Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)


AZƏRBAYCAN VƏ AZƏRBAYCANLILAR



Yüklə 1,48 Mb.
səhifə6/20
tarix28.06.2018
ölçüsü1,48 Mb.
#52085
1   2   3   4   5   6   7   8   9   ...   20

AZƏRBAYCAN VƏ AZƏRBAYCANLILAR



TARİXƏ BİR NƏZƏR
Azərbaycan ən qədim zamandan bəri yaşaya gəlmişdir. Məmləkətin əski hüdudu Xorasan, İsfahan, Diyarbəkir, Ərzin­can, Qafqaz silsiləsi və Dərbənd şəhəri dairəsində böyük bir qitə təşkil eləyir. Azərbaycan uzun əsrlər müddətində bir çox millətlər afininə təsadüf edib də, ancaq zahir şəklinə təğyir ve­rə bilmiş. Daxildə isə bütün istiqlali-milliyyəsini mühafizə edə durmuş. İstər ərəb, istər fars qılıncı Azərbaycanı başdan-başa istila etdikdə, onun ruh və mənəviyyatını heç bir zaman kəndi­lərinə tabe edəməmişlər. Ərəb və farsın yüksək mədəniy­yət­ləri də Azərbaycanın milli xüsusiyyətlərilə mübarizə etmədə aciz qalmışlardır. Çünki azərbaycanlıların fitrətlə­rində öylə bir qüvvət var ki, o millətin daima sabit və mətin qal­masına və kən­disini qaib etməməsinə səbəb olmuş. O səbəblədir ki, tari­xin uzun əsrlərində dəfələr ilə qəzaya uğrayıb idari şəklini də­yişdirən Azərbaycan yenə də istiqlaliyyət yoluyla getməyə baş­­layır, zaman və siyasi vəziyyətlər imkan verdikdə yenidən dövlət şəklinə düşməyə çalışır.

Məcusilik dövründə Azərbaycan iki qisimdən ibarət idi. Aras nəhrinin şimalına “Aran” və cənubuna “Azərbaygan” de­yi­lirdi. Aran türklər tərəfindən, Azərbaygan iranlılar tərəfindən idarə olunurdu. Bir çox dəfə Azərbaycanın iki qisminin bir ələ keçib, müttəfiqə idarə edilmələri tarixdə görünməkdədir. Mə­sə­lən, on ikinci əsri-miladidə Atabəy Şəmsəddin Eldəgiz Bakı, Şirvan və Gəncə diyarlarını fəth edib, Azərbaygan valiliyini də öhdəsinə almışdı. Atabəyi Nəsrəddin Əbubəkir bin Cahan Pəh­ləvan Aran və Azər­baycanda iyirmi yıl səltənət sürmüş. Ruslar Qafqazı fəth et­dikdə Azərbaycan bir kaç müstəqil xan­lıqlardan ibarət idi. Rusluq bu türk xanlıqlarına nəhayət verdi. Türkmənçay müahidənaməsi mövcu­bunca Azərbaycan İran ilə Rus arasında təqsim olundu. Aran son inqi­lab zamanına qə­dər rus dəsti-təsərrüfündə qaldığı kibi, Azərbay­gan da İrana mal ola gəldi.


ETNOQRAFİ HÜDUD
Azərbaycanın tarixi hüdudundan vaz keçərək, etnoqrafi hü­du­duna gəldikdə, Azərbaycan türkü sakin olan və başqa mil­lət­lərə nisbətən əksəriyyət təşkil edən yerlər Dağıstan, Bakı və Gəncə vilayətləri ilə, Tiflis və İrəvan vilayətlərinin bir hissəsi­dir. Demək ki, şimdiki Azərbaycan əski Aran və Muğandan ibarətdir.

Azərbaycan türkü yalnız Qafqazda sakin olmayaraq İranın şimalını da işğal eləyir. İran Azərbaycanının cənub hü­du­du Savucbulaq Miyanə və Xəzər dənizi arasında olub, pay­taxtı Təbriz olaraq, əhəmiyyətli şəhərləri şunlardır: Mərənd, Urum, Marağa, Ərdəbil və başqaları.

Əsrlərdən bəri tarixi bir həyat sürən azərbaycanlıları İran və Rus arasında təqsim etməyi süniliyini daima duydururdu. Bun­ların milli, mədəni və iqtisadi rabitələri sabit duruyordu. Qı­sası, ayrı-ayrı idarələrə tabe olduqlarına baxmayaraq, daima bir ruh və bir vücuda mənsub olmalarını bildir[ir]dilər. Qafqaz türkündə bir hərəkət baş göstərdikdə, eynilə İran Azərbayca­nına sirayət ediyordu.

1905-ci rus inqilabına Qafqaz türkləri də iştirak etdilər. İran türk­ləri qafqazlı qardaşlarını təqlid edərək, İran istibdadına qar­şı inqilab doğurdular. Bu inqilabda birinci rol oynayan Təb­riz türkləri oldular. Türk qəhrəmanı Səttar xan Təbriz müca­hidlərinə (hürriy­yət­çilərinə) qarşı göndərilən şah əsgərlərini məğlub edib, İranın məşrutiyyətli bir dövlət olmasına səbəb oldu.

Sonkı rus inqilabı da İrana sirayət etməmiş qalmadı. Qaf­qaz türkləri kəndilərinə muxtariyyət tələb etdikdə, bu ehtiyacı İran türkləri də eynilə hiss etdilər. Ədəmi-mərkəziyyət fikri İran Azər­baycanını başdan-başa dolaşıb keçdi. Son zamanlar İran və Qafqaz türklərinin ittihadı fikri də meydana çıxdı. Bolşevik­lər zühurundan əvvəl Bakıda iranlı türkləri tərəfindən nəşr olu­nan “Azərbaycan” qəzetəsi türk ittihadının naşiri-əfkarı idi.

Hər nasılsa, şimdi Azərbaycan türkləri müttəhid bir halda qə­dim istiqlaliyyətlərini ehya etmək istəyirlər. Bu hərəkət Qaf­qazda və İranda tufan şəklini alıb. Avropa siyasiyonları kəndi faidələrini nəzəri-etibarə alaraq Azərbaycanı təqsim kibi süni bir əməliyyat icrasına şüruh edərlərsə, böyük səhv yaparlar. Çünki canlı bir vücudu təşrih etmək bir o qədər də asan işlər deyil.


MƏTBUAT 1)
Rusiyada birinci türk qəzetəsi “Əkinçi” Bakıda bundan əlli sənə əvvəl Zərdablı Həsən bəy Məlikzadə müdirliyi və naşir­li­yilə meydana çıxıb. Bu qəzetə çox yaşamayıb qapanmış, son­ra dəfələr ilə azərbaycanlılar qəzetə nəşrinə başlamışlarsa da, davamına müvəffəq olamamışlar. Mətbuat sabit bir şəkli an­caq birinci rus inqilabından sonra ala bilmiş, 1905-ci sənədən bəri bir çox qəzetə və məcmuələr nəşr oluna gəldi. Məşhur qə­zetə mühərrirlərimiz şun­lardır: Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Cəlil bəy Məhəm­mədquluzadə, Haşım bəy Vəzi­rov, Məhəmməd Əmin Rəsulzadə və başqaları. Azərbaycan mət­buatını zinətləndirən “Molla Nəsrəddin” adlı həzliyyə məc­muəsidir. Bu məcmuə on iki sənədən bəri millətin bütün qü­sur­larını meydana çıxarmışdır. “Molla Nəsrəddin”in uçu­rucu ox­ları qarşısında bir müqəddəs şey qalmadı. Millətə şanlı hə­yat yolu açmada mövhum məbədləri yüzü üstə çöndərdi, qatil fikirləri öldürdü, cahili daşlayıb, candan saldı, bir çürük dini və ya milli bina qalmadı ki, yıxıb məhv etməsin. İslam aləmində həlli üsyana səbəb ola bilən bir çox dini məsələləri “Molla Nəs­rəddin” zəmanə nöqteyi-nəzərini etibarə alaraq qolaylıq ilə həll yoluna saldı. Şərqin bütün fənalıqlarını və çürük təməllər üstünə quruld­u­ğunu həm söz ilə, həm karikaturlar vasitəsilə aləmə bildirdi. “Molla Nəsrəddin” əski qanun və adətlər dairə­sini pozub, geniş bir vadiyə çıxdı və arxasınca da Azərbaycan söz və fikrini genişliyə sövq etdi.

Qadın məsələsi kibi zəruri, həyati və şununla böylə qarışıq mə­sələni həll etdi, “zəmanə yazılmış qanunlardan qüvvətlidir, – dedi, – zəmanə tələbatına tabe olunuz”.

