Dədə Qorqud ● 2015/I I I 136
Digər tərəfdən, əgər eposda hadisənin çıxışı hamının tanıdığı Dəmirqapı Dərbənddə,
Göyçədə, Trabzonda, Tiflisdə, Bağdadda, Qarsda, Əlincə qalasında və b. yerlərdə
məlum zamanda (Məhəmməd peyğənbərin yaşadığı dövrdə, Osman qazinin hakimiy-
yəti çağında və s.) başlanırsa, sonrakı döyüşlərin də gerçəkliyinə şübhə ilə baxılmır.
Və «Dədə Qorqud» ona görə spesifik xüsusiyyətli dastandır ki, onda zaman və mə-
kan anlayışının hər iki çıxış-başlanğıc formasından istifadə olunur. Lakin elə boylar
var ki,
A) Zaman mifik anlamdadır: «Duxa qoca oğlı Dəli Domrul boyu», «Basat Dəpə-
gözi öldürdigi boy», «Dirsə xan oğlı Buğac boyı», «Salur Qazan tutsaq olub oğlı
Uruz çıqardığı boy».
B) Emprik-tarixi zamanla başlanan boylar daha çoxdur: «Salur Qazanın evinin
yağmalandığı boy», «Qambörənin oğlı Bamsı Beyrək boyu», «Qazan bəg oğlı Uruz
bəgin tutsaq oldığı boy», «Qanlı qoca oğlı Qanturalı boyu», «Qazılıq qoca oğlı Yey-
nək boyı», «Bəkil oğlı Əmranın boyu», «Uşun qoca oğlu Səgrək boyu», «İç Oğuza
Taş Oğuz asi olub Beyrək öldügi boy». Ancaq hadisələrin çıxışı emprik xarakterdə
olsa da, süjet xəttinin inkişafı prosesində çox hallarda başqa axara düşür. Diqqət
çəkicidir ki, Dədə Qorqud obrazının özü mifik mədəni qəhrəman səviyyəsindədir,
onda ilkinliklə bağlı əlamətlərin qalıqları bir neçə boyda hiss olunacaq dərəcədədir.
Eləcə də onun ad qoyma xüsusiyyəti, əksər boylarda xatırlanır. Bütövlükdə götürən-
də epos Dədə Qorqudun dünyaya real gəlişi ilə başlanır, ilk baxışda elə təsir oyanır
ki, mifik zaman arxada qoyulmuş, tarixə bəlli hadisə ön plana çəkilmişdir. Əslində
isə «Kitabi-Dədə Qorqud» adı altında müxtəlif dünyagörüşlərinin (zaman etibarı ilə
bir-birindən bəzən min il məsafəsi qədər ayrılan) məhsulu olan, yazıya alındığı dövr-
də ad və məkan ümumiliyi əsas götürülüb bir-biri ilə əlaqələndirilmişdir.
Eposun «uzunluq toposları». Eposun «uzunluq toposları»nı, yaxud xronotop-
ları müəyyənləşdirilərkən onun yarandığı dövrə aid əlamətlər – dünyagörüşü sistem-
ləri, adət-ənənələr, tarixi şərait nəzərə alınmalıdır. Ümumiyyətlə, tədqiqatçılar epik
ənənədə, xüsusilə eposlarda işlənən zaman uzunluğunu – hadisələr başlayıb bitənə-
dək olan dövrü «topos», yaxud «xronoakt» (vaxt ardıcıllığı aktı) adlandırırlar.
Mifoloji-arxaik qəhrəmanlıq dastanlarında bədii təsvirin əhatə dairəsinin spesifik-
liyini göstərən amillərdən biri – hadisə və hərəkətlərin mübaliğəli şəkildə həddindən
artıq uzadılmasıdır. Təsvirdə özünü biruzə verən bu hala elmi ədəbiyyatda «uzunluq
toposu», yaxud «xronoakt» deyirlər. Azərbaycan eposlarında bir qayda olaraq uzun-
luq toposları bir-birinə oxşardır, ənənəvi xarakterdədir.
Bütövlükdə götürdükdə, dünya xalqlarının epos yaradıcılığında uzunluq toposla-
rının ümumi məzmunu belədir: a) qəhrəmanın təkbaşına mübarizəsi; bir neçə mərhə-
lədən (çox hallarda üç) ibarət olur, zaman adi qaydada təsvir edilir, gecə gündüzə
çevrilir, üç gün, üç gecə keçir, lakin bu adiliyin içərisində elə bir sirli aləm gizlənir
ki, onu tam dərk etmək üçün əsrləri adlayıb ilkinliyə baş vurmaq lazım gəlir; b) mən-
zil başına çatmaq üçün qət edilən yol; qəhrəman sehirli əşya və tapşırıq ardınca ge-
dir, illər bir-birini əvəzləyir, ancaq ona elə gəlir ki, sanki zaman preslənib, mübarizə
aparan bəzən «kosmik sürətlə» hərəkət edir, «uçur», bir aylıq işini bir saata yerinə
yetirir, lakin vaxt dəyişmələrini hiss etmədən bir sirli məkandan digərinə çatır, təbii
əlamətlərin belə başqalaşması (gecənin gündüzlə, qışın yazla əvəzlənməsi) bir göz
qırpımında baş verdiyindən zaman uzunluğu duyulmur.
Dədə Qorqud ● 2015/I I I 137
Zaman uzunluğu toposunun bu iki forması epik ənənədə əsərdən əsərə müxtəlif
poetik və fuksional xüsusiyyətlər kəsb edir. Məsələn:
– Elə mifoloji epos və nağıllar var ki, orada hadisələrin zaman ardıcıllığı və
uzunluğu ilin dörd fəsli ilə müəyyənləşir, biri ilə başlayıb digərlərini adlamaqla
sonuncuda tamamlanır;
– Başqa funksiyada hadisələr bir fəsil (payız, yaxud qış, yaz, yay) çərçivəsindən
kənara çıxmır;
– Bəzən zaman hər hansı bir məkanın təbii şəraitinə uyğun əlamətlə müəy-
yənləşir; qızılgüllər açır, ağaclar yarpaqlayır (bahara işarədir), şimşək çaxır, bağlar
bar verir (payıza işarədir). «Dədə Qorqud» da suların coşub daşması, dağların ucalığı
məkanla zamanı şərtləndirən əsas əlamətlərdən biridir. Belə ki, Oğuz bəyləri uzaq
yerdən vətənə qayıdanda ilk olaraq təbiət varlıqlarına üz tuturlar:
...Qarşu yatan qara dağdan aşub gəldügində-keçdügində
Beyrək adlu bir yigidə bulaşmadınmı?
Taşqun-taşqun suları aşub gəldügində-keçdügində
Beyrək adlu bir yigidə bulaşdınmı?..» [1, 61]
Yaxud:
«Arğab-arğab qara tağın yıxılmışdı, ucaldı axır!..
Qanlu-qanlu suların sovulmuşdı, çağladı axır!..» [1, 66]
Qışla yaz antiteza şəklində qoyulur; uğursuz hadisələr qışla, qələbələr, yaranışlar
yazla bağlanır.
İkinci misalda Beyrəyin vətəninə gəlib çatdığı, ata-anasına qovuşduğu zaman və
məkan «yıxılmış dağın təzədən ucalması», «qurumuş suların coşub çağlaması» ilə
əlaqələndirilir.
Zaman toposları epik ənənədə qəhrəmanın yaş mərhələləri əsasında verilir;
Vaxt sürətli göstərilir; «Ay keçdi, il keçdi, on beş yaşında bir oğlan oldı» cümlə-
sində böyük bir dövr sıxışdırılmış şəkildədir.
Zamanın tərsinə dönməsinə, geri qayıtmasına – qocanın cavanlaşması, ölənlərin
dirilməsi halına da rast gəlirik.
Bu hallar bir məkan daxilində zaman uzunluğunun funksional və poetik əlamət-
ləridir.
Epik qəhrəmanın səyahətləri və səfərləri bir məkanın dairəsindən çıxıb ölkələrlə,
çaylarla, dənizlərlə, göllərlə, dağlarla, meşələrlə müşayiət olunur. Bu halda zamanla
məkan əlamətlərinin əlaqələnməsi, bağlılığı yaranır və «xronotop» (vaxt-yer) şəklin-
də təsvir edilir. «Xronotoplar» eposun bədii sistemində xüsusi poetik funksiya daşı-
maqla yanaşı, hadisələrin zaman uzunluğu və məkan yerləşməsini abstarklıqdan kon-
kretliyə doğru aparan əsas vasitələrdən biri kimi çıxış edir. M.M.Baxtin «zaman-
məkan anlayışının obrazlı şəkildə və vasitələrlə ifadə edilməsi» şəklində ümumiləşdi-
rərək göstərir ki, «Çox sulardan keçdilər, çox dağları aşdılar» - deyəndə vaxt məkan-
la qovuşuq haldadır və təsvirin «xronotop»luğunu şərtləndirir [5, 132-134].
Epik ənənədə, faktiki olaraq, həm zaman, həm də məkan qəhrəmanın şərlə təkba-
şına mübarizəsinin davamlılığına yardım edən vasitə rolunda çıxış edir. Ona görə ki,
hər ikisi epik hərəkətin xarakterini necə var, elə, daha doğrusu, əsər yaradanın
nəzərdə tutduğu şəkildə göstərməklə daha fəal vəzifə daşıyıcısına çevrilir. Sanki qəh-
rəmanlıq mübarizəsi başlayandan qurtaranadək obrazla məkan rollarını dəyişdirir.
Dostları ilə paylaş: |