III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
977
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
CƏLİL MƏMMƏDQULUZADƏNİN “USTA ZEYNAL”
HEKAYƏSİNDƏ SİMVOLİK ELEMENTLƏR
Vəfa BABAYEVA
Bakı Slavyan Universiteti
vefababasoy@gmail.com
AZƏRBAYCAN
Cəlil Məmmədquluzadənin 1905-ci ildə Tiflisdə qələmə aldığı “Usta Zeynal” hekayəsi
ədəbiyyatşünaslar tərəfindən onun ən güclü hekayələrindən biri kimi dəyərləndirilir. Hekayə-
də yazıçı məramı aydın görünür. Bu məram ondan ibarətdir ki, ədib inkişaf edən zamanda, hər
millətin təşəkkül tapdığı bir zamanda xalqımızın geriliyini, hələ də dini meyillərin təsiri
altında əzilməsini qəbul edə bilmirdi. Məhz bu səbəb Mirzə Cəlilə “Usta Zeynal”ı yazdırdı.
Cəhalət, əsas anlayışı “təmiz və murdar” olan, öz dinindən olmayanı murdar görən Usta
Zeynallar geriliyin əsas səbəb və səbəbkarları idilər. Bu obraz sanki etiraz əlaməti olaraq orta-
ya çıxmışdı. Əsərdə mükəmməl təsvirlərlə rastlaşırıq. Hekayə bir erməninin – Muğdusi Akopun
oğlunun təhsildən qayıtması xəbəri və bu münasibətlə oğluna səliqəli otaq düzəltmək istəyi ilə
başlayır. Burada bir çox məqamlar ortaya çıxır. Usta Zeynalların murdar dediyi xristianın
oğlu darülfünunu bitirib geri qayıdırdı, yəni təhsilli idi. “Bu xəbər Muğdusi Akopu, övrətini,
xırda oğlunu artıq dərəcədə şad etdi”.
Bu hekayədə Muğdusi Akop adlı erməni və müsəlman təfəkkürü arasındakı fərqlər incə
bir dillə oxucunun diqqətinə çatdırılır. Ağaıdakı parçaya nəzər salaq: “Muğdusi Akop
övrətinin əlindən yapışıb başladı otaqları gəzməyə, ər və arvad məsləhəti bu yerə qoydular ki,
xırda otaqda əziz qonaq üçün kravat qoysunlar ki, bu otaq yatmaq otağı olsun; haman otağa
yapışıqlı kiçik otağa yazı stolu qoysunlar, əziz qonağın yazı otağı olsun; böyük otağa fərş
salıb zal və qonaq otağı eləsinlər; dördüncü otaq nahar otağı olsun; beşinci otağı özləri üçün
yatmaq otağı eləsinlər və altıncı otağı kiçik oğlanlarına təyin etdilər”. Bu parçada diqqət
çəkən bir neçə məqam var. Birincisi, Akopun evi böyükdür. Onun evinin interyeri zamanı
üçün kifayət qədər mükəmməldir. Yazıçı onun evinin çox səliqəli olduğunu diqqətə çatdırır.
İkinci bir məqam təhsilli oğulla valideynlərin qürur duymasıdır. Bu övladın rahat olması üçün
evlərinə yenidən dizayn verirlər. Otağın ikisini onun üçün ayırırlar.
Ədib Usta Zeynalın və Qurbanın timsalında müsəlman cəhalətini təsvir edirsə, Muğdusi
Akop və onun arvadının timsalında yeni dünyagörüşünü, yenilənən dünyada insanın cəhalət-
dən qurtulmuş və özünə gün-güzəran qurmuş modelini ortaya qoyur. Şübhəsiz, Akopun
evinin quruluşu, interyeri, təmizliyi yazıçı qayəsinin ifadəsinə xidmət edir. Muğdusi Akopun
evinin təsvirini verən parçaya nəzər salaq: “Otaqların bir qüsuru yox idi; çünki divarların
kağızı təzə və təmiz idi, taxta fərşlər təzə şirələnmişdilər. Və lakin bir neçə gün bundan irəli
çox şiddətli yağışdan zal otağının səqfinin bir parça gəci lampa asılan çəngəlin bir tərəfindən
akoşkaya səmt uçub tökülmüşdü”. Bir də Məhəmmədhəsən əminin evinə nəzər salaq:
“Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qacaq, bir-iki mis qab. Kürsünün
altında var üzüquylu çevrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara hisli çaydan. Bir
tərəfində salınıb bir palaz, bir-iki taxçaya düzülübdür bir neçə boğça, köhnə papaq və bir-iki
mücrü”. Bu mənzərə isə kasıb, səfalətin hökm sürdüyü bir evdən xəbər verir. Bu ev
qaranlıqdır, divarları his bağlayıb, tirləri əyilib. Və onun sahibi Məhəmmədhəsən əmi qatı
dindardır. Dini fanatizm isə ona heç nə qazandırmır. Bir yazıçının qələmindən çıxan iki obrazı
– Muğdusi Akop və Məhəmmədhəsən əmini müqayə etdikdə, onların güzəranına nəzər
saldıqda gözümüz önündə fərqli mənzərə açılır. Biri işıqlı və geniş, “akoşka”sı olan evdə
yaşayır, biri isə qaranlıq, kasıblıq, hisdən və işıqsızlıqdan qaralmış divarlar arasında...
Akopun gənc və təhsilli oğlunun sələfləri bizim ədəbiyyatımızda mövcud idi. Nəriman
Nərimanovun 1894-cü ildə qələmə aldığı “Nadanlıq”ın qəhrəmanı Ömər, Nəcəf bəy Vəziro-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
978
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
vun “Müsibəti-Fəxrəddin”in qəhrəmanı Fəxrəddin kimi mütərəqqi ideyalar daşıyıcısı olan
qəhrəmanlar var idi ədəbiyyatımızda. Ancaq bunlar cəhalətin qurbanı olmuşdular, ən pisi də o
idi ki, ailələri tərəfindən də qəbul olunmamışdılar.
Usta Zeynalın yersiz fanatizmi onun adı əşya olan küpəni də erməni küpəsi və müsəl-
man küpəsi olaraq ayırmasında görünür. Evində işlədiyi “xozeynin” verdiyi pulu, siqarı mur-
dar olaraq görməyən Usta Zeynal gəc qarışdırmaq üçün gətirilən suyun erməni küpəsində ol-
masına “dözə bilmir”. “Usta Zeynal üzünü turşudub iki dəfə tüpürdü yerə, bir dəfə Qurbanın
üzünə və həyətə çıxıb oturdu arxın kənarında və başladı əllərini yumağa” (C.Məmmədquluza-
də, Seçilmiş əsərləri, 4 cilddə, 1-ci cild, səh. 139). Bu parçada istifadə olunan arx kənarı,
ümumiyyətlə, su detalı xüsusi əhəmiyyət daşıyır.
“Həyatı axtardığımız hər yerdə öncə suyu taparıq” deyən əski zaman mifologiyalarında
suyun bir neçə anlamı olmuşdur. Bütün mifologiyalarda təməl ünsürlərin başında gələn su
bəzən saflaşdırır, arındırır, təmizləyir, bəzən qərq edir, boğur, alıb aparır. Nuh tufanında məhv
olmanın səbəbi sudursa, yenidən başlamağın da təməli yenə sudur. Axar suyun Azərbaycan
folklorunda da xüsusi yeri vardır. Pisliklərdən arınmaq, təmizlənmək, bəzən isə insanların ka-
buslarını danışdığı, çirkinlikləri yuyub aparacağına inanılan elementdir.
Tənqidi realizmin görkəmli nümayəndəsi olan Mirzə Cəlil yaradıcılığında su elementin-
dən bu şəkildə istifadə təsadüfi səciyyə daşıya bilməz. Usta Zeynalın əlini yuyaraq “murdarlıq-
dan” xilas olmağa çalışmasının təsviri ilə, əslində, islam dünyasını içində olduğu cəhalətdən
qurtulmağa səsləməsi kimi anlaşıla bilər.
MİRZƏ FƏTƏLİ AXUNDOVUN KOMEDİYALARINDA
OBRAZ ADLARININ BƏDİİ FUNKSİYASI
Nurlanə MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
memmedovanurlane89@gmail.com
AZƏRBAYCAN
Sənətkarın yaradıcılıq xüsusiyyətləri bədii obraz vasitəsilə əsərin ideyasına, məzmununa
hopur. Bu obrazlar həyatı, dövrün xüsusiyyətlərini ifadə etməyin, insanın hisslər aləminə təsir
etməyin ən gözəl vasitəsidir. Axundovun personajları bir tərəfdən həyatın içindən çıxırsa,
digər tərəfdən dramaturqun şəxsi üslubunun, təxəyyülünün məhsuludur. Obrazlar ilə tanışlıq
əsərin “Əfradi-əhli-məclis” hissəsindən başlayır. Ədibin obrazlar sistemi rəngarəngdir, burada
bütün təbəqələri görmək mümkündür.
Axundovun personajlarının adlandırılmasında bəzi məqamlar diqqəti cəlb edir. Bəzən
elə olur ki, əsərin qəhrəmanının adı onun əsərdə daşıdığı funksiya ilə uyğun gəlir. Elə mən-
zərə yaranır ki, sənətkar bilərəkdən bu addan istifadə etmişdir. “Hekayəti-molla İbrahimxəlil
kimyagər” komediyasının müsbət qəhrəmanı Hacı Nurunun adının lüğəvi mənası ilə onun
cəmiyyətdə tutduğu mövqe bir-birini tamamlayır. “Nuru” sözü ərəb dilindəki “nur” sözündən
olub, “işıq”, “parıltı” mənasını bildirir. Hacı Nuru işıqlı, parlaq arzularını həyata keçirməyə,
cəmiyyəti yuxudan oyatmağa çalışır. Obrazların adının verildiyi hissədə Hacı Nuru adı sanki
müsbət qəhrəman olduğunu işarə edir. Remarkada Hacı Nurunun çağırılmamış Hacı Kərimin
evinə gəlməsi, Hacı Kərimin onu evinə dəvət etməməsi obrazların ümumi mənzərəsi haqqında
məlumat verir. Dramaturq mənfi tiplərinin adlarının qarşısına hacı, molla, şeyx, axund kimi
titullar əlavə edir. Yalnız Hacı Nuru müsbət obrazdır ki, bu da adın tərkibindəki nur sözü ilə
bağlıdır. Əsərdə dərviş Abbasın adı nağıl motivini xatırladır. Belə ki, nağıllarda təsvir olunan
Şah Abbas dərviş paltarı geyinib xalqın içinə çıxar, onların problemləri ilə məşğul olarmış.
Amma dramaturqun dərviş Abbas obrazı ilə nağıllardakı dərviş Abbas obrazları funksiyaları-
na görə bir-birindən fərqlənirlər.