211
Dəli Domrul Əzrayıldan öz arvadı ilə vidalaşmağa
icazə istəyir. Qadın «uf» demədən öz canını ərinin yolun-
da qurban verməyə hazırdır. Poema qadının Əzrayılın tə-
nəsinə cavabı ilə bitir:
Nə deyərsən, nə söylərsən,
Göz açıban gördüyüm,
Könül verib sevdiyim,
Qoç ərim, qoç igidim?!
Neylərəm səndən sonra?
Yaylasam, gorum olsun,
Çəmənindən keçərsəm,
Tapdanan arım olsun.
Altun daş-qaş taxarsam,
Tabutum, sonum olsun!
Sənsiz su da içərsəm,
İçdiyim qanım olsun!
Səndən sonra bir igid
Görsə gözüm kor olar.
İsti yatağım sənsiz
Buza dönmüş gor olar.
Səndən sonra bu canım
Qıyma igidsiz qalsın.
Əzrail, al canımı,
Yarın qurbanı olsun! (196, 264)
Əsər burada bitir. Şair
dastan süjetini boyda olduğu
kimi axıradək bədiiləşdirməyə ehtiyac görmür. Dastanda
qadının sevgisi, ərinə olan vəfası Tanrının xoşuna gəlir və
o, Dəli Domrulla qadınına 140 il ömür bəxş edir. Lakin
N.Kəsəmənli süjetin bu hissələrini bu kiçik poema-pyesə
gətirmir. Bunun səbəbi əsərin şair tərəfindən düşünülmüş
əsas ideyasının Əzrayılla Qadının dialoqunda tam şəkildə
ifadə olunmasıdır. Əslində, şair sevginin Tanrının yaratdı-
212
ğı varlıq aləminin ən uca və ən
ülvi dəyəri olduğunu tə-
rənnüm etmişdir. Bu ideyanın təcəssümü zamanı iki tərəf -
iki əqidə (amal) üz-üzə gətirilmişdir. Birincisi «dünya əziz
- can şirin» ideyası, digəri isə sevginin hər bir dəyərdən
üstün olması ideyası. Birinci ideya Dəli Domrulun ata-
anasının davranışlarında üzə çıxaraq Əzrayıla insanlara
tənə etməyə əsas verir. Yəni insanlar bütün varlıqları ilə
dünya nemətlərinə bağlıdırlar. Heç kəs bu dünyadan kö-
nüllü getmək istəmir. İkinci ideyanın daşıyıcısı Dəli Dom-
rulun sevgilisi - həyat yoldaşıdır. O, Dəli Domrulsuz dün-
ya
nemətlərini, hətta şirin canını belə özünə haram bilir.
Və sübut edir ki, Tanrının yaratdığı dünyada ən ali və ən
ülvi nemət elə sevginin özüdür. Tanrı dünyanı sevgidən
yaradıb və insanlığı yaşadan, ona həyat qüvvəsi verən sev-
gidir. Şair poemanı bu nöqtədə tamamlamaqla oxuculara
qədim oğuz insanlarının sevgisinin nümunəsində dünyanın
ən uca həqiqətini aşılamış, milli mənəviyyatımızın dayaq
nöqtəsinin sevgi olduğunu, eyni zamanda bu uca bəşəri
sevginin öz qaynaqlarını xalqımızın
mənəviyyat tarixinin
ən dərin qatlarından götürdüyünü göstərmişdir.
Azərbaycan şairləri «Kitabi-Dədə Qorqud» motivlərinə
müraciət edərkən uşaqları da unutmamışlar. Bu baxımdan,
T.Elçinin «Oğul Buğac» poeması kiçik yaşlı uşaqlar üçün
nəzərdə tutulmuşdur. Poema 1988-ci ildə «Gənclik» nəşriy-
yatında rəngli rəsmlərlə buraxılmışdır. Nəşriyyat öz təqdima-
tında yazır ki, «sevimli şairimiz Teymur Elçinin ulu «Dədə
Qorqud» motivləri əsasında ölməz dastanımızın qəhrəman-
larından biri - igid Buğac haqqında yazdığı poemanı balaca
oxuculara təqdim edirik. Qoçaq, qorxmaz Buğacın vətənə,
doğma torpağa, el-obaya, ataya-anaya olan sevgisi bu gün
böyüməkdə olan nəsillərin də ürəyində dünənimizə və gələ-
cəyimizə məhəbbət oyadır» (105, 2).
Yeddi başlıq-hissədən («Muştuluq», «Dağ döşündə»,
«Ovda», «Qalx, gedək!», «Ölümlə görüş», «Dayanma, tə-
213
ləs, oğlum!». «Karvan yolu»)
ibarət olan poema ulu ozan
dədə Qorqudun tərənnümü ilə başlanır:
Dədəm Qorqud!
Aşıq babam, ozan babam,
Mənim ölməz dastanımı
Yazan babam! (105, 2).
T.Elçin Dədə Qorqudu tarixlərdən xəbər verən ozan,
oğuzlara ad qoyan, oğuz elində küsülüləri barışdırıb bütöv
cəmiyyətdə sosial harmoniya yaradan ağsaqqal, elin
sevimlisi, güvənc yeri kimi tərənnüm edir. Şair üçün Dədə
Qorqud eyni
zamanda bədii sözün hamisi, ilham mənbəyi,
bütün şairlərin, o cümlədən T.Elçinin mənəvi əcdadıdır.
Dədə Qorqudun mənəvi irsi indi onun sənətkar nəvələrinin
sözündə, şeirində yaşayır:
İzin qalıb, Qorqud babam.
Sehirli, sirli aləmdə.
Şərbət kimi sözün qalıb
Bu gün mənim piyaləmdə.
Bağladığın kitab mənim,
Çaldığın o rübab mənim,
Səni məndən soruşsunlar,
Hər suala cavab mənim,
Qorqud baba! (105, 4).
Poema başdan-başa «Kitabi-Dədə Qorqud»un birinci
boyu - «Dirsə xan oğlu Buğac boyu» əsasında yazılmışdır.
Əsər «Muştuluq» hissəsi ilə başlayır. Burada Dirsə xanın
oğlu Buğacın doğulması, böyüməsi, on beş yaşına çatması
təsvir olunur. Birinci hissədə Dirsə xana oğlunun anadan
214
olmasını xəbər verirlər. Xəbəri alan xanın sevinci yerə-gö-
yə sığmır:
Səhər hələ yuxudaydı,
Çıxmamışdı dan yerinə,
Hələ günəş gəlməmişdi
Qırmızı meydan yerinə.
Xəbər çatdı Dirsə xana:
- Nə yatmısan,
Tez dursana?!
Oğlun olub!
Muştuluq ver!
Günəş doğdu,
Sevindi göy,
Sevindi yer.
Dik atıldı
Yatağından Dirsə xan.
Muştuluqçu al geyəcək,
Muştuluğu versə xan (105, 5).
Sevincək olmuş xan ova çıxır, ov ovlayır. Qayıdıb
muştuluqçunu görünməmiş şəkildə mükafatlandırır. Eldə
toy-bayram olur.
Uşaq böyüyür, on beş yaşına girir. Bu
yaşında hər hünərdə - at minib, yay çəkib ox atmaqda, ov
ovlamaqda, quş quşlamaqda öz yaşıdlarını qabaqlayır.
Atası onunla fəxr edir:
Qorxma oğul!
Qıy vurmağı
Qartallardan
Öyrən, oğul!
Qayalarda
Qartal doğul! (105, 7).