Doğrudan da, zamanə cahilliyə qələbə çaldı. Azərbaycan türk­ləri qəflət səddini yıxıb, mədəniyyətə doğru yürüdülər.
MUSİQİ
Azərbaycanlılar musiqi aşiqidirlər, desək, xəta etməriz İs­lam aləminin bütün musiqi havaları burada qəbul olunub, inki­şaf etdi­rilir. Bizlərdəki havaların adlarına bakılırsa, musiqimizin mənbələri bəlli olur: “Hicaz”, “Heyratı”, “Bayatı-Şirazi”, “Üskü­dar” və baş­qa­ları. Türk, fars və ərəb havaları əxz olunub da ey­­nilə qullanılmıyor, bunlara məhəlli rəngi də verilir, tərəq­qi­si­nə çalışılır.

Bundan başqa, Azərbaycan musiqi dühası da yeni havalar doğuruyor, sənədə yeni havalar, rəqslər meydana çıxır. Bu ha­va­ların müəllifləri tanılmır – xalqın fitrəti yetişdiriyor. Son za­manlar musi­qişünasımız və Azərbaycanın iftixarı Üzeyir bəy Ha­cıbəyov musi­qi­mizi nizama salmağa başladı, yazdığı opera və operettalar ilə şöhrət qazandı, yalnız kəndisini deyil, bütün millətini aləmə tanıtdı. Bu gün Krımda tatarlar və ermənilər tə­rəfindən səhnəyə vüzuh olunan “Arşın mal olan”, “O olmasın, bu olsun” operettaları həp Üzeyir bəyindir. Təəssüf olunur ki, mu­siqarımızın əsərlərini Krım karikatur şəklində xalqa göstəri­yor.

Üzeyir bəyin “Arşın mal alan”ı Amerika səhnələrində belə mü­vəf­fəqiyyət qazandı.

Məşhur operalarımız şunlardır: “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşudbanu” və başqaları.

Opera Qafqazda ol qədər müvəffəqiyyət qazandı ki, drama teatrosuna xalq getmək istəmiyor. Operaya girmək üçün Bakı­da müsəlmanlar teatro qapısında növbət bəkliyorlar. Bir mü­səl­man deyil, erməni, gürcü və ruslar da teatromuzdan həzz alıyorlar.

Qeyri millətlərdə musiqi yalnız əşrəf və əyanın malıdır, hal­buki Azərbaycanda musiqi ümumun ruhunu oxşayır. Xalqın ən geniş bir kütləsi musiqini anlayıb, ondan faydalanır. Biz iftixar edə biliriz ki, bütün aləmi-islamda birinci milli operanı biz vü­cu­da gətirdik. Üzeyir bəy birinci müsəlman operanəvisi (kom­pozitor)dur. Çox yaşasın və bizi də yaşatsın!!!


İQTİSADİ MƏSƏLƏLƏR
Ticarət Azərbaycanda son zamanlar yüksək dərəcələrə çıx­mışdır. Əvvəlləri ticarətimiz erməni əlində idi. 1905-ci sənə­dən sonra ticarət bizə keçdi. Şimdisə erməni ticarətilə rəqabət etdikdən başqa bir çox yerlərdə qələbə belə çalmışdır. Öylə zə­kavətli tüccarlarımız yetişdi ki, Rusiyanın böyük şəhərlərilə Qafqaz və İran arasında ticari rabitələr yapmışlardır. Böyük şirkətlərimiz və ticari cəmiyyətlərimiz mövcud­dur. Fabrikaçılıq meydan almadadır, qumaş, pamuq, papiros və başqa fabrika­ları da var.

Ziraətdə makinalar qullanmaqda tərəqqi etmədədir. Pa­muq­­çılıq köylülərimizi qayət zənginləşdirmişdir.

Bankaçılıq artmadadır. Bir xeyli milli bankalarımız var. Bakı ticari müəssisələrində bir çox türk sərmayəsi var. Bakıda dün­yada məşhur türk milyonerləri belə var. Hacı Zeynalabdin Ta­ğıyev, Musa Nağıyev, Şəmsi Əsədullayevlərimiz və başqaları bəlli olsalar gərək­dir.

İqtisadi cəhətlərdə Azərbaycan türkü qeyri türk qardaş­la­rın­dan çox-çox iləri getmişdir.

Ticarətə istedadlı azərbaycanlı tüccarlara məxsus mənfi si­fətlərə heç də malik deyil. Onda qəpik xətrəsiçün Şərq sıcaq­qan­lılığını unutmaq yoxdur. Daima müsafirpərvər, insaniyyətli, millət yoluna böyük paralar sərf edərlər.
MƏKTƏBLƏR
Azərbaycan müvərrixi hankı bir nöqteyi-nəzərdən ölkəyə bax­sa, onun iki dövrünü görməlidir: 1905-ci sənədən əqdəm və sonra. Rus-yapon müharibəsi, daha doğrusu, rusların Uzaq Şərqdə yaponlar kimi ufacıq bir millətə məğlub olmaları bütün Şərqin, bilxassə müsəl­man­ların gözünü açdı. O dövr­dən bəri Rusiya türk tatarları maarifə doğ­ru sabit qədəmlər atıb gəlməyə başladılar. İran təsirində boğulan Azərbaycan bir sənə zərfində farslığı haman məktəblərindən qal­dırdı. Şeyx Sə­dinin cocuqlar həzm etməyən fəlsəfəsi yerinə şirin “Vətən dili”, “Ana dili” kitabları meydana çıxdı. Məktəblərimiz zin­dan­lı­ğı­nı qaib edib, milli duyğular saçmağa başladı. Milli qız mək­təb­ləri açıldı. Köylər belə, qızlarını məktəbə göndərməyə çalış­dılar.

Milli məktəblər ilə bərabər, Azərbaycan çocuqları hökumət eda­di­lərinə dolduruldu. Tam mənasıyla maarifə alışdıq. On sə­nəlik ufacıq bir zamanda böyük addımlar atdıq. Şimdi həmd ol­sun, Ru­siyanın və xaricin darülfünunlarında bir çox tələ­bə­lə­rimiz var. Qızlarımız belə, çarşaf kölgəsindən xilas olub, asu­də bir tərzdə elmə sarılırlar. Rusiyanın böyük şəhərlərində ali mək­təb talibələrimiz də var. Rus hökuməti bizi boğduğu üçün müntəzəm milli məktəblər açmağa müvəffəq olamayırdıq. Müs­təqil dövlətimizdə, əminəm ki, məktəblərimiz son Avropa üsullarında təşkil olunur və qabiliyyətli çocuqlarımızın istedad­larını inkişaf etdirir.


QADIN MƏSƏLƏSİ

Şəhərlərimizdə qadın bütün-bütününə qapalıdır. Qapalılıq çarşaf gəzdirməkdən ibarətdir. Çarşafdan başqa, bəzi yer­lər­də, ələlxüsus İran Azərbaycanında yüzü mükəmməl qapamaq üçün rübəndlər qullanırlar. Rübənd qalın ağ parçasıdır. Bunu qadınlar yüzlərinə dutub, başlarının arxasında uclarını bağla­yır­lar və gözləriçün ağ üstünə ufacıq dəliklər qaldırıyorlar. Rü­bəndli qadının yüzünü və gözlərini görmək heç də mümkün deyil. Rübənd İran üsulu olaraq Qafqaz türkləri arasından qal­dırılmış. Çarşaf da son zamanlar şiddətini qaib etmiş. Şimdi çox yerlərdə çarşaflı xanımların yüzləri açıq olur. Çarşaf tərəq­qiyə mane olduğu üçün daima Azərbaycan ziyalılarını məşğul ediyor. Bu xüsusda qəzetələrdə arada bir müna­qi­şələr qopa­rılır. “Molla Nəsrəddin” məcmüəsi çoxluca çalışır. Qadını inci­dən adamların adlarını belə qəzetə və məcmuələrdə yazırlar, rəsm və karikaturlarını cızıyorlar.

Qadın məsələsi Azərbaycanda şiddətini qaib etmiş demək mümkündür. Qadının huququnu tanımağa başladılar. Onların mək­tə­bə getmələrinə daha maneələr qalmadı. Cahil mollaların nüfuzu düşdü və bu nüfuzu ədəbi qaib etməmək üçün molla­lar da qadınlığı tutmağa və maariflərinə çalışmağa başladılar.

Zatən Azərbaycan qadınının əsarəti İran pozuq mədəniy­yə­tinin məhsuludur. O yerdə ki, İran təsiri sabitdir, orada qadın əsarəti də səltənət sürmədədir. Baxınız, şəhərlərimizdə qadın qapalıdır, köy­lə­rimizdə isə asudə və yüzü açıq bir surətdə er­kəklər ilə bərabər tarlalarda çalışmadadırlar. Köy qadını yal­nız­ba­şına bazara gəlir, alış-verişini yapar, gedər.

Şəhərlərdə qadının qapalılığı oralarda İran təsirinin mövcu­diy­­­yətidir. Bu fikrin doğruluğunu isbat etmək üçün Türküstan qövm­lərinin həyatına müraciət edəlim.

Tarix göstəriyor ki, türkmanlar (təkələr) daima iranlılar ilə mü­­ha­­ribə və mücadilədə bulunmuşlar. Şimdi də onların ara­sın­da tarixi kin duruyor. İran heç bir zaman cəngavər türkmanı kən­di­sinə tabe edəməmişdir (…).2)


Yusif bəy Vəzirov
SerafimoviÇ
(Tərcümeyi-halı və əsərlərinə dair

bir neçə söz)
Serafimoviç hal-hazırın ən qüvvətli inqilabçı ədiblərindəndir.

Don vilayətində Nijnikormoyar qəsəbəsində 1863-cü ildə dün­yaya gəlmiş­dir. Atası mütəqaid kazak zabiti olub, anası da ağıllı, həlim və mühitində məruf bir qadın idi. Bütün ətrafdakı xalq bu şə­f­qətli xanımı tanıyır və zərurət zamanı ondan kömək dilərdi. Tibbi təhsili yox idisə də, uzun təcrübə və tədqiq sa­yə­sində bir çox xəs­tə­liklər haqqında ümumi məlumat əldə et­miş­di və ona müraciət edən kim­­­səsiz və həkimsiz azarlılara dava ve­rirdi və mualicələrinə çalı­şardı.

Atası da xalqı unutmazdı, məhkəmə və hökumət müəs­sisə­lə­rinə işi düşən fəqirlərə məsləhət ilə, ərizə yazmaq ilə kömə­yə gələrdi. Böy­ləcə iki rəhmdil ata və ananın övladı olan və həmişə həyatın ən coşqun yerində böyüyən Serafimoviç xalqı görür, dərdlərini öyrə­nirdi. Serafimoviçin artıq müstəqil ədəbi fəaliyyətinin nə şəklə girəcəyi aşkar idi: bütün mövzuları əmək­­­çi kütlənin yaşayışından alınmalı idi. Böylə də oldu: ədi­bin çox yazıları füqəranın ağır və çəkilməz əzablarına aiddir.
* * *
Orta təhsilini qurtardıqdan sonra Serafimoviç Peterburq Da­rül­fünununa daxil olur. Birinci kursda ikən Karl Marksın “Ka­pi­tal”ını tədqiq etməyə həvəslənir. Serafimoviç yalnız nə­zə­riyyə ilə deyil, sosializmin əməli cəhətində də fəaliyyət gös­tərir və nəticədə cəzalanır. Çar Üçüncü Aleksandrı qətl etmək is­təyən narodovoltsı xalqçı terroristlər istibdad hökuməti tə­rəfindən ölümə məhkum olunduğu məlumdur. O zaman ter­ro­rist­lərin hərəkətini haqlı görən və hökuməti zəmm edən bir xi­tab­­namə münasibətilə Serafimoviçi qə­bahətləndirib, üç illiyə Me­zen və sonra Arxangel vilayətinə sürdülər.

Sürgün həyatı da ədib üçün faidəsiz olmadı. Burada məf­ku­rə yolunda işgəncələrə təhəmmül edən qəhrəmanlara rast gəl­di, onları tədqiq etdi. Bir çox şəxslər arasında Moiseyenko adlı bir işçi ədibə böyük intibalar bəxş etdi. Bunun vasitəsilə işçi həyatını bütün acılıqları ilə bərabər incədən-incəyə öyrən­di.

Cəmiyyəti-bəşərdəki siniflər arasında görünən təzad Sera­fi­moviçi məşğul etdi: bir tərəfdə qullar, o biri tərəfdə ağalar, biri ac, səfil, pərişan, o biri tox, həmişə keyf və ləzzətdə…

İki aləm, iki məfkurə – birinin arzusu: “hər şey bənim üçün”, o birininki: “hər şey ümum üçün”.

Ədibin hankı yolu tutub və hankı məfkurə dalınca gedəcəyi bəlli idi.

Serafimoviçin türk dilində ilk dəfə nəşrə başlayan hekayə­lə­­ri həm oxucuların geniş təbəqəsi üçün faidəli, həm də köhnə ədəbiyyatdan üz döndərib yenilik axtaran gənc qələmlərə ör­nək­dir. Serafimoviç şairanə lövhələri çox sevmirsə də, heka­yə­ləri can sıxmır. Məişətin əziyyət və məşəqqətləri oxucunu bəd­binliyə deyil, mübarizəyə dəvət edir.


Y.V.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə