MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

etməyə imkan verir: 
1.  Qur’ani-Kərim nüsxələrində filiqranlara rast gəlmək çətindir.  Bu onu göstərir ki,  tarixən
xristian aləmində meydana çıxmış filiqranlar çox vaxt xaçlarla “bəzədildiyindən” Şərqdə Qur’an
mətnini köçürərkən “kafir əli dəyməmiş” Şərq kağızına üstünlük verilmiş, bu məsələyə diqqətlə
yanaşılmışdır. Maraqlıdır ki, dini məzmunlu başqa kitablarda buna məhəl qoyulmamışdır. 
2.  Qərb filiqranoloqları qeyd edirlər ki,  əlyazma kitabı yaradılarkən usta mütəxəssislər
kağızdakı filiqranları vərəğin kənarına salmağa,  bununla yazının filiqranın üstünə düşməsinin
qarşısını almağa çalışırdılar. Faktlar göstərir ki, Azərbaycanda buna riayət edilməmişdir. Belə
ki,  filiqranın həm kağızın qırağına,  həm də düz ortasına düşməsi halları müşahidə olunur. 
Deməli,  Azərbaycanda kitab yaradılarkən ləvvah və səhhaf ustalar filiqranların vərəqdə yer-
ləşməsinə diqqət yetirmirdilər. 
Azərbaycan kitablarının vərəqlərində filiqranlar beş vəziyyətdə rast gəlir:  adi vəziyyətdə
filiqran yuxarıdan aşağıya, kitabın kapital hissəsinə paralel yerləşir; ikinci halda filiqran tərsinə, 
aşağıdan yuxarıya – “kəlləsi üstə”,  üçüncü halda kitabın kapital hissəsinə dayaqlanıb,  “sağa
yıxılmış”,  dördüncü halda,  əksinə,  kapitala nisbətdə “sola yıxılmış”  şəkillərdə və nəhayət, 
beşinci halda bir hissəsi kağızın kitabın tikişdən (kapitaldan)  sağda qalmış vərəğində,  ikinci
hissəsi isə tikişdən solda qalmış vərəğində rast gəlir.       
Tədqiqatçı filiqranın formasını dəqiqləşdirmək üçün əvvəlcə vərəği dörd vəziyyətdə
öyrənməli olur: yuxarıdan aşağıya, aşağıdan yuxarıya, sağdan sola və soldan sağa. Filiqranın
bir hissəsinin kağızın kapitaldan sağında, ikinci hissəsinin solunda yerləşdiyi variantda isə artıq
bir deyil,  hər iki vərəq,  əslində bir yarpaq    kağız bütöv şəkildə öyrənilir.  Bütün bu hallarda
filiqrandakı emblem və literlər (hərflər, yazılar) köməyə gəlir. Məsələn, xaçlı, aylı, ulduzlu və lə-
çəkli filiqranlarda bu şəkillər əsasən yuxarı hissədə yerləşməlidir. Ayrı-ayrı hərf və yazı filiqran-
ları (literlər) isə istiqaməti daha da dəqiqləşdirməyə əsas verir.
Azərbaycan əlyazmalarındakı filiqranları bir neçə aspektdən təsnif etmək olar: 
1. “Filiqranlar emblem və literli olmaqla iki yerə bölünür” [23, s.18-19].
2. Quruluşuna görə sadə və mürəkkəb filiqranlar qeyd edilə bilər. Sadə filiqranlarda yalnız
bir bəsit emblem və ya ancaq liter,  mürəkkəb filiqranlarda isə təsvirli emblem və ya literli
emblem əks etdirilmişdir. Əvvəllər filiqranlar çox sadə şəklə malik olmuş, sonralar mürəkkəb-
ləşməyə başlamış və XVI əsrdən onların bir çoxu özünəməxsus rəsm forması almışdır [182, 
s.35].  Filiqranların bu xüsusiyyətinə görə də əlyazmanın tarixini daha dəqiq göstərmək müm-
kün olur.
3.  Janlıların və cansız fiqurların həkk olunduğu emblemlər fərqləndirilə bilər.  Məsələn, 
holland kağızında canlı fiqurlar işlədilirdi: yuxarıda tac yerləşdirilmiş və iki şirin tutub saxladığı
qalxan şəklində Amsterdam şəhərinin herbi həkk olunmuş filiqran XVII əsrin son rübü – XVIII
əsrin I rübünə aid idi [182,  s.38].  Yaxud Ay-ulduz və ya məşhur “Üç Ay”  (“Tre Lune”)
filiqranlarında cansız fiqurlardan istifadə edilirdi. Osmanlı İmperiyasında meydana gəlmiş ilk su
nişanları öz xüsusiyyəti ilə fərqlənmirdisə,  XVI-XIX əsrlərin türk kağızlarında hilal və ulduz
nişanlarının xüsusi yer tutduğu əsl Şərq müsəlman heraldikası var idi [157, c.1, s.1]. R.M.Pata-
ridze “Tre Lune” su nişanının Venetsiya mənşəli olduğunu, Balkanlarda, Gürcüstanda və Yaxın
Şərqdə XVII-XVIII əsrlərdə bu nişanlı kağızlardan geniş istifadə edildiyini yazaraq, “Tre Lune”-
nin aşağıdakı təsnifatını təqdim edir:
1) Kontrmarkalı və ya kontrmarkasız Tre Lune;     
2) “Tre Lune” literli Tre Lune;
3) Əlavə işarəli və ya emblemində literi olan Tre Lune;
4) Əlavə su nişanlı Tre Lune;


5) Emblemində əlavə nişan və əlavə su nişanı olan Tre Lune;
6) Başqa su nişanına əlavə edilmiş Tre Lune [bax: 162, s.102]. 
Həmçinin müxtəlif ölkələrdə buraxılan kağızlara basılmış damğalı zavod möhürlərindən və
ya ştempeldən də paleoqrafik tədqiqatlarda,  su nişanları kimi,  faydalanmaq olar.  Məsələn, 
Rusiyada 1699-cu ilin fərmanı ilə herb damğası basılmış kağızdan istifadə edilməyə başla-
mışdır.  Damğanın yerləşməsinə görə mətnin yazılma tarixini müəyyənləşdirmək mümkündür: 
1724-cü ilin damğa nümunəsi cəmi iki il işlənmişdir; 1726-cı ilin damğası dəyişməz halda 1764-
cü ilə qədər mövcud olmuşdur; 1798-ci ildən yeni damğa işarəsi meydana gəlmişdir; XIX əsrin
30-cu illərindən basmanaxış fabrik ştempelli kağız istehsal edilməyə başlamışdır [182, s.42].
Bir məsələyə də diqqəti cəlb etmək vacibdir ki, filiqranlar dəyişməz qalmırdı. Bir neçə ildən
sonra filiqran (materialı)  özünün ilkin cizgilərini itirir və deformasiyaya uğrayırdı.  Bu zaman
yenidən düzəldilən filiqran məftili əvvəlkindən, cüzi də olsa, hökmən fərqlənirdi [182, s.35]. Bu
baxımdan Azərbaycan əlyazmalarındakı filiqranları düzgün formalı və deformasiyaya uğramış
su nişanları kimi də təsnif etmək mümkündür.  Qeyd edək ki,  deformasiyaya uğramış
filiqranlara tez-tez rast gəlmək olur. 
Filiqranların bu xüsusiyyəti kağızın istehsal dövrünü daha da dəqiqləşdirməyə imkan verir. 
Belə ki, deformasiyaya uğramış filiqranlar onların yapıldığı kağızın istehsal dövrünün sonlarına
aid olduğunu göstərir.  Məsələn,  Azərbaycan əlyazmalarında holland filiqranının (Amsterdam
şəhərinin herbinin) deformasiya olmuş variantına tez-tez rast gəlmək olur - bu abidənin ən tezi
XVIII əsrin birinci rübündə yazıldığını müəyyənləşdirməyə imkan verir. 
Müəllif  hüququ
Bizim dövrdə müəllif adı hüquqi qüvvəyə malikdir,  müəllifin müəlliflik hüququ qanunlarda
təsbit edilmişdir.  Tarixin qədim çağlarında,  eləcə də orta əsrlərdə isə müəllifə müxtəlif cür
münasibətlər bəsləndiyi qeydə alınmışdır. Bu ilk növbədə müəlliflərin özlərinin öz hüquqlarına, 
digər tərəfdən, katiblərin müəlliflərin müəlliflik hüququna qarşı münasibətindən asılı olmuşdur. 
Əslində şifahi mətnlər də,  yazılı mətnlər kimi,  həmişə konkret müəllif tərəfindən yaradılırdı. 
Folklorşünas alim Ş.Jəmşidov bu barədə yazır: “Şifahi xalq ədəbiyyatı bəşər tarixində əlifbasız
dövrün bədii ədəbiyyatıdır.  O,  xalqın kollektiv yaradıcılığının məhsuludur.  Lakin onun son
müəllifi xalq olsa da, ilk müəllifi yaradıcı şəxslər olmuşdur” [14, s.176]. 
Bu gün folklor hesab etdiyimiz hər bir mətn vaxtilə müəyyən bir şəxs tərəfindən
yaradılmışdır, sadəcə olaraq, belə mətnlərin ilkin variantının müəlliflərinin öz poetik və ya pro-
zaik məhsuluna münasibəti ilə,  daha dəqiqi,  belə münasibətin olmaması səbəbindən bu cür
mətnlər getdikcə müəllifsizləşmiş,  onların öz yaradıcılığına hüquqi damğa basmamaları,  öz
adlarını mətnə daxil etməmələri, yaxud şifahi dildə müəllifin unudulması və ya bu adın qəsdən
çəkilməməsi,  nəhayət,  mətnin şifahi variantda dəyişdirilməsi,  onun parçalanması və beləliklə
mətndən mətn(lər) doğması əsərin şifahi xalq yaradıcılığının məhsulu kimi tanınmasına səbəb
olmuşdur.  Şifahi mətndə müəllif adının qorunub-saxlanması ümumiyyətlə müşkül məsələdir. 
Öz nənəsindən eşitdiyi mətni (məsələn,  nağılı)  nəvəsinə və ya folklorşünas alim və
tədqiqatçıya danışan nənə özünü danışdığı mətnin (haqlı olaraq)  yiyəsi (müəllifi)  sayır və
folklorşünas (da haqlı olaraq)  onu məhz həmin mətnin (dediyi cümlələrin,  işlətdiyi ifadələrin, 
mətnə daxil etdiyi dialekt və şivə elementlərinin)  müəllifi kimi qeydə alır.  Ancaq bu nağılçı
nənənin mətninin öz nənəsinin mətnindən, həmin mətnin isə ilkin (həqiqi müəllifli) mətndən nə
dərəcədə fərqləndiyini yalnız Allah bilir, çünki ilkin mətn bugünkü nəvəyə çatmır, nəvə nənəsin-
dən eşitdiyi nağılın əsas müəllifini təbii olaraq tanımır.  Mətnlərin yalnız dastanlaşdırılmış


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə