201
Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiyanın 33-cü
maddəsi)
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının
Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan
Respublikasının Dövlət Himnidir.
II. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan
ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və
qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli
ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət Bayrağının və Azərbaycan Respublikası
Dövlət
Gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və
mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
Dövlət Bayrağı
Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il
aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan
sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı
kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi
dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın
Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan
ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi
rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir
cəmiyyət
qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına
mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ
rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. “Ay-ulduz”un mənası –
Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur, səkkizguşəli ulduzun
mənasına
gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə
ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır. Bəzi tədqiqatçıların
fikrincə isə, Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən səkkiz prinsipə
əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik,
bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan
Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında"
sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır.
“Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O,
bizim dövlətçiliyimizin, müs-
təqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun,
202
hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həya-
tının əziz bir hissəsi olsun” – deyə Ulu Öndər çıxışlarında dəfələrlə bildirmişdir.
2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı meydanının təntənəli açılış mərasimi
keçirilmişdir. Mərasimdə çıxış edən Prezident İlham Əliyevin bayrağımızla bağlı
fikirləri olduqca qürurvericidir. Dövlətimizin başçısı deyib: “Bayraq meydanı
Bakını, bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcək-
dir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması,
doğrudan da, böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bay-
rağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın
hər bir yerində dövlət bay-
rağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət
bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim
bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz
hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşır.
Tədqiqat sualı: Azərbaycanın dövlət rəmzi olan
bayrağa həsr olunan əsərlərdə,
sizcə, daha çox hansı hiss və düşüncələr əksini tapmalıdır?
Şagirdlərin fərziyyələri dinlənilir və qeyd olunur.
Tədqiqatın aparılması. Bu, fərqli təlim metodlarının, iş növü və formalarının
(şeirdə izahına ehtiyac duyulan söz və ifadələrin, mətnaltı mənaların olduğu da
unudulmamalıdır) tətbiqi ilə təşkil edilə bilər. Əsərin oxusu üzrə işin bir variantı
dərslikdəki ardıcıllığın gözlənilməsi ola bilər.
1. Şeiri fərdi olaraq səssiz oxuyun, ikihissəli gündəlikdə qeydlər edin.
№
Əsərdə diqqətimi daha çox cəlb
edənlər
Bunun
səbəbi
2. Eyni, yaxud oxşar fikirdə olduğunuz yoldaşlarınızla kiçik qruplarda birləşib
qənaətlərinizi bölüşün.
3. Çıxardığınız nəticələr barədə təqdimatlar etməklə fikir mübadiləsi və müzakirə
aparın.
Şeiri fərdi səssiz oxuyan şagirdlər lüğətdəki izahlara əsaslanmaqla ikihissəli
gündəlikdə qeydlər edirlər. Əsərə münasibətdə mövqeləri eyni, yaxud yaxın olan
şagirdlərin kiçik qruplarda birləşmələrinə və fikirlərini
bölüşmələrinə imkan
yaradılır.
Qrup sözçülərinin təqdimatları əsasında
fikir mübadiləsi və müzakirə aparılır.
Həmin prosesdə bədii təsvir və ifadə vasitələrinin hansı səviyyədə müəyyənləş-
dirildiyi aşkara çıxarılır. Müəllim müzakirənin səmərəli keçməsi, şeirin məzmunu
barədə şagirdlərdə dolğun təsəvvürün yaranması məqsədi ilə istiqamətləndirici
suallardan istifadə edə bilər.
Oxunun təşkilinin digər bir variantı isə ikihissəli
gündəliyin arxa plana
keçirilməsi ola bilər. Yəni şagirdlər şeiri müstəqil (fərdi səssiz) oxuduqdan sonra
ehtiyac duyduqları mətləbləri müəllimin sualları əsasında aydınlaşdırırlar. Məhz