı, sarı yunlu” deyə yu­nan müəlliflərinin işarəsi kifayət edir.

1300 il İsadan əvvəl Babilin şal və başqa qumaşları aləmdə məşhur idi. Orada toxuculuq və şərbaflıq lazımınca iləri get­mişdi. De­məli, bununla bərabər yumuşaq yunlu qoyunlar da ora­da bəs­lənirmiş. Ola bilsin ki, bu cins qoyunlar ilk dəfə Ba­bil­dən başqa ölkələrə keçmiş[dir]. Ehtimal ki, Asiyadan qoyun­la­rın Avropaya keç­mə­sinə ilk səbəb finikiyalılar olmuşlar. Son­ra­larsa yunan müstəm­ləkəçiləri bu yolda çalışmışlar.

Artıq qədim romalılar və yunanlar incə yunlu qoyunlar ilə qa­ba yunlulara fərq qoyurdular. Birincisindən paltar və ikinci­sindən çuval, keçə … qayırardılar. Qaba yunlular ələləksər süd­ləri üçün sax­lanırdılar. O zaman döl məsələsinə də əhə­miy­yət verilirdi: ağ yunlu cinsləri ala-bulalara tərcih edərdilər.

Avropada ilk əvvəl qoyundarlığa İspaniya və İtaliyada əhə­miyyət verilmiş, sonralar İngiltərə bu sahədə müvəffəqiyyət qa­zanmış və bir müddət Avropanın qumaş fabrikalarını yun ilə təmin etmiş[dir]. Zatən İngiltərədə 18-ci əsrdən başlayaraq qaba yunlu qoyunların da tərəqqi etməsinə çalışılmış və əl’an da davam edilmədədir.1

Rusiyaya gəldikdə, burada da qoyundarlığın qədimdən bəri xalq təsərrüfatında böyük bir yer tutmasını rus vəq’ənəvisləri və əcnəbi səyyahlarından öyrənirik. Lakin məsələnin məmlə­kəti olub, qanuni himayəsinə keçməsi Böyük Petrodan bəri­dir. 1716-cı ildə Petronun əmri-mövcibi Polşa və Sileziya[dan] təc­rü­bəli qoyun­dar­lar gətirilib, xalqı öyrətmək üçün Kiyev, Yaros­lav və Azov vilayətlərinə göndərilmişdir. 1720-ci ildə Əjdər­han, Penza, Romanov, Borisovleybsk, Novlinska və Poltava civarlarında Pet­ronun əmrinə görə cins qoyun yataqları təsis olunmuşdu. Burada əmələ gələn döl qoyunlar böyük ciftliklərə paylanarmış. Bilxassə, Petro Ukraynanın qoyundarlıq üçün əl­ve­rişli olduğunu qeyd edərək, oraya böyük əhəmiyyət ver­miş[dir]. Qoyunun sax­lanılması, dölün yaxşı­laşması haqqında Ukrayna dilində rəhbər­lər nəşr etdirib, sonra məsələni ətraflı tədqiq etmək üçün xaricə bir çox gənclər göndərilib.

Qoyundarlıqdan başqa, Petro yun işinə də böyük məna ver­miş[dir]. Xaricdən gətirdiyi mütəxəssislər sayəsində bir çox mahud fabrikaları açdırıb, onlara vüsət vermək üçün qoşunun geyiminin Rusiya mahudu ilə təmin edilməsini əmr etmişdi.

Petrodan sonra bu işi Yekaterina davam etdirmiş, o da xa­ricdən bir çox döl qoçlar gətirdib, fabrikalar açdırıb və məmlə­kətin sifarişlərini açdırdığı fabrikalara verdirmiş[dir]. Yekaterina zamanı Rusiyada cins qoyunlar (merinos) bəslənməyə baş­lan­mış[dır].

Rusiyanın cənubunda böyük miqdarda döl yetişdirmək üçün üç əcnəbi 1804–1805-də rus hökuməti ilə müahidə bağ­lamışlar. Bu müahidə mövcibincə hökumət onlara yüz min manat pul və 109.300 hektar topraq və bəzi imtiyazlar ver­miş­di. Bunun əvəzində əcnəbilər üç ilin müddətində 150 min me­rinos vücuda gətirməyi və qoyun­çuluq məktəbləri açmağı öh­dələrinə götürmüşdülər. O zamandan başlayaraq bir çox əc­nə­bilər, bilxassə almanlar Rusiyaya köçüb, qoyundarlıq ilə məş­ğul olmuşlar. Nəticədə cins qoyun Rusiyanın hər bir tərə­finə yayılmış[dır]. Qoyundarlıq ilə bərabər, hökumət yun baza­rı­nın rəvacı üçün də tədbirlər görmüşdü. Yun, bir tərəfdən, xaricə göndərilmiş, o bir tərəfdən də, daxildəki fabrikaların eh­tiyacını təmin etmədə imiş. Bunun inkişafı üçün bir çox şəhər­lərdə görgülər (yarmarka) təsis olunardı.

70-ci illərdən başlayaraq, Amerikadan gələn ucuz yun sa­yə­sində Avropada yun qiymətdən düşüb, böyük bir böhran meydana çıxır. Bu böhran Rusiyaya da sirayət edir və nəti­cə­də xalq qoyunçuluqdan çəkilib, taxıl əkininə keçir. Krım – Moz­dok dəmir yolunun çəkilməsi cənuba bir çox mühacir sövq edir. Get-gedə topraq azalır və qoyundarlıq da məhdud bir dairə­yə düşür. Vəziyyəti əvvəlki halda saxlamaq üçün qoyun ilə məşğul olan Krım malakanları qoyunları ilə Şimal Qafqazın geniş qırlarına köçürlər. Qoyun və yun ticarəti mərkəz olaraq Rostov şəhərinə toplanır. Lakin az keçmir ki, burada da top­raq azalmağa başlayır və qoyunçuluğa böyük zərbə vurulur. Bu dəfə Türküstanı mərkəz yapmaq istəyirlər. Mühacirət ora­ya axmağa başlayır. Lakin Türküstanın ab-havası qoyun­dar­lı­ğa əlverişli olmur və axırda Rusiya qoyunçuluq sahəsində kü­çülür və yun bazarında birinciliyi Avropa müstəmləkələri qaza­nır.1

Rusiyada şahidi olduğumuz qoyunçuluq böhranı aşağı-yu­xarı Azərbaycan tarixində də görünmədədir. Təqribən iyirmi il əvvəlki rəqəmlər ilə bugünküləri müqayisə etsək, qoyunçu­lu­ğu­muzun keçirdiyi böhran meydana çıxar.

1894-cü ildə Azərbaycanda küçük ev heyvanlarının sayı 2.276.472 idi, 1914-də isə 2.266.201-dir. Deməli, bu on ilin müd­dətində hey­van­larımızın sayı artmadan əksilir; az da olsa, yenə sayı azalmışdır. Baytar idarəsinin məlumatına görə, qo­yun­larımızın azal­masının ümdə səbəbi onların kəsilməsi və xaricə göndərilməsindədir.

1910-da sallaqxanalarımızda kəsilən qoyunların miqdarı 380.828-dir, 1911-dəsə 385.547-dir.

1910-da ölkəmizdən kənara göndərilmiş qoyunların sayı 230.487-dir, 1911-dəsə 299.021-dir.

Deməli, 1910-da Azərbaycanda qoyun 611.315 qədər azal­mışdır, 1911-dəsə 684.568 qədər azalmışdır.

1910-cu ildə ümum qoyunlarımızın sayı 2.407.195 idi, 1911-dəsə 1.774.236 idi.

1910-da qoyunların 25,3%-i yox olmuş, 1911-dəsə 38,5% azalmışdır.

Qoyundarlığın məhdud bir dairəyə düşməsinin ümdə səbə­bi xalqın köçərilikdən oturaq həyata keçməsindədir. Ümumi mü­haribə və vətəndaşlıq davasının da böyük təsiri, təbii, inkar olunamaz. Bu sahədə birinci zərbə yenicə inkişafa başlamış döl (merinos) qoyun­lara toxundu. 1909-cu ildə sabiq Gəncə vi­layətində 152.722 qədər cins qoyun var idi, halbuki topraq ko­missarlığının məlu­ma­tına görə, 1925-ci ildə yalnız 7.542 dənə döl qoyun qalmış[dır]. Əgər 1911 rəqəm­lərini 1921 ilə müqa­yisə etsək, böhranın nə qədər qorxulu olduğu meydana çıxar:


1914-cü ildə




Bakı vilayətində

Gəncə vilayətində

Zaqatala civarında


262.587 qoyun var idi.

1.204.924 “-------”

986.690 “-------”


Cəmi:

2.454.201

1921-ci ildə




Bakı vilayətində

Gəncə vilayətində

Zaqatala civarında


462.000 baş

365.554 “-------”

38.994 “------”


Cəmi:

866.548 baş

1921-ci ilin rəqəmlərinin bir o qədər də dürüst olmadığını nə­zərə aldıqda yuxarıda göstərilən rəqəmləri ehtiyat ilə qəbul et­məliyik. Buna baxmayaraq, qoyunlarımızın böyük miqdarda azalması göz qabağındadır.

Məsələni daha da aydınlaşdırmaq üçün iki ilin də rəqəm­lə­rini göstərməliyik:

1917-də qoyunların sayı 1.622.287 idi.

1921-də 744.455 baş qalmış[dı].

Deməli, beş ilin müddətində qoyunlarımızın sayı 877.832 qədər azalmışdır. Qoyunçuluğun bu qədər zavala uğradığını nəzərə alaraq, Azərbaycan Xalq Topraq Komissarlığı bir çox tədbirlər görüb və yeni layihələr hazırlamadadır. Birinci məsə­lə təcrübəli qoyunçular hazırlamalıdır. Qoyunçuları aqronom­lar­dan yetişdirməlidir. Azər­bay­canda aqronom azlığı hiss olun­duğundan ən əvvəl ali aqronom məktəblərindəki tələbələ­rimi­zin sayını artırmalıdır. Sonra döl sal­maq üçün Azərbaycanın qoyundarlıq mərkəzlərində cins ocaqları təşkil etməlidir. Bu ocaq­ların vəzifəsi döl tutub, cins heyvanları yavaş-yavaş Azər­baycanın hər bir nöqtəsinə yeritməlidir. Cinslərin ikmalında yumuşaq yunlulara əhəmiyyət verildiyi kibi, qaba yun­luları da unutmamalıdır.

Xalqı elmi qoyunçuluq ilə aşina etmək üçün hər il qısa kurs­lar açmalıdır. Nəzəri məlumatlardan başqa nümunə yataqlar təşkil edib, əməli bir surətdə xalqı qoyunçuluqdakı yeni üsullar ilə tanış etməlidir. Məruzələr oxumalıdır, risalələr nəşr etmə­li­dir, sərgilər açmalıdır və ilax…
Zərəsb

BİZDƏ PAMBIQÇILIQ
Azərbaycanda pambıqçılığın rus istilasından daha əvvəl baş­la­dığını Şərq müəlliflərindən öyrənirik. 17-ci əsrdə Naxçı­van cəhətində pambıq əkininin geniş meydan qazandığını türk səyyahı Övliya Çələbi anladır. O zaman pambığın zağı, mən­layi, zəfərani, ləli, xas, bəyaz kibi ənvai var imiş və pambıqdan qələmkar və başqa çitlər qayırarmışlar.1 Heyfa ki, Şərq müəl­lif­ləri iqtisadiyyata əhəmiyyət verməmişlər və məsələni təfsi­la­tıy­la izah etmirlər. Odur ki, pambıqçılıq tarixini tədqiqə başlar­kən son əlli il nəzərdə tutulur. Bundan əvvəlki məlumatımız səthi və yarımçıqdır.

Rus istilası ilk əvvəl pambıqçılığa zərbə vurmamış olmadı. Vaxtilə Şərq aləmində məruf olan Naxçıvan qələmkarları və çitləri unudulan kibi oldu. Yalnız 60-cı illərdən etibarən məsələ başqa şəkil almağa başlayır. Şimali Amerikadakı vətəndaşlıq müharibəsi oradakı pambıqçılıq inkişafına mane olur, Avropa sə­nayeyi pambıq tədarük edə bilmir və nəticədə Rusiya pam­bı­ğına ehtiyac artır. Dünyadakı pambıq aclığından istifadə edə­rək İrəvan cəhətinin pambıqçıları pambıq hasilatının artmasına çalışırlar. Əldə edilən məlumata nəzərən, bu hasilat o zaman min tona qədər çıxa bilmiş[di]. Pambıq İstanbul təriqiylə Mar­se­lə göndərilib, böyük qiymətə satılarmış. Pambığın 16,38 ki­loq­­­ramı (bir putu) İrəvan vilayətində 20 qızıl manata çıxmış imiş.

