Microsoft Word 14 balayev xaqani doc



Yüklə 71,71 Kb.
Pdf görüntüsü
tarix17.11.2017
ölçüsü71,71 Kb.
#11005


Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

 

87



XAQAN BALAYEV  

AMEA İnsan Hüquqları üzrə Elmi - Tədqiqat 

İnstitutunun doktorantı 

E-mail: Xaqan28@gmail.com 

 

CƏNUBİ AZƏRBAYCANDAN GƏLMİŞ MÜHACİRLƏRİN AZƏRBAYCAN SSR-in SİYASİ 

HƏYATINDA İŞTİRAKI (1947-1991-ci İLLƏR) 

 

Açar sözlər: Cənubi Azərbaycan, mühacirlər, sovet cəmiyyəti, siyasi həyat 

 

Ключевые  слова:  Южный  Азербайджан,  мигранты,  советское  общество,  политичес-

кая жизнь 

 

Key words: Southern Azerbaijan, migrant, the soviet society, political life 

 

Sovet  cəmiyyətində mühacirlər öz əmək və  təhsil, elmi və yaradıcılıq fəaliyyətləri ilə 

bilavasitə siyasi həyatın iştirakçısına çevrilmişdilər. Ona görə ki,  bütün ölkənin vahid ideologiya 

əsasında  siyasiləşmiş həyatı mövcud idi.  

 

Məlum olduğu kimi, SSRİ-nin siyasi rejiminin əsasını təkpartiyalı sistem –  yeganə avtoritar 



hakim partiya olan Sovet İttifaqı Kommunist Partiyası təşkil edirdi və o, əslində,   ali dövlət təsisatı 

funksiyasını yerinə yetiridi.  Ölkə, “respublikalar ittifaqı” adlansa da, unitar dövlət kimi Moskvadan 

idarə olunurdu. 

 Beləliklə  də, forma və  təyinatından asılı olmayaraq ölkədəki bütün təsisatlar – 

psevdodemokratik ümumölkə sovetlər piramidası, həmkarlar, gənclər və yaradıcılıq ittifaqları, uşaq və 

qadın təşkilatları  və digər bütün təsisatlar Kommunist Partiyasının  rəhbərliyi altında kor-koranə 

tabeçilik şəraitində fəaliyyət göstərirdilər.  

 Kütləvi təşkilatlar hamını öz əhatə dairəsinə salaraq siyasiləşdirirdi. Ölkənin iki ən iri kütləvi 

təşkilatı olan SSRİ  Həmkarlar  İttifaqlarının və Ümumittifaq Lenin Kommunist Gənclər  İttifaqının 

(ÜİLKGİ) nizamnamələrində onların Kommunist Partiyasının rəhbərliyi altında işləmələri haqqında 

müddəalar vardı (1, s. 7; 2, s.3). SSRİ Həmkarlar İttifaqlarının ali icraedici orqanı olan Ümumittifaq 

Həmkarlar İttifaqları Mərkəzi Şurası (ÜİHİMŞ) Sov.İKP MK Siyasi Bürosunun tapşırıqları əsasında 

işləyir, aşağı  həmkarlar ittifaqları da müvafiq partiya orqanlarının tam tabeliyində idilər. Öz 

nizamnaməsinə əsasən partiyanın fəal köməkçisi və ehtiyat qüvvəsi olan ÜİLKGİ-nin vəzifəsi  bütün 

üzvlərini Sov.İKP  ətrafında birləşdirməkdən, onları Sov.İKP Proqramının, qərar və göstərişlərinin 

yerinə yetirilməsinə  səfərbər etməkdən ibarət idi (2, s.3). İbtidai sinif şagirdlərinin oktyabryat, 

onlardan yaşlıların pioner təçkilatları fəaliyyət göstərirdi. 

 

 



Məhz siyasi faktorlar sistemin bütünlükdə  təsir qüvvəsini təmin edirdi. Əslində, 

totalitar dövlətin bütün fəaliyyəti – siyasi, iqtisadi, ideoloji, sosial fəaliyyəti məhz buna əsaslanırdı.  

 Sovet 

cəmiyyətinin tədqiqatçılarından olan Д.  В.  Прокудин  və  Б.  М.  Меерсон birgə 



yazdıqları “Totalitarizm: təzahür və mahiyyət” adlı  əsərdə sovet cəmiyyətindəki yuxarıda haqqında 

bəhs etdiyimiz total siyasiləşdirmənin çox aydın sadə izahını verirlər: “Totalitar cəmiyyətdə  hər bir 

hərəkət mütləq siyasi məna daşımalıdır. Zavodda fəhlə sadəcə  dəzgah arxasında dayanmır, kəndli 

sadəcə torpağı becərmir, alim formullar üzərində yalnız elmi marağa görə baş  sındırmır, musiqiçi 

sadəcə ifa etmir, yazıçı sadəcə roman yazmır... Onların hamısı, hər şeydən əvvəl düşmənə çatmaq və 

onu ötmək üçün mühüm siyasi iş görürlər. Hər kəs öz cəbhəsində (istehsalat, elm, idman və s.) imkanı 

daxilində mübarizə aparır. Əhali bu minvalla siyasətə və onu müəyyənləşdirən hakimiyyətə bağlanır” 

(3, s.117). 

