MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə89/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   85   86   87   88   89   90   91   92   ...   106

_____________Milli Kitabxana______________

Bir əsrdir bura zahirdə elə bayramdır,

Batinə baxsan əgər orda hələ matəm var.

Bəşər övladı tutub min əl ilə dünyanı,

Yarpağın titrəməsi yoxsulu etmiş naçar.

Gey o qanunları sən əyninə paltar yerinə,

Düzginən süfrənə de onları, heç eyləmə ar.

Çün qənaət bizə dərman idi, yaddan çıxdı,

Tək rəqabətdi, zaman keçsə də o, yadda qalar.

Asiman verməyir indi bizə, biz istəyəni,

Ərzələr ədliyədə bir-birinin üstə çıxar.

Dünyamız doldu yaşa, artıq o, piranə olub,

Nə qədər vursa bəzək, gənc ola bilməz, qocalar.

Amma şadlıq eləməkçün daha yox onda həvəs,

Çünkü əfsanədi, bu şadlığı ondan kim umar.

Bu təzə elmlər ilə yer üzü məhv olacaq,

Bəşəri vəhşətə salmış necə bu qorxu, azar.

Dünən o, yoxsul idi, qane idi öz halına,

İndi o, varlıdı, əfsus ki, yolun hər gün azar.

Mərifət almaq üçün oldu bu ibrət dərsi,

Tanrıya şükrdü bu, hər kəs onu eyləsə car.

Biri şükr eylədi, o, Allahına oldu yaxın,

Biri küfr eylədi, Allahdan özün etdi kənar.

MİLLİ İDEAL

Pəyam göndərirəm mən İran cavanlarına,

Alovlu mərdlərinə, şanlı qəhrəmanlarına.

Mənim gurultu salan nərəmin gərək birisi

Yatanları oyada, şirlərin gələ arına.

Dözərmi şirlər, o zəncirə bağlanıb otura?

Əsarət ilə barışmaz, bulaşsa qanlarına.

Bu dar macalda əsirlər sürülmədə yalavac,

Veribdi hökmünü zalim, qıyıbdı canlarına.



_____________Milli Kitabxana______________

Nədir bu naz ilə alver gətirmiş elmə gəda?

Kasıbdan öyrənib elmin, fəqət dönüb harına!

O nəslimiz ki, bizim eradan qabaq xan idi,

Olubdu qəyyuma möhtac yadeilli "xanları"na.

Buludla söhbət edən sirli Təxti-Cəmşidə bax,

Uyubdu Keyvana dair o, dasitanlarına.

Üfüqdə əks eləyən nərələr də layla çalır

Şir Ərdəşiriərinə, qartal Ərdəvanlarına.

O vaxt ki, dindən əsər, elmidən nişan yox idi,

İranda elm ilə din fəxr edirdi öz barına.

Duyammayır sənəti sənətə baxan ağalar,

Misilsiz incəsənət indi bəndədir qarına.

Bu o şahmatdı ki, meydan vəzirlər aləmidir,

Mat olsa, bir baxasan şahın ah-amanlarına...

Beşikdə sirləri boğmuş cavan nəsil doğulub,

Xəyanətin qolunu bir salaydı yanlarına!

Bürünməyib ipəyə, daşla nizə oynadaraq,

Gərəydi sinəsini taleyin tikanlarına.

Gərək olaydı cəsur, alminən, döyüşkən, igid,

Verəydi oxla qılınc "dərsi" yurd yıxanlarına.

Vətən oduyla beyinlər dönəydi gur ocağa,

Ürəklərin qəzəbi - Malikin tiyanlarına.

Siyasət aləminin zülməti, ziyalıların

Fikir çırağı olub, bir güləydi öz yarına.

Cavanların gücü, həm pirlərin duası ilə,

Ağıllı başçıları xalq ilə olanlarına.



_____________Milli Kitabxana______________

Gərəkdi saf məramlı hizbi təşkilat yarada,

İnamla el gələ azadlıq asitanlarına.

Vətən məhəbbətilə hər fəda olan yazıçı

O vaxt qoşulmalıdır ölke pəhləvanlarına.

Xəyanəti açılan dəstə cani dəstəsidir,

O dəstə yetməlidir öz cəzasının darına!

O gün sevinc ilə aclar əsil cəza verəcək

İran harınlarına, kinli qansoranlarına.

Dağılsın əhli gərək Şimran üstü villaların,

Kasıbların ahı düşsün o xanimanlarına!

Həmişə alqışa layiqdi xalq fədailəri,

Hüma gəlin gələcək qalibiyyət anlarına.

Nə qan tökübsə dəni, Şəhriyara, sən onu bil,

Yetər İran da həyatın qızıl zamanlarına.



_____________Milli Kitabxana______________

QİTƏLƏR

DÖRDLÜKLƏR

1

Təklikdə bir dosta öyüd, nəsihət,

Onun xatirini əzizləməkdir.

Lakin yad yanında edilən töhmət,

Dostunu hörmətdən salmaq deməkdir.

2

Ey xəsis, ömrünü hədərə vermə,

İnləmə mal, dövlət çıxsa əlindən.

Ömr olsa, taparsan itən malını,

Ömr itsə, tapmazsan onu malla sən.

3

Bir sıra adamlar heyvan kimidir,

Zahirdə qulağı, gözü olsa da.

Xəyalı bolluca yemək-içməkdir,

Məsləki, inamı olmaz dünyada.

4

Təəccüb deyildir, iki şey üçün

Bütün ömrü boyu dərd çəkər insan.

İtən cavanlıqdır biri, əzizim,

O biri dost üçün cəkilən hicran.

5

Nadan dirisə də canlı ölüdür,

Onun vücudu da məzara bənzər.

Bilikdən güc alıb yaşamayanlar,

Başsız külək kimi avara gəzər.



_____________Milli Kitabxana______________

GÜL SATAN QIZCIĞAZA

Ey cavan nazənin, gül satan mələk!

Güldən söz açırsan yaz bülbülütək.

Geyib gül bəzəkli zərli paltarı,

Güllərlə bəzərsən ilkin baharı.

Ey zülfü bənövşə, gülə həmdəmsən,

Öyrəndin həyanı səfalı güldən.

Gül kimi camalın çox nazəndədir,

Güllərin səfası, şövqü səndədir.

Sünbüli saçların sərv üştə, hər an –

Sevən ürəklərə gültək verir can.

Dünya gülşən olur baxanda sənə,

Bülbül heyran qalır sənin nəğmənə.

Özün qönçə gülsən, hər yanın güldür,

Sən Allah, özün gül, aləmi güldür!

Bülbülsən, pərisən, hurisən, nəsən?

Sənin gül üzünün vurğunuyam mən.

Güllər vəfasızdır, bil ki, tez solar,

Qorxuram sənə də təsiri olar.

Mən də bağban oldum gülə bir zaman,

Çox cəfa görmüşəm tikanlarından.

Pərvanə şam üstə od tutduğutək

Gül üstə yanmışam mən də, ey mələk!

Sən tərif edirsən gülləri, əbəs,

Ayıl, bu güllərlə ülfətini kəs!

Axı gül nəçidir naz edə sənə?

Sən ətir verirsən gülə, gülşənə.

Sən verdin güllərə bu lətafəti,

Sənsiz ola bilməz gülün qiyməti.

Ayıq ol, ey gözəl, nazlı gülsatan,

Özünü qaçırdar mahir bir cavan.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə