MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

papirus hazırlanmasının üsulunu əyani nümayiş etdirdi.  O,  bambukun üstünü soydu və atdı, 
içini - “iliyini” döyüb naziltdi və söylədi ki, bambukun iliyi bu şəkildə altı gün ərzində suda islan-
mış halda saxlanılır. Sonra onları yan-yana və ikinci qatı birinciyə perpendikulyar olmaq şərti
ilə həmin cür birinci qatın üstünə düzüb preslədi. Bundan sonra papirus hazır oldu.
Ç ox güman ki, papirus yazı üçün ilk dəfə Qədim Misirdə sülalədənqabaqkı dövrlərdə isti-
fadə edilməyə başlamışdır.  Elmə məlum olan ən qədim papirus I sülaləyə,  yəni e.ə.  IV
minilliyin sonlarına aid edilir. Lakin onun üzərində heç nə yazılmamışdır. 1893-cü ildə isveçrəli
misirşünas (yegiptoloq) Eduard Navill təxminən e.ə. 2700-cü ilə aid papirus əldə etmişdi.
Misir təkcə papirusun yazı materialı kimi istifadəsinin başlanğıcını qoymamış,  yəqin ki, 
həm də bütün qədim tarix ərzində papirus “kağızı” ixrac edən əsas ölkə olmuşdur [111, s.125-
126].  350-ci ilin məlumatında göstərilirdi ki,  İsgəndəriyyədə hazırlanan papirus dünyanın
müxtəlif yerlərinə ixrac edilirmiş [119, I c., s.131]. 
Təbii papirus kitabı bürmələnmiş formada olurdu. Bu forma onun üzərində həm eninə, həm
də uzununa yazı yazmağa imkan verirdi.  Bürmələnmiş kitabın uzununa mətnlər antik
dövrlərdə, eninə isə orta əsrlərdə yazılırdı [144, s.23].
Azərbaycanda papirusdan istifadə edilməsi haqqında heç bir məlumat yoxdur. 
İnsanlar yazı materialı kimi papirusla yanaşı dəridən də antik dövrlərdən istifadə etməyə
başlamışlar. “Misirdə dəri üzərində yazılmış sənədlər haqqında ilk məlumat IV sülalə dövrünə
(təxm.  2900-2750)  aiddir…  Herodota görə,  ioniyalılar vaxtilə kitabı dəri adlandırırdılar”  [106, 
s.34].
Perqamen(t) kodeksin mövcudluğu haqqında ilk məlumat e.ə. I əsrə aid Roma hüquq ədə-
biyyatı nümunələrindən bəlli olmuşdur.  Eramızın I əsrində meydana gələn ilk kodeks şəkilli
perqamen kitablar aşağıdakı formada yaradılırdı: perqamen vərəq iki yerə qatlanır və bu “dip-
loma” adlanırdı; bu cür hazırlanmış dörd vərəq birlikdə qədim yunan dilində “tetra” - yəni “dörd” 
adlanırdı (rus dilindəki “tetradğ” sözü də buradandır); bu cür “dəftər”lər seriyası biryerdə cild-
lənməklə “kodeks”  meydana gətirirdi.  Kodeks şəkilli kitabların bürmələnmiş kitablardan əsas
üstünlüyü bunda idi ki, kodeksin vərəqlərinin hər iki üzünə yazı yazmaq olurdu və belə kitabları
sürətlə vərəqləmək mümkün idi;  kodeks daha möhkəm,  yazı,  illüstrasiya və dekorasiya üçün
daha rahat idi [83, s.70].
İ.F.Fixman yazır ki,  IV-VI əsrlərdə Misirdə perqamen[t]  (dəri materialı)  papirusu tədricən
sıxışdırıb aradan çıxarırdı,  lakin çox çətin tapıldığına görə bunu sonadək edə bilmirdi [112, 
s.139].
“Perqamen(t)” əvvəlcə dana dərisinə deyilirdi, lakin bu söz müasir mənada həm də qoyun, 
keçi və ceyran dərisindən hazırlanmış yazı materialı mənasında işlədilir. Ən yaxşı perqamen
yenicə doğulmuş dana və çəpiş dərisindən hazırlanırdı.  Əvvəlcə dərini yaxşıca yuyur, onu ət
və yun qalıqlarından təmizləmək üçün potaş qatılmış küllü suda qaynadırdılar. Sonra bir daha
yuyur və qurutmaq üçün nəzərdə tutulmuş xüsusi çərçivənin üzərində dartaraq bağlayırdılar. 
Qurumuş dərini piy qalıqlarını özünə çəkən təbaşirlə sürtürdülər, sonra süngər daşı ilə hamar-
layır, dərinin səthinin mümkün qədər hamar olmasına çalışırdılar [150, s.109-110].
Orta əsrlərdə Azərbaycanda “aşılanmış dəri habelə nadir yazı ləvazimatı kimi də işlədilirdi” 
[6, s.384].
Azərbaycan MEA Əlyazmalar İnstitutunda perqamen üzərində yazılmış üç əlyazma
saxlanılır. 
Yeni eranın əvvəllərində elə vəziyyət yaranmışdı ki,  dünyada yazı materialı kimi əsasən
papirus,  perqamen və kağız eyni zamanda işlədilirdi.  Harada papirus,  harada perqamen, 
harada kağız işlədilməsi regionun təbiətindən asılı idi. Məsələn, iqlimi quraqlıq olan ölkələrdə


hələ də papirusa üstünlük verilirdi.  Lakin elə yerlər vardı ki,  orada perqamen papirus və
kağızdan üstün tutulurdu. Əl-Kəlkəşəndi (?-1418) qeyd edirdi ki, Avropa və Məğrib kağızı tez
sıradan çıxırdı deyə Qur’ani-Kərimi perqamendə yazmağa üstünlük verirdilər.  Digər tərəfdən, 
başqa yazı ləvazimatı – papirus üçün nəzərdə tutulmuş mürəkkəb perqamendə yazmaq üçün
yaramırdı: perqamen belə mürəkkəbdən nəm çəkib xarab olurdu [114, s.30-38]. Beləliklə, yer
üzünün yazı sivilizasiyası tarixində üç müxtəlif yazı materialı “yaşamaq uğrunda mübarizə
aparırdı”.
Rus əlyazmaları perqamendə,  kağızda və tozağacı qabığında yazılmışdır.  “Rusiyada
perqamen əsas yazı materialı kimi XIV əsrin II yarısından işlənməyə başlayır, sonra onu kağız
əvəz edir. Ancaq bu heç də o demək deyildir ki perqamen birdəfəlik sıradan çıxmışdı: o, kağız-
la birgə XIV əsrin sonlarına qədər işlənmiş və hətta kağızdan da üstün mövqeyə malik
olmuşdur” [182, s.32; əlavə bax: 188, s.110-120]. 
Ümumiyyətlə kağız mədəniyyəti tarixi inkişafının bugünkü təhlili göstərir ki, eranın birinci və
ikinci minilliklərinin qovuşuğunda dünya kağıza üstünlük verməyə,  papirus və perqamen
mədəniyyətindən uzaqlaşmağa meyl edir:  X əsrdə papirusun istehsalı tamamilə dayandırılır, 
XV əsrdən isə kağız hər yerdə perqamenin istifadəsini sıradan çıxarmağa başlasa da [114, 
s.36-37],  dünyanın ayrı-ayrı regionlarında perqamendən hələ uzun zaman – hətta kağız sə-
nayesinin yüksək inkişaf etdiyi XIX əsrin      I yarısında da (məhdud dairədə də olsa) istifadə
olunmaqda davam etmişdir [48, s.521]. 
A.Bakradze göstərir ki,  kağız üzərinə yazılmış ən qədim gürcü əlyazma kitabları XI əsrə
aiddir.  Gürcüstanda kağızı hələ IX əsrdən,  ərəb hökmranlığı dövründən tanıyırdılar.  Həmin
dövrdə ərəbcə (? – A.M.) “kağız” termini ərəblərdən birbaşa gürcü dilinə keçmişdi [87, s.32]. 
Bu fakt sübut edir ki, hələ IX əsrdə (bundan daha da qabaqlar) Azərbaycan ərazisində də
kağızdan yazı materialı kimi istifadə edilmişdir.  Belə ki,  müsəlman azərbaycanlılar kağızı öz
müsəlman qardaşlarından xristian gürcülərdən daha tez əxz etməmiş olmazdılar.  Hərçənd
Azərbaycan MEA Əlyazmalar İnstitutunda saxlanılan kağız üzərində yazılmış ən qədim kitab
XII əsrə aiddir. Kağız üzərində yazılmış daha qədim Azərbaycan əlyazma nümunələri isə xarici
ölkələrin kitab xəzinələrində saxlanılır.  Bunu həmçinin fars mənşəli olması böyük şübhə
doğuran (heç olmasa, ona görə ki, bu material türklərə farslardan daha əvvəl məlum olmuşdur) 
“kağız” termininin gürcülərə əslində birbaşa Azərbaycan dilindən keçdiyi də sübut edir.     
“Rusiyada kağız əsas yazı materialı kimi XV əsrdən özünə mövqe qazanmışdır.  Kağız
üzərində ən qədim rus mətnləri XIV əsrin 40-50-ci illərində yazılmışdır” [182, s.32-33].
Kağız istehsalı hələ eramızdan əvvəl də məlum olmuşdur.  1978-ci ildə Ç ində aparılan
arxeoloci qazıntılar zamanı yaşı 2000 ildən artıq olan kağız qırıqları tapılmışdır. Bu kəşfə qədər
elə hesab edirdilər ki,  bambuk və tut ağacından kağız istehsalının texnologiyası eramızın II
əsrində (105-ci ildə)  Ç ində Sızyay Lun tərəfindən icad edilmişdir [175,  s.177].  1978-ci il
tapıntısının laboratoriya tədqiqatı göstərmişdir ki, bu kağız Sızyay Lundan 150 il qabaq, həm
də bambukdan deyil çətənə bitkisindən hazırlanmışdır [133, s.28].
“Düz 2000 ildir ki, kağızın istehsal prinsipi dəyişməz qalır. Sellüloz liflərini suda çalxalayıb, 
suspenziya əldə edirlər.  Sonra suyu süzüb kağız kütləsini yavaş-yavaş qızdırırlar.  Alabişmiş
kağız kütləsini presləyir, quruyana qədər qızdırır və kağıza çevirirlər” [187, s.57].
Yenicə ixtira edildiyi çağlarda kağız bambukdan hazırlanırdı.  Kağız istehsalı sənayesi
inkişaf etdikcə isə onun pambıqdan və bitki liflərindən hazırlanmasına üstünlük verməyə
başlamışlar. Hazırda da müasir kağızlar əsas etibarilə bitki liflərindən hazırlanır.     
Kağızın ensiklopedik parametrləri aşağıdakı kimidir: 
Kütləsi: 1m
2
-in çəkisi - 4-250 qr,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə