141
də böyük fərqliliyə dayanmayan mətn lakin sistem baxımından,
daha doğrusu şeir kanonlarının sabitləşməsi mənasında böyük
zamanlara bağlanır. Bunun isə tarixi onilliklərlə, yüzilliklərlə
deyil, minilliklərlə müəyyənləşir. “Dədə Qorqud” keçmişlə
gələcək arasında əvəzsiz mədəniyyət körpüsüdür. S.Vurğun
“Gələcəyin toy-bayramı” şeirində yazır:
Bizim Odlar ölkəsi də mahnısını deyə-deyə,
Öz şeirinin nəfəsilə yaşayacaq o zaman da;
Dədə Qorqud dediyimiz min bir yaşlı bir ozan da,
Qoca vaxtı öz sazını sinəsinə basacaqdır,
Bütün xalqlar və tayfalar ona qulaq asacaqdır.
O açacaq dəniz kimi tükənməyən ağılını,
Söyləyəcək öz yurdunun qəhrəmanlıq nağılını. (92, 54).
“Kitabi-Dədə Qorqud” dastanları heç nə ilə müqayisə
oluna bilməyəcək mədəniyyət abidəsidir. Onun işığı
bütünlükdə türk xalqlarının ədəbiyyatı, mədəniyyəti, tarixi
boyunca səpələnir. Bu bədii düşüncə üçün etalondur, bədii
mükəmməlliyin nümunəsidir. Bəzən içimdə bir duyğu baş
qaldırır ki, görəsən bədii kamilliyin mümkünlüyü hansı meyar
və prinsiplə ölçülə bilər. Ümumiyyətlə, bunu nə ilə
reallaşdırmaq olar? R.Rza vurğulayırdı ki, ən böyük xoşbəxtlik
ana dilinin ən gözəl nümunəsini yaratmaqdır. Elə ən gözəl
nümunə də məhz özlüyündə bədii kamilliyə gəlib çıxır. Bizim
bayatılarımız, nəğmələrimiz, xalqın bağrının başından qopanlar
elə bədii kamilliyin nümunəsi olaraq tarixin ayrı-ayrı
səhifələrinə səpələnmişdir. “Kitabi-Dədə Qorqud” dastanları
əzəməti, mətn simmetriyası arxitektonik sistemi ilə buna
nümunədir. Bunun əzəməti insan ağlının nələrə qadirliyini,
142
xalqın nə qədər zəngin və ilahi bədii düşüncəsinin olduğunu
deməyə əsas verir. Ona görə də bu ilahi bir gücün vəziyyəti,
dünya sivilizasiyasına böyük töhfələr vermiş etnosun
varlığının, böyüklüyünün ifadəsi kimi görünür. “Kitabi-Dədə
Qorqud”a qədər olanlar bir mədəniyyət, ədəbiyyat, yaddaş layı
kimi örtülü qalır. Ancaq hansısa xoş məqamın, anın nəticəsində
itib-batmadan xilas olan bu abidə bizə bütün baxış
bucaqlarında fikir yürütməyə fakt və imkan verir. S.Vurğun
“Vaqif, ey şeirimin könül dastanı” deyir, ancaq Vaqif təkcə
S.Vurğun şeirnin könül dastanı olmayıb bütünlükdə möhtəşəm
Azərbaycan şeirinin könül dastanıdır. Bu dastan min illər boyu
ozanların sinəsində dil açan qopuzdan, sonrakı yüzilliklərdə
məclislərin bəzəyinə, xalqın ruhunun qorunuşuna çevrilən
sazdan öz qaynağını götürür. Xalq şairi H.Arif babalar, gəlinən
yol timsalında ciddi ümumiləşdirmələr apararaq yazırdı:
Qurbanı, Abbası, Əmrahı anıb,
Kərəmlə alışıb, Dilqəmlə yanıb,
Tütəklə uyuyub, sazla oyanıb,
Kamanla dil açıb ötdü babalar (7, 76).
Bu mətn özlüyündə böyük bir tarixi, aşıq yaradıcılığının
ustad sənətkarlarından Qurbanini, Abbas Tufarqanlını, Aşıq
Əmrahı, Dilqəmi sadalamaqla ciddi bir zənginliyi ifadə edir.
Mətnin verdiyi informasiya geniş mənada bütünlükdə aşıq
yaradıcılığını, ustadların yaratdığı zəngin mədəniyyət fondunu,
onun poetik sisteminin mükəmməlliyini bir istiqamətdə
xatırladırsa, digər baxımdan musiqilik anlamında tütək, saz,
kaman haqqında arxaik yaddaşı hərəkətə gətirir. Xalq şairi
Z.Yaqub “millətimi saz anladar, saz anlar, saza baxsın tariximi
143
yazanlar” deyirdi. Bizə belə gəlir, bəşər sivilizasiyasında sənət,
bədii söz anlamında ilkin düşüncə formalaşanda, ilkin
nümunələrin yaranışı başlayanda bu torpaqlarda elə qopuz, saz
anlamında olan bir musiqi alətinin və onun ifadəsi üçün
nizamlanan şeirin mövcudluğu öz başlanğıcını götürmüşdür.
Azıxantropun, qədim insanın işarələdiyi tarix, bu ərazidən çənə
sümüyünün tapılması, aşağı paleloit (şelləqədərki, şel və aşel),
orta paleolit (mustye) dövrlərinin mədəniyyət nümunələrinin
verdiyi informasiya, eləcə də Quruçay, Aveydağ, Damcılı
mağaralarında tapılanlar ilkin inkişafın mənzərəsi haqqında
təsəvvür yaradır və milyon, milyon il yarımlıq zamanla
müəyyənləşir. Burada digər məsələ də ortaya çıxır, belə ki, bu
mədəniyyət, tapıntılar elə başlanğıcdan zənginliyi, uğurlu
başlanğıcın olmasını deməyə əsas verir. Biz Dədə Qorqud
haqqında danışanda və ondan əvvəlki zaman haqqında
təsəvvürlərimizi ortaya qoyanda bir qənaətə gəlirik ki,
ikiçayarası mədəniyyətin ən uğurlu nümunələri, inkişafın ilkin
təzahürü məhz bir istiqamətdə bu ərazilərlə bağlanır. Ona görə
də bu gün fərqli baxışlara, fikir ayrılıqlarına səbəb olan
məsələlərdə mahiyyətə köklü şəkildə yanaşma ən uğurlu
olandır. T.Hacıyev “Kitabi-Dədə Qorqud” və dastan
müstəvisində məsələlərə diqqət yetirərək qəhrəmanlıq tarixi
kontekstində xüsusi olaraq vurğulayır: “Dastanşünaslıqda belə
bir fikir var ki, qəhrəmanlıq dastanı xalqın tarixinin şifahi
dərsliyidir. “Dədə Qorqud” qəhrəmanlıq dastanıdır. Ancaq o,
Şumer dastanları kimi, bizə tarixin dərinliyindən yazılı şəkildə,
kitab halında gəlib çatmışdır”. (43, 3). Bu kitab şəklində gəlib
çatan möhtəşəm abidə bizə tariximiz, ədəbiyyatımız,
mədəniyyətimiz, dilimiz üçün nə varsa hamısını lazımı qədər
dolğun və aydın şəkildə çatdırır. Ona görə də XVIII əsr
144
Qarabağ ədəbi mühiti kontekstində bütün məsələləri, bədii
inkişafın texnologiyalarının hansı istiqamətə yönlənməsini
aydınlaşdırmaq üçün zəngin fakt bolluğu vardır. Azıx
mağarasından, Quruçay mədəniyyətindən bizə çatanlarla “Dədə
Qorqud kitabı”nın dedikləri qarşımızda ciddi bir mənzərə
yaradır və fundamental mədəniyyətin təhlili üçün əsasa çevrilir.
Əlbəttə burada türk dastan yaradıcılığının möhtəşəm abidə-
lərindən “Oğuz Kağan”, “Manas”, “Alpamış”, “Corabatır”,
“Edige”, “Koroğlu” və sairənin verdiyi informasiya, daşıdığı
məzmun daha qədimləri, insanın toplum, qədilə, tayfa
birliyindən başlamış, xalq, millət düşüncəsinə qədər bir
zənginliyi və inkişafı əhatə edir. Burada olanlar bütün
vəziyyətlərdə qəhrəmanlığa bağlanır və onun timsalında şərh
olunur. Onu da əlavə edək ki, “heç bir xalqın qəhrəmanlıq
dastanında onun tarixi Azərbaycanın müəyyən dövr tarixinin
“Dədə Qorqud kitabı”nda verildiyi qədər canlı, mötəbər və
dəqiq əks olunmur. Beləliklə, bu tarix nəsildən-nəsilə yazılı
şəkildə ötürüldüyü, bizə kitab kimi gəldiyi üçün haqqımız var,
deyək ki, Dədə Qorqud qəhrəmanlıq dastanı tariximizin yazılı
dərsliyidir, ilk dərsliyidir.
Bu dərslik millətimizin tarixi-etnoqrafik damğası və ailə-
əxlaq məsələsi sayılır. Bu dərslik qəhrəmanlıq salnaməmizdir,
həm də bədii ədəbiyyatımızın yazılı başlanğıcıdır, “ədəbiyyat
belə olar” təsdiqinin təsdiqidir, bədiiliyin kamillik örnəyidir”
(43, 3). Burada vurğulanan və lazımı qədər diqqəti cəlb edən
dilimizin qədim gözəlliyi məsələsidir. Həmin gözəlliyin
möhtəşəm nümunələri “Kitabi-Dədə Qorqud”, “Koroğlu”,
“Qurbani”, “Abbas və Gülgəz”, “Tahir və Zöhrə”, “Əsli və
Kərəm”, “Arzu və Qənbər”, “Aşıq Qərib”, “Əmrah”, “Valeh və
Zərnigar”, “Seydi və Pəri”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”,
Dostları ilə paylaş: |