Maddə 54. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi
(müddətinin uzadılması) qaydası
54.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında
daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda,
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin
bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra
hakimiyyəti orqanına müraciət etməlidirlər.
54.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında
daimi yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət
edirlər.
54.3. 14 yaşına çatmamış uşağın Azərbaycan Respublikasında daimi yaşamaq üçün
icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında, 14-18
yaşı olan uşağın isə razılığı alınmaqla, valideyninin və ya digər qanuni
nümayəndəsinin müraciəti əsasında alınır.
54.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin
verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət
formasında təqdim edilə bilər.
54.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında
daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların
Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri,
habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının
mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır.
54.6. Müvafiq icra hakimiyyəti orqanı müraciət etmiş şəxslərin sənədlərini
baxılması və rəy bildirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
54.7. Müvafiq icra hakimiyyəti orqanı 1 ay müddətində daxil olmuş sənədlərlə
bağlı yoxlama apardıqdan sonra sənədləri müvafiq icra hakimiyyəti orqanına
qaytarır. Müvafiq icra hakimiyyəti orqanının 1 ay ərzində rəy bildirməməsi daimi
yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.
54.8. Müvafiq icra hakimiyyəti orqanı daimi yaşamaq üçün icazənin verilməsi ilə
bağlı müvafiq icra hakimiyyəti orqanına və digər aidiyyəti qurumlara müvafiq
sorğular göndərir və rəsmi arayışlar alır.
54.9. Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq üçün müraciət
etmiş şəxsin vəsatətinə 2 ay müddətində baxılmaqla, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müvafiq qərar qəbul edilir.
54.10. Həmin qərarda daimi yaşamaq üçün icazə almaq istəyən şəxsin müraciətinin
təmin edilməsi və ya rədd edilməsi əsaslandırılmalı və bu qərarın surəti ona
verilməlidir.
54.11. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında
daimi yaşamaq üçün icazənin verilməsindən imtina edildikdə, imtina edildiyi
gündən etibarən bir ay müddətində imtinaya səbəb olan hal aradan qalxdıqda,
müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edilə bilər. Bu halda yalnız
imtina edilməsinə səbəb olan halın aradan qalxdığını təsdiq edən sənəd təqdim
edilir.
54.12. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə
verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il
müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman bu
Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur.
54.13. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi
ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, daimi yaşamaq
üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi ilə əlaqədar
müraciət etmiş, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış və
ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan
Respublikasında daimi yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat
Sistemi vasitəsi ilə həyata keçirilir.
Maddə 55. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilmədiyi
(müddətinin uzadılmadığı) hallar
55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və
vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün
icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir:
55.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə
zərər vurula biləcəyi hallarda;
55.0.2. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli
yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı
ilə nikahda olanlar istisna olmaqla);
55.0.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü
maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə;
55.0.4. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta
sənədlər
təqdim
edildikdə
və
ya
yalan
məlumatlar
verildikdə;
55.0.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum
olunduqda,
əgər
məhkumluğu
qanunla
müəyyən
edilmiş
qaydada
ödənilməmişdirsə və ya götürülməmişdirsə;
55.0.6. özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən
vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və
ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə
qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla);
55.0.7. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini
tərk etdikdə;
55.0.8. daimi yaşamaq üçün icazənin verildiyi gündən etibarən hər bir il ərzində
Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180
gündən çox olduqda;
55.0.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alması
üçün əsas olmuş hallar aradan qalxdıqda;
55.0.10. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə
tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə;