94
üstə, bükülü vəziyyətdə, şimal-cənub istiqamətində, üzü qərbə tərəf olduğu
müəyyən edilmişdir. Qəbir kamerası bir sıra daş düzülmüş kromlexlə əhatə
olunmuşdur. Kromlexin diametri 6,9 m- dir. Qəbirdən gil qablara aid parçalar, at
başı təsvir olunmuş uzunsov daş, bülöv daşı və metal əşyalar aşkar edilmişdir. Bu
qəbirin kurqan örtüyündən gil qab parçaları, yastı tiyəli balta və araba təkərinin
modeli tapılmışdır. Мateriallar içərisində saplaqlı tunc nizə ucluqları xüsusi
maraq doğurur. Bu tip nizələr İlk Tunc dövründə geniş yayılmış silah
növlərindən biri olmuşdur.
İkinci kurqan (№ 2) birincidən 1 km cənubda, Dırankəş adlı yerdə qeydə
alınıb, öyrənilmişdir. Hündürlüyü 2 m, diametri 11 m olan bu kurqanın quruluşu
birinci ilə eynidir. Kurqan örtüyü altında İlk Tunc dövrü üçün nadir hesab edilən
dördkünc formalı, dromoslu daş qutu qəbir aşkar olunmuşdur.
Qəbirin ölçüləri 3,5 x 2,4 x 1,2 m-dir. Qəbir kamerası bir cərgə düzülmüş
qaya parçalarından qurulmuşdur. Qəbir kamerasının dibinə, qalınlığı 5- 6 sm olan
daş plitələr döşənmişdi. İstər qəbir kamerası, istərsə də onun girişi daşla
doldurulmuşdu. Örtük daşlarına rast gəlinməmişdir. Qəbirdə skeletə təsadüf
edilməmiş, oradan müxtəlif qablara aid parçalar aşkar edilmişdir. Tədqiqatçının
fikrinə görə, bu qəbir qarət edilmişdir.
Bu kurqanların tarixinin müəyyən edilməsində 1 №- li kurqanın
materiallarına istinad edilmişdir. Tədqiqatçı F.R.Мahmudov kurqanları e.ə. III
minilliyin ortalarına aid etmişdir.
Azərbaycanın şimal-şərqində yerləşən abidələr yaşayış yerləri ilə təmsil
edilmiş və başlıca olaraq, kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Bu
abidələr içərisində Qusar rayonunda yerləşən I Böyüktəpə, II Böyüktəpə, III
Gövduşantəpə, Qəflətəpələri, Kuçumxantəpə, Xaçmaz rayonunda Təpəyatağı,
Sərkərtəpə, I Çinarqala, Dəvəçi rayonunda I Çaqqallıq yaşayış yerləri, Şəkidə 1
№- li Daşüz və Küdürlü kurqanları xüsusi əhəmiyyətə malikdir.
1982-1986-cı illərdə Xaçmaz rayonunda yerləşən Sərkərtəpədə aparılan
qazıntılar zamanı bu dövrə aid yaşayış binalarının arxitekturasını müəyyən
dərəcədə bərpa etmək mümkün olmuşdur. Burada saman qarışığı olan çiy
kərpicdən tikilmiş dairəvi planlı yaşayış binasının qalıqları aşkar olunmuşdur.
Bütün evlərin içərisindən gildən düzəldilmiş dairəvi formalı, yuxarıya doğru bir
qədər genişlənən ocaqlar qeydə alınmışdır. Evlərin döşəməsinə çiy kərpic
düzülmüş, gillə suvanmışdır. Erkən Tunc dövrünə aid mədəni təbəqənin qalınlığı
4 m olmuşdur. Yaşayış yerində aparılan araşdırmalar zamanı Erkən Tunc
dövrünə aid ziyarətgah aşkar olunmuşdur. Sərkərtəpədən aşkar olunan
ziyarətgah İlk Tunc dövründə yaşayan insanların ideoloji görüşlərinin
öyrənilməsi üçün xüsusilə əhəmiyyətlidir. Ziyarətgah daxili quruluşuna görə II
Kültəpədən aşkar olunan ziyarətgahlara bənzəyir. Lakin Sərkərtəpə ziyarətgahı
daha yaxşı saxlanması ilə fərqlə
95
Şəkil 54. Sərkərtəpənin keramika məmulatı
nir.Onun mərkəzi hissəsində dairəvi formalı ocaq, şimal divarı yaxınlığında
qurbangah, ocağın yaxınlığında dairəvi formalı altı buynuzşəkilli çıxıntısı olan
manqal, qurbangahın yaxınlığından isə buynuzşəkilli çıxıntıları olan sitayiş
qurğuları aşkar olunmuşdur. Tədqiqatçıların fikrinə görə, Sərkərtəpədən aşkar
olunan keramika məmulatı üzərindəki zəngin motivli naxışlar, o cümlədən Ay,
Günəş, at təsvirləri qədim insanların ideoloji görüşlərini əks etdirmişdir.
Sərkərtəpə ziyarətgahının divarında Günəşi simvolizə edən, dairəvi formalı
batıqla ifadə olunan təsvirin olması da diqqətəlayiqdir. Мəlum olduğu kimi, bu
tipli batıqlara I Kültəpə və II Kültəpə yaşayış yerlərindən aşkar olunan
manqalların ağzının kənarında da rastlanmışdır.
Aşkar olunan tapıntılar ziyarətgahlarda məhsuldarlıqla bağlı məra-
simlərdə məhsuldarlığın mənbəyi hesab olunan öküz kultu ilə bərabər, səma
cismlərinə sitayişin də mühüm yer tutduğunu göstərir. Мəhsuldarlığın təmin
edilməsi müxtəlif heyvanların Tanrılara qurban verilməsi, yaxud onların
fiqurlarının Tanrı hüzuruna gətirilməsi ilə təmin olunmuşdur.
Təpəyatağı yaşayış yerində aşkar olunan suvaq qalıqları və onların
üzərində qalmış çubuq izləri, burada toxuma divarlı, hər iki üzdən saman qarışığı
96
olan gillə suvanmış evlərin olduğunu sübut edir. Abidədə, həmçinin ağac və
təsərrüfat çuxurlarının qalıqlarına da rast gəlinmişdir.
Yaşayış yerləri oturaq əkinçilik və yarımköçəri yaylaq maldarlığı üçün
əlverişli olan yerlərdə salınmışdır. Ərazinin əlverişli coğrafi şəraiti e.ə. III
minillikdə qədim tayfaların burada intensiv məskunlaşmasına şərait yaratmışıdr.
Bu abidələr başlıca olaraq, Kür-Araz mədəniyyətinin inkişaf etmiş mərhələsinə
aid olmaqla, bir sıra özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu yaşayış yerləri,
İlk Tunc dövrü mədəniyyətinin Şimali Qafqaz və Dağıstana doğru irəliləməsi və
adı çəkilən ərazilərlə Azərbaycanın Kür-Araz mədəniyyətinin müqayisəli şəkildə
öyrənilməsi baxımından əhəmiyyətlidir.
Aşkar olunmuş materialların əksəriyyəti keramikadan ibarətdir. Onlar boz,
qonur, qara və çəhrayı rəngdə bişirilmişdir. Gil qablar xaricdən, bəzən isə hər iki
tərəfdən yaxşıca cilalanmışdır. Qabların ornamenti cızma və qabartma
naxışlardan ibarətdir. Kasa, çölmək, manqal, vazalarla təmsil olunan keramika
əldə, lakin yaxşı forma verilərək, hazırlanmışdır. Qabların yarımşar və
ilgəkşəkilli qulpları vardır.
Daş alətlər dən daşları və oraq dişləri ilə təmsil olunmuşdur. Sümükdən
hazırlanmış cilalayıcı alətlər də əldə edilmişdir. Sərkərtəpədə aparılan qazıntılar
zamanı xeyli tunc əşyalar qeydə alınmışdır.
Şəki rayonunun Daşüz kəndi yaxınlığında yerləşən 1 №- li kurqandan
tədqiqatçı T.İ.Axundov tərəfindən qonur-qaramtıl rəngli, çox da yaxşı
yoğrulmamış gildən düzəldilmiş qulpsuz küpələr və qulaqcıqlı xeyrə tipli qab
aşkar edilmişdir. Kurqanın sadə torpaq qəbrində uşağa aid skelet qalıqları aşkar
olunmuşdur. Kurqan e.ə. III minilliyin sonlarına aid edilir.
Erkən Tunc dövrünə aid Küdürlü kurqanlarının bəzisində qəbir kamerası
yoxdur. Мərhum bükülü vəziyyətdə dəfn olunmuş və onun başı qərbə tərəf
yönəldilmişdir. Qəbirin üzəri daş, daha sonra torpaq kurqanla örtülmüş, kurqan
örtüyündə çay daşları Ay və beşguşəli ulduz şəklində düzülmüşdür. Kurqanların
cənub-qərbində qurbangah olmuşdur. Küdürlü nekropolundakı 1№ -li və 2 № - li
kurqanlar Erkən Tunc dövrünə, 13 və 14 № -li kurqanlar isə Erkən Tuncdan Orta
Tunca keçid dövrünə aid edilmişdir.
Araşdırmalar göstərir ki, Azərbaycanın Kür-Araz mədəniyyəti abidələri
müəyyən qruplar halında, başlıca olaraq düzənliklərdə, çay kənarlarında yerləşir.
Abidələrin bir qismi əvvəlki Eneolit məskənlərinin üzərində, bir qismi isə yeni
yerlərdə salınmışdır. Naxçıvan ərazisində Kür-Araz mədəniyyətinin daha çox
yığıldığı çoxtəbəqəli abidələrə Naxçıvançay vadisində rast gəlinmişdir. Yaşayış
yerləri çay kənarında, girintili-çıxıntılı relyefə malik ərazidə salınmışdır. Şimal
tərəfdən yüksək dağ silsiləsi ilə hüdudlanan Naxçıvançay vadisi əkinçilik və
yarımköçəri maldarlıq üçün olduqca əlverişli olmuşdur. Şübhəsiz ki, qədim
insanların bu ərazidə uzun müddət məskunlaşmasının səbəblərindən biri də
Naxçıvançayın gur sulu olması və yay vaxtı qurumamasıdır. Ərazinin relyefi
çaydan çəkilən kanallar vasitəsi ilə əkin sahələrini suvarmağa imkan vermişdir.
Dostları ilə paylaş: |