67.8. İşəgötürən iş icazəsinin verilməsindən imtinaya əsas olmuş hallar aradan
qalxdıqdan sonra iş icazəsi almaq üçün bu Məcəlləyə uyğun olaraq yenidən
müraciət edə bilər.
67.9. İşəgötürən həmin şəxslərin ölkədə qanuni əsaslarla qaldıqları və ya
yaşadıqları müddətdə müvafiq icra hakimiyyəti orqanına yenidən müraciət edərsə,
yalnız iş icazəsi verilməsindən imtina üçün əsas olan halın aradan qalxdığını təsdiq
edən sənədi təqdim edir.
67.10. İş icazəsinin verilməsi haqqında qərar qəbul edildikdə, müvafiq icra
hakimiyyəti orqanı 3 iş günü müddətində iş icazəsinin müəyyən olunmuş qaydada
doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir.
67.11. İş icazəsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsi
tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir.
67.12. İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən
sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir.
67.13. İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına görə
dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin
verilməsindən imtina olunduqda, müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv
edir.
67.14. İş icazəsinin verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və
rəylərin alınması, iş icazəsi blankının fərdi olaraq doldurulması və verilməsi,
habelə iş icazəsi almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o
cümlədən iş icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.
Maddə 68. İş icazəsinin yenidən rəsmiləşdirilməsi
68.1. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən
sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş
icazəsi itirildikdə, onun işəgötürəni 5 iş günü müddətində müvafiq icra hakimiyyəti
orqanına məlumat verməli və belə icazənin yenidən rəsmiləşdirilməsi və ya ləğv
edilməsi üçün ərizə təqdim etməlidir.
68.2. Bu Məcəllənin 68.1-ci maddəsində nəzərdə tutulan hallarda işəgötürən 10 iş
günü müddətində müvafiq ərizə təqdim etmədikdə, əcnəbiyə və ya vətəndaşlığı
olmayan şəxsə verilmiş icazə etibarsız hesab edilir.
68.3. İş icazəsi yenidən rəsmiləşdirildikdə, onun yenidən rəsmiləşdirilməsinin
səbəbi ilə bağlı sənəd və əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə verilmiş iş
icazəsinin surəti təqdim edilir.
68.4. İş icazəsinin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir.
Maddə 69. İş icazəsinin müddəti və həmin müddətin uzadılması
69.1. İş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə
bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti
hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər.
69.2. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin
bitməsinə azı 30 gün qalmış müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət
etməlidir.
69.3. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən bu Məcəllənin 65.0.1-ci,
65.0.3-cü, 65.0.4-cü və 65.0.7-ci maddələrində nəzərdə tutulmuş sənədləri təqdim
etməlidir.
69.4. İş icazəsinin müddətinin uzadılması bu Məcəllənin 67-ci maddəsində
müəyyən olunmuş qaydada həyata keçirilir.
69.5. İş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumunun ödənilməsini
təsdiq edən sənəd təqdim edildikdən sonra müddəti uzadılmış iş icazəsi işəgötürənə
təqdim edilir.
69.6. İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin müddətinin
uzadılmasına görə dövlət rüsumu ödənilmədikdə və ya əcnəbiyə və vətəndaşlığı
olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün
icazənin verilməsindən imtina olunduqda, müvafiq icra hakimiyyəti orqanı iş
icazəsini ləğv edir.
Maddə 70. İşəgötürənin əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi başqa işə
keçirməsi
70.1. Əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə
keçirildikdə onun üçün yeni iş icazəsi alınmalıdır. Hüquqi şəxsin yenidən təşkili
(birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı da əcnəbi və vətəndaşlığı
olmayan şəxs üçün yeni iş icazəsi alınmalıdır.
70.2. Əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə eyni işəgötürənin yanında başqa işə
keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, həmin iş icazəsinin müddəti əvvəlki
iş icazəsinin müddətinin qüvvədə qalan hissəsindən çox olmamalıdır.
70.3. Əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə
keçirildikdə, bu Məcəllənin 65.0.1-ci və 65.0.3-cü maddələrində nəzərdə tutulmuş
sənədlər, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma,
çevrilmə) zamanı isə bu Məcəllənin 65.0.1-ci və 65.0.6.1-ci maddələrində nəzərdə
tutulmuş sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
70.4. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa
işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə əlavə dövlət rüsumu ödənilmir.
70.5. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin iş icazəsinin müddəti bitdikdə və
ya əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, onu başqa işəgötürən yeni iş
icazəsi almaqla öz yanında işə dəvət edə bilər.
70.6. İşəgötürən tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxsə eyni vaxtda iki iş
icazəsinin alınması qadağandır.
Maddə 71. Əmək müqaviləsi pozulduqda iş icazəsinin qüvvədən düşməsi
71.1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış
əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü
ərzində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Əmək müqaviləsi
vaxtından əvvəl pozulduqda, şəxsə verilmiş iş icazəsi öz qüvvəsini itirir.
71.2. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın
Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü
müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.