25
Nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir. Əvvəllər onun üzünə
qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir:
Coşdu qurd gönündən olan nağara,
Dünyanın beynini gətirdi zara.
Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq
nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, “döyəcləmək”, “t aqqıldatmaq”
mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki
yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa
üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif
tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində,
xalq oyunu tamaşalarında, eləcə də “ Cəngi”, “ Yallı” və bu növ rəqslərdə qoltuq
nağaradan istifadə edilir. Sağanağı qoz, ərik və müxtəlif növ ağac materiallarından
hazırlanan silindrik formalı qoltuq nağaranın hündürlüyü 350-360 mm, diametri 300-310 mm-dir.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və
funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı “ cürə” (kiçik) sözü də bu
mənanı verir.
Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud
qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni
olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla
səsləndirilir.
Diametri 300-320 mm, hündürlüyü 340-360 mm-dir.
Böyük nağara (Kos)
Bəzi regionlarda “ toy nağarası”
da adlandırılır. Diametri başqa nağaralardan xeyli böyükdür.
Böyük nağara heç vaxt tək səsləndirilmir. Əksər hallarda cürə nağara ilə birlikdə
ifa olunur. Texniki imkanları başqa nağaralara nisbətən məhduddur. Böyük ölçülü kos
nağaralar unudulsa da, onların bir qədər kiçildilmiş forması hazırda zurnaçılar
dəstəsində istifadə edilir. İki ağac toxmağı alətin hər iki üzünə zərbə vurmaqla
səsləndirilir. Bu növ nağaralardan yalnız açıq havada istifadə edilir.
Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır.
Diametri 400- 450 mm, hündürlüyü 500-550 mm-dir.
Qoşa nağara
Xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa
nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən “qo şa
dumbul” da deyilir.
Bu alətin hazırlanmasında əvvəllər gildən, sonralar isə ağacdan və metaldan
istifadə olunmuşdur. Üzləri dəvə, dana və yaxud keçi dərisindən hazırlanaraq metal
burğular ilə gövdəyə bərkidilir. Həmin burğuların vasitəsi ilə alətin köklənməsi də
təmin olunur. Alət yerə və yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac toxmaqla
çalınır.
Qoşa nağara fərdi şəkildə hazırlandığı üçün ölçüləri müxtəlifdir. Əksər
hallarda hündürlüyü 300-330 mm, böyük gövdəsinin diametri 240-280 mm, kiçiyinin isə 110-140 mm olur.
Milli musiqinin folklor nümunələrində, o cümlədən orkestr və ansambllarda istifadə edilir. Özünə məxsus səs
tembri olan qoşa nağara solo aləti kimi nadir hallarda səsləndirilir.
Qaval
Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin
əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını
26
dövrümüzə qədər saxlaya bilmişdir.
Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Bir çox
Şərq
ölkələrində, məsələn, Orta Asiya xalqları arasında qavalın müxtəlif ölçülü növləri geniş yayılmışdır.
Qaval bütövlükdə membranlı alət olsa da, onun idiofonlu alətlərə məxsus əlamətləri də vardır. Onun
sağanağından asılmış metal halqalar, bəzi hallarda dörd kiçik zınqırov, silkələnərək təkrarolunmaz səs tembri
yaradır. Qaval Ü.Hacıbəyov tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət
kimi daxil edilmiş, onun ilk not partiyasını da bəstəkar özü yazmışdır.
İfaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir. Geniş ifaçılıq
imkanlarına malik olan bu alətdə trel, tremola, mordent və başqa çalarlar almaq
mümkündür. Rəng, dəraməd, təsnif və zərbi muğamların üçlük tərəfindən ifası zamanı
qavalın iştirakı mütləqdir.
Qoz ağacından hazırlanmış sağanağın içəri hissəsinə çevrəsi boyu 60-70 ədəd
xırda mis halqalar bərkidilir. Üzünə xüsusi üsulla aşılanmış nərə balığının dərisi
çəkilir. Balıq dərisi nazik və şəffaf olduğundan onun səs tembri olduqca məlahətlidir.
Eni 60-75 mm, diametri 350-450 mm olur.
Dəf
Milli musiqi mədəniyyətinin tarixi inkişaf mərhələsində özünə məxsus rolu olmuş zərb çalğı alətlərindən
biri də dəfdir. Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Xaqani Şirvani dəf barədə
belə yazır:
Bir dəf vuran ustanı gör,
Səf-səf duran heyvanı gör,
Dəfdə şikaristanı gör,
Bir-biri ilə cəng arar.
Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-
dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri
olmuşdur.
Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da
idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri
250-260 mm, sağanağının qalınlığı 45-50 mm-dir. Hazırda nadir hallarda istifadə olunur.
Dümbək
Qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. Orta əsrlərdə Azərbaycanda
geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda
istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. Bir üzünə dana və yaxud keçi
dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən
hazırlanır.
Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə
malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.