417
1960-70-ci illərdə dövrün tənqidinin sovet dövrü ədəbi meyarlarından irəli gələn “işıqlı həyat idealı
olan” bədii qəhrəman tələbi ilə yazıçının stereotipləri qıran, məhz sosial mühitin “zülmətinə qərq olmuş”
obrazlar yaratmaq məqsədi uyğun gəlmirdi. Lakin bununla yanaşı, tənqid Anarın Təhminə, Zaur, Kəbirlinski,
Muxtar və s. obrazlarındakı yeniliyə və mükəmməlliyə laqeyd deyildi, əksinə ədəbi-nəzəri fikir bu
qəhrəmanların yazıçının yaradıcılıq fərdiliyinin müəyyənləşməsində əhəmiyyətini dərk edir və təsdiqləyirdi.
Elçin povestlərini qəhrəman konsepsiyası da milli ədəbi tənqidi ciddi düşündürmüşdür. Elçin
povestlərində cəmiyyətimizi narahat edən problemlərə qəhrəmanların münasibəti fonunda fərqli insan
mənəviyyatı, psixologiyası, daxili dünyası ilə qarşılaşırıq. Bu əsərlərdə təsvir olunan obrazlar əsasən
cəmiyyətin alt təbəqəsini, aşağı zümrəni təmsil edirlər, müəllif diqqəti zahirən adi görünən həyatların qeyri-
adi mənzərəsinə, qapalı aləminə yönəlir. Elçinin povestlərində bədii məzmunun əsasına bir qayda olaraq
Bakıətrafı kəndlərin insanlarının taleyi qoyulmuşdur. Məmmədağa, Mirzoppa, Məsməxanım (“Bir görüşün
tarixçəsi”), Ağababa və ailəsi, Zibeydə obrazları vasitəsilə (həm “Toyuğun diri qalması”, həm də “Dolça”da)
bu bədii məkanda yaşayan insanların mənəvi-ruhi dünyasını, həyata baxış tərzini, dünyagörüşlərini, məişət
tərzlərinə, əxlaq kodekslərinini təhlil və analiz predmetinə çevirdi.
Abşeron kəndi Elçinin əsərlərində ancaq bədii məkanı şərtilik çərçivəsində, hadisələrin cərəyan etdiyi
məkan kimi ifadə etmir, həm də bu nəsrin mövzu və problematikası, qəhrəmanları da bilavasitə həmin bədii
məkanla bağlı bədii təhlil predmetinə çevrilir. Elçin psixologizmi Bakıətrafı kəndlərin sakinlərinin
xarakterində genetik yaddaşından gələn öznəməxsusluqları xüsusi həssaslıqla duyub izləyə bilir, yazıçı
müşahidələrini müdrikcəsinə bədii sənətdə ehtiva edir. Ədəbiyyatımızda daha əvvəllər yaradılan bu tip
obrazlara ironik münasibətin əksinə olaraq bu qəhrəmanların daxili aləmləri onların mənəvi duyğularına
güclü bədii nüfuzetmə ilə açılır.
Ədəbi tənqid Elçinin “Açıq pəncərə”, “Sos”, “Bir görüşün tarixcəsi”, “Toyuğun diri qalması”
povestlərinin qəhrəmanlarında yazıçının insan konsepsiyasını müəyyənləşdirən bu cəhətə xüsusilə əhəmiyyət
verirdi. “Bir görüşün tarixçəsi”ndə Məsməxanım, Məmmədağa surətləri, “Toyuğun diri qalması”nda Zibeydə
obrazı nəzəri təhlillərdə bu cəhətdən daha mükəmməl görünür. Tənqid Elçin qəhrəmanlarının azadlığını,
onların zamanın fövqündən yüksəkdə dayanan istəklər, xəyallar aləmini yazıçının öz obrazlarını sosial
gerçəkliyin ağır məngənəsindən qurtarmaq cəhdi ilə izah edir.
Tənqidçi T.Əlişanoğlu yazır: “Bir görüşün tarixçəsi” əsərində Elçin problemə (emansipasion – qadın
azadlığı probleminə) sanki təzə nəfəs gətirməyə, onu sosial gerçəklərin ağır məngənəsindən qurtarmağa
çalışır. Emansipasion azadlıq deməkdir: asılılıqdan, tabeçilikdən, hər cür yanlış və yıpranmış təsəvvür və
adətlərdən... Elçin məramın dramatizmdən, ağrılı, təzadlı, münaqişəli kataklizmlərdən uzaq, sırf poeziyasına
dalmağı, “azadlıq” deyilən insan hissinin təmiz, buxovsuz, məhz asılılıqdan, tabeçilikdən, cəmiyyətlə bağlı
hər cür ilgilərdən kənar varlığını duymağı “qərara alır”. Bunun üçün cəmiyyətdən kənarlıq illuziyası yaradan
şərti məkan və zaman, aydındır ki, təbiətin özüdür – dəniz, dəniz sahilinin səhra genişliyi, qayalar, gecə...
bütün bunların insan təbiətinin “azadlığı” – təklik, tənhalıqla qafiyələnməsi” (4, 55).
Azərbaycan ədəbiyyatında «altmışıncılar»ın nəsrə gətirdiyi yeniliklərin əsasında duran insan
konsepsiyası və ona ədəbi tənqidin münasibətini araşdırarkən sözügedən ədəbi nəslin nümayəndəsi Sabir
Əhmədli yaradıclığı ilə bağlı nəzəri təhlillər xüsusilə diqqəti çəkir. Sözügedən ədəbi nəslin digər
nümayəndələri kimi Sabir Əhmədli yaradıcılığında da bədii maraq əsasən şəxsiyyətə, fərdə, ən sadə, sıravi
cəmiyyət üzvlərinə yönəlir, onların mənəvi-psixoloji aləminin bədii tədqiqi, könül dünyasının dərinliklərinin,
ən mübhəm duyğularının izahı məqsədinə xidmət edirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və
təsəvvürləri ədəbiyyatdakı «sovet adamı» anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi, ilk növbədə bu cə-
hət 60-cı illər qəhrəmanının əvvəlki onulliklərin nəsr qəhrəmanlarından ciddi şəkildə fərqləndiyini müşahidə
etməyə imkan verirdi. Ümumiyyətlə, qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən həmin xarakterlər, saf-
ürəkli «həqiqət divanələri», «həyatda yerini tapmayan», bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq
əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar 60-70-ci illər ədəbiyyatının ən
populyar qəhrəmanları idilər. Sabir Əhmədli yaradıcılığında da belə qəhrəmanlar kifayət qədərdir.
Ədəbi tənqid Sabir Əhmədlini həyatın ən dərin qatlarının təsvirini yaradıcılığında məharətlə verən
səriştəli yazıçı hesab edir, onun qəhrəmanlarını tamamilə təbii, həyatın özündən gələn qəhrəmanlar olduğunu
vurğulayır. Tənqidçi B.Nəbiyev yazıçı barədə fikirlərini belə ümumiləşdirir: «...Uzun illər bundan əvvəl
yaşamış olduğu, hardasa qəlbin dərin qatlarında mürgü döyən hisslərin fəallaşması üçün real varlıqla, ətraf
mühitlə, insanlarla, adi bir təbiət hadisəsi ilə xırdaca təmas kifayət edir ki, bütün bunlar təcrübəli qələm
sahibinin təsvirində həyat haqqında retrospektiv bədii təhkiyyənin materialına çevrilsin» (6, 47). Əlbəttə, bu
təhkiyəni Sabir Əhmədlinin «Dünyanın arşını»‚ «Yaşıl teatr», «Qan köçürmə stansiyası»‚ «Yasamal
gölündə qayıqlar üzür», «Toğana» və başqa əsərlərində müşahidə etmək mümkündür. Yazıçının həmin
əsərlərində Arif («Dünyanın arşını»), Adil («Toğana»), Kainat («Yaşıl teatr»), Hikmət («Yasamal gölündə
qayıqlar üzür») daha çox «əməl» qəhrəmanları kimi deyil‚ «düşünən» qəhrəmanlar kimi yadda qalır. Bu
«düşünən» qəhrəmanların daxili nitqləri isə nəsrdə psixologizmi yaradır. «Düşünən» qəhrəmanlarının