Amerika müharibəsiylə doğan pambıq böhranı mühari­bə­nin qurtarmasıyla da bitib getdi və nəticədə İrəvan pam­bıq­çılığı gödələ-gödələ yenə əvvəlki hüduduna girdi və məhəlli eh­tiyac üçün sərf olundu. O zaman Rusiya sənayeyi Qafqaz pambığı ilə maraqlanırdı. Maraq yalnız 80-ci illərdən başlayır. Moskva və Lodz fabrikaları işlərini yoluna qoyduqda məm­lə­kə­tin pam­bığına ehtiyac duydular. O zamandan başlayaraq, pam­bıq ha­sil olan yerlərdə fəaliyyət baş­la­yır: fabrikalar bura­lar­da şö­bə­lər açırlar, pambıq təmizləyən maki­nalar qoyurlar, pambıqçılara təxsisat verilir, Amerika toxumu paylanır və "qara qoza" adlı yerli toxum yavaş-yavaş dəbdən düşür. Məhəlli pambıqçılığı artırmaq üçün xaricdən gələn pambığa böyük gömrük qoyul­ma­sı kibi hökumət binagüzarlığı da bu zamana təsadüf edir.

1910-dan 1914-ə qədər Qafqaz pambıqçılığı əla dərəcəyə va­rır. Əkin yeri 162.698,8 hektar və pambıq hasilatı 35.542,8 to­na qədər çıxır.

Cahan müharibəsi pambıqçılığa böyük bir zərbə vurur. 1914-dən başlayaraq, əkin yeri azalmağa başlayır və 1917-də əkin yeri 57548,4 hektara qədər düşür. 1918 və 1919-da Ru­si­yadan buğda gəlmədiyi üçün bütün pambıq yerləri taxıla çön­dərilir.

Qafqazın şuralaşması məhv olmuş pambıqçılığa yavaş-ya­vaş meydan verir. Pambıq sənayeyi hökumət inhisarına alınır və Azərbaycan Xalq Təsərrüfatı Şurası toxuculuq şöbəsi nəz­dində pambıqçılıq dairəsi açılır. 1920-də əkin yeri 2.948,4 hek­tar təyin olunur, lakin 1.092 hektardan yuxarı gəlmir, çünki pambığın qiyməti aşağı olduğundan sərf olunan əməyi ödəmir. 1921-də 13.104 hektar təyin olunursa, yenə 3.276 hektardan artıq əkilmir, bunun da yarısı çəyirtkədən, quraqlıqdan və sel basqınından tələf olub gedir. 1922-də inhisar ləğv olunur və əkin yeri 382,2 hektar təyin olunur. Əkin yerinin bu qədər azal­­masına səbəb pambığın ucuzluğu olur – sərf olunan zəh­mət ödənmir. Pambıqçılıq işini yoluna qoyan bir hökumət təş­kilatının olmaması, pambıqçılara vaxtında təxsisat ve­rilməməsi və sənaye mərkəziylə qüvvətli bir rabitə yoxluğu da başlıca sə­bəblərdən biridir.

1923-cü ildə baş komitənin təşəbbüsü[ilə] Dövləti Rus–Azər­baycan Pambıq Şirkəti təşkil olunur. Şirkət geniş bir su­rət­də işə başlayır: əkinçilər ilə müahidə bağlanır, xalqa tazə Tür­küstan toxumu pay­lanır, hər 1,09 hektar (bir desyatın) ba­şına 36 qızıl manat verilir.

Az bir zamanda şirkətin fəaliyyəti nəticə verir: Azər­bay­can­da pambıq əkini 13.502,58 hektara çıxır.

Şirkətdən başqa, Muğanda Suvarma və Abadanlıq İdarəsi də pambıq məsələsi ilə məşğul olur. Bu işə baş komitə toxum və pul buraxır, 9828 hektar əkin yeri təyin olunur.

Əgər pambıqçılıq işi bu sürətlə gedirsə, bir neçə ilə qədər pambıq məhsulu dünya müharibəsindən əvvəlki halına düşər. Zatən Azər­baycanda pambıq üçün 327.000 hektara qədər əl­verişli torpaq vardır. Bu torpaqlardan lazımınca istifadə etmək üçün suvarma işlərini yoluna qoymalıdır.1

Pambıqçılıq Azərbaycanın hər yerində eyni miqdarda inki­şaf etməmiş[dir]. Dünya müharibəsindən əvvəl pambıq Sal­yan, Göy­çay, Gəncə–Şamxor, Ağdaş, Qazax, Cavanşir, Şu­şa, Cəbrayıl, Şamaxı və Naxçıvan civarlarında əkilirdi. Zaqa­tala, Nuxa, Lənkəran və Bakı tərəflərində ya heç əkilmirdi, ya da ki küçük miqdarda əkilirdi. Bir çox yerlərdə ab-hava əl vermədiyi üçün pambıqçılıq baş tutmur. Halbuki təxsisat ve­rib, doğru suvarma siyasəti aparılarsa, ab-havanın əhəmiyyəti qal­maz. Deməli, birinci torpaq tədarüküdür; ikinci, yeni torpaqlara kəndli yerləşdirməli, üçüncü isə, mədəni bir pambıqçılıq qur­ma­lıdır. Pambıqçılığımızı, mədəni bir şəklə sal­masaq, lazımi ha­silat əldə edilməz. Bu sahədə Amerika örnək olma­lıdır. Ora­dakı təcrübədən keçmiş üsullar bizdə də tətbiq olunmalıdır. Bu üsul qısa olaraq bu şəkildədir:

Dekabr–yanvar aylarında yer xışlanır, peyin qatılır və ma­la­lanır.

Fevral – lək qayrılır.

Mart – təkrar peyin tökülür.

Aprel – toxum səpilir.

May – sıx bitən yerlər ayırtlanır, zəmi seyrəklənir və bitkinin diblərinə torpaq töküb, tollar atılır.

Mayın sonu və ya iyun – zəmi alaqlanır və bitkilərin dibində təkrar tollar atılmır.

Avqust – noyabr: pambığı dərirlər. Hava əlverişli olduqda dərilmə dekabrda və hətta yanvarda da davam edilir.2

Bizdə ab-hava şəraiti başqa isə[də], yuxarıda zikr olunan vaxt dəyişilə bilər, əkin üsulu isə eyni ilə qalmalıdır. Bizdə Ame­rika üsulunun ümumiyyət qazanmadığı şübhəsizdir. Köh­nə əkin üsulu davam etmədədir: torpaq lazımınca işlənmir, pe­yin səpilmir, səpilmək istənilsə də, peyin yetmir, çünki ələlək­sər mal-qara çöldə otlayır və evdə olduğu zaman tədarük olu­nan peyin də təzək şək­lin­də ocaqlarda yandırılır. Torpağın qüv­vətləndirilməsinə çox da əhə­miyyət verilmir. Torpağı qüv­vətləndirən bitki heç də əkilmir. Əkinə zərər verən azarlar və cü­cülər ilə mübarizə məsələsi də həll olun­ma­mış durur. Su­varma da çox zamanlar həddən aşır və pambığa zərər verir... Xülasə, xalqımız zəhmət qoyub, torpağın məhsulunu artır­maq kibi mədəni üsullar ilə tanış deyil. Əkər və Allaha tapşırar. Odur ki, çox zaman əkdiyi məhv olub gedər, əlinə bir şey çat­maz.

Pambıqçılığımızı səmərələşdirmək yolunda görülən bina­gü­zar­­lıqdan ən mühümü nümunə tarlalarıdır. Bizdə təşkil edilən nümunə tarlalarından ən qədimi Qarayazı tarlasıdır. 1912-ci ildə Ağstafada ikinci bir tarla vücuda gəldi. Bu tarla Qaraya­zı­nın şöbəsi kibidir, çünki geniş torpağa malik deyil. 1914-dən 1918-ə qədər isə davam edən bu nümunə tarlası Qafqazda o zaman baş göstərən hərc-mərclikdə dağıdıldı və öz faidəsini lazımınca anlamayan qara fikirlilər tarlanın binalarını belə məhv etdilər. Odur ki, Ağstafa tarlasından gözlənən nəticələr əldə edilmədi.

1915-ci ildə Muğanda "Duzlaq nümunə istasiyonu" təşkil olundu. Tərtib olunan layihəyə görə, bura elmi və nümunəvi bir müəssisə olub, duzlaq yerlərin kimyəvi cəhətlərini və su­varma üsullarını öyrənməli idi. Lakin müharibədən dolayı veri­ləcək pul ödənmədi və bir tərəfdən də, oralarda baş göstərən qarışıqlıq işə zərbə vurdu.

Deməli, bütün Azərbaycanda üç nümunə tarlası vardır və bu üçü də imdiyə qədər lazımi səmərə verməyib. Şura idarə­sinə tarla işini yenidən canlandırmaq icab edir. Bu yolda bir çox təşəbbüslər görülür və iləridə gözəl nəticələr verəcəyi şüb­həsizdir.

Pambıqçılıqda diqqəti cəlb eləyən məsələlərdən biri də pam­bığa zərər verənlərdir. Burada birinci bəla çəyirtkədir. Çəyirtkənin olub-olmaması pambıq məhsulunun olub-olma­ma­sı deməkdir. Odur ki, çəyirtkə ilə mübarizə çoxdan başlayıb və yalnız 1907–1908-ci illər­dən təşkilatlı bir şəkil alıb. Çəyirtkə ilə mübarizə məsələsi getdikcə inkişaf edir. Lakin olunan müba­rizə əkini qorxudan təmin etmir. Çünki şuralar dairəsində gö­rülən iş kifayət eləmir və İran torpağında da fəaliyyət göstər­mək icab edir. Çünki ələləksər çəyirtkə mənbəyi Aras çayının o biri tərəfində olur. Çəyirtkənin kökünü kəsmək üçün İran ilə sazişə girib, orada da işə başlamalı idi. Lakin İran hökuməti ilə olan danışıqlar 1924-cü ilə qədər bir nəticə verməmişdi; yalnız 1924-də İran ilə Şuralar arasında bir müahidə bağlandı və bu müahidə İran torpağında çəyirtkə ilə mübarizə etməyə mey­dan verdi. İş yeni bir şəraitdə olduğu üçün bu sahədə əməli bir müvəffə­qiy­yət əldə etmək yaxın zamanın işi deyil. Hər hal­da təşəbbüs gö­rünsə, bir neçə ildən sonra əkinlərimiz çəyirtkə bəlasından xilas olar.

Pambığın böyük düşmənlərindən biri də ağac qurdudur. Bu qurdun toxundurduğu zərər çoxdan bəri məlumdur: məhsulun üçdən birini məhv etdiyi zamanlar da görünüb. 1923-cü ildə Gəncə və Qarabağ cəhətlərində bu qurdun baş göstərdiyi qeyd olunur. Buna qarşı şiddətli mübarizə olunacağı aşkardır. Təəssüf ki, imdiyə qədər bu qurdu məhv edəcək bir əlac ta­pıl­mayıb, təcrübə olunan davalar hələlik əməli bir nəticə ver­mə­mişdir. Qurdun biolojisini öyrənmək üçün mütəxəssis ento­mo­lo­qa müraciət etmək icab edir.1

Pambığa müzürr olanlardan biri də "çor" azarıdır; pambıq fida­nını pas kibi tutur, tələf eləyir. Çora qarşı kükürd ilə mü­barizə olunur. Vaxtından vaxtına pambıq əkilən cəhətlərə la­zımi qədər kükürd və səpmək üçün körüklər göndərilərsə, bu xəstəlik ilə mübarizə müvəffəqiyyətlə nəticələnir...

Xülasə, hər bir sahədə olduğu kibi, pambıqçılıqda da elmi üsul məhsulun miqdarını artırır, malını yaxşıladır və zərər ve­rən­lərdən xilas edir. Şura hökuməti pambıqçılığın səmərə­ləş­mə­sinə böyük əhəmiyyət verir. Bu sahədə yapılan layihə və planlar haqqında bir başqa dəfə yazarıq.



