44
gina, qrip, skarlatina, otit, yuxarı tənəffüs orqanlarının katarı) və
yaxud zəhərlənmə, dərman qəbulu ilə əlaqəsinin peyvənddən sonra
baş verməsini aydınlaşdırmaq lazımdır.
Xəstəliyin başlanğıc dövründə dizurik əlamətlərə, sidikdə qanın
olması (hematuriya), böyrək sancılarına, qan təzyiqinin artmasına,
ödemlərin olmasına diqqət yetirilməlidir.
Xəstəlik əlamətlərinin davametmə müddəti, tədricən inkişaf
etməsi, dinamik xüsusiyyəti, aparılan müalicələrin təsiri və s. nəzərə
alınmalıdır.
Həyat tarixi (Anamnesis vitae).
Xəstənin iş şəraiti (yelçəkəndə olmaq, soyuqdəymə üçün əlverişli
şərait, zəhərli maddələrlə işləmək və s.) nəzərə alınır. Bundan başqa
qadınlarda hamiləlik vaxtı ödemin, hipertoniyanın və proteinuriya-
nın olması barədə suallar aydınlaşdırılır.
Ağciyərin vərəmi olan xəstələrdə böyrək vərəminin, amiloidozun
olması ehtimalı artıq olur. Osteomielit, bronxoektaziya xəstəliyinin
böyrək amiloidozuna səbəb olmasını nəzərə almaq lazımdır.
II. Obyektiv müayinə üsulları
Vizual müayinə (İnspectio). Ən əvvəl xəstənin ümumi vəziy-
yətinin təyin olunması həkimə lazımi məlumatları verir. Uremik
koma və yaxud ağır vəziyyət xronik və kəskin böyrək çatışmazlığı
üçün xarakterikdir. Vizual müayinə vasitəsi ilə xəstənin ağır, orta və
qənaətbəxş vəziyyətləri ayırd edilir. Çox vaxt ağır böyrək çatış-
mazlığı olan xəstələr özlərini qənaətbəxş hiss edirlər, yaxud, yataqda
sakit uzanır, bəzən gəzirlər və belə vəziyyət həkimləri səhv nəticə
çıxarmağa vadar edir. Əslində belə xəstələrdə qanın biokimyəvi
müayinəsi zamanı qalıq azotun həddən çox artması, asidoz, su-duz
mübadiləsinin ağır pozğunluğu və anemiya aşkar edilir. Ona görə
baxış çox diqqətli aparılmalı, hər hansı kiçik əlamətin belə üstündən
izahsız keçmək məsləhət görülmür.
Xəstələrin vəziyyəti aktiv, passiv və bəzən məcburi ola bilər.
45
Aktiv vəziyyət bir çox böyrək xəstəliklərində müşahidə olunur.
Passiv vəziyyət uremik koma zamanı təsadüf edilir.
Məcburi vəziyyət paranefritdə və yaxud ürək çatışmazlığı ilə
ağırlaşan böyrək çatışmazlığında müşahidə olunur.
Ödemlər - böyrək xəstəlikləri üçün çox xarakterik əlamətdir. Belə
ki, kəskin və xronik qlomerulonefrit, nefrotik sindrom, böyrək ami-
loidozu, kəskin və xronik böyrək çatışmazlığında ödem müşahidə olu-
nur. Bu zaman ödem əsasən üzdən başlayır (başqa xəstəliklərdə müşa-
hidə olan ödemdən fərqli olaraq) ki, bunun da səbəbi dərialtı boş
birləşdirici toxumanın çox olması ilə əlaqədardır. Xəstənin sifəti ava-
zımış, göz qapaqları şişmiş, xüsusən gözün alt qapağı nahiyəsində
ödem nəzərə çarpır, göz yarığı daralmış olur. Buna nefrotik sifət
(facies nephritica) deyilir. Sonralar xəstəliyin daha da inkişaf etməsi
nəticəsində ödemlər gövdədə, aşağı və yuxarı ətrafda müşahidə
olunur, boşluqlara maye yığılır – anasarka baş verir.
Xəstənin dərisinin rəngi dəri arteriolalarının spazmı nəticəsində
avazımış olur. Bəzən isə anemiyanın baş verməsi avazımanı daha da
aydın nəzərə çarpdırır. Ürək mənşəli ödemdə sianozun artıq nəzərə
çarpması onu böyrək mənşəli ödemdən fərqləndirməyə imkan verir.
Bəzən böyrək xəstəliklərində (məsələn, nefrotik sindromda, ami-
loidozda) mumabənzər avazıma müşahidə olunur.
Böyrək xəstəliklərinin son mərhələsi olan böyrək büzüşməsi baş
verdikdə uremiya meydana çıxır. Bu zaman xəstəyə baxış vaxtı
dəridə qaşınma nəticəsində dırnaq cızıntıları aşkar edilir, dil quru və
ərplə örtülmüş olur, ağızdan və dəridən ammonyak iyi (foettor
uremiecus) gəlir.
Qarın və bel nahiyəsinə baxış böyrək xəstəlikləri üçün xarakterik
olan əhəmiyyətli dəyişiklik aşkar etmir. Amma bel əzələlərinin
gərginliyinin artması nəticəsində asimmetriya (spondilyoz zamanı),
ağrı skoliozu və yaxud paranefrit zamanı bel nahiyəsinin
şişkinlənməsi aşkar edilir. Böyrək şişi və ya polikistozu zamanı
xəstədə qarnın ön divarının qabarması qeyd olunur. Bəzən sidik
ifrazının çətinləşməsi ilə əlaqədar (prostat vəzinin adenoması)
46
dolmuş, genişlənmiş sidik kisəsi arıq adamlarda qasıqüstü nahiyədə
nəzərə çarpır.
Ən əsas əlamətlərdən biri də sol böyrəyin şişləri zamanı sol
toxum ciyəsi venalarının genəlməsinin müşahidə olunmasıdır (vari-
kosele).
Əlləmə (Palpatio). Böyrəklərin əllənməsi böyrək xəstəliyi haq-
qında mühüm məlumat verir. Bir qayda olaraq böyrəklər xəstənin
horizontal (uzanmış) və vertikal (ayaq üstə) vəziyyətlərində əllə-
nilməlidir.
Sağlam şəxslərdə böyrəklər qarnın arxa divarına yaxın yerləşdiklə-
rinə və öndən qabırğa qövsləri maneəçilik göstərdiyinə görə onların
əllənməsi xeyli çətinləşir, odur ki, əllənmirlər. Qarın presinin zəiflə-
məsi, arıqlama nəticəsində böyrəklər bir qədər sallandığı üçün hətta
sağlam adamlarda əlləmək mümkün olur. Amma böyrəklər əsasən bö-
yüdükdə (şiş, hidronefroz, pionefroz, polikistoz), sallandıqda, distopiya
zamanı əllənirlər. Böyrəklər öz yataqlarında yerləşərək fizioloji halda
tənəffüs zamanı və bədən vəziyyətinin dəyişməsi ilə əlaqədar 2-3 sm
yerlərini dəyişirlər. Ona görə nəfəsalma fazasında və ayaq üstə böy-
rəklərin əllənməsi ehtimalı artır.
Uzanmış vəziyyətdə qarın presinin gərginliyi azaldığından
böyrəklərin əllənməsi mümkün olur, lakin hərəkətli böyrək isə ayaq
üstə yaxşı əllənir.
Uzanmış vəziyyətdə böyrəklərin əllənməsi. Xəstə arxası üstə
uzanır, başı alçaq yastıqda, əlləri döşü üzərində, qarın presi boşalmış
vəziyyətdə olur. Həkim xəstənin sağ tərəfində, kətildə oturur, sol
əlini sağ bel nahiyəsinə (qabırğa-onurğa sütunu küncündə) XII
qabırğadan bir qədər aşağı elə qoyur ki, barmaqlar onurğa
sütunundan bir qədər aralı olur. Sol böyrəyi əllədikdə sol əl onurğa
sütununun sol tərəfinə keçirilir və sol bel nahiyəsinə qoyulur. Sağ əl
qarın üzərində qabırğa qövsündən aşağı ona perpendikulyar
vəziyyətdə qarnın düz əzələlərindən bir qədər kənara qoyulur. Sonra
xəstəyə, qarın əzələlərinin tam boşaldılması üçün, dərin, həmahəng
nəfəs almaq təklif olunur. Nəfəs vermə fazasında həkim sağ əlinin
Dostları ilə paylaş: |