MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə34/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   30   31   32   33   34   35   36   37   ...   106

_____________Milli Kitabxana______________

Alıb Leyli sorağını tozundan karivanın mən,

Məni Məcnun kimi tozlar içində bisipər etdin.

Nə atəşpara idin könlümün iksiri, şimşəklə

Paxır tutmuş misi sən döndərib bir anda zər etdin.

Bütün aləmdə indi, Şəhriyar, şerin sevilmişdir,

Olub şeyda qocaldıqca, sözünlə çox hünər etdin.

AŞİQİN GİLEYİ

Sənin hicrində elə yandı könül, can, sorma,

Məni bir atəşə yaxmış ki, bu hicran, sorma.

Giley etdikdə sənə, üz çeviribsən məndən,

Gileyim var nə qədər səndən, a canan, sorma.

Oldu Kənan ayı Misrin o gözəl taxtı sənin,

Qismətim oldu mənim külbeyi-əhzan, sorma.

Sərvi-nazım, belə naz ilə çəkilsən, getsən,

Çəkmərəm əl ətəyindən sənin asan, sorma.

Eşq dəryası mənə sahili göstərdi əzəl,

Ömrümü verdi yelə sonra bu tufan, sorma.

Düz deyib əql ki, mən sığmaz idim bir qabığa,

Sındırıb qəlbimi ol püsteyi-xəndan, sorma.

Bu səsi ləli-ləbin məncə halaldır, gözəlim,

Gül dodağındı sənin dərdlərə dərman, sorma.

Göyə pərvaz eləmək şövqü gəlibdir səndən,

Boyuna olmuş o bir sərvi-xuraman, sorma.



_____________Milli Kitabxana______________

Eşq dəftərçəsinin xətti olur şövqi-ümid,

Qəm-kədərlə ona gəlmişsə də payan, sorma.

Şəhriyar, gəz bu qara telli gözəllərdən uzaq,

Eşqdən oldu könül öylə pərişan, sorma.

MƏHƏBBƏTƏ GƏLMİŞ AYÜZLÜ

Nə oldu ki, yenə də yadi-aşina etdin?

Yaxınlıq eyləməyin əhdini bina etdin.

Küsüb həmişə cəfa eyləmək şüarın idi,

Nə oldu, mehrə gəlib sən bizə vəfa etdin?

Mənə cəfa eləyəndə, sənə vəfalı idim,

Görəndə mehri-vəfa, sən yenə cəfa etdin.

Gəl, ey gözəl, mənə namehribanlıq etsən də,

Səfa gətirmək ilə məclisi səfa etdin.

O gözlərin ki baxır naz ilə, gözəl canan,

Sənə deyən tapılarmı nə macəra etdin?

O sərvi-qamət ilə, sərvinaz zülfün ilə

Əyib mənim belimi, halımı fəna etdin.

Mən ahu gözlərinə canımı desən, verrəm,

Sən isə, ahu gözəl, xəttimi xəta etdin.

Əgər cahanın işi keçməsə muradım ilə,

Gələndə sən bizi şadlıqla aşina etdin.

Mənim bu canıma min dərd göndərib, canan,

Gələndə dərdlərimə ən gözəl dəva etdin.

Xəzinədan sən oldun mənim qəzəllərimin,

Bu Şəhriyarı - könül şahmı gəda etdin.



_____________Milli Kitabxana______________

HİDAYƏT ÇIRAĞI

Yatıbdı fitnə, itirmə bu fürsəti, ey dost,

Çatıbdı növbə, edək ünsü ülfəti, ey dost

İtirmə fürsəti, olsan fərasət əhli əgər,

Ki, fitnə məhv eləyir bir də fürsəti, ey dost.

Ürəkdən indi gülə, sərvə, laləyə yanıram,

Təbiətin bağı görmüş çox afəti, ey dost.

Təəssüf eyləməyirsən məgər gedənlər üçün?

Bilək biz indi qənimət bu söhbəti, ey dost.

Cahan tikanlığının varsa bir ətirli gülü,

Odur məhəbbət! Əziz tut məhəbbəti, ey dost.

Deyəndə düşmən əgər, bağla dostunun əlini,

Uyub ona gəl itirmə mürüvvəti, ey dost.

Fələk həmişə biriyçin edirmi dövr məgər,

Dəyirmanunda onun vardı növbəti, ey dost.

Verir qəzanın əli bizlərə gülü, tikanı,

Görək nədir qədərin indi qisməti, ey dost.

Xəzanı seyr elə bir, gör o xatiratı açan

Əcəb açıbdı bu gün lövhi-ibrəti, ey dost.

Cahanın işlərini bilmək istəyirsən əgər,

Dal indi seyrə xəzani-təbiəti, ey dost.

Tutubdu qəlbi, gözü qəflət uyqusu necə gör,

Oyaqların gözü görmür həqiqəti, ey dost.

Qüsuru varmıdı bəxtin, yox isə himmətimiz?

Kömək edər bizə bəxt görsə himməti, ey dost.



_____________Milli Kitabxana______________

Mənim dediklərimə hüsni-rəğbətin olmuş,

Həmişə dinləmisən, dinlə söhbəti, ey dost.

Cavana xeyri olar, söhbət eyləsə qocalar,

Eşit sənə dediyim bu nəsihəti, ey dost.

Düşüb qabaqda gedir Şəhriyar, elində çıraq,

Yanr hidayətinin nuru zülməti, ey dost.

TUFAN ŞAMI

Uzun illərdi könül şam kimi odlarda yanır,

Eşqi pərvanədən öyrənmiş o, əyləncə sanır.

Hanı nur çeşməsi, ey zülmətə dönmüş gecələr!

Canım atəşlər içində necə gör qarsalanır.

Dikmişəm göz üzünə, sanma təəccüblü bunu,

Könül uymur iki dünyaya, o müjganı anır.

Heç zaman sönməyəcək atəşimiz, çox itidir,

Güclü tufan kimi göz yaşlarımız dalğalanır!

Səpir ətrafına göz yaşlarımı, sevgili yar!

Gör könül qanı ilə gözdə neç dürr yaranır!

Zülfünü bir yana çəksəm, görünər ay tək üzün,

Bu hünər badi-səbadəndi bu eldə dolanır.

Qəlbimin Yusifi ki, olmuş əsiri qəminin,

Vermərəm mən iki dünyaya bunu, yar inanır.

Şəhriyar, köhnə hərifdir bu fələk, mən uşağam,

Könlümü şahmat edib gör necə əyləncə sanır.



_____________Milli Kitabxana______________

QƏDİM ƏHDİ-PEYMAN

Hanı ol əhdi-qədim, haradadır ol yari-nədim,

Döndü könlüm qana, düşdükcə yada əhdi-qədim.

Hanı qəlbi cana peyvənd eləyən türrə, daha

Qoymayır oxşamağa qəlbimizi incə nəsim.

Bir açıq əl kimi könlümdə səxavət var ikən,

Onu dargöz kimi, yarəb, nə rəva təng eləyim.

Yada düşdükcə uşaqlıq, atamın qayğısı, ah!

Tökülür göz yaşı, sinəmdə olur dürri-yetim.

O keçən xatirələr qaldı vətən tək çox uzaq,

Onları üfqə edir şami-qəriban tərsim.

Yarəb! Ahu kimi cananları ya sülhə gətir,

Ya gəl ariflərə vermə bu qədər zövqi-səlim.

Simuzər oldu məhək gövhəri mərd insan üçün,

Görüm olsun üzünüz qarə sizin, zər ilə sim.

Dərd deyilmi ki, ola çaqqala bir aslan əsir?

Ya ki, möhtac ola bir alçağa bir şəxsi-kərim.

Bülbülün qarğa nə layiqdir ola həmnəfəsi,

Ruha naəhlin ola söhbəti bir dərdi-əlim.

Boynumu əymərəm heç varlıların nemətinə,

Himmətim çoxdu qənaətlə bu dünyada mənim.

Tanrı! Göz dikmişəm aləmdə sənin lütfünə mən,

Hər bəla gəlsə mənə, qəlbimi etdim təslim.

Ey nigarım, nə qüsur varsa, səbəbkarı bizik,

Yaman iş görməyə qoymaz o xudavəndi-həkim.

Şəhriyar, dostun olub qəm nə zamandan bəridir,

Xoş olur qəlbə, əgər söhbət edə yari-qədim.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə