78
Dekartın
fikrincə, ağıllı davranış üçün iki şey kifayətdir –
həqiqətin dərk edilməsi və ondan faydalı şəkildə istifadə
edilməsi.
Eyni zamanda hər bir insanın əxlaqi azadlığı mövcud
təbii və sosial şərait ilə məhdudlaşır. İnsan gərək unutmasın ki,
o, böyük bir bütövün, yəni kainatın bir hissəciyidir. O, şəraiti
olduğu kimi qəbul etsə, hər bir vəziyyətin yaxşı, faydalı tərəfini
də görə bilər. Əxlaqlılıq elə ondan ibarətdir ki, insan əbədiyyəti
düşünsün, öz taleyini alın yazısı kimi qəbul etməklə ondan
razılıq etsin. Tədqiqatçılar hesab edirlər ki, Dekartın əxlaqi
ideyaları özündə stoisizmi, epikürçülüyü və skeptisizmi
birləşdirir. İnsan eyni zamanda təbiətin bir hissəsi olaraq ona
qarşı durur. İnsan təbiətin üzərində ucalmaq üçün gərək özündə
abstrakt-məntiqi xüsusiyyətlər formalaşdırsın. Onun həyat
mübarizəsində arzular və maraqlar heç də onu xoşbəxt etmir,
əksinə, bu onun üçün bir təhlükədir. İnsan həmişə özü üzərində
qalib gəlməyə çalışmalıdır. Dünyanı yox, özünü dəyişdirmək
daha asandır.
Həmin dövrdə Qərbi Avropada bu barədə yazıb –
yaradanlar sırasında digər maraqlı tədqiqatçıların adlarını da
qeyd etmək olar: A.Şeftsberi, F.Hatçeson, B.Mandevil və s.
Sensualizmdə naturalizm mövqeyindən belə bir fikir
əsaslandırılırdı ki, əxlaq, insanın təbii tələbat və arzularının
sosial mühitdə necə qarşılanmasından asılı olaraq mənəvi
dəyərlər şəklində formalaşır. Əxlaqın inkişafının tarixi
mərhələləri var.
3.6. C.Lokkun əxlaqi ideyaları
Belə bir mövqedən ingilis filosofu
C.Lokk (1632-1704)
çıxış edirdi. O, əxlaqi ideyaları öz pedaqoji əsərlərində izah
etməyə çalışmışdır. Onun məşhur əsərləri – “Təlim haqqında
bəzi fikirlər” (1693) və “İnsan zəkası haqqında mühakimə”dir.