Zərəsb
BİZDƏ XALIÇILIQ
Yunan qədim coğrafiyonu Strabonun şahədətinə görə, İran bütün mədəniyyətini Midiyadan alıb. Midiya isə Həmədan mər­kəz olaraq Aras çayının şimalına qədər uzanıb gəlirdi. He­rodotun məlumatına görə, muğlar (Muğanın qədim sakinləri) Midiya ilə ittifaqa girib, məmləkət təşkil etmişlər və bu məmlə­kə­tin bütün mənəviyyatını muğlar düzəltdiyini qədim müvərrix­lərdən öyrənirik. Muğların təqribən 3000 il əvvəl yaratdığı “Avesta” kitabı mədə­niy­yətin əsaslarını zərdüştilərə hökm edər­kən gözəl təfrişatdan və xa­lılardan bəhs edir. Bu məlu­ma­ta bir də 9-cu əsr müvərrixi Təbərinin Bakı civarı xalılarının aləmdə məşhur olduğunu əlavə edəriksə, qədim Azər­bay­ca­nın Şərq xalıçılığı beşiyi olduğu meydana çıxar.

Bu gün Şərqdə xalıçılıq sahəsində birincilik İranın öhdəsinə düşürsə, bunun ümdə səbəblərini tarixdə aramalıdır.

Əsrlərdən bəri şimaldan axıb gələn xalqlar Azərbaycan mə­də­niyyətini yıxmışlar və buranın elm adamları və sənət­kar­ları yavaş-yavaş cənuba doğru çəkilib, sənətlərini də orada inkişaf etdirməyə çalışmışlar. Əgər Azərbaycan üçün bu qədər tarixi axınlara meydan olmasaydı, şübhəsiz ki, mədəniyyəti ilə Şərqə örnək ola bilərdi. Bərəkətlər ki, yüz ildən bəri şimal vasitəsilə Avropa mədəniyyətinə qovuşmuş Azərbaycan bu gün yeni bir şəkildə yenə Şərqə mədəni və inqilabi rəhbər ol­mağa başlayır.

Böyük İmperialist müharibəsi, sonra vətəndaş davaları hər bir işimizi alt-üst etdiyi kibi, xalıçılığa da böyük zərbələr vur­muş[dur]. Bu zərbələrin zərərlərini düzəltmək üçün uzun müd­dət çalışmaq icab edəcək və xalıçılığımızı müharibədən əvvəlki halətə qoymağa ən azı on il lazımdır.

Azərbaycan Baş Təsərrüfat Şurasının xırda sənət şö­bəsi­nin tədqiqatına görə, hana toxuyan arvadların sayı 1913-cü il­də 39.139 imiş, 24-25-ci illərdə isə 13.399 qədərə enmiş[dir], yəni, müharibədən əvvəlki miqdarın yalnız 34%-ni təşkil edir. Bu qədər arvadların xalıçılıqdan ayrılmasının səbəblərini yalnız müharibə və vətəndaş davalarında aramalıdır.

Burada ümdə səbəb arvadlarımızın siyasi vəziyyətinin də­yi­şil­məsidir. Müharibədən əvvəl Azərbaycan qadını ev dairə­sin­də çalışırdı, imdi isə Şura idarəsi onları ev dairəsindən çıxarıb, ümumi təsərrüfata qarışdırmış[dır]. Bu gün türk qadını məm­lə­kət idarəsində, maarif işlərində iştirak edir, sənaye sahəsində də kişilərdən geri durmur. Deməli, işçi qadının böyük bir his­sə­si başqa bir sahədə çalışmadadır.

İkinci, müharibədən əvvəl yün tədarükü daha qolay idi. Xa­lıçılığa sərf olunan yunun təqribən yarısını Azərbaycan hasil edir­disə də, o biri yarısını Dağıstan və Gürcüstan təmin edirdi. Dava zamanları yun tədarükü çətinləşdi, bir tərəfdən də, qo­yun­çuluğumuzun böhran keçirməsi məsələni ağırlaşdırdı.

Get-gedə həyat yoluna girir və müharibənin izləri yavaş-ya­vaş silinib gedir. Xalıçılığın da keçirdiyi böhrandan çıxacağı tə­biidir.

Azərsənət Birliyinin layihəsinə görə, xalıçılıq ilə məşğul olan arvadların sayı önümüzdəki beş ildə bu minval ilə artırılacaq: (Aydın olmaq üçün rəqəmlər 1913-cü ilə nisbətə tərtib olun­muş[dur])


1913

24–25


26–27

27–28


28–29

29–30


30–31

100%

34%


41%

46%


53%

60%


66%

39.139 adam

13.399 “


16.000 “

18.000 “


20.600 “

23.300 “


26.000 “

Baş Xalq Təsərrüfat Şurasının xırda sənət şöbəsinin məlu­matına görə, müharibədən əvvəl Azərbaycanda 108.774 ədəd xalı toxunurdu. Bu xalıların qiyməti təqribən 2.894.000 qızıl ma­­nat edirdi. 24–25-ci illərdə isə 16.119 ədəd və 990.000 qiy­mə­­tin­də xalı hasil olmuş[dur]. Toxunacaq xalıların tədricən ar­tı­rıl­ma­sı la­yi­həsi böylədir:




1913-cü il

24–25


26–27

27–28


28–29

29–30


30–31

100%

15%


22%

26%


37%

52%


72%

108.774 ədəd

16.119 “


24.050 “

31.000 “


40.000 “

57.000 “


78.000 “

2.894.000 manat

990.000 “

1.440.000 “

1.440.000 “

2.400.000 “

3.420.000 “

4.080.000 “


Deməli, dörd ildən sonra xalıçılığımız 4 milyon hasilat verə­cək və sayca müharibədən əvvəlki rəqəmin 72% ödəyə bilə­cək.

İmdi yun tədarükü bəhsinə keçdikdə, xırda sənət şöbəsinin məlumatına görə, hər bir xalıya 8-36 kiloqram yun gedir. Əl’an yunun tonu təqribən 900 manatdır. Müharibədən əvvəl 300 qızıl manat idi. Bu rəqəmləri əsas edəriksə, beş illik layihə böy­lə şəkil alır:




13-cü il

24–25


26–27

27–28


28–29

29–30


30–31

3.481 ton

466 “


768 “

992 “


1.288 “

1.829 “


2.496 “

1.044.000 manat

437.000 “

720.000 “

893.000 “

1.152.000 “

1.642.000 “

2.240.000 “

Azərbaycan beş illik bu layihənin yunun yalnız 50-85 faizini təmin edə biləcək. Dağıstan və Gürcüstandan gələn yunun miqdarı nəzərə alınarsa, lazım olan miqdar təmin olunmuşdur, deməkdir.

Azərbaycan xalıçılığını təşkilatlı bir şəklə salmaq üçün Azər­sənət Birliyi var qüvvəsini sərf etmədədir. Xalıçılığı inkişaf və xalıçılara kömək etmək Sənət Birliyinin başlıca məqsəd­lə­rindən biridir. Təş­kilatın gözəl şəkli kooperativ olduğu üçün Sənət Birliyi xalıçı­larımızı da kooperativ dairəsinə çəkmək istə­yir. Bu sahədə Sənət Birliyinin beş illik layihəsi bu şəkildədir:


26–27-ci il

6%

1.100 adam

27-28-ci il

28-29 “


29-30 “

30-31 “


18%

32%


47%

67%


3.250 adam

6.600 “


10.950 “

17.400 “

Azərsənət Birliyi yeni bir təşkilat olduğu üçün önündə həlli zəruri olan bir çox məsələlər durur. Toxunan xalıların sayını artır­maq kibi mühüm iş ilə bərabər, malın gözəlləşməsini ciddi olaraq düşünməlidir. Xalının gözəlliyi düz-doğru toxunmasın­dan başqa, bir də onun xas rəngli olmasındadır. Halbuki Azər­baycan xalısı bu barədə get-gedə xarablaşır. Xalq nəbati bo­yaları yavaş-yavaş unu­daraq ucuz kimyayi "cövhər"lərə keçir. Nəticədə xalılarımız solğun olurlar. Azərsənət Birliyi bu cəhətə əhəmiyyət verməlidir. Nəbati boyaları tədqiq edib, onları ucuz­laşdırmağa və ümumun malı etməyə çalışmalıdır. Əl'an Türk­mənistanda nəbati boyalar işlən­mə­dədir. Türkmən xalıçılığını incədən-incəyə tədqiq etmək fai­də­siz olmazdı. Bizdə də Quba və Qazax qəzaları xas boyalar işlət­mə­dədir. Qarabağ isə "cövhər"ə keçdiyindən əhəmiyyətini çoxdan itir­miş[dir]. O biri xalı mərkəzlərimiz də xarabolmadan tədbirlər görməlidir.
Zərəsb


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə