Dədə Qorqud ● 2015/I I I 132
UYĞUR OĞUZNAMƏSİNİN
TRANSKRİPSİYASI
AZƏRBAYCAN TÜRKCƏSİNƏ
ÇEVRİLMİŞ QARŞILIĞI
«Bolsunğıl deb dedilər. Anun anağusu
oşbu turur. Takı mundan son sevinc
tapdılar. Kenə günlərdən bir Ay kağannun
közü yarıb bodadı, erkək oğul toğurdı».
«Qoy olsun dedilər. Onun görünüşü, bax
budur... Bundan sonra sevinc tapdılar.
Günlərdə bir gün Ay kağanın gözü parladı,
erkək oğul doğdu» [2, 10]
2. Zamanın eposlarda ikinci xarakterik epik şəraiti onunla şərtlənir ki, birincinin
əksinə olaraq hadisələr «fantastik yozumda deyil, həqiqətən baş vermiş kimi qəbul
edilir» [9, 229].
Dinləyənlər onlara müəyyən tarixi dövrün ciddi qaynaqlarıtək yanaşırlar. Bu,
eposlarda «emprik zaman»ın əksi hesab edilir. «Kitabi Dədə Qorqud»da rastlaşdığı-
mız ilk təsvirə diqqət yetirək: «Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından,
Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzın, ol kişi təmam bilicisiydi, - nə diyərsə,
olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Həq təala anın könlinə ilham edərdi...» [1, 31]
Eposda tarixi zamanın bütün əlamətləri özünə yer tapmışdır. Belə ki: a) tarixə
bəlli dövrə – Məhəmməd peyğəmbərin yaşadığı zamana, b) məlum tayfaya – Bayat
boyuna, Oğuz elinə işarə vardır. Lakin həmin fikirlərin özündə arxaik dünya-
görüşünün izləri də qorunub saxlanmışdır – Qorqud ata gələcəkdən xəbərlər verir,
Allah onun könlünü ilhamlandırır.
«Dədə Qorqud» oğuznamələrinin spesifikliyini şərtləndirən amillər əsas hadisələ-
rə – boylara keçməzdən əvvəl özünü göstərir. Ancaq bu təkcə arxaikliklə (mifikliklə)
tarixiliyin eyniləşdirilməsi ilə bağlı deyildi. Əslində mifik zamanı emprik zamanın
içərisində əridən ozanlar türkün tarixinin uzaqlığını, ilkinliyini təsdiqləyirdilər. Dədə
Qorqudun eposda zamanın özünü – hadisələrin yekununu, nəticəsini müəyyənləş-
dirən şəxs kimi təqdimi göstərir ki, ilk cümlədə onu konkret dövrlə bağlamaq olduq-
ca şərti xarakter daşıyır. Çünki belə edilməsəydi, onun zamanı qabaqlayan kəlam-
larına inam azalardı: «Qorqud ata ayıtdı: «Axır zamanda xanlıq gerü – Qayıya dəgə,
kimsənə əllərindən almıya. Axır zəman olıb qiyamət qopınca bu didigi Osman nəsli-
dir. İşdə sürilib gidəyürir...» [1, 31]. Yazıya alındığı (ya da üzünün köçürüldüyü)
dövrdə oğuznamələrin müqəddiməsində katiblər tərəfindən Osmanlı sarayının xeyri-
nə xeyli dəyişiklik edildiyi göz qabağındadır. Birincisi, «Kitab»ın adında və boylarda
«Dədə» kimi təsdiqlənən Qorqud burada «ata» şəklindədir. İkincisi, səlcuqların tarix
səhnəsindən çıxarıldığı ərəfədə türkün başqa qolunun dirçəlməsi ideyasının məhz
gerçəklik kimi formalaşdırılması müəyyən dövrün möhürünün sonradan vurulması
deməkdir.
Başlanğıcda üç dəfə «ata» kimi verilən Qorqud müdrikliyini, ululuğunu təsdiq-
ləyən kəlamlara keçiləndə «dədə»ləşir, əslində öz adına qaytarılır. Çünki artıq
katiblər məqsədlərini həyata keçirib türkün səlcuqlarla bitib-tükənmədiyini çatdır-
mışdılar. Bu, çox incə məsələdir. Ancaq faktdır: müqəddimədə də dörd abzasdan
üçündə ata (Kiçik Asiya türklərinin tələffüzünə uyğun) kimi çıxış edən Qorqud dör-
düncü və əsas hissədə (ona görə əsas hissədir ki, əvvəlki abzaslarda onun haqqında
qısa məlumat verildiyi halda burada yaratdıqlarına üz tutulur) «Dədə» şəklində təq-
dim olunur: «Dədə Qorqut soylamış...» [1, 32].
Dədə Qorqud ● 2015/I I I 133
Bu hal təsadüfi xarakter daşısaydı, müqəddimə mətnində Qorqudun sonrakı təq-
dimlərində bir yerdə də olsa, təzədən «ata»ya qayıdış nəzərə çarpardı. Halbuki bir
daha onun bu tələffüzü yada düşmür. Özü də S.Əlizadənin müşahidəsinə görə, Drez-
den nüsxəsində bu sözlər hər dəfə qalın hərflərlə yazılıb nəzərə çarpdırılmışdır:
«Dədə Qorqut bir dəxi soylamış». Yaxud: «Dədə Qorqut soylamış, görəlim, xanım,
nə söylamış» [1, 32]. Dədə Qorqudun dilindən söylənən aforizmlər əslində katiblər
tərəfindən onun xalq arasında gəzib-dolaşan əsl müdrik kəlamlarına uyğunlaşdırıla-
raq yazılmış, mətnə əlavə edilmişdir. Burada məqsəd İslam mühitində eposun yazılı
mətninin geniş yayılmasına şərait yaratmaq idi. Lakin əvvəlki üç abzasdakı fikirlərin
aşılanmasındakı qayə ilə heç bir əlaqəsi olmadığı üçün «ata» kimi deyil, əslində ol-
duğu şəkildə saxlanılmışdır.
Eposun müqəddiməsinin sonunda qadınlarla bağlı Ozanın qənaətləri müstəqil
əsər, yaxud mətn təsiri bağışlayır. Çünki orada söylənən fikirlərin nə Dədə Qorquda
aid aforizmlərlə, nə oğuz-səlcuk, nə oğuz-osmanlı adətləri ilə, nə də boylarla
səsləşməsi var. Zaman və məkan baxımından da olduqca fərqli detallar nəzərə çarpır.
Eləcə də ayrı-ayrı boylarda emprik zaman kimi götürülən epik təsvirdə bəzən konkret
məkan göstərilir: «Bir gün Qam ğan oğlı xan Bayındır yerindən turmışdı. Şami
günligi yer yüzünə dikditrmişdi. Ala seyvanı göy yüzinə aşanmışdı. Bin yerdə ipək
xalça döşənmişdi» [1, 34].
Həmin təsvir tarixi zaman və məkan baxımından məlum dövrlə səsləşir. Oğuzla-
rın başçısı ildə bir dəfə böyük bir məclis düzəldib görülən işləri yekunlaşdırar, bəy-
ləri xidmətlərinə görə mükafatlandırar, gələn il üçün tədbirlərini söyləyər, təklifləri
dinləyib müzakirə edərdi.
Türk tarixində «toy», «qurultay» adı ilə tanınan məclis idarəçilikdə ilk demokra-
tik institutlardan biri idi. Dastanda həmin tarixi mərhələ ümumiləşdirilir, bədii for-
maya salınıb aşağıdakı mətndə emprik zamanın illə müəyyənləşən kiçik dövrünə aid
(il ərzində bir dəfə təkrarlanan) hal kimi təqdim olunur: «Xanlar xanı xan Bayındır
yildə bir kərə toy edib, Oğuz bəglərini qonaqlardı. Genə toy edib, atdan ayğır, dəvə-
dən buğra, qoyundan qoç qırdırmışdı».
Öncə məkanın təsvirinin konkretləşməyə doğru meyilli olduğu müşahidə olunur.
Lakin arxaik qəhrəmanlıq eposlarında olduğu kimi, burada da zaman üç çadır şəkilli
mifik dünya modelinin təsviri ilə yekunlaşır. Ona görə də xan məclislərini tarixiliyin
əlamətitək götürüb oğuzların Azərbaycanda oturaq həyata başladıqları çağla əlaqə-
ləndirmək mümkün olmur. Mənbələrdə də bu hal daha əvvəlki çağlarla əlaqələndiri-
lir.
Herodot skiflərdən danışanda onların bir adətinin təsvirini verir ki, eposdakı Ba-
yındır xanın məclisini xatırladır. Belə bir sual doğur: mətndə hadisələr ilin hansı mər-
hələsində başlayır? Axı, tarixi-qəhrəmanlıq eposlarında zaman bəzən ən kiçik hissə-
sinə qədər (saatla, günlə, ayla, fəsillə, bədii dilin imkanlarından istifadə edildikdə isə
«yellər əsəndə, gün doğanda» şəklində) konkret göstərilir. «Dirsə xan oğlu Buğac...»
boyunda hadisələrin zamanı poetik fiqurların mətnə ustalıqla daxil edilməsi ilə
müəyyənləşir. Belə ki, toy məclisinə çağrılan Dirsə xan səhər tezdən – «alar sabah
qalqubanı yerindən uru turıb, qırq yigidi boyına alıb Bayındır xanın söhbətinə gəlir».
Bu epizodun məhz yaz girən ərəfədə baş verdiyi isə dolayı şəkildə təqdim olunur:
«Salqum-salqum tan yelləri əsdigində,
Dostları ilə paylaş: |