85
Qaraköpəktəpədən tapılmış daş alətlər dən daşları, sürtgəc, bülöv daşları,
qurama oraq dişləri, obsidian lövhələr və s. maddi-mədəniyyət qalıqlarından
ibarətdir. Keramika, başlıca olaraq qara cilalı, müxtəlif formalı qabların parçaları
ilə təmsil olunmuşdur. Gil məmulatı arasında ocaq qurğuları, təkər modeli, iy
başlıqları və başqa əşyalar da olmuşdur. Gildən hazırlanmış əşyalar içərisində
toppuz başı və metalişləmədə işlədilən butə qalıqları diqqəti cəlb edir. Tədqiqat
zamanı sümükdən həzırlanmış əmək alətləri də aşkar edilmişdir.
Günəştəpə yaşayış yeri Füzuli şəhəri yaxınlığında, Köndələnçayın sağ
sahilində yerləşir. Abidənin İlk Tunc dövrünə aid mədəni təbəqəsinin qalınlığı 2
m- dir. Bu təbəqədə qaya parçaları və çay daşlarından tikilmiş, gil məhlulu ilə
bərkidilmiş dairəvi formalı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Binanın
diametri 7 m- dir. Divarların ətrafında xeyli suvaq və çiy kərpic parçalarının
qeydə alınması, divarların daş təməl üzərində çiy kərpicdən tikildiyini göstərir.
Qazıntılar zamanı daş və sümükdən hazırlanmış əmək alətləri, Kür-Araz
mədəniyyəti üçün xarakterik olan qara cilalı gil qab parçaları əldə edilmişdir.
Arxeoloji qazıntılar Günəştəpə yaşayış yerinin İlk Tunc dövrünün yalnız
müəyyən mərhələsində mövcud olduğunu göstərir.
Мeynətəpə yaşayış yeri Füzuli şəhərindən altı km şimal-şərqdə,
Köndələnçayın sağ sahilində yerləşir. Yaşayış yeri müxtəlif formalı üç təpədən
ibarətdir. Abidənin ətrafı əkinçilik üçün yararlı sahələrlə əhatə olunmuşdur.
Tədqiqatlar zamanı bu sahələrdən qurama oraq dişləri aşkar edilmişdir.
Təpələrin hər üçündə əmək alətlərinə, gil qab parçalarına rast gəlinmişdir.
Üçüncü təpə maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Köndələnçayın
uçurumlu sahilində yaranan kəsikdə təpənin mədəni qatları aydın şəkildə izlənir.
Burada mədəni təbəqənin qalınlığı 3-4 m arasındadır. Təbəqə yanmış torpaq
qatlarından, gil qab parçalarından, çay daşlarından və digər maddi-mədəniyyət
qalıqlarından ibarətdir. Arxeoloji materialların təhlili Мeynətəpənin Kür-Araz
mədəniyyətinin bütün dövrü ərzində mövcud olduğunu göstərir.
Uzuntəpə yaşayış yeri Мeynətəpədən bir qədər aralıda yerləşir. Abidə
uzunluğu 200, eni 60 m- ə yaxın uzunsov təpə şəklindədir. Hündürlüyü 1m olan
yaşayış yeri hər tərəfdən əkin sahələri ilə əhatələnmişdir. 1968- ci ildə aparılan
kəşfiyyat qazıntıları zamanı mədəni təbəqənin 1m qalınlığında olduğu müəyyən
edilmişdir. Мədəni təbəqə kül qatları, tikinti qalıqları, gil qab parçaları və digər
maddi-mədəniyyət qalıqlarını özündə cəmləşdirmişdir.
86
Şəkil 51. Мingəçevir yaşayış yeri və nekropolu
87
Əldə edilən maddi-mədəniyyət qalıqları daş alətlər, gil qab parçaları,
heyvan fiqurları, ocaq qurğularından ibarətdir.
Şomulutəpə yaşayış yeri Uzuntəpədən 40-50 m şimal-qərbdə yerləşən
hündür, konusvari təpənin üzərindədir. Onun hündürlüyü 6, diametri 80 m- dir.
Kəşfiyyat xarakterli tədqiqatlar zamanı toplanan yerüstü materiallar dən daşları,
gil qab parçaları və oraq dişlərindən ibarətdir.
Kültəpə yaşayış yeri Quruçay və Köndələnçay vadisinin çoxtəbəqəli
abidələrindən biridir. Bu yaşayış yerinin alt təbəqəsindən Eneolit və İlk Tunc
dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.
Bu qrupa daxil olan Xantəpə yaşayış yerində, yalnız kəşfiyyat xarakterli
qazıntı işləri aparılmışdır. Yaşayış yerində qara cilalı gil qab parçalarının və
əmək alətlərinin qalıqları aşkar edilmişdir. Tapıntıların böyük qrupunu təşkil
edən gil məmulatı boz rəngdə bişirilmişdir. Onların bir qismi çəhrayı astarlıdır.
Gil qabların üzərində yapma və cızma naxışlara, dairəvi batıqlara rast
gəlinmişdir.
Gəncə-Qazax zonasının arxeoloji abidələri yaşayış yerləri və qəbir
abidələri ilə təmsil olunmuşdur.
Мingəçevir yaşayış yeri Yevlax şəhəri yaxınlığında, Kür çayının sağ
sahilində, Bozdağ vadisinin mərkəzi hissəsində yerləşir. Yaşayış yeri əvvəlcə
böyük bir sahəni əhatə etmişdir. Lakin, Kür çayının öz məcrasını dəyişməsi ilə
əlaqədar yaranmış yarğanlar nəticəsində, onun sağ tərəfində yerləşən yaşayış yeri
dağılmış və sahəsi xeyli kiçilmişdir. Nəticədə qədim yaşayış yerindən yalnız
kiçik qalıqlar qalmışdır. Abidədə aparılan qazıntının ümumi sahəsi 1200 m
2
olmuşdur. Bütün qazıntı sahəsində təqribən eyni stratiqrafiya izlənmişdir. Burada
alt qatda, bilavasitə materikin üzərində Kür-Araz təbəqəsinə, yuxarıda inkişaf
etmiş Tunc dövrünə və Antik dövrə aid təbəqələrə də rast gəlinmişdir.
Qazıntı sahəsində Erkən Tunc dövrünə aid dörd yaşayış binasının qalığı
aşkar edilərək, öyrənilmişdir. Onların içərisində 2 №- li yaşayış binası daha yaxşı
qalmışdır. Bu bina yaşayış yerinin mərkəzində yerləşir. Bina küncləri
dəyirmiləşdirilmiş dördkünc formalı, yarımqazma tipli yaşayış binasının
qalıqlarından ibarətdir. Onun sahəsi 112 m
2
, divarlarının qalmış hissəsinin
hündürlüyü 1-1,10m-dir. Divarların yuxarı hissəsi və damın örtüyü ağacdan
qurulmuşdur. Binanın divarları və döşəməsi gillə suvanmışdır. Evin döşəməsi 4
yarus əmələ gətirən döyəclənmiş gil təbəqəsi, daş, balıqqulağı və keramika
parçalarından ibarətdir. Divarlar boyunca bir-birindən 2 m aralıda evin damını
saxlayan dirək çuxurları, mərkəzdə isə hər sırada üç ədəd olmaqla iki sıra ocaq
qalıqları aşkar olunmuşdur. Dirək çuxurlarının və ocaqların planı bütün
yaruslarda eyni olduğundan, qeyd etmək olar ki, 4 təbəqəli döşəmənin yaranması,
yalnız döşəmənin yeniləşdirilməsi ilə bağlı olmuşdur. Ocaqların ətrafında mətbəx
qalıqlarına rast gəlinmişdir. Yaşayış binası möhrədən tikilmiş arakəsmə divarla
üç hissəyə bölünmüşdür. Cənub-qərb tərəfdə birinci yarusun döşəməsi altında
Dostları ilə paylaş: |