100
HƏKİM
–
Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir
ona bax! Deyəsən, allah eləməmiş, lap qarışıb.
–
Nəyidi?
–
Həkim, dünən üç-dörd girvənkə noxud-kişmiş yeyib,
ondan bəri lap tirtap uzanıb.
–
Yəqin tox qarına özünü soyuğa verib. Yeri gedək görüm,
haradadır?
Həkim başmağının nalını daşa vurub taqqıldada-taqqıldada
ortaboy, papağının qırağı getmiş bir kişinin yanına düşüb bazar
aşağı sallanıb getdi. İrəliki gün həkimə arvadı tapşırmışdı ki,
toyuqlar həyətdə xoruzsuz qalıb, onlara nə təhər olsa bir xoruz
tapsın, bir də düşsə hananın qabağında taxt qurmaq üçün bir-iki
tirbaşı alsın. Həkim arvadının sözünü yaddan çıxartmamışdı–
gedə-gedə bazara zənlə baxırdı ki,
görsün harada xoruz, ya
tirbaşı gözünə dəyər. Yaxşı oldu ki, kəndlilərin yüklərində həm
xoruz, həm də tirbaşı tapıldı. Həkim arvadının tapşırığını yerinə
yetirə bildi. Tirbaşının birini yanındakı kişiyə verib, birini də
özü çiyninə aldı və xoruzun da ayaqlarından sallaya-sallaya
yola düşdü.
Həkim azarlı olan otağa girəndə tirbaşıları və xoruzu küncə
qoyub, köhnə keçənin üstə salınmış döşəkçədə əyləşdi.
Naxoş bərk iztirabda idi. Qurumuş dodaqlarını açıb, ağır-
ağır nəfəs alırdı. Həkim əvvəl onun başına baxdı, istisini
yoxladı, sonra əlini yorğanın altından uzadıb azarlının qarnını
əlləşdirdi və dedi:
– Özünü soyuğa verib, üstünə yorğan-döşək tökün, tərləsin,
sabah da bir dəst müshil verərəm qurtarar.
Papağının qırağı getmiş kişi indiyə kimi əllərini çuxasının
qoluna qoyub, divarın dibində durmuşdu və həkim danışdıqca
başını tərpədirdi. İndisə yerindən cəld sıçrayıb, cır
səsi ilə
çığırmağa başladı:
– Xoruz qaçdı! Odu, vallah, indicə rəfə atılacaq!
101
Həkim ağzını yuxarı tutub, kişinin cır səsinə və xoruzdan
gözlənməyən hünərə şaqqıltı ilə gülməyə başladı:
– Zəmanə elə dəyişilib ki, xoruzlar da bijləşib!–deyə qəh-
qəhəsində davam etdi.
Papağının qırağı getmiş kişi ilə bərabər xoruzu otağın bu
küncündən o biri küncünə qovaladıqda xoruz atılıb rəfdəki
qabları tökdü. İçəri, qırılmış qabların cingiltisinə üzü örtülü bir
arvad girdi və qabları parça-parça otağa səpilmiş gördükdə
əvvəl bir az mırıldandı, sonra onları yığışdırıb, naxoşun başına
fırladı və «azar-bezarını aparsın» deyə eşiyə atdı.
Xoruzu tutdular və ayaqlarını əriş ilə bağlayıb, yenə küncə
qoydular. Həkim getməyə hazırlanırdı.
Ev sahibləri həkimdən
çox razılıq etdilər:
– Qədəminə qurban olum, ay həkim, qoy gədə yaxşı olsun,
gör sənin xəcalətindən necə çıxacağıq; ömrümüz olanı sənə
qulluq edəcəyik!
Üzü örtülü arvad divarın dibindəki sandığı zınqıltı ilə açdı
və bir cüt dolaq, bir tumanbağı və bir araqçın çıxarıb, həkimin
qabağına qoydu. Bu da həkimin həqqəlqədəmi idi.
Həkim şeyləri cibinə qoyanda gülümsündü–görünür paydan
razı qalmışdı. Razılığını bildirmək üçün barmağını xəstəyə tərəf
uzadıb dedi:
– Heç zadı yoxdur, üstünü basdırın, tərləsin,
sabah da gəlib
baxaram.
Həkim əbasının qolunu geydi və iki əli ilə uzun börkünü
başına basıb, tirbaşının birini bir çiyninə aldı, o birisini
qoltuğuna vurdu və xoruzun da ayaqlarından tutub, sallaya-
sallaya otaqdan çıxdı.
Əyri küçələrin birində bir çarşablı qadına rast gəldi. Qadın
onu görçək yoldan kənar çıxıb durdu:
– Həkim, başına dönüm, bir bizə buyurun, azarlım var–
dedi.
Getdilər. Bir aralıqdakı qapı açıldı, həyətə girdilər. Böyük
tut ağacları baş-başa vermişdi, kənarda ləbədə, keşniş, kəvər və
102
tərxun ləkləri gözə çarpırdı. Uçuq pilləkənlə çıxıb otağa
girdilər. Qazanlar, qablar
səliqə ilə üst-üstə qoyulmuş, ortadan
pərdə çəkilmişdi. İkinci otaq olduqca döşəli və bəzəkli idi.
Həyətə baxan pəncərənin qabağında bir yataq salınmış, üstündə
25–26 yaşlarında solğun sifət, dolğun bir qız oturmuşdu.
Yanında başqa bir qadın da vardı. Qadın həkimi görcək
yaşmanıb ayağa qalxdı, qız isə çəkinməyərək, həkimə diqqətlə
tamaşa edirdi.
Həkim tirbaşıları və xoruzu
küncə qoyub, gülümsünərək
xəstənin yatağına yanaşdı:
– Heç bir şeyin yoxdur, yəqin anana nazlanırsan,–dedi;
qızın nəbzinə baxdı, əlini başına qoydu:
–
Bir
şey görmürəm, nəyidir?
Heç kəsdən səs çıxmadı. Qız əvvəlki kimi, gözlərini
həkimin üzündən çəkmirdi. Baxışı həkimə olduqca qəribə
görünürdü; dəyişməyərək hüzn və həsrət saçırdı.
Həkim küçədə rast gəldiyi qadına tərəf yönəldi:
– Ana,–dedi,–harası ağrıyır?
Qadın bir şey deməyə utanırmış kimi, bir az da yaşmandı
və yavaş səslə:
– Həkim, başına dönüm, bu elə azardı ki, hərdən bir tutur...
görürsən, başladı özünü döyəşləməyə, qollarını,
əllərini
dişləməyə... Bilmirəm, qız haradan bu bəlaya rast gəldi?..
Həkim xəstəni diqqətlə süzdü–baxış yenə həmin baxış idi.
Qızın dolğun, ağ biləyindən yapışıb, bir az əlində saxladı. Qız
bu dəfə diksindi, rəngi daha da soldu, bütün vücudu əsdi.
– Ərə getmişmi?
– On günün gəlini olub. Sonra qayınana yola verməyib...
Həkim qıza eşitdirməyərək:
– Ana,–dedi,–qız sazandama olub, ərə getməlidir.
Ortalığı dərin bir sükut bürüdü. Hamı yerə baxıb
düşünürdü. Yalnız qız həkimi süzərək, əvvəlki baxışında
davam edirdi. Həkim bu baxışın fərqinə varıb, artıq kefli kimi
idi. Qızın biləyini əlindən
buraxmayaraq həyəcan içində
103
düşünürdü: «Nə olar ki, peyğəmbərin şəriətidir–biri var, biri də
olsun...».
Həkim düşüncədən ayrılıb, oynaq bir səslə:
– Ana,–dedi,–qızını lap yaxşı elərəm. Arxayın ol. Ancaq
bir şərt var... Bunun cəmi ixtiyarını mənə verəcəksən!
Qadın məmnun bir halda:
–
Nə deyirəm, ay həkim, bunu bu dərddən sağalt da...
–
Arxayın ol! – deyə anaya ürək verdi və qızın əlində
saxladığı biləyini o biri əlilə oxşayaraq: – görürəm, anana naz
eləyirsən, qorxma heç bir şeyin yoxdur.
Həkim küncdəki xoruzu qadına verərək zarafatla:
– Ana, bu xoruz dualı xoruzdur, axşama plov bişirib, bu
xoruzu da başına qoyarsan. Axşam sizə qonaq gələcəyəm, qızın
məsələsini təfsilatilə danışarıq. Hələ ki, sağ olun!
Hamı məmnun
qalaraq həkimə baş əydi, qız isə heç də
dəyişilməyən əvvəlki baxışı ilə həkimi təşyi edirdi.
1911