        Politoloq Y.  D.  Şevçenko “Sovet və postrovet Rusiyasının siyasi mədəniyyəti: institutsional 

amillərin təsiri” adlı  əsərində siyasətə  və hakimiyyətə bağlanmağın mexanizmini açıqlayır: “Sovet 

vətəndaşlarını siyasi sistemə uyğunlaşmağa hansı mexanizmlər məcbur edirdi? Sovet siyasi sisteminin 



Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

 

88 

institutsional dizaynı dövlətin vətəndaş üzərində hakim mövqeyinə əsaslanırdı ki, bu da həm ideoloji 

ritorikada, həm də hakimiyyətin siyasi fəaliyyətində  əksini tapırdı.  Şəxsiyyətin rifahı birbaşa siyasi 

loyallıqdan asılı idi. Belə  şəraitdə sovet vətəndaşı rasional düşünə bilən aktyor kimi öz siyasi 

görüşlərini sistemə uyğunlaşdırmaq məcburiyyətində idi. Loyallıq  ən uduşlu strategiya idi... Digər 

tərəfdən, sovet siyasi sistemi kollektivizmi həyat fəaliyyətinin forması kimi fəal surətdə tətbiq edirdi. 

Sistemin kollektivdə yer tutan hər bir üzvü göz qabağında idi və beləliklə də onun nə dərəcədə fəal 

olması  dərhal nəzərə çarpırdı. Siyasi iştirakdan yayınmaq görünməyə  bilməzdi. Sistemə loyallığın 

nümayiş etdirilməsi vasitəsi kimi fəallıq mükafatlandırılmaq  şansına malik idi və bu, həmin 

düşüncənin vətəndaşların şüurunda möhkəm yer tutmasına səbəb olurdu. Bundan əlavə, siyasi həyatda 

iştirak üçün əlavə stimul olan repressiya təhlükəsini də unutmaq olmazdı” (4, s. 98). 

 Mühacirləri də sovet adamının taleyi gözləyirdi: ya dövlətə itaət etməli, ya da repressiyaya 

məruz qalmalı idi. Mühacirlər Azərbaycana gələndə yerli əhali artıq 37-ci ilin repressiyalarından 

keçdiyinə görə bütünlüklə itaətçilik psixologiyasının daşıyıcısı olan  yekrəng kütlə  təşkil edirdi. 

Mühacirətin ilk illərindəcə mühacirlər arasından sovet rejimini qəbul etməyənlər həbs düşərgələrinə 

göndərildikləri üçün qalanları artıq itaətçilik axınına qoşulmağa hazır idilər.  

 Mühacirlər  əllinci illərin ortalarından etibarən həmkarlar ittifaqları  təşkilatlarına üzv qəbul 

olunmağa başlamışdılar və işləyənlər onun siyasi təsiri əhatəsində idi. “SSRİ-də siyasi mühacirlərin 

hüquqi vəziyyəti haqqında” Sov.İKP MK Rəyasət Heyətinin 3 aprel 1961-ci il tarixli  qərarında 

ərazilərində siyasi mühacirlərin məskunlaşdığı vilayət,  şəhər və rayon partiya komitələrinə “onları 

həmkarlar ittifaqlarının, komsomol təşkilatlarının, könüllü cəmiyyətlərin və digər kütləvi təşkilatların  

işinə daha fəal cəlb etmək” (5)  tapşırığı verilmişdi.  1980-ci il yanvarın 1-ə olan məlumata görə bütün 

işləyən mühacirlər həmkarlar ittifaqlarının üzvü idilər, onların sayı 3.299 nəfər idi (6).  

Mühacir gənclərin ictimai-siyasi fəaliyyətə  cəlb olunması  məsələsi ADF MK-nı  əllinci illərin 

ortalarından düşündürməyə başlamışdı. Mühacirətə uşaqkən gələnlər artıq böyüyərək, gənc oğlan və 

qızlara çevrilmişdilər.  

 

ADF MK 1954-cü ilin sonunda ADF Komitəsinin Məsələlərinə Baxılması üzrə Komissiyaya 



müraciət edərək, ADF-nin gənclər təşkilatının yaradılması haqqında təklif irəli sürmüşdü. Komissiya 

5 yanvar 1955-ci il tarixli iclasında bu təklifə baxaraq,  “ADF yanında hazırda xüsusi gənclər 

təşkilatının yaradılmasının məqsədəuyğun hesab olunmaması haqqında” qərar qəbul etmişdi. 

Komissiyanın üzvü Səmədova tapşırılmışdı ki ki, İran demokratlarının uşaqlarının ÜİLKGİ-yə qəbul 

edilməsi məsələsinə baxmaq və müsbət həll etmək haqqında Azərbaycan LKGİ MK-ya göstəriş versin 

(7). 


 Komissiyanın qərarından mühacir yeniyetmə    və  gənclərin təhsil aldıqları orta və ali 

məktəblərdə  onların bu və ya digər  təşkilata mənsubiyyət baxımından öz yerli yaşıdlarından 

fərqlənməməsi kimi humanist  məqsəd güdüldüyünü düşünmək olar.    

 Lakin 


komissiyanın qərarına baxmayaraq, Azərbaycan LKGİ MK mühacirlərin komsomola  

qəbulu məsələsini həll etməkdə  səlahiyyətli deyildi. Azərbaycan KP MK da məsələni həll edə 

bilməzdi. Buna görə də,  Azərbaycan KP MK və ADF MK  Sov.İKP MK-ya müraciət edirlər. 

 Sov.İKP MK katibliyi  Azərbaycan KP MK və ADF MK-nın xahişini yerinə yetirərək, 1956-cı 

il avqustun 27-də “İran siyasi mühacirlərinin oğlan və qızlarının ÜİLKGİ-yə qəbulu haqqında” qərar 

qəbul etdi. Qərarda göstərilirdi ki, “İran siyasi mühacirlərinin oğlan və  qızlarının ümumi əsaslarla 

fərdi qaydada ÜİLKGİ-yə qəbul edilməsinə icazə verilsin” (8).  

 

Bundan sonra respublikada mühacir gənclərin komsomola qəbulunu tənzimləmək üçün  



Azərbaycan KP MK bürosunun 4 sentyabr 1956-cı il tarixli müvafiq qərarı  qəbul edilmişdi. Həmin 

büro iclasında Azərbaycan LKGİ MK katibi N. Hacıyev   ÜİLKGİ MK-nın da  bu barədə qərar qəbul 

etdiyi haqqında məlumat vermişdi (9).  

 Azərbaycan KP MK-nın məsələyə necə ciddi əhəmiyyət verdiyi sonrakı arayış və qərarlardan 

aydın olur. Azərbaycan KP MK-da hazırlanmış  28 aprel 1967-ci il tarixli arayışda göstərilirdi ki, 

“Mühacir gənclərin ÜİLKGİ sıralarına cəlb olunması işi qənaətbəxş deyildir. Onlar arasında aparılan 

iş bir dəfə də olsun Azərbaycan LKGİ MK-da müzakirə olunmamışdır. Hətta bəzi rayon komsomol 



Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

 

89

komitələrinin katibləri bilmirlər ki, siyasi mühacirlərin uşaqlarını ÜİLKGİ sıralarına qəbul etmək olar 

və lazımdır” (10). Azərbaycan KP MK-nın 19 may 1961-ci il tarixli qərarında artıq ÜİLKGİ-yə qəbul 

edilmiş mühacirlərin komsomol siyasi maarif sisteminə cəlb olunması tapşırılırdı (11). 

 

Lakin komsomola qəbulla  əlaqədar qəbul edilmiş    qərarlar hüquqi əsasa malik deyildi. Ona 



görə ki, ÜİLKGİ nizamnaməsinin 1-ci maddəsində komsomola yalnız “sovet gəncinin” qəbul edilə 

biləcəyi haqqında aydın yazılmışdı (2, s. 6). Beləliklə  də, ÜİLKGİ nizamnaməsi  əvvəlcə Sov.İKP 

MK, sonra isə  ÜİLKGİ MK-nın özü tərəfindən pozulmuşdu (nizamnaməsində  dəyişiklik etmədən 

Sov.İKP MK katibliyinin qərarına  əsasən qərar qəbul etdiyinə görə). Həmin qərarlar ÜİLKGİ 

nizamnaməsində müvafiq dəyişiklik ediləcəyi təqdirdə hüquqi sənəd hesab edilə bilərdi.  Sov.İKP MK 

katibliyinin qərarı  partiyaya (və deməli dövlətə)  Xruşşovun rəhbərlik etdiyi və “partiya dedi, partiya 

edər” prinsipinin hakim olduğu şəraitdə qəbul edilmişdi. Sonradan ölkə tarixində volüntarizm dövrü 

kimi səciyyələndirilən həmin illərdə belə qərarların qəbul olunması geniş hal almışdı.  

1974-cü ildə siyasi mühacirlərin uşaqlarının komsomola qəbulunun dayandırmasına da 

yuxarıda göstərilən hüquqi əsassızlıq səbəb olmuşdu. Azərbaycan KP MK-nın bu barədəki sorğusuna 

Azərbaycan LKGİ MK katibi V. Hüseynov 18 iyun 1974-cü il tarixli məktubunda belə cavab 

vermişdi: “Azərbaycan LKGİ MK siyasi mühacirlərin uşaqlarının ÜİLKGİ-yə  qəbulu haqqında 

ÜİLKGİ MK ilə dəfələrlə məsləhətləşmişdir. Bizə izah etmişlər ki, bu məsələ bütünlükdə ölkə üzrə 

öyrənilmişdir və  bir daha təsdiq etmişlər ki, siyasi mühacirlərin uşaqlarının qəbulu məsələsində 

ÜİLKGİ Nizamnaməsini rəhbər tutmaq lazımdır. Nizamnamənin I paraqrafında yazılmışdır ki, “Sovet 

ölkəsinin hər bir gənc adamı  ÜİLKGİ üzvü ola bilər”. Siyasi mühacirlər sovet vətəndaşlığına qəbul 

edildikdən sonra onların uşaqları  ÜİLKGİ-yə  qəbul edilə bilərlər.  İyunun 18-də  ÜİLKGİ MK 

komsomol orqanları şöbəsinin müdiri V. T. İvanov bir daha bunu təsdiq etmişdir” (12).  

 1974-cü 

ildən mühacirlərin komsomola qəbulunun dayandırılması    [həmin vaxtadək qəbul 

olunanların sayı 2.963 nəfər idi (13)] heç də komsomol təşkilatlarının gənc mühacirlərin siyasi 

tərbiyəsi işindən kənarda qalması demək deyildi. Azərbaycan KP MK-nın sonrakı  qərarlarında da 

Azərbaycan LKGİ MK-ya gənc mühacirlərlə iş haqqında tapşırıqlar verilirdi. Misal üçün, MK-nın 2 

aprel 1985-ci il tarixli qərarında Azərbaycan LKGİ MK-ya ADF-nin gənclər təşkilatı ilə  işi 

gücləndirmək, fəaliyyət proqramının hazırlanmasında ona lazımi konsultativ yardım göstərmək, 

Azərbaycan  ərazisində yaşayan  İran gəncləri arasında ideoloji işin səviyyəsini yüksəltmək, gənc 

alimləri, mütəxəssisləri, mədəniyyət xadimlərini bu işə  cəlb etmək, ADF-nin gənclər təşkilatları ilə  

şəhər və rayon komsomol komitələrinin işi haqqında MK bürosunda vaxtaçırı  məsələlər müzakirə 

etmək tapşırılırdı (14). 

 

ÜİLKGİ Nizamnaməsini sərf-nəzər edərək, mühacirlərin komsomola qəbulu haqqında qərar 



qəbul etmiş Sov.İKP MK Kommunist Partiyası Nizamnaməsinin pozulmasına yol verməmək üçün 

kifayət qədər intizamlı idi və partiyaya yalnız sovet vətəndaşları  qəbul edilə bilərdi. Buna görə  də, 

Mustafayev Sov.İKP MK-ya göndərdiyi 3 avqust 1956-cı il tarixli məktubunda “qardaş və kommunist 

partiyalarından çıxanların Sov.İKP-yə qəbul qaydası haqqında Sov.İKP MK-nın 11 dekabr 1954-cü il 

tarixli P-98/ 17 nömrəli qərarının  sovet vətəndaşlığını qəbul etmiş keçmiş ADF üzvlərinə də şamil 

edilməsi məsələsini qaldırmışdı (15).  

 Sov.İKP MK tərəfindən buna icazə verilsə  də, olduqca sərt rejim müəyyənləşdirilmişdi. 

Qaydaya görə, rayon və ya şəhər  partiya komitəsinin təqdimatına  əsasən məsələ  fərdi qaydada 

Azərbaycan KP MK bürosunda müzakirə olunduqdan sonra partiya bileti verilməsi haqqında qərar 

qəbul edilirdi (16). 1985-ci il martın 1-dək  yalnız 53 nəfər belə etimada layiq görülmüşdü (17). 

Halbuki, həmin vaxtadək sovet vətəndaşlığını qəbul edən mühacirlərin sayı  680 nəfər idi (18). Sovet 

cəmiyyətində Sov.İKP-yə üzvlüyün  bir çox imtiyazlar  verdiyini nəzərə alsaq, partiyaya qəbul üçün 

müraciətlərin qat-qat çox olduğu qənaətinə gələ bilərik. 

  

Politologiya 



elmində  siyasi iştirakın, adətən, iki əsas tipinin (konvensial – bərqərar olmuş 

ənənələrə uyğun olaraq ictimai siyasi təşkilatlarda üzvlük, siyasi aksiyalarda fəallıq və s.; və qeyri-

konvensial – mitinqdən zor tətbiq etməyə  qədər müxtəlif etiraz formalarının tətbiqi) 

müəyyənləşdirildiyini (19) nəzərə alsaq, sovet adamları kimi mühacirlərin də siyasi həyatda 




Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

 

90 

fəaliyyətini yalnız konvensial iştirak kimi səciyyələndirmək  olar. Yuxarıda göstərdiyimiz kimi, onlar 

bütün kütləvi təşkilatların işində  iştirak edirdilər. Eyni zamanda,  ADF-nin rəhbərliyi ilə siyasi 

mühacirlər də ölkə üzrə kommunistlər arasında keçirilən siyasi aksiyaların eyni hüquqlu iştirakçılarına 

çevrilmişdilər. Misal üçün, ADF Komitəsinin Məsələlərinə Baxılması üzrə Komissiya 1956-cı il 

aprelin 11-də “Sov.İKP XX qurultayının yekunları ilə əlaqədar olaraq ADF partiya fəallarının rayon 

yığıncaqlarının keçirilməsi haqqında” məsələ müzakirə edərək, ADF MK-nın bu barədəki təklifinə 

tərəfdar çıxmış, Azərbaycan KP şəhər və rayon komitələrinə müvafiq tədbirlərin keçirilməsində ADF 

təşkilatlarına köməklik göstəriməsi üçün göstəriş verilməsini tövsiyə etmişdi (20). Yaxud, Azərbaycan 

KP MK-nın 6 iyun 1967-ci il tarixli qərarında belə bir maddə vardı ki, “Bu ilin oktyabr ayında Bakı və 

Kirovabad  şəhərlərində,  Şamaxı, Quba. Ağdam və Zaqatala rayonlarında Böyük Oktyabr sosialist 

inqilabının 50 illiyi münasibətilə siyasi mühacirlərin sovet vətəndaşları ilə birlikdə “Sovetlər ölkəsi, 

biz sənə minnətdarıq!” devizi altında dostluq günləri keçirmək haqqında ADF MK-nın xahişi təmin 

edilsin. AHİŞ, Azərbaycan LKGİ MK, Mədəniyyət nazirliyi, Azərbaycan SSR İdman Cəmiyyətləri və 

Təşkilatları  İttifaqı  və respublika Qırmızı Aypara Cəmiyyətinin Mərkəzi Komitəsinə tapşırılsın ki, 

dostluq günlərinin hazırlanması  və keçirilməsinə köməklik göstərsinlər” (21). Arxiv sənədləri belə 

faktlarla zəngindir. 

 SSRİ-də  cəmiyyətə münasibətdə qeyri-konvensial siyasi iştirak, mühacirlər də daxil olmaqla, 

istisna olunurdu. Etiraz və həmrəylik mitinqləri imperializmə və onun qurbanlarına ünvanlana bilərdi 

(“Amerika, Vyetnamdan əlini çək!”, “Kuba biz səninləyik” və s.). 

 Sovet 


cəmiyyətinin maksimum siyasiləşdirilməsinə baxmayaraq, dayaqlarının daim 

möhkəmləndirilməsi üçün  Sov. İKP MK hər neçə ildən bir zəhmətkeşlərin siyasi tərbiyəsinin 

gücləndirilməsi istiqamətində qərarlar qəbul edirdi. Moskvanın nəzərincə, mühacirlərin buna daha çox 

ehtiyacı olmalı idi.  Buna görə də, mühacirlərə dair müntəzəm qəbul edilən qərarlar arasında tək-təkini 

tapmaq olar ki,  siyasi tərbiyəyə aid maddəsi  olmasın. Ayrı-ayrı vaxtlarda isə müştərək (“siyasi 

mühacirlər arasında təşkilati və siyasi işin daha da yaxşılaşdırılması”, “siyasi mühacirlər arasında 

siyasi və tərbiyəvi işin daha da gücləndirilməsi”), yaxud müstəqim olaraq (“siyasi mühacirlər arasında 

siyasi işin daha da gücləndirilməsi”) bu mövzuda qərarlar qəbul edilirdi. Mühacirlərin 1947-ci ildən 

başlayan  siyasi tərbiyəsi davamlı prosesə çevrilmişdi. 

 Azərbaycan KP MK-nın  “Azərbaycan SSR-də yaşayan iranlı siyasi mühacirlərin maddi-

məişət şəraitinin və siyasi tərbiyəsinin yaxşılaşdırılması haqqında” 4 noyabr 1958-ci il,   “Azərbaycan 

SSR-də yaşayan siyasi mühacirlər arasında siyasi və tərbiyəvi işin daha da gücləndirilməsi tədbirləri 

haqqında” 18 dekabr 1962-ci il, “Azərbaycan SSR-də yaşayan siyasi mühacirlər arasında siyasi işin 

daha da yaxşılaşdırılması  tədbirləri haqqında” 6 iyun 1967-ci il, “İran siyasi mühacirləri arasında 

təşkilati və siyasi işin daha da yaxşılaşdırılması  tədbirləri haqqında” 2 aprel 1985-ci il tarixli 

qərarlarında mühacirlər arasında aparılan siyasi işin vəziyyəti dərindən təhlil olunmuş, onun daha da 

yaxşılaşdırılması  və gücləndirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə 

tutulmuşdu.  

 

18 dekabr 1962-ci il tarixli qərarın icrası ilə əlaqədar Azərbaycan KP MK-da hazırlanmış 28 



aprel 1967-ci il tarixli arayışda göstərilirdi ki, respublikanın partiya təşkilatları, Azərbaycan Qırmızı 

Aypara Cəmiyyətinin Mərkəzi Komitəsi, nazirlik və baş idarələr MK-nın qərarını icra edərək, siyasi 

mühacirlərin ideya-siyasi səviyyəsinin yüksəldilməsi məsələləri ilə  dərindən məşğul olmağa, ADF 

təşkilatlarına bu sahədə kömək etməyə başlamışlar. Siyasi mühacirlərin müəyyən hissəsi iş yerində 

partiya (Kommunist Partiyası – X. B.) maarifi  sistemində  təhsilə  cəlb olunmuşdur.  Əksər  şəhər və 

rayon partiya komitələrində siyasi mühacirlər arasında təbliğat işi aparmaq üçün qruplar yaradılmışdır. 

Onlar beynəlxalq mövzularda, Yaxın və Orta Şərq ölkələrində daxili siyasi vəziyyət haqqında 

mühazirələr oxuyur, məruzələr edirlər.  

 Bununla 

belə, mühacirlər arasında aparılan siyasi iş kifayətləndirici hesab edilməmişdi. Arayış 

və  qərarlarda qeyd olunurdu ki, bəzi  şəhər və rayon partiya komitələri mühacirlər arasında siyasi 

tərbiyə  işi aparmaqdan daha çox onların maddi-məişət məsələlərinin həlli ilə  məşğul olurlar. İlk 

partiya təşkilatları    ilə ADF hövzələri kütləvi-siyasi iş aparılmasında fəaliyyətlərini zəif 



Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

 

91

əlaqələndirirlər. Siyasi mühacirlərin  əksəriyyəti  partiya maarifi şəbəkəsinə  cəlb olunmamış, onlar 

üçün nəzəri seminarlar, cari siyasətin öyrənilməsi üzrə dərnəklər təşkil olunmamışdır. Bakıda yaşayan 

830 nəfər  ADF üzvündən yalnız 350 nəfərinin, Kirovabad və  Əli Bayramlı  şəhərlərində,  Şamaxı, 

Ağdam, Quba, Göyçay, İsmayıllı, Bərdə, Qazax və Tovuz rayonlarında ADF üzvlərindən yalnız 

yarısının partiya təhsili sistemində    məşğul olması  partiya təşkilatları üçün böyük nöqsan hesab 

olunurdu. Göstərilirdi ki, müəssisə, idarə və təşkilatlarda siyasi mühacirlər sovet kollektivlərinin fəal 

ictimai-siyasi həyatına kifayət qədər cəlb olunmurlar,  ADF komitə və hövzə sədrlərinin, İran Siyasi 

Mühacirlər seksiyaları  sədrlərinin partiya yığıncaqlarına,  təsərrüfat fəalları müşavirələrinə, 

Azərbaycan KP-nin müvafiq komitələrinin büro və plenum iclaslarına dəvət olunması təcrübəsindən 

zəif istifadə edilir  (22).   

 Buna 

görə  də, Azərbaycan KP MK bürosunun təxminən bir ay sonra qəbul etdiyi  



“Azərbaycanda yaşayan siyasi mühacirlər arasında siyasi işin daha da yaxşılaşdırılması  tədbirləri 

haqqında” 6 iyun 1967-ci il tarixli qərarla  siyasi mühacirlər arasında  ideoloji işin mühümlüyü nəzərə 

alınaraq, bu iş üçün məsuliyyət bilavasitə şəhər və rayon partiya komitələri birinci katiblərinin üzərinə 

qoyulmuşdu. Bunun üçün ciddi əsas vardı. Qərarda siyasi mühacirlərlə aparılan siyasi işin müsbət 

cəhətləri göstərilməklə yanaşı, bu işdə ciddi nöqsanların olduğu, mühacirlərin iş yerlərində  fəal 

ictimai-siyasi həyata kifayət qədər cəlb olunmaması,  marksizm-leninizm nəzəriyyəsinə  və SSRİ-də 

kommunizm quruculuğu təcrübəsinə  dərindən yiyələnmələrinə lazımi yardım göstərilməməsi  qeyd 

olunurdu. 

 

Qərarda göstərilirdi ki, siyasi mühacirlər arasında siyasi və  tərbiyəvi iş aparılması, onların 



ideya-nəzəri, ümumi təhsil və  mədəni səviyyəsinin yüksəldilməsi Azərbaycan KP şəhər və rayon 

komitələrinin, ilk təşkilatlarının ən mühüm vəzifələrindən biri hesab edilməlidir.. 

 Mühacirlərin məskunlaşdıqları  şəhər və rayon (Bakı, Kirovabad, Sumqayıt,  Əli Bayramlı, 

Nuxa, Yevlax, Ağdam, Bərdə, Vartaşen, Göyçay, Dəvəçi, Zaqatala, İsmayıllı, Qazax, Qasım 

İsmayılov, Quba, Mirbəşir, Salyan, Tovuz, Xaçmaz, Şamxor, Şamaxı) partiya komitələrinə hər bir ilk 

partiya təşkilatında siyasi mühacirlərlə siyasi işin vəziyyətini  əsaslı surətdə öyrənib, onun 

gücləndirilməsi üçün praktik tədbirlər həyata keçirmək; Azərbaycan KP ilk təşkilatları ilə ADF 

özəklərinin siyasi-tərbiyə  işinin düzgün əlaqələndirilməsinə nail olmaq, partiyadaxili işin 

yaxşılaşdırılması üçün  ADF partiya özəklərinə yoldaş  məsləhəti və  təcrübə mübadiləsi yolu ilə 

köməklik göstərmək; ADF komitələrinin təqdimatı ilə ADF üzvlərini yeni dərs ilindən partiya təhsili 

sisteminin məktəb və nəzəri seminarlarına cəlb etmək, partiya üzvü olmayan siyasi mühacirlər üçün 

cari siyasət dərnəkləri yaratmaq tapşırılmışdı. 

 

İranlı  fəhlə  və qulluqçuların 30 faizindən çoxunun həmkarlar ittifaqlarının üzvü olmamasını 



düzgün hesab etməyən MK Azərbaycan Həmkarlar İttifaqları Şurasına  siyasi mühacirlərin və onların 

ailə üzvlərinin çalışdıqları müəssisə  və idarələrdə bütünlüklə  həmkarlar ittifaqlarına cəlb olunması 

üçün təxirəsalınmaz tədbirlər görmək haqqında göstəriş vermişdi. 

 

Qərarın preambulasında göstərilirdi ki, siyasi mühacirlərin uşaqları ilə aparılan iş müasir 



tələblərə cavab vermir. Azərbaycan LKGİ MK iranlı  gənclərin komsomola cəlb olunması üçün 

səmərəli tədbirlər görmür. Komsomol yaşlı 4.300 mühacirdən yalnız üçdə bir hissəsinin ÜİLKGİ üzvü 

olmasını  qənaətbəxş hesab etməyən MK tərəfindən  Azərbaycan LKGİ MK-ya siyasi mühacirlərin 

uşaqlarının ÜİLKGİ-yə  və pioner hərəkatına  cəlb olunması üçün sistemli iş aparmaq, iranlı 

komsomolçuların siyasi tərbiyəsini gücləndirmək, onları  fəal komsomoldaxili işə  cəlb etmək, siyasi 

mühacirlərin uşaqları ilə  iş üzrə  məsələlərin Azərbaycan LKGİ MK bürosunda vaxtaşırı müzakirə 

etmək tapşırılmışdı (23). 

 

1983-cü ilin aprelindən 1985-ci ilin mart ayınadək  İrandan Azərbaycana gəlmiş minə  qədər 



mühacir də əvvəlkilərə əlavə olunanda Azərbaycan KP MK “İran siyasi mühacirləri arasında təşkilati 

və siyasi işin daha da yaxşılaşdırılması tədbirləri haqqında” 20 aprel 1985-ci il tarixli qərarını qəbul 

etdi. Qərarda mühacirlər arasında siyasi işin aparılması  məsələlərinə geniş yer ayrılmışdı. 

Mühacirlərin məskunlaşdıqları  şəhər və rayonların partiya komitələrində onlarla iş üzrə ayrıca 




Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

 

92 

təlimatçının müəyyənləşdirilməsi, mühacirlərin yenidən Bakı Ali Partiya Məktəbinə  qəbul edilməsi 

qərara alınmışdı (24). 

 

                         

ƏDƏBİYYAT: 

 

1. SSRİ Həmkarlar İttifaqlarının Nizamnaməsi. Bakı: Azərnəşr, 1983, 56s. 

2. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Nizamnaməsi. Bakı: Gənclik, 1974, 32 s. 

3.  Прокудин  Д.  В.,  Меерсон  Б.  М.  Тоталитаризм:  явление  и  сущность.  

 

www.sch57.msk.ru/collect/wst9.htm 



 4. Шевченко Ю. Д .    Политическая культура советской и постсоветской   России: 

воздействие институциональных факторов. www. polit-hub.spb.ru/mag3.doc 

5. Azərbaycan Respublikası Prezidentinin İşlər  İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA): f.1, 

siy. 48, iş 53, v. 2  

6. ARPİİSSA: f.1, siy. 67, iş 188, v. 24 

7. ARPİİSSA: f.1, siy. 89, iş 157, v. 31  

8. ARPİİSSA: f.1, siy. 43, iş 97, v. 89 

9. ARPİİSSA: f.1, siy. 43, iş 97, v. 89  

10. ARPİİSSA: f.1, siy. 54, iş 46, v. 106 

11. ARPİİSSA: f.1, siy. 48, iş 53, v. 2 

12. ARPİİSSA: f.1, siy. 61, iş 160, v. 54  

13. ARPİİSSA: f.1, siy. 74, iş 60, v. 59 

14. ARPİİSSA: f.1, siy. 89, iş 203, v. 31 

15. ARPİİSSA: f.1, siy. 74, iş 60, v. 59 

16. ARPİİSSA: f.1, siy. 63, iş 64, v. 117 

17. ARPİİSSA: f.1, siy. 74, iş 60, v. 59 

18.Каазе М. О политическом действии и не только. www.politex.info/content/view/308/30/ 

19. ARPİİSSA: f.1, siy. 89, iş 198, v. 1 

20. ARPİİSSA: f.1, siy. 74, iş 59, v. 29 

21. ARPİİSSA: f.1, siy. 54, iş 46, vv. 104-105 

22. ARPİİSSA: f.1, siy. 54, iş 46, vv. 93-95 

23. ARPİİSSA: f.1, siy. 74, iş 59, v. 29 

24. ARPİİSSA: f.1, siy. 46, iş 68, v. 30 

                

                                                      ХАГАН БАЛАЕВ 

                                           Докторант Научно-Исследовательского                 

Института по Правам Человека НАНА 

                                         E-mail: Xaqan28@gmail.com 

 

УЧАСТИЕ ЭМИГРАНТОВ, ПРИБЫВШИХ ИЗ ЮЖНОГО АЗЕРБАЙДЖАНА, В 

ПОЛИТИЧЕСКОЙ ЖИЗНИ АЗЕРБАЙДЖАНСКОЙ ССР (1947-1991 гг.) 

 

 

Статья посвящена вопросам участия эмигрантов, прибывших из Южного Азербайджана 



после 1946 года в результате поражения демократического движения,  в политической жизни 

Азербайджанской ССР. Автор на основе многочисленных архивных документов проводит ис-

следование различных форм и направлений участия  эмигрантов в политической жизни совет-

ского общества в условиях доминирующего положения единой коммунистической идеологии. 

 



Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

 

93



KHAGAN BALAYEV  

Doctorate student  of the Human Rights 

Scientific Research Institute, 

Azerbaijan National Academy of Science 

e-mail: Xaqan28@gmail.com 

 

PARTICIPATION OF THE IMMIGRANTS FROM SOUTH AZERBAIJAN IN THE 



POLITICAL LIFE OF THE FORMER AZERBAIJAN SSR. (DURING 1947-1991 YEARS)  

 

This article deals with the participation of the immigrants in political life of community who  

came to the former Azerbaijan Soviet Sosialist Republic after collapse of the democratic movement in 

South Azerbaijan in December, 1946. On the Bases of rich archive documents, the author describes 

the movement and specific pecularities of immigrants’ participation in political the life of the soviet 

community where unique communist ideology was dominating.  



 

 

Rəyçilər: t.e.d.  C. Həsənli, ò.å.ä. Ì.Á. Ôÿòÿëèéåâ 

AMEA İnsan hüquqları üzrə Elmi -Tədqiqat İnstitutu Elmi Şurasının 16 sentyabr 2010-cu il 

tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür  (ïðîòîêîë ¹ 1 ) 

 

Yüklə 71,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə