160
Şabalıd təzə halda yeyilir. Onu qovurduqda dadı və ətri yaxşılaşır.
Azərbaycanda şabalıd müxtəlif xörəklərdə işlədilir. Şabalıddan qənnadı
sənayesində (marsipan, tort, pirojna, şokolad və s. hazırlanmasında),
aşpazlıqda (toyuqları içləmək, plov bişirmək və s.) geniş istifadə olunur.
Qurudulmuş şabalıddan alınan un, başqa ölkələrdə çörəyə və qənnadı
məmulatına qatılır. Ondan qəhvə əvəzediciləri və spirt də istehsal
edirlər.
Şabalıd ağacının yarpaqlarında qlükozidlər, pektin və aşılayıcı
maddə (9%-ə qədər) və K vitamini vardır. Ona görə də yarpaqlarından
çay dəmləyib daxili qanaxmalara qarşı tətbiq edirlər.
Pekan. Qoz ailəsinin kariya cinsinə mənsubdur. Vətəni Şimali
Amerikadır. Burada pekan yabanı və mədəni halda bitir.
Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə
Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan
plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və
Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli
meyvədir. 6-8 yaşından məhsul verir.
Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza
bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir. 3-10
ədəd olmaqla bir salxımda bitir. Tam yetişdikdə qərzəyi partlayır.
Qəhvəyi rəngli, silindrik formalı nazik və hamar qabıqlıdır. Uc tərəfi bir
qədər şiş olur. Daxilində şirin qırmızı-qəhvəyi rəngli ləpəsi yerləşir.
Ləpə meyvənin 38-50%-ni təşkil edir.
Pekanın tərkibində 70% yağ, 8-19% zülal, 14,3% karbohidrat və
başqa maddələr vardır. Meyvələri təzə və qurudulmuş halda yeyilir.
161
Qənnadı sənayesində, aşpazlıqda və yağ almaq (zeytun yağına oxşar)
üçün sərf edilir. Pekanın oduncağı açıq qəhvəyi rəngdə, bərk, ağır
olduğundan kənd təsərrüfatı maşınları üçün müxtəlif hissələr
hazırlanmasında işlədilir.
Şərq fıstığı. Fıstıqçiçəklilər fəsiləsinin fıstıq cinsinə aiddir. 9 növ
ağacdan 2 növü yayılmışdır. Qafqazda dəniz səviyyəsindən 2300 m
yüksəklikdə subalp qurşağına qədər meşəliklərdə bitir. Fıstıq meşələri
Qafqaz meşələrinin 25%-ni təşkil edir.
Fıstıq aprel-mayda çiçəkləyir və eyni zamanda yarpaqları əmələ
gəlir. Meyvələri sentyabr-oktyabrda yetişir və çatlamış tikanlı qərzəkdən
ayrılıb düşür. Meyvəsi 3 tilli, parlaq qəhvəyi rəngdədir. Içərisində açıq
bozumtul-qəhvəyi rəngli ləpəsi vardır.
Fıstıq 40-50 yaşından bara girir, 3-4 ildən-bir bol məhsul verir,
500 ildən çox ömür sürür.
Fıstıq ləpəsində 30-50% yağ və 20% zülali maddə vardır. Onu təzə
və qovrulmuş halda yeyirlər. Lakin fıstıq ləpəsinin tərkibində zəhərli
qlükozid olduğundan, onu çox yemək məsləhət görülmür. Fıstıq
ləpəsindən yarımquruyan yağ alınır. Həmin yağ qida üçün, həm də
texnikada istifadə edilir.
Fıstığın oduncağı bərkliyinə görə şabalıd və palıd oduncağından
geri qalır. Xüsusi mebel və parket hazırlanmasında istifadə edilir.
Meşə fındığı. Tozağacı fəsiləsinin fındıq cinsinə mənsubdur.
Məlum 15 növündən 7 növü daha çox yayılmışdır. Meşə fındığı yabanı
halda Avropada, Qərbi Asiyada və Şimali Amerikada bitir.
Azərbaycanda meşə fındığı Şəki-Zaqatala zonasının dağətəyi
162
meşələrində geniş sahələrdə bitir. Dağlıq Qarabağ, Quba-Xaçmaz
zonalarının meşələrində də yabanı fındıq vardır.
Fındıq 7-9 m hündürlüyündə bitən koldur, bəzən ağac şəklində boy
atır. Mart ayında çiçəkləyir. Erkək və dişi çiçəkləri ayrı-ayrı eyni ağacda
yerləşir. Fındığın meyvəsi avqust-sentyabrda yetişir. 1 hektar sahədən
40-500 kq məhsul yığmaq olar. Meyvələri yetişənə qədər yaşıl qalır və
qərzəklidir. Qərzək fındığı ya tamamilə, ya meyvənin dib hissəsini, ya
da Ki, yarısını bürüyür. Meyvəsi yumru, oval-silindrik və əksərən
uzunsov olur. Qabığı sarı-qəhvəyi və ya tünd darçınıdır. Fındığın ləpəsi
ağdır, yağlı və dadlıdır, qırmızı və ya tünd sarı rəngli pərdə ilə örtülüdür.
Meşə fındığı 5-10 yaşından bara girir, 60-80 il ömür sürür.
Təbiətdə vegetativ yolla çoxalır.
Meşə fındığının tərkibində 58-71% yağ, 14-18% asan həllolunan
zülal, 2-5% saxaroza, B
1
və E vitaminləri, dəmir duzları vardır. Meşə
fındığı təzə, qurudulmuş və qovrulmuş halda yeyilir. Ondan qənnadı
sənayesində tort-pirojna, konfet və karamel üçün içlik, Şərq şirniyyatı
hazırlanmasında daha çox istifadə edilir. Təzə meyvələrini narın
sürtgəcdən keçirib, su ilə qarışdıraraq yüksək qidalı sayılan «süd» və
«qaymaq» hazırlayırlar ki, bu da zəif düşmüş xəstələr üçün məsləhət
görülür. Meşə fındığının ləpəsindən əczaçılıqda və ətriyyatda işlədilən
yağ çıxarılır, qabığından təbabətdə işlədilən kömür hazırlanır, cavan
şivlərindən təsərrüfatda zənbil və səbət toxunur.
163
4.3.5. Subtropik meyvələr
Yabanı nar. Nar fəsiləsindəndir. Yabanı halda Zaqafqaziyanın və Orta
Asiyanın dağlıq rayonlarında bitir. Azərbaycanın Lənkəran, Zaqatala, Şəki, Ağsu,
Ismayıllı, Ağdaş, Masallı, Göyçay, Şəmkir və başqa rayonlarında yabanı narın
çoxlu ehtiyatı vardır. Yabanı nar kolluqlarının çoxu Talışdadır. Azərbaycanda
mədəni yetişdirilən narın ən yaxşı sortları mövcuddur.
Nar bitkisi 2-4 m hündürlükdə çox gövdəli koldur, may-avqustda çiçəkləyir.
Çiçəyin kasa yarpaqları qalın ətli və qırmızıdır. Ləçəkləri 5-8 ədəd zərif, tünd
qırmızıdır. Meyvəsi sentyabrda yetişir. Narın meyvəsi qeyri-həqiqi giləmeyvədir,
forması girdə kürəşəkilli, bəzən uzunsov olur. Gül kasacığı meyvənin baş
hissəsində qalır. Yabanı narın meyvəsi mədəni sortlara nisbətən xırda olur. Narın
meyvəsi şirəlidir, nazik arakəsmələri (pərdələri) olan 6-9 yuvası olur. Hər meyvədə
200-dən 500-ə qədər şirəli dənə olur. Şirəli dənələr bir tum və içərisi şirə ilə
dolmuş zərif pərdədən ibarətdir. Yabanı narın meyvəsinin qabığı yaşıl, açıq çəhrayı
və müxtəlif çalarlı qırmızı rəngdə, gilələri ağ, açıq çəhrayı, qırmızı və tünd qırmızı
olur. Dadı turş və ya meyxoşdur.
Yabanı narın tərkibində 8,2-12% şəkər, 3-9% üzvi turşu (limon turşusu),
pektinli maddə, aşılayıcı maddə və C vitamini vardır. Yabanı narın həm dərman və
həm də texniki əhəmiyyəti vardır. Qatılaşdırılmış nar şirəsi – narşərab – ət və
balıq xörəklərində tamlı qatqı kimi istifadə edilir.
Yabanı nardan sənaye miqyasında limon turşusu istehsal edilir. 33 ton
nardan 1 ton limon turşusu almaq olur.
Nar meyvəsinin təzə qabığının tərkibində 22-35%-ə qədər aşılayıcı maddə
vardır. Bu, gön-dəri istehsalında ən yaxşı aşı maddələrindən biri hesab olunur.
Bundan, həmçinin yun və kətan parçaları boyamaq üçün bitki boyağı kimi də
istifadə edirlər.
Dostları ilə paylaş: |