24
Sazişin dördüncü hissəsinə görə Boğazlar üzrə Beynəlxalq Komissiyanın
funksiyası Türkiyə hökumətinə verilirdi. Sazişlə birgə imzalanmış protokola görə,
Türkiyə dərhal Boğazlar zonasını remilitarizasiya etmək hüququnu aldı.
Montrö sazişi 20 il müddətinə imzalanmışdı. Bu müddətin başa çatmasına 2 il
qalmış onu imzalamış olan dövlətlərdən hər hansı biri Sazişin ləğvini tələb edə
bilərdi (27). Beləliklə, Boğazlar üzrə Lozanna konfransında yaradılmış Beynəlxalq
Komissiya Montrödə ləğv edildi və sazişi şərh etmək funksiyası Türkiyəyə verildi.
1938-ci ildə İtaliya Montrö sazişinə qoşuldu, 1951-ci ildə isə Yaponiya onu tərk
etdi (28).
Montrö sazişi bu və ya digər dərəcədə Sovetlərin maraqlarını təmin etməsə də,
lakin ondan sonra baş verən hadisələr, xüsusilə İkinci Dünya müharibəsi göstərdi
ki, Qara dəniz hövzəsinin və sahilyanı dövlət kimi SSRİ-nin təhlükəsizliyinin
təmin edilməsində bu Saziş etibarlı beynəlxalq hüquqi sənəddir. Digər tərəfdən,
Qara dənizə daxil olan hərbi gəmilərin su tutumunun məhdudlaşdırılması da eyni
dərəcədə Sovetlərin maraqlarına uyğun idi. Bütövlükdə götürdükdə İngiltərə ilə
qarşıdurmada Sovet İttifaqı bir növ qalib çıxdı. Britaniyanın Boğazlar üzərində
Beynəlxalq Komissiyanın nəzarətini saxlamaq ideyası gerçəkləşmədi. SSRİ-nin
maraqlarının tam təmin olunmaması isə daha çox Qara dəniz boğazlarının
xüsusiyyətləri ilə bağlı idi. Ən əvvəl, nəzərə almaq lazım idi ki, Boğazlar ərazi
etibarı ilə Türkiyənin ayrılmaz hissəsidir, yəni A.F.Millerin qeyd etdiyi kimi,
Boğazların hər iki sahili eyni dövlətə, Türkiyəyə məxsus idi. İkincisi, Boğazlar
yetərincə dar bir sahə idi və onu "bağlamaq" asan idi. Üçüncüsü isə, haqqında
söhbət gedən Boğazlar açıq dəniz (Aralıq dənizi) ilə qapalı (Qara dəniz) dənizi
birləşdirirdi (29). Məhz bu səbəblərdən Sovet İttifaqı 30-cu illərin ortalarında
Boğazlar məsələsi ilə bağlı arzuladığı üstün hüquqları ala bilmədi. Buna görə də
İkinci Dünya müharibəsindən sonra Sovetlər Boğazlar məsələsində öz iddialarını
yenidən ortaya qoydular.
Montrö sazişi ilə Türkiyə XIX əsrin əvvəllərində Boğazlar üzərində itirilmiş
suverenliyini bərpa etdi. Bu sazişlə Türkiyə Qara dənizdə və Aralıq dənizində
cərəyan edən hadisələrə ciddi təsir imkanı əldə etdi. Boğazlar üzərində üstün
mövqelərini bərpa etdikdən sonra digər dövlətlər Türkiyə ilə hesablaşmaq
məcburiyyətində qaldılar və onlar Ankara ilə dostluq münasibətlərinin
yaradılmasına xüsusi maraq göstərməyə başladılar. Türkiyə diplomatiyası Montrö
konfransında aparıcı dövlətlər arasında yaranmış fikir ayrılığından məharətlə
istifadə edə bildi. Bir sözlə, Montrö konfransı Türkiyənin Boğazlar üzərindəki
nəzarətini asanlaşdırdı (30).
Montrö sazişi 1936-cı il iyul ayının 31-də Türkiyə Böyük Millət Məclisində
təsdiq edibrkən Baş nazir İ.İnönü onun əhəmiyyətini və xarici işlər naziri R.Arasın
fəaliyyətini yüksək qiymətləndirərək dedi: "Yeni
25
boğazlar müqaviləsi Türkiyənin təhlükəsizliyi və hakimiyyətini millətlər arasında
təsbit edən gözəl bir vəsiqədir. Doktor Aras bu vəsiqə ilə yalnız Türkiyənin
əmniyyəti üçün gözəl bir xidmət icra etməklə qalmadı, beynəlmiləl sülh davasının
yorulmaz bir yolçusu olduğunu bir kərə daha isbat etdi". Daha sonra İsmət paşa
qeyd etdi ki, "Boğazlar konfransından məmnuniyyətlə çıxmağımızın bir mühüm
səbəbi, əlaqədar dövlətlərin hamısının məmnun çıxmış olmalarıdır. İştirak edənlər
kamilən imza etdilər. Bu mənada 1923-cü il müqaviləsini qəbul etməmiş olan
dostumuz Sovetlər də bizimlə bərabər imza etdilər" (31).
Montrö sazişindən sonra Sovet İttifaqı ilə qarşılıqlı yardım haqqında pakt
bağlamağa dair ikitərəfli danışıqlar başlansa da, 1936-cı ilin oktyabrında Türkiyə
bundan imtina etdi. Oktyabr ayının 28-də Moskvadakı türk səfiri Apaydın xalq
xarici işlar komissarı M.Litvinova bildirdi ki, Türkiyə hökuməti Montrö
konvensiyasının SSRİ-nin və Türkiyənin maraqlarını yetərincə təmin etdiyindən
bu konvensiyadan kənar, yaxud onun bir hissəsinə əsaslanan yeni sazişin
məqsədəuyğun olmadıgı qənaətindədir. Sovet rəsmiləri Türkiyənin mövqeyinin
dəyişməsini İngiltərənin ona təsir imkanlarının artması ilə izah edirdilər.
Ankaradakı sovet səfiri L.Karaxan 1936-cı ilin noyabr ayının əvvəllərində
Sovetlərin mövqeyini türk hökumətinə çatdırdıqda Baş nazir İ.İnönü və xarici
işlər naziri Rüştü Aras bu məsələ ilə bağlı İngiltərə ilə məsləhətləşdiklərini
gizlətmədilər (32). Əgər Sovetlərlə belə bir müqavilə bağlansaydı, Türkiyə bir növ
boğazların qorunması ilə bağlı SSRİ qarşısında əlavə öhdəliklər götürmüş olurdu.
Şübhəsiz ki, belə bir öhdəlik gündən-günə mürəkkəbləşən dünyada Türkiyə üçün
əlavə problemlər yarada bilərdi. Öz növbəsində bu hadisə Sovet-Türkiyə
münasibətlərinə müəyyən sərinlik gətirirdi. 1937-ci ilin ilk günlərində baş vermiş
kiçik bir hadisə münasibətlərdə yaranmış bu sərinləşməni qabarıq şəkildə özündə
əks etdirirdi. Yanvar ayının 7-də Sovetlərin Türkiyədə ticarət müvəkkili
A.Rozenqolts tərəfindən "tamamilə məxfi" qrif ilə İ.Stalinə və V.Molotova
göndərilən məktubda qeyd edilirdi ki, "Osoaviaxim" nümayəndələrinin gəlişi
şərəfinə 29 oktyabr 1936-cı ildə Sovet səfirliyində düzənlənmiş qəbulda Kamal
Atatürklə Karaxan arasında diqqəti çəkən söhbətin mətnini Sizə göndərirəm.
Söhbətin mətni ilə tanış olduqdan sonra Stalin məktubun üzərinə maraqlı dərkənar
qoymuşdu: "Voroşilova, Kaqanoviçə, Orcanikidzeyə, Litvinova. Bizim
"dostumuz" Atatürkün "nitqinin" mətni ilə tanış olmaq maraqlı olardı. Dərkənarda
hər iki söz İ.Stalin tərəfindən dırnağa alınmışdı. A.Rozenqoltsun göndərdiyi gizli
məlumatda söhbət nədən gedirdi? Üstündən 2 aydan da artıq bir vaxt keçəndən
sonra bu söhbətin məzmunu nəyə görə İ.Stalinə göndərilmişdi?
29 oktyabr 1936-cı ildə Türkiyədə Cümhuriyyət bayramı olduğu üçün Atatürk,
onu müşayiət edən şəxslərlə birlikdə Sovet səfirliyində olan