55.0.11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
55.0.12. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma
barədə qərar qəbul edildikdə;
55.0.13 Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan
Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda.
Maddə 56. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin
verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi və ya daimi
yaşamaq üçün icazənin ləğv edilməsi haqqında qərardan şikayət verilməsi
Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən
(müddətinin uzadılmasından) imtina və ya daimi yaşamaq üçün icazənin ləğv
edilməsi haqqında qərardan Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq olaraq inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə
bilər.
IV BÖLMƏ
ƏMƏK MİQRASİYASI
FƏSİL 9
ƏMƏK MİQRASİYASININ DÖVLƏT TƏNZİMİ
Maddə 57. Əmək miqrasiyasının dövlət tərəfindən tənzimlənməsi və bu
sahədə nəzarət
57.1. Dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi, iş icazələrinin verilməsi,
o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə
düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq verilməsi yolu ilə əmək
miqrasiyasını tənzimləyir.
57.2. Müvafiq dövlət orqanları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında əmək fəaliyyətinin qanuniliyinə, onların sosial
müdafiəsinin təmin olunmasına, hüquqi və fiziki şəxslərin əmək miqrasiyası
sahəsindəki fəaliyyətlərinə nəzarəti həyata keçirirlər.
FƏSİL 10
AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ XARİCİ ÖLKƏLƏRDƏ
ƏMƏK FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ
Maddə 58. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək
fəaliyyəti
58.1. 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
58.2. Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin
birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi
şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər.
58.3. Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin
tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay
müddətində
Azərbaycan
Respublikasının
həmin
ölkədəki
diplomatik
nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan keçməli və həmin ölkədə
işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər.
58.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları
qeydiyyatdan keçən Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatı
1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına verirlər. Müvafiq icra
hakimiyyəti orqanı bu barədə müntəzəm olaraq müvafiq icra hakimiyyəti
orqanlarını xəbərdar etməlidir.
58.5. Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan
Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının
diplomatik nümayəndəliyi və ya konsulluğu olmadıqda, onlar 1 ay müddətində
işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanına göndərməlidirlər.
Maddə 59. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə
düzəlmələrində vasitəçilik
59.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər
Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində
vasitəçilik edə bilərlər. Hüquqi şəxslər bu sahədə fəaliyyət göstərmək üçün
müvafiq icra hakimiyyəti orqanından müəyyən olunmuş qaydada xüsusi razılıq
almalıdırlar.
59.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində
vasitəçilik fəaliyyətinə xüsusi razılığın verilməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata
keçirilir. Müvafiq icra hakimiyyəti orqanı bu barədə 5 iş günü ərzində rəy verir.
59.3. Vasitəçilik fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılıq almış
hüquqi şəxslər, xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları və müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müqavilələr əsasında Azərbaycan
Respublikasının vətəndaşlarını xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə
cəlb edə bilərlər.
59.4. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin xarici ölkələrin
hüquqi və fiziki şəxsləri ilə bağladıqları müqavilələrdə və təklif olunan əmək
müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin
beynəlxalq normalara uyğun şəkildə təmin olunması nəzərdə tutulmalıdır.
59.5. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər təklif olunan əmək
müqaviləsinin bir nüsxəsinin əməkçi miqrant Azərbaycan Respublikasını tərk
etməzdən əvvəl ona çatdırılmasını təmin etməlidirlər. Vasitəçilik fəaliyyətini
həyata keçirən hüquqi şəxslərin göstərdikləri xidmətə görə əməkçi miqrantlardan
haqq almalarına yol verilmir.