III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
823
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“Kafamda bir tuhaflık” Orxan Pamukun ən realist romanıdır. Reallığın bədii təcəssümü
ənənəvi təhkiyə və təsvir sərhədlərinə sığmır. Pamuk qələminə məxsus rəngarəng,
əvəzedilməz ab-hava başqa romanlarla müqayisə edilməyəcək qədər oxucunu özünə bağlayır.
Orxan Pamuk romanlarına xas qəribəlik, fərqli ifadə tərzi, oyunbazlıq halları ədəbiyyatdakı
əyləncə metoduna xidmət edir. Bəs, əyləncə anlayışı nədir? Əvvəla, onu qeyd edək ki, əyləncə
sözünün lüğəvi mənası “Ürəyi əyləndirəcək, könlü açacaq şey, əylənmək üçün vasitə”dir.
Ədəbiyyatda əyləncə anlayışı isə oxucunu mətnə bağlamaq üçün müəyyən, metod və
vasitələrdir. Bildiyimiz kimi XX yüzilin 60-cı illərindən etibarən cəmiyyətin bütün sahələ-
rində sürətli dəyişmə, qeyri-sabitlik təzahür etməyə başladı. Qısacası, fransız filosof Lyotarın
“postmodern vəziyyət” adlandırdığı sənaye sonrası çağın yenilikləri ədəbiyyata da öz təsirini
göstərdi.
“Kafamda bir tuhaflık” romanının ən böyük uğuru təsvir və təhkiyədəki dolğun,
çoxsəsli, dinamik və qəribə (tuhaf) ifadə tərzidir. Romanda yazıçının müşahidəsi, həyata
baxışı və mövqeyi təhkiyənin predmeti olan İstanbulun, Mövludun həyatının təsvirində öz
əksini tapır. Pamuk ilk romanı “Cevdet bəy və oğulları”ndan “Kafamda bir tuhaflık”a qədər
klassik təhkiyyədən fərqlənən modern və məxsusi nəql etmə üsulundan istifadə edir. Bu cür
təhkiyyənin klassik təhkiyyədən fərqi ondadır ki, oxucu əsərdəki hadisələrin qurama olduğunu
bilir. Ancaq təhkiyəçi o qədər orqanik şəkildə nəql edir ki, roman böyük marağa səbəb olur.
“Kafamda bir tuhaflık” ın ilk baxışda quramaçılıqla ifadə edildiyi düşünülə bilər. Lakin
yazıçının ədəbi oyunbazlığı oxucunu hadisələrin gerçəklik sehri ilə ovsunlayır. Nümunə üçün
roman belə başlayır: “Bu, boza (buğdadan hazırlanan, tərkibində az miqdarda spirt olan və
qışda içilən içki növü) və qatıq satıcısı Mövlud Qarataşın həyatının və xəyallarının hekayəsi”
(Yapı Kredi Yayınları, Orhan Pamuk, “Kafamda bir Tuhaflık”, 480 səh, səh 15) Elə ilk cümlə
oxucuda maraq oyadır. Daha sonra yazıçı Mövludun fiziki görkəmi, xarakteri və bütün həyatı
haqqında bir neçə cümləlik yığcam məlumat verir. Bu qısa məlumat o qədər maraq oyadır ki,
451 səhifəlik romanı oxumaq oxucuya ağır gəlmir. Pamuk romanın proloqu sayılan “Mövlud
ilə Rayiha Qız qaçırmaq çətin iş” adlı hissədə əsərə hadisələrin ortasından başlayacağını,
Mövludun Rayihanı qaçırdığı (1982) ildən 4 il əvvəl əmisi oğlu Qorqudun (Rayiha Qorqudun
baldızıdır) toyunda gördüyünü, 3 il fasiləsiz Rayihaya (gözlərinə) məktub yazdığını və gözəl
Rayihanın onu qəbul etməsinə çox sevindiyini nəql edir. Mövlud əmisi oğlu Süleymanın
köməyi ilə Rayihanı qaçırır və roman bu səhnədə kulminasiya nöqtəsinə yüksəlir: “... şimşək
çaxdı, bütün göy üzü, dağlar, qayalıqlar, ağaclar, hər yer bir an uzaq xatirələr kimi
aydınlandı... Həyatıboyu bu anı, bu qəribəlik duyğusunu çox tez – tez xatırlayacaqdı” (səh 18)
Bu səhnədə aydın olur ki, Mövludun qaçırdığı qız Rayiha deyil, əslində Rayihadır, ancaq
Mövludun 3 il məktub yazdığı Rayiha deyil. Proloq belə tamamlanır: “... Rayihaya qarşıdakı
adaları göstərdi. Bir gün mütləq adalara gəzməyə gedəcəklərdi. Amma bunu Rayihanın qısa
həyatıboyunca bir kərə olsun edə bilmədilər” (səh 24) Romanın proloqunu Pamukun “saf və
düşüncəli romançı” fikrinin bədii – estetik inikası adlandırmaq olar.
Romanın təhkiyəsindəki əyləncəvilik metodlarından biri də çoxsəslilikdir. Əsər müəllif
tərəfindən nəql edilməklə yanaşı fərqli – fərqli obrazların dilindən danışılır və rəngarəng
xarakterlərin ifadə tərzi ilə qarşılaşırıq. Obrazların istifadə etdiyi kəlimələrdən davranış və
hərəkətlərindəki detallara qədər fərqlilik nəzərə çarpır. Hər bir insan öz baxış bucağından
hadisələrə münasibət bildirir. Yalnız, Mövludun başına gələn hadisələr müəllif tərəfindən
ifadə edilir. Çünki Mövludun həyatı təsvir və təhkiyənin əsas obyekti kimi inikas olunur.
Qəhrəmanın həyatı digər obrazların həyatı ilə müəyyən məqamlarda kəsişir. Bu cür kəsişmə
digər obrazların mənəvi və əqli yöndən simasını əks etdirir.
Tezisimizdə bu nəticəyə gəlmək olar ki, Orxan Pamuk əyləncə metodları vasitəsi ilə
Mövludun həyatı əsasında insanın öz mənəvi saflığını qoruya bilməsinə ədəbi şərh verə
bilmişdir. Dini, siyasi, ideoloji qruplaşmaların dünyadakı mənəvi ekologiyanı zədələməsi,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
824
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
insanları bir – birinə düşman və rəqib etməsini bədii sözlə mənalandırmağı bacarmışdır.
Mövludun həyatı həm də xoşbəxtlik nədə və kimdədir?! – sualına cavab verir. Xoşbəxtlik
insanın bilmədiyi mətləblərdə gizlənmiş ola bilər. Necə ki, Mövludun xoşbəxtliyi ilk baxışda
aşiq olduğu gözəl Samihada deyil, çirkin amma qayğı və sevgi dolu Rayihadadır, İstanbul
küçələrində öz halal alın təri ilə satıcılıq etməyindədir. Müəllifin roman vasitəsi ilə demək
istədiyi bir çox mətləbləri və əsərdəki əyləncə metodlarını daha geniş şəkildə “Kafamda bir
tuhaflık” romanı haqqında növbəti yazımızda – məqaləmizdə əsaslandırmağa çalışacağıq.
“KİTABI-DƏDƏ QORQUD” DASTANINDA ŞAMANİZM İZLƏRİ
(İNGİLİS ŞƏRQŞÜNASLARININ TƏDQİQATLARI ƏSASINDA)
Rəbiyyə ŞAMIYEVA
ADU
rabiyyash@mail.ru
AZƏRBAYCAN
“Kitabi-Dədə Qorqud” dastanlarında islamiyyətdən çox-çox əvvəlki illərin izlərini
özündə ehtiva edən bir çox məqamlar vardır ki, bunlar evlənmə, ad vermə,
ölüm və digər mə-
rasim və adətlərin təsvirində aydın şəkildə əks olunmuşdur. Dastanda əsas şamanizm motiv-
lərinə əsaslanan su, agac, dağ kultu, qurd totemi, müxtəlif tədqiqatçılar tərəfindən araşdırılmış
hələ də araşdırma mənbəyi kimi diqqəti cəlb etməkdədir.
“Kitabi-Dədə Qorqud” eposunu ingiliscəyə çevirən ingilis alimi Ceffri Lyuis bu dastan-
dakı islam koloritinə rəğmən əsərdə islama qədərki türk inanclarının hökm sürdüyü şaman
izlərinin olduğunu vurgulayır: ‘The dying Beyrek (Chapter 12) asks for his horse’s tail to be
cut off.’ (“ Ölərkən Beyrək (Fəsil 12) atının quyruğunun kəsilməsini xahiş edir”.) Hər fəsildən
gətirdiyi sitatlarla fikrini əsaslandırmağa çalışan müəllifin qənaətincə, türk dəfn mərasimlə-
rində üz cırma, sac yolma, qəhrəmanın atının quyruğunun kəsilməsi, döyüşdə fərqlənməyənə
qədər oğlan uşaqlarına ad verilməməsi və s. bu kimi misalların islam dəyərlərindən uzaq, şa-
manizm izlərinin təzahürü kimi qəbul edilməsi tamamilə məntiqə uyğundur.
“Dədə Qorqud Kitabı”nı ingiliscəyə tərcümə edən digər tədqiqatçı Paul Mirabil kitabın
əvvəlində yazdığı ön sözdə bu dastanı “arxeoloqların limanı” adlandırır. O, dastanda bir-birini
inkar etməyən iki dini baxışı, müxtəlif materialdan ibarət bir cüt laya bənzədərək bu möh-
təşəm sənət abidəsini, türk dünyasının ədəbiyyat günəşini, dini-tarixi baxımdan xarakterizə
etməyə çalışmışdır. O, qatlardan birini şamançılığa, digərini isə islama bənzədir.
P. Mirabil şaman qatının oxucunu geriyə, şaman adətlərinin Altay xalqları arasında daha
güclü olduğu Altay dağlarına apardığını qeyd edir. Müəllif dastandakı konkret misallara isti-
nad edərək buradakı islam motivləri ilə şamançılıq motivlərini qarşılaşdırır və dastandakı isla-
mi “forma”nın ruhunun şamançılığı yaşatdığını israrla qeyd edir: “Doğrudur, kitabda yazılır ki,
bu igid cəngavərlər (qazi, ərən) Məhəmməd peyğəmbər üçün vuruşurlar. Bununla belə, əgər
dastandakı “forma” islami təsir bağışlayırsa, onun “ruhu”şamançılığı yaşadır”.
P. Mirabile görə dastandakı cəngavərlər də karvan kimi gəlib gedir və ilahi bir istək onları
əcələ doğru aparır ki, bu zaman “bu Allahın və ya Allahların işi deyildir” deməyə ehtiyac du-
yulmur.
Şaman üçbucağının “Dədə Qorqud kitabı”nın ruhunu təşkil etdiyini qeyd edən P.Mirabil
dastanda dağlara, sulara, ağaclara edilən yalvarışların, onların yaradanlara olan ehtiramlarının
rəmzləri hesab edir.
“Dədə Qorqud kitabı” nda mədh edilən ölümün üzdə xanlar naminə olsa da əslində
allahlar üçün həyata keçirildiyini qeyd eən P. Mirabil elə bu səbəbdən də şaman türklərinin