2
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
BABA BABAZADƏ
ƏDƏBİYYATDA
LİRİK NÖV
(Dərs vəsaiti)
BAKI – 2008
3
Elmi redaktor:
filologiya elmləri doktoru,
professor Nərgiz Paşayeva
Rəyçilər:
filologiya
elmləri namizədi,
dosent Zahirə Salmanova
filologiya elmləri namizədi,
dosent Məhəmməd Məmmədov
Baba Babazadə. Ədəbiyyatda lirik növ (dərs vəsaiti). Bakı:
«Bakı Universiteti» nəşriyyatı, 2008, 178 səh.
Ədəbi növlər və janrların poetikası haqqında Aristotel, Hegel,
Belinski və başqa nəzəriyyəçilər bir sıra maraqlı nəzəri-estetik
fikirlər söyləmişlər. Dərs vəsaitində lirik növün atributiv poetik-
estetik və nəzəri xüsusiyyətləri konkret tədqiqat obyekti kimi gö-
türülmüşdür. Müasir proqramlar və elmi-metodiki tələblər səviy-
yəsində hazırlanan bu dərs vəsaitində lirik növ və onun janrları
haqqında müxtəlif nəzəri-estetik anlayışların terminoloji interpretasi-
yası verilmişdir. Dərs vəsaitində təhsilin bakalavr, magistr pilləsinin
tələbələri, müəllimlər, habelə ədəbiyyatın nəzəri məsələləri ilə
məşğul olan tədqiqatçılar da istifadə edə bilərlər.
© «Bakı Universiteti» nəşriyyatı, 2008
4
ƏDƏBİ NÖVLƏR VƏ JANRLAR
Dünya ədəbiyyatında yaranan bədii ədəbiyyat nü-
munələri – ədəbi əsərlər müxtəlif növlərə və janrlara
bölünür. Ümumiyyətlə isə ədəbi əsərlər üç növə bölünür:
epik, lirik, dramatik. Bu bölgünü ilk dəfə verən, nəzəri
cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük
filosofu və nəzəriyyəçisi Aristotel (384-322) olmuşdur. İbti-
dai cəmiyyətlərdə yaranan ayrı-ayrı ədəbiyyat və incəsənət
nümunələrində müstəqil şəkildə ədəbi növ və janrlar anlayışı
olmamışdır. Bu zaman yaranan əsərlər təbiət və cəmiyyət
hadisələri haqqında tam bilgi verirdi. Çünki bu zaman
incəsənət əsərləri arasında janr, növ differensiasiyası da yox
idi.
Belinski ədəbiyyatı sintetik sənət adlandırmışdır. Belə
ki, bədii ədəbiyyatda rəssamlığın, musiqililiyin, lirizmin,
əyaniliyin elementləri vardır. Daha qədimlərdə, o zaman ki,
insanlar hələ sinfi cəmiyyətdə yaşamırdılar, o zaman yazılan
əsərlər bu gün bizim adlandırdığımız kimi bədii əsər adlan-
mırdı. Bu əsərlərin spesifikasında, ümumi total məzmununda
ilkin ictimai şüurun izləri olan magik, mifoloji, əxlaqi və
yarıfantastik elementlər var idi. Bu isə hələ o zaman elmdə
ilkin ictimai və bədii-estetik şüurun təzahürü olan sinkretizm
adlanmışdır. «Sunkreto» – yunanca – qovuşma, qatılma,
birləşmə, bitişdirmə deməkdir.
Bununla bərabər, həmin əsərlərdə müxtəlif ədəbi for-
maların da məzmun və janr sinkretizmi müşahidə olunmuş-
dur. Belə ki, ilkin sinkretik əsərlərdə poeziyanın, xorun,
musiqinin bir poetik düşüncədə ritorik inikası əsas tutulurdu.
Ən qədim dövrlərdə sinkretik sənətin izlərini biz mahnılarda,
5
nəğmələrdə, oyun və rəqslərdə görürük. Bu cür oyunlar,
ayinlər, və rəqslər, adətən ov mərasimlərindən əvvəl və
uğurlu ovdan sonra keçirilirdi. Hətta bu gün sinkretik
rəqslərin izləri bir sıra xalqların həyatında indiyə qədər gəlib
çatmışdır. Qədim zamanlarda yaranan əmək və mərasim
mahnılarında da sinkretizmin izlərini görürük.
Əlbəttə, ilkin sinkretik incəsənətdə ardıcıl olaraq for-
malaşan ritmik melodiyalarda, həmin nəğməli ritmlərlə
deyilən poetik mətnlərdə sinkretizm əsas yer tutur. Bu şifahi
və yazılı şəkildə yaranan mətnlərdə ifadə olunan nidalar,
emosiyalar, söz, takt və melodiyalar müəyyən ritmə tabe tu-
tulurdu.
Zaman keçdikcə bu sinkretik sənət ayrı-ayrı sahələrə
ayrılmağa başlamışdır. Xalq əfsanələrinin, mifoloji
süjetlərin, nağılların, lirik-epik mahnıların, sinkretik
sənətdən ayrılması nəticəsində epos-epik növ formalaşmış-
dır. Nəzəriyyəçilərin fikrincə, lirikanın mənşəyi insanın izti-
rab, kədər və sevinclərinin ifadə olunduğu xorla bağlı ol-
muşdur. Dramaturgiya isə ayrı-ayrı kollektiv tamaşaların,
mimik hərəkətlərin nəticəsində formalaşmışdır. Bununla
belə, lirik, epik və dramatik ədəbi formalar daha sonralar
inkişaf edərək mürəkkəb şəkil almış və əvvəlki əlamətlərini
demək olar ki, itirmişdir. Onlar arasında elə qarşılıqlı
cəhətlər və keçidlər olmuşdur ki, hətta indinin özündə də
tədqiqatçılar poetik yaradıcılıq növlərini araşdırmaqda,
onların sərhədlərinin müəyyənləşməsində çoxlu miqdarda
janrların modifikasiyasının xarakteristiskasını təyin etməkdə
çətinlik çəkirlər. Hətta bununla bağlı müxtəlif elmi-nəzəri
baxışlar, yanaşmalar mövcuddur.
Aristotel ədəbiyyatı növlərə və janrlara bölərkən