Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   22   23   24   25   26   27   28   29   ...   121

80 
 
yerlərə gedər, sanki hər addımda bir xatirə axtarardı. Orada, əsgərlərin 
keçmiş düşərgəsində indi küləklər  əsirdi. Məşq üçün qazılan səngərdən, 
basdırılan nişan ağaclarından, dar cığırlardan, sökülmüş çadır yerlərindən
sökük ağaclardan, konserv qutularından başqa heç nə qalmamışdı. 
İntizarlı  gəlin kənarda dayanıb, ziyarətinə  gəldiyi yerin hər tərəfinə 
diqqətlə tamaşa edərdi. Mir Əli ilə görüşdüyü səmtdə durar, uzanıb gedən 
nəhayətsiz qoşa dəmirlərə baxar, baxar, ahəstə səslənərdi: 
- Mir Əli! Mir Əli, sənin dalınca gəlmişəm!.. 
Heç nədən və heç kəsdən cavab gəlməzdi. Gəlinin çağırışı dərin və sirli 
sükut içində  əriyərdi. Tənha yerlərin sükutu müdhiş olur. Ağaclar yenə 
küləyin səmtinə əyilir, quşlar günəşin, havanın feyzindən faydalanmağa can 
atır, dəniz həmişəki ahəngi ilə çağlayıb durur, torpaq, oxunmuş, lakin hələ 
layiqincə anlaşılmamış kitablar kimi görünürdü... 
İndi, soyuq payız axşamında Leyla yenə  səfərə, həmin yerlərin 
ziyarətinə hazırlaşır. Yüz dəfələrlə axtarıb tapmadığı, arayıb görmədiyi Mir 
Əlinin getmiş olduğuna hələ də inanmaq istəmir. Onsuz heç nə boğazından 
keçmir, zehnən bir dəqiqə  də ondan ayrılmır, ayrıla bilmir. Həmişə dolu 
aparıb dolu qaytardığı hədiyyə dəsmalını yenə xüsusi sahmanda hazırlayır, 
yenə bacısı Zibaya belə deməkdən həzz alır. 
- Mir Əlinin yanına gedirəm, ev-eşikdən muğayat ol! 
Bu zahiri sevinclərin arxasında bir səhra kimi dayanan ümidsizlik onun 
yaralı  qəlbini gəmirir, sanki ona gülürlər, öz-özünü aldadan bu arvadın 
ağlına şübhə edirlər. Sanki bir səs, bütün gücü ilə onun qulaqlarına qışqırır 
ki: "Haraya gedirsən?" Quru çöldə Mir Əli nə gəzir, yorulmadınmı?" 
Leyla daxili çırpıntılar içində özünü unudub dayanmışkən, poçtalyon 
qapıdan bir zərf atıb ötdü. 
Leyla quş kimi qapıya atıldı. Zərfi açıb, bərkdən oxudu: 
"Hörmətli bacım, Ziba! Salamlar olsun. Tanımadığınız bir əsgərin sizə 
kağız yazmağından təəccüblənməyin. Mən Mir Əlinin cəbhə yoldaşıyam. 
Onun söhbətindən sizi tanımışam. Bu saat Tbilisidə 8 nömrəli xəstəxanada 
yatıram. Sizə deməli vacib sözüm var. Mümkün etsəniz, buraya zəhmət 
çəkmənizi xahiş edirəm. Ayaqdan salamat olsaydım bu zəhməti verməzdim. 
Bacınıza və qohumlarınıza Mir Əlinin və  mənim dilimdən salam! Mürsəl 
Babayev". 
  


81 
 
Düzdür, Leyla əvvəlcə məktubu səslə başladı, ancaq ilk sətirdəcə səsini 
və sürətini dayandırıb, düşüncəyə daldı. "Mürsəl kimdir? Ziba hara, o hara? 
Mir Əlinin yoldaşı bəs Mir Əlidən niyə yaramasın?.." 
Leyla Zibanın məktəbdən qayıtmasını gözləyə bilmədi. Qonşusu 
Səriyyənin qızını çağırıb dalınca göndərdi: 
- Zibaya deyinən bu saat evdə olsun! Deyinən vacib iş var, bacın səni 
gözləyir. 
Qız o yana getdi. Leyla məktubu başdan-ayağa ayaqdan-başa təkrar-
təkrar oxudu. Hər sözün düzünə mənasını, məcazi mənasını axtardı. Zənnini 
bir yerə qərarlaşdıra bilmədi: 
"Bəlkə məndən gizlədir, qızın əlaqəsi varmış! Yox, gizli əlaqə saxlayana 
belə  aşkar yazmazlar. Bəlkə bu adamın qıza meyli qonub, gözü düşüb, 
görüşə çağırır. Yox, yaralının
 
belə  şeylərlə  uğraşmasına macalı hanı. Elə 
vicdansız  əsgər olarmı ki, bacı dediyi qıza  əyri gözlə baxsın. Bəlkə bu 
tamam ayrı Zibadır, kağızı  səhv gətiriblər?.. Yox! Adres - filan yerli 
yerindədir. Üstəlik Mir Əlinin də dostu... 
Yaxşı, tutaq ki, bu yazılanların hamısı doğrudur, bu adam bizi Mir Əli 
vasitəsilə cəbhədən tanıyır. Bəs elə isə nə üçün Zibaya müraciət etsin? Nə 
üçün dost saydığı Mir Əlinin arvadına bir kəlmə xoş xəbər deməsin?! Buna 
nə ad qoymaq olar?" 
Yarım saat çəkmədi ki, Ziba kitablar qoltuğunda, təngnəfəs, pörtmüş, 
qızarmış özünü evə saldı. 
- Nə var, ay bacı, xeyir ola? Yeznəmdən xəbərin var? 
Leyla onun sözünü kəsdi: 
- Ay qız, sənin Mürsəl adlı tanışın varmı? 
- Mürsəl? 
- Mürsəl Babayev! 
-Yox! 
- Yaxşı fikirləş! 
Ziba bacısının simasındakı ciddiyyəti görüb, fikrə getdi: 
- Mürsəl, Mürsəl, biri var, bizim yeddinci sinifdə. Elə belə  məktəbdən 
tanıyıram. 
- 7-ci sinif yox ey, əsgər! 
- Mən Mürsəl adlı əsgər tanımıram. 
- Babayev! Yaxşı fikirləş, tanımasan sənə kağız yazmaz. Bəlkə bir vaxt 
olub, sonra yadından çıxıb? 
  


82 
 
Leyla bunu deyib, zərfi Zibaya verdi. Ziba bacısının son sözündən daha 
da təsirlənib qızardı. Kağızı oxuyub dodağını büzdü: 
- Bu adı birinci dəfədir eşidirəm. Mürsəl kimdir, zad kimdir? Bu necə 
işdir? 
Leyla kağızı onun əlindən aldı. Sanki xəlvət bir söz demək üçün içəri 
otağa keçdi və Zibanı da çağırdı: 
- Bura gəl, söz deyirəm. 
Ziba bu işdən bir şey başa düşə bilmədiyindən və bacısının şübhəsindən 
o qədər qüssələnmiş, tutulmuşdu ki, çırtıq vursan qanı  çıxardı. Leyla isə 
məktubun əsil mənasını anlamışdı. Ona görə də sanki əli hər şeydən üzülüb, 
əlacsız qalmışdı. 
İçəri otaqda ayaq üstə dura bilməyib, diz çökdü: 
- Bacım, - dedi, - bu kağız yaxşı kağıza oxşamır. Bilmirəm fələk 
başımda nə oyunlar oynayır. Evi, uşağı sənə tapşırıb gedirəm. 
Leyla Zibanın səsindən və ahəngindən anladı ki, bacısı Mir Əlidən 
nigarandır. Salamat adam haqqında belə danışmazlar. İllah da ki, dost ola!.. 
Leyla yarımca saatın içində, yasa batmış kimi, qapqara qaralmışdı. O, 
aldığı məktuba belə məna verirdi: 
"Kağız yazan Mir Əlinin yoldaşıdır. Yəqin, yaman bir xəbərlə  gəlib
məndən gizlədir. Zibanı çağırıb, ona demək istəyir..." 
Leyla bu zənnini həqiqətə yaxın sayırdısa da ürəkdən inanmaq istəmirdi. 
Düşüncələrinin belə  dəhşətli bir ehtimalla nəticələndiyini görüb bütün 
vücudu ilə alışıb-yanırdı. Çalışırdı düşünsün ki, bu düzəltmə  məktubdur. 
Çalışırdı inansın ki, bəzəmə xəbərdir. Yaxud da bu Ziba ayrı Zibadır. Mir 
Əli ayrı Mir Əlidir... 
İntizar və nigarançılıq isə amansız bir qızdırma kimi gəlini taqətdən 
salırdı. Ürəyi qəfəsdəki quş kimi çırpınırdı. 
- Bacım, - dedi, gedirəm. Gedim, görüm, bəlkə  bədbəxtin başında, 
dilim-ağzım qurusun, bir iş var... 
Bacılar qüssələrini bölüşdürəndə, balaca, iki yaşlı Tofiq də yuxudan 
durmuş, dinməz-söyləməz səs gələn otağa keçmişdi. Pişik balası kimi qapı 
ağzında dayanmış, anasının pərişan, müztərib vəziyyətinə baxır, ahəngini 
dəyişmiş, qəhərli səsinə qulaq asırdı. 
- ...Bəlkə bədbəxtin başında bir iş var!.. 
Bu söz ağzından çıxar-çıxmaz Leylanın gözü Tofiqin gözlərinə sataşdı. 
Özünü güclə saxladı, uşağın başını sığalladı. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə