Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə9/20
tarix28.06.2018
ölçüsü1,48 Mb.
#52085
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

BİZDƏ SÜDÇÜLÜK

Azərbaycanda elmi südçülük yeni bir işdir. Bizdə bu sahə­də adəmdənqalma üsullar, qaidələr, adətlər davam etmə­də­dir. Yağ-yavanlıq qayırmaq üçün son sistem makinalar, fab­ri­ka­lar yoxdur. Heyvandarlıq təsərrüfatında səmərələşmə üsulu görünməmiş bir işdir. Bir bizdə deyil, bütün Qafqazda bu iş ye­­ni­dir. Son iki ilin müd­dətində südçülükdə sənayeləşdirmə tə­şəbbüsləri olmuşsa da, lazımi nəticələr verməmiş[dir]. 1863-cü ildən 1890-a qədər Qafqazda penir və yağ qayırmaq üçün cəmi 4 zavod açılmış və hasilatı 416 ton olmuş[dur]. Eyni za­manda Loribi cəhətində 483 ton hasilatlı 25 zavod, Axal­ka­laq­da 200 ton hasilatlı 4 zavod var idi. Şuralar Qars vilayətində 14 müxtələt zavod və Ərdəhanda 4 zavod açılmış[dır].

Yalnız 1908-ci ildən başlayaraq Gəncə vilayətində 26 ton ha­silatlı 6 zavod təmin olunur. Deməli, bütün Qafqaza nisbət Azərbaycan zavodları 6% və hasilatı etibari ilə 3% təşkil edir­di.

Bu zavodlar xüsusi mülkədarların idi və öz sürülərinin südü ilə təmin olunurdu.

Bu sahədə Azərbaycan nədən geridə qalır deyə, maraq oya­­nır. Başlıca səbəb otlaq yerinin azlığı isə, bu doğru deyil. Əli­mizdəki rəqəmlər başqa nəticələr verir. Azərbaycan qitəsi­nin genişliyi 8.582.680 hektardır. Bundan 6.502.952 hektarı kənd təsərrüfatı üçün əlverişlidir.1 Böylə geniş bir toprağa ma­lik ölkə gərək ən iləri gəlmiş və sənayeləşmiş bir kənd təsər­rü­fa­tına malik olaydı, halbuki bu yolda yeni təşəbbüslər yalnız Şura dövründən başlayır. Toprak Komissarlığı südçülüyün in­ki­şafı üçün tərtib etdiyi beşillik planında aşağıdakı binagü­zar­lıq­ları nəzərdə tutur:

1. Penir və yağ qayırmaq üçün zavodlar təsisi;

2. Yem tədarükü və süd verən heyvanat almaq üçün koope­­ra­­tivlərə pul buraxmaq;

3. Şəhərlərdə süd satmaq üçün şirkətlər təşkili;

4. Südün yaxşılaşması, ucuzlaşması, heyvanatın dölləş­mə­si üçün çalışan təftiş ittifaqlarının təşkili;

5. Süd təsərrüfatı sahəsində xüsusi təhsil quruluşu:

a) Qazaxda süd təsərrüfatı və heyvandarlıq məktəbi açıl­ma­sı;

b) dağlıq yerlərdəki fermalarda südçü və yağçı mütəxəs­sis­lər hazırlamaq;

c) xalq üçün südçülük və heyvandarlıq kursları açmaq;

6. Heyvanatın örnək üçün elmi surətdə bəslənməsi (xalqa gös­tərilməsi);

7. Yaxşı süd müsabiqəsi;

8. Çox südlü inək müsabiqəsi;

9. Mərkəzdə və qəzalarda südçülük mütəxəssisi məmu­riy­yəti təsis etmək.

Topraq Komissarlığı bu qərarlarını beşillik müddətində qüv­və­dən felə çıxararsa, məmləkət üçün böyük bir xidmət etmiş olar. Lakin işə başlamadan əvvəl xalqımızın əhval-ruhiyyəsini, elmsizliyini, hər cəhətdən geridə qalmasını nəzərdə tutmalıdır. Ən əvvəl xalqın rəğbətini qazanmağa çalışmalıdır. Olunan tə­şəb­büslərin xalqın faydası üçün yapılması hər bir fərd tərə­fin­dən dərk olunsa, inanılsa, bütün yeniliklər asanlıq ilə yola veri­lir-gedir. Bunun üçün də ilk əvvəl qəzalarda təcrübə yurdları tə­­sis edib, xalqın gözünün qabağında bütün yeni üsulları tət­biq etməlidir. Rusiyada da ilk əvvəl böylə başlanmış, biz də bu yolu tutmalıyıq. Yeni üsul vasitəsilə sağının artmasını, qayırılan penir və yağın təşkilat vasitəsilə satılıb, kəndlinin cibinə dol­ma­sını kəndli görürsə, bütün yenilikləri dörd əl ilə qavraya­ca­ğına əmin olmalıdır.

Südçülük təsərrüfatı bu gün Amerikada yüksək dərəcələrə çıxmışdır. Uzun illər təcrübəsi sayəsində südçülük təsərrüfatı sə­mərə­ləşmiş və az xərc ilə çox süd və yağ-yavanlıq əldə et­mək əksəriyyətin malı olmuş[dur]. Bu yolda Amerikadakı təc­rü­­bə­lə­rin xülasələri bizim üçün faydadan xali deyil.1

Cins. Avropada ən məşhur cinslərdən sayılan holland, cer­sey, ayrişir, şorthorn inəkləri Amerikaya gətirilib, döl tutulmuş, bu döldən vücuda gələn inəklər uzun müddət təcrübələrdən ke­çirilib yüksək dərəcələrə çıxarılmış[dır]. Cinsə Amerika bö­yük məna verdiyi üçün hər bir inək kitablara qeyd olunur və törədikcə yeni nəslin südlülüyü və südünün yağlılığı aybaay hesaba tutulur, cədvəllər hökumət müfəttişi və ya inəkçilər it­ti­faqı tərəfindən təsdiq olunur. Məhsulu ilə iləri gələnlərə nömrə verilir və məşhur inəklər siyahısına salınır. Böylə şöhrətli cins­lərdən törəyənlər baha qiymətə gedir. Döl doğru olmaq üçün buzov doğulan kibi topraq nəzarətinin məmu­runa xəbər verilir və buzovun müəyyən cinsə mənsub olduğuna dair vəsiqə alı­nır.

Azar. Tutulan döl salamat olmaq üçün inəklər və kələlər mü­ayinə olmalıdır. Mal azarlarından ən mərufu vərəmdir. Və­rəm ilə mübarizə etmək üçün müayinə edib, xəstələri sağlar­dan ayırmaq lazımdır. Ehtiyatsızlıq olarsa, xəstəlik başqalarına da düşər və bütün sürü məhv olub gedər.

(…)1)



Buzovun bəslənməsi. Bizlərdə adətən, buzovu inəyə bu­ra­xarlar. Bir az əmdikdən sonra inəyi sağarlar. Amerika süd­çü­ləri iqtisadı nəzərə alaraq buzovları qaymağı alınmış sud ilə əldə bəsləyirlər. Bəziləri bu üsula etiraz edirlər, deyirlər ki, üz­süz süddə yağ qalmır və yağ da buzovun vücuduna lazım şey­lərdəndir. Halbuki amerikalılar yağ əvəzinə buzova başqa şeylər verirlər. Buzovun vücudunda yağın vəzifəsi vücudu qız­dırmaq və bəzi üzvlərdə piyi əmələ gətirməkdir. Ucuz qiymətə ələ gətirilmiş qarğıdalı unu və kəpək də eyni vəzifəni görür. Buzovun əzələ, sümük, dırnaq, yun və sinirlərinin canlanması üçün lazım olan qazeyin və albumin üzü alınmış süddə qalır. Nəticə etibarilə anasını əmən və üzsüz süd ilə əldə bəslənən buzovlar arasında heç bir fərq qalmır.

Yeni doğulan buzovu bir neçə gün anasından ayırmaq ol­maz. Çünki əmcəkdən ilk gələn süd buzovun vücudu üçün la­zımdır, bunu əvəz eləyən heç bir şey yoxdur.

Anasından ayrı bəslənən buzovlara ilk həftə gündə 4-5 ki­lo­dan artıq süd verilməz. Bu südü də gündə iki və ya üç dəfə ver­məlidir. Buzov böyüdükcə süd artırılır, lakin 6-7 kilodan ar­tıq verməməlidir.

Buzovun bəslənməsində əhəmiyyətli məsələlərdən biri də südün hərarətidir. Bu hərarət təqribən 38 dərəcə olmalıdır. Hə­rarətə əhəmiyyət verilmədikdə buzovun mədəsi pozulur. Süd verilən qabın natəmizliyi də eyni nəticələr verə bilər.

(…)2)
Zərəsb
NEFTİN KEÇMİŞ VƏ HAL-HAZIRKI

MƏNASI
Tarixə, ötəri də olsa, bir göz gəzdirdikdə bu gün aləmşümul bir mövqe tutan neftin keçmişdə nə qədər mütəvaze bir və­ziyyəti olduğu nəzərə çarpır.

Şübhəsiz ki, insaniyyətin ən ilk dövrlərində neft insanlara mə­lum idi, lakin onun bugünkü mənası texniki mədəniyyətin yoxluğundan dərk olunmamışdı. Neftə dair ilk məlumatı yunan müvərrix və coğ­rafiyonlarından öyrənirik. Strabon Soqdi­yan­da­1 yerdən qaynayan bir yağ barəsində yazır:2 Yunan mu­vər­ri­xi Plutarx bu barədə daha da müfəssəl məlumat verir. Bö­yük İsgəndərin Babilə gəlməsini təsvir edərkən Həmədan əya­lə­tində neftə təsadüf etdiyini söyləyir. Bir uçurumdan od çıxar­mış, yaxınında bir neft gölçəsi var imiş. İsgəndərə neftin ma­hiy­yətini anlatmaq üçün Babildə saraya gedən kuçənin iki tə­rə­findən neft axıdıb yandırmışlar. Kuçənin bir anda işıqlanması müvərrixi heyrətə gətirir. Plutarxın şəhadətinə görə, İsgəndə­rin qərənalərindən biri padşahına bir təcrübə də göstərir: ha­mam­da İsgəndərə həmişə xidmət edən İstefan adlı bir çocuğu neft­ləyib, yandırırlar. Yanan çocuğu söndürmək qabil olmadığı da yunanların diqqətini cəlb edir.1

Yunanlardan daha əvvəl neft iranilərə bəlli idi. Atəşi Hör­müz­dün (işıq allahı) oğlu hesab edən zərdüştilər istiliyi beş qis­­mə ayırırdılar.

1. Bezeriçavo – yerdən və dağlardan çıxan od;

2. Vohifryana – insan və heyvanın bədənindəki hərarət;

3. Urvazista – nəbatatdakı hərarət;

4. Vazista – ildırımdakı hərarət;

5. Çpenista – ev ocağı.2

Böyləcə zərdüştilər hərarəti beş yerə bölərək hamısını biryer­də və ayrıca olaraq mehri (günəş) təqdis edirlər. Lakin el­mi olaraq istidən az istifadə olunur: neft və atəş çıxan yer­lərdə məbədlər qurub atəşin bəqasına çalışırlar. Daha bundan iləri getmirlər.

Ərəb müvərrixləri 9-10-cu əsri-miladidə İran və Qafqazı gə­zib, məbədləri təsvir və neftdən bəhs edirlər. Lakin neftin niyə işləndiyini söyləmirlər. Məşhur müvərrix Məsudi Bakıda ağ və başqa neft çıxdığını və Bakının qarşısında yanar cəzirələr ol­duğunu qeyd edir.3 Dənizdən çıxan atəş uzaq bir məsafədən görünürmüş.

4-cü əsrə qədər Şərq müəllifləri bizi maraqlandıran mə­sə­lə­yə lazımi bir cavab verməmişlər. Bu sahədə marağımızı az-çox dəf edəcək məlumatı türk səyyahı Övliya Çələbidə tapırıq. Övliya Çələbi Bakını ziyarət edərkən yerdən qaynayan neft çeşmələri diqqətini cəlb eləyir. Neft su ilə bərabər gölçələnir və şahə ildə yeddi min tümən təmin edən neft əmanəti nefti suyun yüzündən yığdırıb keçi tuluqlarında daşıtdırır. Qara neft haqqında Övliya yazır: "Siyah neft şahlıqdır ki, əcəm diyarının Özbəkistan, Hindistan, İraq, Gürcüstan, Dağıstan, Al-Osman sərhəd­lərindəki qələlərə bu qara nefti götürüb, ətraflarına çı­ra­ğan edirlər".

Övliyaya istinadən, neft ümdə olaraq işıq üçün işlənirmiş. Şahın sarayında belə neft məşəlləri qullanarmış. Bundan baş­qa, müharibə mühimmatından imiş: düşmən bir qələyə hücum edərkən neftli köhnə yorğan və əskiləri yandırıb, düşmən qo­şu­nunun ayaqlarının altına atarmışlar.1

Bu qısa tarixi məlumat neftin insanların maddi ehtiyaclarına küçük miqdarda yaradığını göstərir. Zərdüştilər onu təqdis edir­lər, lakin təqdis edəcək cəhəti bilmirlər: onun mənəviy­yat­dan artıq insanın maddi həyatına lazım olduğunu, yaşayışı yün­gülləşdirdiyini dərk etmirlər. Zərdüştilər kənarda dursun, Avropa belə 19-cu əsrin ortasına qədər neftdən lazımi surətdə istifadə edə bilməmişdir. 1857-ci ildə dünyada işlənən neftin miq­darı on min tondan yuxarı deyil idi. Bir-iki il sonra isə ehti­yac çoxalır və miqdar iki dəfə artır. Ame­rikada nefti yerdən bu­ruq üsulu ilə çıxarmaq o zamana təsadüf edir.

Yeni üsul neftin tədarükünü ucuzlaşdırır və 1865-ci ildə dün­­ya­da­kı neft tədarükünün miqdarı 366.666 tonu keçir. Get-ge­də texnikanın tə­rəqqisi artır və neftə qarşı duyulan ehtiyac əqləgəlməz qədər yük­səlir. Son illər Yer üzündə 133 milyon ton­dan artıq neft əldə edilir.

İmdi bu sahədə ehtiyacın böyüklüyünün səbəblərini arama­lıyıq.

1815-ci illərdə neftin arağı çəkilmək icad olunur. Bu üsul ilə vü­cuda gələn "fatağin" (kerasin) daha aydın işıq verir və tüstü­sü də olmur. O zaman evlərdə işlənən nəbatat yağı və şam­lar­dan ucuz əmə­lə gələn fatağin işıq üçün qullanan bütün şey­ləri meydana çıxardır.

Neftin tortusuna gəldikdə insan uzun müddət bundan isti­fadə edə bilmir. 60-cı illərdə Avropada tortodan işıq qazı çıxar­maq icad edilir və torto da faydalı bir surətdə sərf olunmağa baş­layır, lakin alimlər bununla iktifa etmirlər. Tədqiqlərində davam edirlər və nəticədə neft tortosunu buxar təsrifatına da tət­biq etməyi öyrənirlər. Gəmilər və lokomotivlər daş kömür yan­dırmaqdan əl götürüb, neftə keçirlər.

Bununla da məsələ bitmir: makinaları yağlamaq üçün neft­dən yeni bir maddə də ayırırlar. Sonra təhrikedici makinalar icad olunur, burada da neft maddələri böyük yararlıq göstərir. Dizel makinası ixtira olduqdan sonra artıq texnikada neftin qiy­məti daha da artır. Benzin, qazolin və kerosinin sayəsində av­to­mobil, sualtı qayığı, təyyarələr işləməyə başlayırlar.

Axırda dəvalar, rəng və patlayıcı şeylər qayırmaq üçün neft­dən pet­rol, talvol, fenol kibi qiymətli üç maddə daha vücuda gəti­rirlər.

Bu qədər qiymətli əczalar daşıyan neftin dünya sənayeində oyna­dığı rol göz önündədir; dəmiryollar, avtomobillər, təyyarə­lər, gəmi­lər, minlərcə makinalar neftsiz yaşaya bilmir və işlə­mək üçün hədsiz neft udurlar.

Neftə olan ehtiyacı göstərmək üçün Şimali Amerika Qoşma Cümhuriyyətinə dair bir-iki rəqəm göstərmək: Məzkur cümhu­riy­yətin rəsmi xəbərlərinə görə, 1924-cü ilin yanvar ayında cüm­huriyyətdə 1.800.000 yük avtomobili, 15.280.000 minik av­tomobili işləyirmiş. 1923-cü ildə yalnız avtomobillərin ehti­yacını dəf etmək üçün 6,65 milyard qallon (bir milyard putdan yuxarı) qazolin işlənmiş[dir]. Eyni sənədə cümhuriyyətin də­miryollarında lokomotiv üçün altı milyon ton (360 milyon put) mazut işlənmiş[dir]. Halbuki Amerika dəmir yolla­rının hələ ha­mısı neftə keçməmiş[dir]. Əgər keçərsə, dəmiryol xidmətləri qu­­rul­tayı tədqiqinə görə sənədə 3,25 milyard put mazut lazım ola­caq. Bu ehtiyacı təmin etmək üçün Amerika mədənləri kafi gəlməyəcək. Bu qədər neftin nərədən tədarük olunacağı baş­qa bir məsələ[dir], hər halda ehtiyac bu qədər böyükdür. Eyni eh­tiyacı başqa məmləkətlərdə də görürük. Sənayeləşmiş öl­kə­lərdə bu ehtiyac bir qat artıqdır. Müharibə olduqda yeni bir məsrəf də artır.

Müharibədə neftin nə qədər işlənməsinə dair də bir-iki rə­qəm göstərək. Dünya müharibəsində Fransa cəbhəsində fran­sızların 70.000 yük avtomobili, 12.000 təyyarələri var idi. Eyni fran­sız torpağında ingilislər ilə amerikanların 100.000 yük av­to­­mobilləri və 4.000 təyyarələri var idi. Meydan müharibələri əs­nasında müttəfiq­lərin sərf etdiyi qazolin və benzinin miqdarı 24 saatın müddətində 12.500 ton eləyirdi (750 min put).1

Yalnız quruda deyil, dəniz hərəkətində də neft böyük rol oy­na­mağa başladı. 1923-cü ildə bütün dünya ticarət gəmi­lə­ri­nin 22%-i neft əczalarıyla işləməkdə idi. Get-gedə bu faiz art­mada, bu ehtiyac üçün də hədsiz-hesabsız neft lazım [idi]. İştə nef­tin bu gün dünya səna­yeindəki mövqeyi odur ki, neft mə­­sələsi hər gün qəzetə sütunlarında bəhsə səbəb olur. Dün­ya kapitalistləri, onları təmsil edən Avropa və Amerika dip­lo­matları gecə-gündüz çalışmada, intriqalar çevirmə­dədirlər. Ame­rika ilə İngiltərə trestlərinin arasındakı mübarizə getdikcə şiddət kəsb edir. Müvəffəqiyyət əldə etmək üçün iki tərəf də min bir şarlatanlıq icad edir. Kapitalistlərin faydası üçün dün­yanın sülhpərvər həyatını zəhərləmək, qanlı müharibələrə sövq etmək istəyirlər.

Vəziyyətin nə şəkildə olduğunu türk oxucularına daha da aydın bir şəkildə bildirmək üçün ikinci bir məqaləyə ehtiyac duyulur. O məqalədə avropalıların "yal davası" bütün çıplaqlığı ilə meydana çıxacaq.



Zərəsb

* * *
Molla NƏsrƏddin haqqında

bir neÇƏ söz
Türkiyədə və şimal türkləri arasında Nəsrəddin Xoca adlı mə­ruf Molla Nəsrəddin haqqında əlimizdə bu gün lazımi məlumatımız yoxdur. Molla doğrudan tarixi bir şəxs olmuşmu, yoxsa uy­du­rulmuş bir simamı? Türkiyədə Molla Nəsrəddinin tarixi bir sima olduğunu ədd və Ağşəhərdəki türbəsini bir dəlil arayırlar.

Teymurləng və İldırım Bəyazid zamanıyla əlaqədar oldu­ğu­nu nəzərə alaraq, Molla Nəsrəddinin on beşinci əsri-miladinin əvvəl­lərində yaşadığı meydana çıxır. Halbuki qəbrinin üzə­rin­də yazı təzad təşkil eləyir. Yazı budur:

“Həza ət-türbə əl-mərhum əl-məğfur əl-möhtac ila rəhməti- rəbbihi əl-Ğəfur Nəsrəddin əfəndi ruhuna fatihə, 386.”1)

Bizi inandırmaq istəyirlər ki, 386-nı tərsinə oxumalıymış: qə­­bir daşındakı rəqəm zarafat üçün tərs yazılmış imiş.1

Türkiyədəki məlumatlara nəzərən Molla Nəsrəddin Ana­do­lu­­da Siv­rihasarda dünyaya gəlmiş, Ağşəhərdə vəfat etmişdir. Guya Ağ­şə­hər civarında bəzi qəsəbə və nahiyələrdə qazılıq yapmış, müdər­risliklə də məşğul olmuşdur.

Nə olursa-olsun, bu gün meydanda Molla Nəsrəddin adlı bir sima ətrafında bir çox lətifələr söylənməkdədir. Bu lətifələr ol qədər mərufdur ki, dünyanın bir çox dillərinə tərcümə olun­muş[dur].

Türk dilində ilk dəfə olaraq 1837-38-ci illərdə İstanbulda “Lətaifi-Nəsrəddin Xoca” ünvanlı [kitab] basılıb meydana çıx­mış[dır].

Şimal tatarları 1845-ci ildə basdırmışlar.2

Molla Nəsrəddinin məzhəkələri azəri ləhcəsinə çox son­ralar tərcümə olunmuş[dur]. 19..2)-cu ildə şair Abbas Müznibin farscadan tərcüməsi…………3) ünvanlı Orucov mətbəəsində basılmış[dır]. Əl’an oxucularımıza təqdim etdiyimiz ikinci tə­bidir.

Əcnəbi tərcümələrinə gəldikdə “Lətaif”i müstəşriq Malov ilk dəfə olaraq fransızcaya tərcümə edib və ikinci dəfə 1859-cu ildə basıldığını bilirik.3

Yuxarıda zikr olunduğundan görünür ki, Molla Nəsrəddin bir Şərqdə deyil, bütün dünyada mərufdur. Yalnız bir iş var ki, Molla Azərbaycandakı kibi heç bir yerdə mənimsənilib sevil­mə­mişdir. Hər söz və söhbətimizdə “Molla Nəsrəddin demiş­kən” deyir, Mollanı xatırlayırıq. Hələ iyirmi ildən bəri davam etmədə olan “Molla Nəsrəddin” məcmuəsi nəfasət məzhəkəsi ilə tarixi Mollanı birə yüz məruf etdi. Xalqımız Mollanı o qədər sevir ki, onun azərbaycanlı oldu­ğunu belə ədd edir, Cəbrail qəzasında yaşadığını belə söy­ləyirlər. Orada bu gün “Molla Nəsrəddin gədiyi” adlı yer belə var.
Yusif Vəzir
ZAKİRİN İNQİLAB ƏNDİŞƏSİ
Zakirin zamanı Azərbaycanda ticarətin inkişafına və dərə­bəy­liyin sarsmasına təsadüf edir. Çar Rusiyası sənayei pro­teqsionizm siyasəti sayəsində get-gedə yüksəlir, daxili bazar genişlənir və Azərbaycan kibi xüsusi sənayedən məhrum bir ölkə də yavaş-yavaş mərkəzin fab­rika məmulatilə dolmağa başlayır. Artıq Hacı Qaralar yerli mə­mulat deyil, fabrika malları satmağa başlayırlar. Ticarət kapitalının artması dərəbəylik təş­ki­latına böyük zərbələr vurur. “Əsil” və “nə­cib” bəyzadələr ti­ca­ri kapitala boyun əyməyə məcbur olurlar. Hey­dər bəy kibi za­dəgana mənsub bir şəxs toy eləməyə pul tapmayır və borc təmənnası ilə Hacı Qara kibi “alçaq” sinifə mənsub olan bir zatə müraciət eləyir.

Mirzə Fətəli “Hacı Qara”da bəyləri yoxsul və düşgün bir halda göstərir və səbəbini də onların çalışmamasında görür. Heydər bəyin quldurluğunu bilən naçalnik ona nəsihət edir: “Heydər bəy, – deyir, - rahat dur-otur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə”. Heydər bəy cavabında: “Naçalnik, biz də bu əmrə raqib də­yilik, amma sizə lazımdır ki, bizim kimi nəcib kimsələrə bir çö­rək yolu göstərəsiniz”. Naçalnik Heydər bəyə çörək yolu gös­tərir, deyir: “Hey­dər bəy, cüt ək, bağ becər, alış-veriş elə”. Təbiidir ki, naçalnikin nəsihəti Heydər bəyin heysiyyətinə toxu­nur. Əmək kibi “alçaq” peşəni Binazor ermənilərinə və lənbəran­lılara layiq görür.

Mirzə Fətəlinin heysiyyət deyə irəli sürdüyü məsələ qismən doğrudur: bəylər ata minib yol kəsməni, quldurluq eləməni sinfi şərəf ədd edirdilər. Lakin burada ən böyük amil bəylərin zəhmətə alışmadığından doğurdu. Zakir-Mirzə Fətəli dövrün­dən əvvəl bəylər yaxşı yaşayırdılar,keyfləri yerində idi, çünki rəiyyət bəhrə verər və biyara gedərdi. Ənənəvi “ağa deyir, sür dərəyə – sür dərəyə” şüarı rəiyyət arasında qüvvətli idi. Bəyin hökmü hər yerdə keçirdi. Odur ki, maddi ehtiyac duyulmazdı. Halbuki Zakir – Mirzə Fətəli dövrü bəyləri[ni] düş­gün­lük və böh­ran içində görürük.

Təbii o zaman varlı bəylər də az deyildi, lakin bunların da böh­ran keçirdikləri ədə­biyyata sirayət etmiş[dir]. Zakir bu təş­viş içində çarpınan varlı bəylərin nümayəndəsidir. Qocalığa dair yazdığı bir şerində Zakir maddi vəziyyətini böylə təsvir edir:


Zakirəm, türfə xiyabanilə bağım vardır,

Yatmağa-durmağa zəngin otağım vardır,

Nə qədər aş-plov yesə qonağım, vardır…
Zakir mühitin dəyişməsini duyaraq, özgə əməyi ilə toplanan bu zənginliyin baqi qalacağından şübhələnir. Cəfərqulu xan Nə­vaya yazdığı məktubunda rəiyyətin “qudurğan­lı­ğından” şi­ka­yət eləyir:

O kəslər ki, tanımazdı evladın,

İndi famil ilən çağırdır adın.

Gördü ki, bilən yox ağzının dadın

Quyruğa tən edir …lı içəlat…
Zakir rəiyyəti kirli içalata və bəyləri quyruğa bənzədir. Qiy­mət və məzmun etibarilə quyruq içalatdan yüksək olan kibi, bəyləri də oylə yüksək görür.

Hər halda Zakir nə deyirsə-desin, nə kibi nəzəriyyə yürü­dür­sə-yürütsün, bəylərin vəziyyətlərinin sarsıldığı göz önün­də­dir. Yenə eyni şerində Sarıcalı kəndinin xalqını eşşəyə, bəy­lə­ri ata bənzədir:

Sarıcalı adın gətirmə dilə,

Var imiş Xudadan, əlbəttə, belə,

Eşşək az qalıb çata mənzilə

Anı bundan sonra duta bilməz at…


Zakirin rəiyyət haqqında bu qədər kəskin ləfzlər qollandığı­nın səbəbi aşkardır: fabrika məmulatının ucuzluğu, əl sənət­lə­ri­ni bazar­dan çıxarır, kəndli məhsulunu satıb tacir yanına yü­yü­rür. İmdi əsli ağalıq zadəganda deyil, burjuaziyada toplanır. Zadəgan özü də bur­jua­ziyaya möhtacdır: mal alır, çox zaman borclu qalır, borcunu belə vaxtında ödəyə bilməyir. Çünki rəiy­yət əvvəlki faydanı verməyir. Bəyi saymazlığa başlamış[dır]. Bu dərd əsilzadə Zakiri incidir. Əvvəllər qorxusundan titrəyən kəndli imdi bəyin ağalığına inanmayır. Bu halı Zakir böyük bir kədərlə anladır:
Lağ-lağı deyildim belə, billah, keçən oqat

kəndin zənü mərdi,

Bir nəfsə əyər zərrəcə təqsir ola isbat,

yapraq tək əsərdi.

Hərgah desəydim, özünü get qayadan at,

filfor gedərdi.

Saymaz məni əknun Tükəz oğlu kimi bədzat,

çəkimmi bu dərdi?

Dünyada bu halilə dəxi mən nə qalayım,

yetməzmi bu zillət?


Zakirin zillətinin əsli səbəbi burada göstərdiyi saymamazlıq mə­sələsi deyil. Zakir iqtisadi vəziyyətinin pozulacağından təş­vişə düşür:
Tökülüb çöllərə mülkü malimiz,

Günbəgündən yaman olur halimiz.

Maşallah, gecə-gündüz valimiz

Çalır partapyan, oynayır bilyart.


Zakirin ümidi valiyədir, vali də hərcmərcliyin önünü almaq əvəzində, keyfi ilə məşğuldur.

Nəvaya yazdığı şeri məktubda Zakir bir çox xan-bəy adı sa­dalayır və deyir ki, bunlar sağ olsaydılar, “nezlik ilə həll olurdu müşkülat”.

Zakirin talesizliyindən dağları dağıtmağa iqtidarları olan bu şəxslər artıq bərhəyat deyillər. Odur ki, kədərlə yazır:

Adəm gedib, ölkə qalıbdır xali,

Qorxuram pis gələ bu işin dali.

Hanı lələ Həsən, hanı Zülfəli?

Kişilər var idi ali dərəcat…
Bu “alidərəcat” adamlar Zakirə lazım idi: onların vasitəsilə, bəl­kə də, baş qaldırmış “gədə”ləri susdurardı. Lakin bu müm­kün idimi?
İddiayə düşüb hə yetən gədə

Börkünü dik qoyub, danışır hədə.


Hər gün təsadüf etdiyi bu hədələrdən başqa, o zaman Əf­qa­nıstanda baş vermiş üsyan da, şübhəsiz ki, Zakirə fəna bir tə­sir bağışlamışdı. Bəlkə də, bütün əndişəsi o hadisədən son­ra doğmuşdur. XIX əsrin birinci yarısında ingilis ordusu Kabulu və İran qoşunu da Heratı tutmuşdu. 1842-ci ildə əfqanlar üs­yan edərək bütün ingilisləri qırdılar və işğal ordusundan yalnız bircə adam qaçıb, canını qurtara bildi. Zakir bu hadisəyə qarşı olan əlaqəsini aşağıdakı şerində bildirir:
İşlər çox yamandı, pənah Xudaya,

Görmədinmi, düşmən aldı araya,

Viran oldu Kabil, dağıldı Herat.
Böyləcə, üsyan ehtimalı qarşısında Zakiri əndişədə görü­rük. “Asa­yişi” təmin etməyə təyin olunan çar məmurları Zakirin iz­ti­rablarını təskin etməyə müstəid deyillər. Vali keyfə məşğul, mu­rov­lar rüşvətxor, bütün məmurlar şərab və kart düşgünü. Bürokratizm çar idarəsini süst və durğun bir hala gətirmişdi:
Ərzə verə bir adəmin pədəri,

Fərzəndinə olmaz zahir əsəri.

Yetmiş ildən sonra nəvvadələri

Məyər ondan tapa bir rahi-nicat.


Çar məmurlarından məyus olan Zakir ruhanilərə də ümid bağlaya bilməyir. Din[in] xüsusi əmlakı tanıyan, fəqirləri səbrə dəvət edən, zülm görənlərə axirətlə təsəlli verən bir qüvvə ol­duğunu Zakir gözəlcə bilirdi. Ruhanilər vəzifələrini bilərək din ehkamını xalq arasında nəşr etməli idilər. Halbuki Zakir bunu görməyir. Biləks, mollalar məzhəbbazlıq edərək, ixtişaşa sə­bəb olurlar. Rüşvət burada da əxlaqa hakimdir:
Hamı qavğaları bəhri-drəmi-əqmişədir

Hamı təqvaları şali-əməli-kirmani.


Böylə nümayəndələri olan bir dinin nə kimi təsiri olacağı bəli: etiqad və iman pozulmuş, ənənə yıxılmış, “gədə”lər artıq heç bir müqəddəsata baş əymək istəməyirlər.

Zakir bütün şiddətilə mollalara hücum edir:


Hərci-mərc eylədilər məzhəbi-isna əşəri,

Etdilər zirü-zəbər barəkəyi-imani.

Hər əlif-bey oxuyan adını ruhani qoyub,

Bilməz öz əbcədini, ruhə çəkər sohani.

Alimi, fazili, ustadi, müridi, mürşüd

Nə qədər görsən dövridə-sərgərdani…


Deməli, Zakir nə çar, nə də din məmurlarında nicat yolu gör­­məyir. “Türfə xiyaban ilə bağ” və “zəngin otağı” ətrafında do­ğan ən­dişələrini yox etməyə bircə çarə bilir – o da din və mil­lət ayrılığı olmadan bütün mülkədarların “yekzəban” olma­sı­dır:
Kişi dövlətinə pasiban gərək,

İşarə anlayan, söz qanan gərək,

Bu devridə adəm yekzəban gərək,

Ərməni, müsəlman, tərəkəmə, tat.


Dərin dindar, mötəqid şiə Zakirin ağzından çıxan bu bey­nəl­xalq “yekzəbanlıq”da heyrət yeri yoxdur: zadəgan mənafei bunu tələb edir. Zakir eyni dindən olan “gədələr”ə hücum et­məyirmi? Çar-mül­kədar hökumətinə qarşı üsyan edən ləzgilər müsəlman deyildilərmi? Zakir silaha sarılıb, “müsəlman” ləzgi­lərlə müharibəyə getmədimi?..

Əsərlərini tədqiq edərkən, Zakir acı əndişəli bir zadəgan şairi sifətilə qarşımızdan keçib gedir.


Yusif Vəzir



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə