Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
505
fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə
alaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Əlbəttə, belə bir Mərkəzin yaradılması
multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi
müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu göstərirdi.
LİDERLİK ÜSLUBLARI
Novruzov B.M.
Sumqayıt Dövlət Universiteti
Liderlik nadir idarə etmək keyfiyyətidir. M.Vudkok və D.Frantsisin fikrincə liderlik - insan və başqa
resurslardan müəyyən nəticə əldə etmək üçün istifadə etmək qabiliyyətidir.Liderliyə müasir baxışlar
idarəetmə üslubunun tabelikdəki konkret işçiyə uyğun olaraq dəyişdirilməsindən ibarətdir. Birinci növbədə
bu suala cavab vermək lazımdır. Bu şəxslə münasibətdən məndən hansı idarəetmə üslubu tələb olunur?
Müasir menecement nəzəriyyələrinə görə yaxşı menecer mürəkkəb situasiyalarda idarəetmə tələblərinin
qoyuluşunu öyrənir və onlara uyğun olaraq yüksək səviyyədə idarəetmə üslubunu həyata keçirir. Empirik
idarəetmə nəzəriyyəsinə görə idarəetmə davranışının 4 üslubunu göstərmək olar:
1.Göstəriş vermək. Məsələlərin həllini rəhbər diqqətlə izləyir, təlimatlar verir , baş verən hadisələri
detallarına qədər dərindən öyrənir. Tələbata cavab verməyən iş tezliklə aşkara çıxarılır və məsul şəxslərə
göstərişlər verilir. Lider öz istədiyini dəqiq izah edir və şəxsi ustalığını artırmağa fikir verərək işin
yaxşılaşdırılmasını tələb edir. Bu cür üslubu işi bilməyən və öyrənmək istəməyən şəxslərə və qruplara qarşı
tətbiq etmək daha yaxşıdır. Yeni işçilərə yaxud « perspektivsiz » bölmələrə bu cür yanaşma özünü doğruldur.
«Perspektivsiz» dedikdə müəyyən təcrübəsi olsa da köhnə düşüncəni dəyişdirməyə qabil olmayan yaşlı
kadrlar nəzərdə tutulur. 2.Şöhrətləndirmə. Bu üslub ondan ibarətdir ki, lider təşəbbüskar kimi çıxış edir, cari
işlər üzrə göstəriş, təlimat verməkdə və nəzarətdə çox fəaldır. Ünsiyyət ən vacib element olduğundan lider
adamlarla tanışlığı və əlaqələri genişləndirməyə can atır. İşçilərin bir başa iştirakı ilə nümunəvi iş formalaşır.
Nümunəvi işə uyğun konkret işlər müzakirə olunur və bütün təşkilat üzrə işlər əlaqələndirilir.
Bu cür üslubu az-çox işə uyğunlaşmış, müəyyən vərdişləri xəz edən, lakin tam peşəkarlığa yiyələnmiş
qruplara və şəxslərə tətbiq etmək özünü doğruldur. Belə qrupların üzvləri öyrənməyə can atırlar, lakin öz
işlərinin üzərində daha çox çalışmalıdırlar. Bu cür yanaşma keyfiyyət və əmək məhsuldarlığı problemlərini
həll etməyi bacarmayan qruplara münasibətdə də özünü doğruldur. Rəhbər tərəfindən nəzarətin və
təlimatların olması işçilərin qabiliyyətini artırır.
Yaxşı nəticə aşağıdakı hallarda əldə edilir:
1.Siz hər kəs üçün öz vaxtınızı sərf etdikdə;
2.Ümumi maraqları aydınlaşdırdıqda;
3.Fərdi xarakterlərə qiymət verdikdə;
4.Tabelikdəkilərlə intensiv ünsiyyətə can atdıqda;
5.Əldə olunan yüksək nəticələrə görə qürur hissini yaydıqda
6.Zəruriyyət yarandıqda əmrlər verdikdə;
7.İşin müəyyən edilmiş nümunəvi işə uyğunluğunu izlədikdə;
8.Nümunəvi işi saxlamaq üçün lazım gəldikdə cəza tətbiq etdikdə;
9.Müsbət davranışı mükafatlandırdıqda;
3.İdarəetmədə iştirak etmək. Bu zaman rəhbər qrupların mənəvi vəziyyətinin yaxşılaşdırılmasına
çalışır, şəxsi münasibətlərin inkişafında fəallıq göstərir, işçilərdə əlaqəlilik hissini həvəsləndirir, adamlarda
öz problemlərini özü həll etmək cəhdləri formalaşır və əmrlər minimum sayda olur, lakin yeri gəldikdə
rəhbər lazımi əmrlər verir. Bütün vacib məsələlər işçilərə tam həcmdə izah olunur, müəssisənin işində daha
çox payı olan işçiləri lider həvəsləndirir. Bu cür üslub baza vərdişlərindən əlavə olduqca yüksək peşəkarlığa
malik işçilərə və qruplara yanaşmada özünü doğruldur.Belə kollektivlərin inkişafı iş prosesində məsuliyyət
payının artırılması və kollektivdə yaxşı mənəvi iqlimin qorunması ilə bağlıdır.
4. Səlahiyyətlərin ötürülməsi. Lider axırıncı ehtiyat kimi çıxış edir. Görülən işin əsas hissəsinə qrupun
ayrı-ayrı üzvləri nəzarət edir. Onların səlahiyyətinə gündəlik yoxlama və nəzarət aiddir. Bu cür üslub yüksək
səviyyədə peşəkar olan və öz güclərini yaxşı işə sərf etməyə can atan şəxslərə və qruplara yanaşmada tətbiq
olunur. Bu cür şəraitdə idarəetmə öz təşkilatına məsuliyyətlə yanaşan və pozitiv münasibətli adamlar
tərəfindən həyata keçirilir. Bu cür rəhbərliyə xas olan üsluba aşağıdakılar aiddir: məqsədlərin
aydınlaşdırılması və onlara münasibətdə razılıq əldə edilməməsi; əgər sizdən xahiş etsələr kömək edin;
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
506
başqalarının işlərinə qarışmaqdan çəkinin; xahişlərə ciddi reaksiya verin. Qeyd etmək lazımdır ki, yaxşı lider
qrupun daha yüksək səviyyəli məsuliyyət və səriştəlilik istiqamətində inkişafına kömək edir. Praktiki olaraq
daha yüksək yetkinlik səviyyəsinə çatmaq üçün bütün qruplara kömək etmək və onları həvəsləndirmək
mümkündür. Nəzarət və təlimatları azaltmaqla qrup üzvlərinin davranışını izləmək lazımdır ki, onlar
özlərində məsuliyyət hiss etsinlər və öz işlərini yaxşı yerinə yetirsinlər.Liderin qəbul etdiyi üslub bir sıra
amillərdən asılıdır, lakin onun üçün şəxsi bütövlüyü qorumaq vacibdir və o, özünü həmişə, hamı üçün yaxşı
adama çevirməlidir.İşçi qrupunda liderliyin funksiyası öz fərdi üzvlərinin güclü tərəfləri haqda ümumi bilik
əldə etməkdir. Buna görə də yeni vəzifə və tələblər meydana çıxdıqda lider dəyişə bilər. Dar düşüncəli
rəhbər öz rəhbərlik və nəzarət imkanlarından əl çəkməmək xətrinə belə müsbət prosesi ləngidə bilər. Ona
görə də formal rəhbər öz hüquq və vəzifələrinin bir hissəsindən imtina etməklə işə daha çox xeyir verə bilər.
GEYİMİN LAYİHƏLƏNDİRİLMƏSİNDƏ BƏDİİ SİSTEM ANLAYIŞI
Nuruzadə S.C.
Azərbaycan Dövlət İqtisad Universiteti
Bədii layihələndirmə fəaliyyəti müxtəlif təyinatlı böyük geyim assortimentinin yaradılması ilə məşğul
olur. Bu, fərdi zövqlük, dəbin istiqamətinin, sənayenin istehsal imkanlarını ödəməyin zərurətini nəzərə alan
formaların işlənməsinə müxtəlif yanaşma tələb edir. Bu sahədə mövcud olan problemlərin həlli yalnız o
zaman mümkündür ki, geyim və ona olan əlavələr bir bədii sistem kimi layihələşdirilsin. Sistem
(hadisələrdən ibarət bütöv mənasını verən yunan sözüdür) – elementlər tərkibini (məsələn, komplekti,
ansamblı, kolleksiyanı təşkil edən əşyalar) və onlar arasında əlaqələr xarakterini müəyyən edən
nizamdır.Bədii sistem, sistemin ümumi cəhətlərindən əlavə, emosional təsirə malik bir prosesdir. Bədii
sistemin əsas əlaməti yaradıcı prosesin – kompozisiyanın olmasıdır. Bu zaman geyim, ayaqqabı, əlavə
modelləri əgər bu əlamətə malikdirlərsə, onlar bədii əsər hesab edilə bilər. Bu, və ya digər bədii sistemin
bədii qurmada istifadə olunması sənayedə, sərgilərdə, dəb jurnallarında yaradılan layihə və modellərin
həyata keçirilməsi xüsusiyyətləri ilə şərtlənir. Bədii sistemin hər növünün xarakteristikası layihələşmə
prosesinin konkret olaraq qarşıya qoyduğu vəzifələr və tələblərlə, yaradıcı əməyin mürəkkəbliyi və həcmi ilə
müəyyən olunur. Bədii layihələndirmə fəaliyyətində bir sıra məmulatların bədii sistemdə birləşməsinə
formanın ümumi, oxşar əlamətlərinin əmələ gəlməsi (ümumi təyinat, materiallar, bəzək, konstruksiya və s.)
vasitəsilə nail olunur. Geyim assortimentinin müxtəlif formalarını səciyyələndirən ən vacib əlamət onların
üslub həllərinin növləridir. Geyim forması onun əsas hissələrinin, detallarını, bəzəyini təşkil edən nəticənin
tərtib olunmasıdır. Geyimdən alınan təəssürat onun həcm formalarının kompozisiya həlli, nəticə etibarilə,
onun cizgilərinin, yəni biçim və bəzəklə yaradılan konstruktiv və dekorativ xətlərin xarakteri ilə müəyyən
olunur. Öz üslub həllinə görə geyim formalarını üç əsas qrupa (makro – üsluba) ayırmaq olar: klassik (ciddi)
üslublu geyim, idman üslublu geyim və “fantaziya” üslublu geyim. Klassik üslublu geyim işgüzarlıq, nəzərə
çarpan ciddilik və formaların səliqəliliyi, detalların azlığı ilə xarakterizə olunur. Belə geyimdə dekorativ
bəzək demək olar ki, yoxdur. Bu geyimdə hər şey səmərəli olmalı və müəyyən təyinata uyğun gəlməlidir.
Klassik üslublu geyimin nisbətləri insanın bədən quruluşunun təbii nisbətlərinə uyğun olur. Geyim
formasının əsas bölgüləri bədən quruluşunun təbii bölgü yerlərindən keçir. Geyimdə bel xətti fiqurun bel
xətti ilə üst – üstə düşür, qol xətti qola bədənin birləşdiyi yerdə, boğazlıq xətti boyunla bədənin birləşdiyi
yerlə üst – üstə düşür. Forma xətləri bütövlükdə və detallarda sadə və yığcamdır.İdman üslublu geyim insan
hərəkətdə olarkən onun rahatlığını təmin edən forma sərbəstliyi ilə səciyyələnir. Eyni zamanda insanın bədən
quruluşunun səliqəliliyi, biçimliliyi, qədd – qaməti nəzərə çarpdırılır. Qol biçimi müxtəlifdir: onlar reqlan,
bütöv biçimli, quraşdırılmış ola bilər. Qadın kostyumunda müxtəlif uzunluq və formada şalvarlar istifadə
olunur.İdman üslublu geyim üçün aşağıdakı elementlər səciyyəvidir: üstdən qoyma qapaqlar, kəmərciklər,
tikişlər, koketkalar, mancetlər, müxtəlif bükmələr və s. Müxtəlif yardımçı materialları da diqqət yönəldilir.
Trikotaj, dəri, təbii və süni xəzlə bəzəkdən istifadə olunur. Forma bölgüləri və dekorativ və konstruktiv
xətlərin kompozisiya həlli sadə və aydın olmalıdır. “Fantazi” üslublu geyim formaların özlərinin və
detallarının çox çeşidliliyi, mürəkkəb biçimi, bəzəyin dəbdəbəli olması (şəbəkə, çəki işi, xəzlər) ilə fərqlənir.
Forma bölgüləri qeyri–adi, o cümlədən qeyri–simmetrik ola bilər. Xətlərin, detalların kompozisiya həlli
dekorativ, “canlı” verilir, konstruktiv xətlər nəzərə çarpdırılmır.Hər bir “makro üslub” daxilində çoxlu
üslublar var. Onlarda öz növbəsində «mikroüslubları» özündə ehtiva edə bilir. Məsələn, idman
makroüslubuna aid edilə bilən “militari” (hərbi) üslubu daxilində “hərbi – dəniz”, “təyyarəçi”
mikroüslublarını ayırd etmək olar. Romantik üslubu “fantazi” makroüslubunun bir elementi kimi nəzərdən