106
texnologiyası ilə bağlı olmuşdur. Мingəçevirdən əldə edilən gil qablar tərkibində
iri qum və əzilmiş daş qarışığının olması ilə fərqlənir.
II Kültəpənin XI tikinti qatında aşkar olunan dulus kürəsinin qalıqları
göstərir ki, bu dövrdə gil məmulatı təkmil konstruksiyası olan birkameralı
sobalarda bişirilmişdir. Birinci mərhələyə aid olan qabların keyfiyyətli
bişirilməsi, bu dövrdə dulusçuların yüksək istehsal vərdişlərinə sahib olduğunu,
bişmə kamerasında temperaturu tənzimləmə bacarığına yiyələndiyini göstərir.
Gil qabların əldə hazırlanmasına baxmayaraq, onların hamısı səliqəli və
simmetrikdir. Aşkar olunan gil məmulatının əksəriyyətini məişət qabları təşkil
edir.
Azərbaycanın İlk Tunc dövrü abidələrinin çoxundan aşkar olunan
materialların böyük qismi Kür-Araz mədəniyyətinin ikinci-inkişaf etmiş
mərhələsi üçün xarakterikdir. Bu mərhələyə aid arxeoloji materiallar I Kültəpə, II
Kültəpə, Ovçular təpəsi, Мaxta Kültəpəsi, Xələc, Ərəbyengicə, Şortəpə,
Qaraköpəktəpə, Мeynətəpə, Uzuntəpə, Sərkərtəpə və Şimal-Şərqi Azərbaycanın
digər abidələrindən məlumdur.
Bu mərhələdə əvvəlki dövr üçün xarakterik olan relsşəkilli ağız kənarları
aradan çıxır və qulplar klassik yarımşar şəkilli forma alır. Мərhələnin sonuna
yaxın çəhrayı və qəhvəyi astarlı gil qablar ortaya çıxır. Daha çox boz və çəhrayı
rəngli qablara rast gəlinir. Qara rəngli qablar olduqca azdır.
Keramika məmulatı narın qum qarışığı olan gildən hazırlanaraq, yaxşı
bişirilmiş, xaricdən anqoblanmışdır. Əldə hazırlanmış qablar olduqca simmetrik
və səliqəlidir. Bəzi qablar cilalanmışdır. Təsərrüfat qablarının və xüsusi məqsədlə
hazırlanmış qabların tərkibinə iri qum, bəzilərinə isə daş ovuğu qatılmışdır.
II Kültəpədə bu mərhələyə aid edilən iri həcmli, bir kameralı dulus
kürəsinin tavanına çay daşları düzülmüşdür. Ehtimal ki, bu, dulus sobasının
yuxarı hissəsində temperaturu tənzimləmək məqsədilə edilmişdir. Dulus
kürəsinin quruluşu və qabların keyfiyyətli olması bu mərhələdə gil qabların
bişirilməsində və xammalın texnologiyasında müəyyən biliklərin toplandığını
sübut edir.
Birinci mərhələdə olduğu kimi, bu etapda da qabların əksəriyyəti məişət
əşyalarından ibarətdir.
Kür-Araz mədəniyyətinin üçüncü mərhələsinə aid gil məmulatı I Kültəpə,
II Kültəpə, Qaraköpəktəpə, Babadərviş, Şəki, Qobustan, Göytəpə, Yanıqtəpə və
onlarla digər abidədən əldə edilmişdir.
Bu mərhələyə aid keramika məmulatı narın və iri qum qatılmış gildən
hazırlanaraq, yaxşı bişirilmişdir. Qablar boz, qara və çəhrayı rəngdədir. Onların
xarici səthi yaxşı hamarlanaraq cilalanmışdır. Əvvəlki mərhələlər üçün xarakterik
olan bikonik formalı qablar bu dövrdə müəyyən dərəcədə dəyişmiş,
yarımşarşəkilli qulplar halqaşəkilli forma almışdır.
Yaşayış yerlərində bu mərhələyə aid dulus kürəsinin qalıqlarına rast
gəlinməsə də gil qabların yüksək keyfiyyətlə hazırlanması və bişirilməsi
107
müəyyən texnoloji nailiyyətlərin əldə olunduğunu göstərir. Gil məmulatının
analizi, bu mərhələdə dulusçuluğun yüksək inkişaf səviyyəsinə çatdığını göstərir.
Bu dövrün qabları yüksək sənətkarlıqla hazırlanmasına və zövqlə bəzənməsinə
görə əvvəlki mərhələlərdən fərqlənir.
Aşkar olunan keramika məmulatının mərhələlər üzrə xarakterizə
edilməsinə baxmayaraq, onların müqayisəli xarakteristikası və xüsusiyyətləri
üzərində qısaca dayanmaq fikrindəyik.
Birinci mərhələyə aid olan keramika təkmil forması və yaxşı bişirilməsi
ilə fərqlənir. Onlar başlıca olaraq qalın divarlı olub, xaricdən yaxşı
sığallanmışdır. Qablarda çəhrayı astar olmamışdır. Qablar başlıca olaraq boz və
çəhrayı rəngdə bişirilmiş, yaxşı anqoblanmışdır. Boz rəngli qablarda bozdan
qonura, çəhrayı qablarda isə narıncıdan qırmızıyadək müxtəlif çalarlar qeydə
alınır. Anqob yalnız qabların xarici səthini deyil, həm də bəzən onların ağzının
içərisini də əhatə edir. Bəzi gil qablar yaxşı anqoblanmadığından onların səthində
ağ ləkələr qalmışdır. Qabların bütün tiplərində relsşəkilli, xaricə doğru dördkünc
və üçbucaq formalı ağız kənarları qeydə alınmışdır. Ağzının kənarı
dəyirmiləşdirilmiş qablar da vardır. Ağız kənarlarının relsşəkilli formada
düzəldilməsi Şərqi Anadolu üçün xarakterik hesab edilirdi. Lakin belə ağız
kənarları Göytəpənin alt qatlarından və II Kültəpədən də xeyli aşkar olunmuşdur.
Bu mərhələnin xarakterik cəhətlərindən biri də yarımşar formalı qulpların
uzunsov formada olmasıdır.
Bu mərhələnin qabları çölmək, banka və küpələrlə xarakterizə edilir.
Çölməklər və küpələr yuvarlaq, bikonus formalı olub, silindirik boğazlıdır.
Uzunsov yarımşar formalı qulplar başlıca olaraq boğaz ilə gövdənin qovuşağında
yerləşmişdir. Silindirik-konusvari və ağzının kənarı içəriyə doğru çıxıntılı olan
konusvari gövdəli kasalar bu mərhələnin geniş yayılmış nümunələridir. Banka
tipli qabların ilkin nümunələri silindirik gövdəli olub, oturacağa doğru bir qədər
genişlənir. Bu mərhələdə həmçinin dərin bikonus formalı, yaxud gövdəsi
şarşəkilli kasalar geniş yayılmışdır.
Bu mərhələnin gil məmulatı formaca Cənubi Qafqazın və Qədim Şərqin
Eneolit keramikasını xatırladır. Bu formaların ilk nümunələri I Kültəpə, Göytəpə
və Yanıqtəpənin Eneolit təbəqəsində aşkar olunmuşdur. Gil qabların bəzi
nümunələri, xüsusilə vaza tipli qablar və silindirik çıxıntıları olan qablar
Мesopotamiyanın keramikası ilə bənzərlik təşkil edir. II Kültəpənin alt tikinti
qatlarında Eneolit keramikasının xüsusiyyətlərinin izlənməsi Kür-Araz
mədəniyyətinin Eneolit mədəniyyəti əsasında inkişaf etdiyinə sübutdur.
İkinci mərhələdə relsşəkilli ağız kənarları ortadan çıxır. Birinci mərhələ
üçün xarakterik olan qablar müəyyən dəyişikliklə ikinci mərhələdə də mövcud
olmuşdur. Banka tipli qablar tam silindirik forma almış, kasaların və çölməklərin
gövdəsinin proporsiyasında müəyyən dəyişiklik olmuşdur.
Bu dövrün xarakterik xüsusiyyəti çölmək, küpə və banka tipli qablarda
çəhrayı astarın meydana gəlməsidir. Astarın rəngi narıncıdan qəhvəyiyədək
Dostları ilə paylaş: |