223
“Hava həyəcanı qurtardı” siqnalı nə vaxt, necə verilir, siqnal verilərkən necə
davranmalı?
Düşmənin havadan bilavasitə basqın təhlükəsi sovuşduqda mülki müdafiə
orqanları “Hamının diqqətinə!” siqnalından sonra rabitə şəbəkələri, yerli radio və
televiziya stansiyaları vasitəsilə, habelə əldə olan digər üsullarla (telefon, səsucaldan
səyyar qurğular və s.) “Hava həyəcanı qurtardı” elan edirlər. Siqnal belə elan edilir:
“Diqqət! Danışır mülki müdafiə qərargahı! Havadan basqın təhlükəsi sovuşdu. Hava
həyəcanı qurtardı!”.
Siqnal verilərkən adamlar komendantın göstərişi ilə sığınacaq və daldanacaqları
tərk edir, fəhlə, qulluqçu və iş adamları iş yerlərinə qayıdıb işə başlayırlar.
Düşmən zərbə endirə bildiyi və zədələnmə ocağı yarandığı şəhərlərdə
(rayonlarda) “hava həyəcanı qurtardı” siqnalı verilmir. Belə sahələrdəki sığınacaq və
daldanacaqlarda olan adamlara onların gələcək fəaliyyət qaydaları barədə göstərişlər
çatdırılır və görülən tədbirlər haqqında məlumatlar mümkün olan bütün vasitələrlə
verilir. Belə hallarda davranış qaydaları barədə yerli mülki müdafiə orqanlarının
sərəncamlarını dəqiq yerinə yetirmək olduqca vacibdir, əks təqdirdə əhali radiaktiv və
ya kimyəvi zəhərlənməyə məruz qala bilər.
“Radiasiya təhlükəsi” siqnalı verilərkən necə fəaliyyət göstərməli?
Radioaktiv bulud hərəkət edən istiqamətdəki yaşayış məntəqələrində və
rayonlarda radiaktiv zəhərlənmə aşkar olunduqda və ya belə zəhərlənmə ən geci 1 saat
müddətində baş verəcəyi gözləndikdə “Hamının diqqətinə” siqnalından sonra
“Radiasiya təhlükəsi” siqnalı verilir. Siqnal bütün yerli texniki rabitə və xəbərdarlıq
vasitələrindən istifadə olunmaqla verilir, yerlərdə isə səs və işıq siqnalları ilə təkrar
etdirilir. Siqnal belə elan edilir: “Diqqət! Danışır mülki müdafiə qərargahı!
Vətəndaşlar! Radiasiya təhlükəsi! Radiasiya təhlükəsi!” Bu elanla birlikdə görülməli
mühafizə tədbirləri barədə, habelə radiasiyanın səviyyəsindən asılı olaraq əhalinin
davranış rejimləri (radiasiyadan mühafizə rejimləri) haqqında mülki müdafiə
qərargahının konkret göstərişləri də verilməlidir.
224
Siqnal verilərkən respiratoru, tozdan qoruyan parça maskası və ya pambıqlı
tənzif sarğını, əgər bunlar yoxdursa - əleyhqazı taxmaq, əvvəlcədən hazırlanmış ərzaq
və su ehtiyatlarını, dərmanları, ən zəruri şeyləri götürüb sığınacağa və ya radiasiya
daldanacağına getmək lazımdır. Belə xüsusi mühafizə qurğuları olmayan hallarda
radioaktiv zəhərlənmədən qorunmaq üçün daş binalardan, mənzillərdən və
zirzəmilərdən istifadə etmək mümkündür. Lakin bu zaman onları kipləşdirmək, qapı və
pəncərələri kip bağlamaq, onların qarşısına pərdə çəkmək, bütün deşik və bacaları
bərkitmək lazımdır.
Adamlar zəhərli sahələrdə qalarsa və ya zəhərli yerlərdən keçib getməli olarlarsa,
onlar fərdi aptekçədəki (Aİ-2 aptekçəsi) 1nömrəli radiasiyadan mühafizə dərmanı
həblərini qəbul etməlidirlər. Bu həbləri qəbul etmək qaydası qutudakı təlimat
vərəqəsində göstərilmişdir. Əhalinin daldanacaqlarda qalma müddəti yerli mülki
müdafiə qərargahları tərəfindən müəyyən edilir və əhaliyə çatdırılır. Orada çıxmağa
yalnız MM orqanlarının göstərişi ilə icazə verilir.
Kənd rayonlarında heyvanları kipləşdirilmiş və onları uzun müddət burada
saxlamaq üçün hazırlanmış binalara və ya daldalanma yerlərinə sürmək; ərzaq malları,
yem ehtiyatları saxlanılan anbarların, digər tikililərin qapı pəncərələrini kip örtmək;
heyvandarlıq binalarının, yardımçı bina və digər tikililərin hermetikliyini yoxlamaq
lazımdır.
“Kimya həyəcanı” siqnalı verilərkən necə davranmalı?
“Kimya həyəcanı” siqnalı kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsi
yarandıqda, ya da belə zəhərlənmələr bilavasitə aşkar edildikdə “Hamının diqqətinə!”
siqnalından sonra texniki rabitə və xəbərdarlıq vasitələri ilə belə elan edilir: “Diqqət!
Danışır mülki müdafiə qərargahı! Vətəndaşlar! Kimya həyəcanı! Kimya həyəcanı!”. Bu
zaman aşkar olunmuş zəhərləyici maddənin və ya yolxucu xəstəlik törədicisinin növü
nəzərə alınmaqla, əhalinin davranışı barədə konkret məsləhətlər, məlumatlar verilir.
Siqnal yerlərdə səs və işıq siqnalları vasitəsilə verilməlidir.
Siqnal verilərkən dərhal əleyhqazı taxmaq, mühafizə paltarlarını geymək və
mühafizə qurğusunda gizlənmək lazımdır. Sığınacaqda olan adamlar ancaq onun kipliyi
pozularkən əleyhqaz taxırlar. İş yerində olarkən bu siqnal verildikdən dərhal əleyhqaz
taxır və sonra müdiriyyətin göstərişlərinə uyğun hərəkət edirlər.
225
Zəhərli sahələrdə iş görmək və ya belə yerlərdən keçmək lazım gələn hallarda-
zəhərlənmə əleyhinə antidot dərman, bakterioloji yoluxma zamanı isə Aİ-2
apteçkəsindən 1 nömrəli bakteriya əleyhinə dərman qəbul edirlər.
Adamlar kimyəvi zəhərləyici maddələrlə zəhərlənmiş sahələrdən tez çıxmağa
çalışmalıdırlar. Bu məqsədlə hansı tərəfə getmək lazım gəldiyini mülki müdafiə işçiləri
göstərməlidirlər. Lakin belə işçilər olmadıqda, onda küləyin səmtində perpendikulyar
istiqamətdə getmək lazımdır.
Kənd yerlərində “Kimya həyəcanı” siqnalı verilərkən heyvanların, ev quşlarının,
ərzaq və yem ehtiyatlarının, habelə su quyularının mühafizəsi üçün tədbir görülməli,
bunların kipliyini bir daha yoxlanılmalıdır. Son dərəcə diqqətli olmaq, mülki müdafiə
orqanlarının göstərişlərini dəqiq yerinə yetirmək lazımdır.
Kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsinin sovuşduğu barədə və bundan
sonrakı davranış qaydası haqqında göstərişlər, siqnal verilən hallarda olduğu kimi,
rabitə vasitələri ilə veriləcəkdir.
Dostları ilə paylaş: |