418
sayəsində gerçəkliyin əsasına enən yazıçı müsahibələrinin birində deyir: «Həyatın bəsit, mürəkkəb, fəlsəfi
tərəfləri var. Ona necə baxmaq, hansı prizmadan yanaşmaq idrakının səviyyəsindən asılıdır. Kimi hadisələrə
üzdən baxır, kimi baş qoşmur, kimi də boş buraxır... Mən isə həmişə çalışıram ki, mahiyyətə varam». Bu cür
yazı manerası ilə «müasir Qərb romançılarının - «psixoloji məktəbin» əsasını qoyan M.Prustun, C.Coysun,
F.Kafkanın və b. aparıcı təsvir üsulu olan «şüur axının»dan S.Əhmədovun faydalandığını» (7, 434 )
göstərirdi. Çağdaş ədəbi tənqidin də müşahidə etdiyi kimi, Sabir Əhmədli yaradıcılığı boyu sovet siyasətinin
insanda yaratdığı mənəvi qüsurları, milli kökdən uzaqlaşmağın faciələrini göstərir, onun qəhrəmanlarının
zəngin xarakterlər aləmi də bu ali məqsədə xidmət edir. Ədib «Yaşıl teatr», «Dünyanın arşını», «Yasamal
gölündə qayıqlar üzürdü», «Toğana», «Azığa doğru», «Yasaq edilmiş oyun», «Gülmalı kişinin axırı» kimi
əsərlərində mənəvi-əxlaqi problemlər bədii həllini verməyə çalışmışdı. Yaradıcılığının 60-70-ci illər
mərhələsində yazdığı əsərlər isə bu baxımdan xüsusilə diqqəti çəkir.
Milli ədəbi-nəzəri fikir daha çox yazıçının əsərlərinin mürəkkəb mənəvi-əxlaqi, sosial problemləri ilə,
dövrün insanın mövcud ictimai mühitlə çoxtərəfli əlaqələri və münasibətlərinin məzmununa, mahiyyətinə,
eləcə də, həmin əlaqələrin, münasibətlərin doğurduğu çoxçeşidli, çoxmənalı emosiyalara həssas sənətkar
müdaxiləsi ilə yadda qaldığını vurğulayır. S.Əhmədlinin bu fonda izlənən və təhlil mərkəzinə çəkilən qadın
obrazları da milli-mənəvi əxlaqi keyfiyyətləri ilə maraq doğurur. Yazıçının əsərlərində qadın qəhrəmanlarını
birləşdirən ən yüksək meyar insanlıqdır. Yazıçı qadınlara həssas münasibət bəsləmiş, qadın mənəviyyatı
məsələsinə, onun yaşantəlarına böyük həssaslıq və ehtiramla yanaşmışdır. Onun «Yaşıl teatr»da yaratdığı
Kainat obrazı Azərbaycan qadınına məxsus keyfiyyətləri ilə seçilən qəhrəmandır. Milli ədəbiyyatşünaslıq və
tənqid bu qəhrəman haqqında belə bir qənaətdədir ki, Kainat nə qədər savadsız, avam olsa belə, ruhən
qüvvətlidir, namusu, isməti, zəhmətkeşliyi, qayğıkeşliyi ilə ailəsinə bağlılığı, övladlarına sonsuz məhəbəti,
sevgisi, onların əminamanlığı, xoşbəxtliyi naminə hər cür fədakarlığa hazır olması ilə mənəvi paklıq, saflıq
mücəssiməsidir. Kainat namuslu‚ gözütox‚ əxlaqlı‚ düşüncəli qadındır. Mənəvi-əxlaqi cəhətləri ilə yadda
qalan sürətlərdəndir. Kainat müdrik və eyni zamanda bi qədər sadəlövh, fiziki cəhətdən güclü və xasiyyətcə
həlim, ürəyi yumuşaq insandır. Cavan olmasına baxmayaraq bir neçə ailənin ağbirçəyidir. O çox yüksək
dərəcədə ali insani keyfiyyətləri ilə diqqəti cəlb edir. Beş uşaq anası olmasına baxmayaraq başqa ailələrin də
qayğısını çəkir. Tələtlə Şərqinin ailə münasibətlərindəki kəskinlik, Gülbəstinin taleyi, qardaşı Seyfəlin həyatı
onu çox narahat edir. Kainat öz övladlarını halal zəhmət hesabına böyütmək istəyir. Bunun üçün də
″Xeyirxah əmək″ sexindən iş götürüb evdə işləyir. Ona bu işdə qonşuları da kömək olur. Qadınlar, uşaqlar
böyük həvəslə birgə əmək fəaliyyətinə qoşulurlar. Haramdan uzaq qaçan bu qadın insanpəvərliyi ilə seçilir.
Bunu sözlərində və əməlində təsdiqləyir: “Azuqəni insafla bölüşdürsələr‚ yer üzündə bir insan korluq
çəkməz.” (9, s. ;218) Kainat səxavətli və tədbirli insandı.
Bu əzəmətli qadın obrazı nəinki doğmalarına, eləcə də ətrafında olan hər kəsə bu cür insani münasibət
bəsləyir. Kainata xas olan bu ali keyfiyyətləri ədibin nəsrindəki qadın obrazların əksəriyyətində görmək
mümkündür. Sabir Əhmədli qadın problemini milli adət-ənənələr, milli psixologiya, əxlaq və tərbiyə
məsələləri aspektində bədii tədqiq obyektinə çevirir, onun qəhrəmanları üçün bütün hallarda əxlaq və
mənəviyyat müstəsna əhəmiyyət kəsb edir. Yazıçı qadın azadlığı və xoşbəxtliyini, qadınların cəmiyyət
həyatında fəal iştirakını ürəkdən təbliğ etsə də, bunun naminə belə milli dəyərlərimizdən,
mənəviyyatımızdan, bir sözlə mentalitetimizdən kənara çıxmağı düzgün hesab etmir. S.Əhmədli üçün
qadının mənəvi paklığı, təmizliyi eyni zamanda millətin əxlaqının, mənəviyyatının meyarıdır. Sənətkarın
əxlaq fəlsəfəsi mənsub olduğu millətin mənəvi dəyərlərinə, onun çoxəsrlik adət-ənənələrinə əsaslanır ki, bu
cəhəti qadın qəhrəmanlarına münasibətində də aydın müşahidə edirik.
Ədəbi tənqid İsi Məlikzadənin qəhrəmanlarını tipoloji cəhətdən Elçinin qəhrəmanlarından köklü
şəkildə fərqləndirir. İsi Məlikzadə nəsrinin məkannıın da Elçin nəsrindəkidən fərqli olduğunu göstərir. Bu
məkanın “konkret ünvanı var – rayon mərkəzi. Yazıçının qəhrəmanları kənd əməkçilərindən çox, rayon
mərkəzinin xidmət müəəssilərində işləyən dərzilər, dəlləklər, aşpazlar, şoferlər, ya da qayda qanun
gözətçiləri, milis nəfərləri, qoruq xidmətçiləri və sairdir.” (6, 55)
İsi Məlikzadə nəsrində adi adamların mənəvi dünyasına güclü nüfuzetmə, onların mənəviyyatının
dərin qatlarının bədii izahı, insan və cəmiyyət, insan və təbiət münasibətləri kontekstində qəhrəmanıarın
mənəvi-əxlaqi dünyalarının gizli guşələrinə enə bilmək, qarşıya çıxan pproblemlərə vətəndaş münasibəti
nöqteyi-nəzərindən onların hər birini tədqiq-təhlil süzgəcindən keçirmək ədəbi tənqid materialllarında geniş
yer alan məsələlərdəndir.. Beləliklə, milli ədəbi tənqid 60-70-ci illər nəsrinin yaradıcılıq problemləri
içərisində daha çox bədii qəhrəman konsepsiyasının geniş təhlilinə yer verir, nəsrin keyfiyyət yeniliyini
əsasən, onun “yenilənən” qəhrəmanlar, xarakterlər aləmi ilə izah edirdi.
Ədəbiyyat
1.
Hüseynov A. Nəsr və zaman. Bakı, Yazıçı, 1980.
2.
Arif M. Sənətkar qocalmır. Bax: “Ağ limanlar və qırmızı gəmilər” Bakı, 1980.
3.
Yusifli V. Nəsr: konfliktlər, xarakterlər, Bakı: Yazıçı, 1986.