Azərbaycan Tarixi
293
məsi» və noyabrın 22-də «Rusiya
və Şərqin bütün müsəlman zəh-
mətkeşlərinə» müraciətnaməsi Şərq xalqlarının milli azadlıq hərə-
katının genişlənməsində inqilabiləşdirici rol oynadı. Hüquq bə-
yannaməsində xalqların öz müqəddəratını təyin etmək, hətta ay-
rılıb müstəqil dövlətlərini yaratmaq hüququ elan edilirdi. Bütün
müsəlman zəhmətkeşlərinə müraciətnamədə isə deyilirdi: «Rusiya
Respublikası və onun hökuməti başqa xalqların torpaqlarının işğal
olunmasının əleyhinədir … İranın bölüşdürülməsi haqqında
müqavilə pozulur və məhv edilir … Sizin etiqad və azadlıqlarınız,
sizin milli təsisatlarınız azad və toxunulmaz elan olunur. Öz milli
həyatınızı sərbəst və maneəsiz qurun. Sizin buna haqqınız vardır».
Rusiyada inqilabi hadisələrin təsiri altında İranın hər yerində
inqilabi-demokratik və milli-azadlıq hərəkatı geniş vüsət aldı. Hər
yerdə İngiltərə imperializminin İrandakı siyasətinə qarşı kütləvi
mitinq və nümayişlər keçirilirdi.
İranda inqilabi hərəkatın mərkəzi Cənubi Azərbaycan idi.
Cənubi Azərbaycanda 1917-ci ilin avqustunda yaradılmış Azər-
baycan Demokratik Partiyası öz fəaliyyətini genişləndirdi. İran
Demokratik Partiyasının vilayət təşkilatı bazasında yaradılmış
Azərbaycan Demokratik Partiyasının sosial tərkibi xırda və orta
burjuaziya təbəqələrindən,
mütərəqqi mülkədarlardan, ziyalılar-
dan, ruhanilərin aşağı təbəqələrindən, həmçinin fəhlə və kəndlilər-
dən ibarət idi. Partiya imperializmə qarşı mübarizə və İranda
demokratik dəyişikliklər edilməsi tələbləri ilə çıxış edirdi.
Rusiya qoşunlarının İrandan çıxarılmasından sonra İranı
tam əsarət altına almaq üçün əlverişli şəraitin yetişdiyi qənaətinə
gələn İngiltərə hakim dairələri Cənubi Azərbaycanda milli-azadlıq
hərəkatının genişlənməsindən narahat idilər. Cənubi
Azərbaycandakı inqilabi hadisələr İngiltərənin Cənubi Qafqaz
haqqındakı planlarına da ciddi zərbə endirə bilərdi.
1918-ci ilin mart-may aylarında Cənubi Azərbaycanın qərb
hissəsini və Təbrizi işğal etmiş alman-türk ordularına qarşı mü-
barizə aparmaq bəhanəsilə İngiltərə İranı tamamilə işğal etməyə
hazırlaşırdı. İranın şimal rayonlarına general Denstervillin
Qəzənfər Rəcəbli
294
başçılığı altında ingilis hərbi ekspressiyası göndərildi. İyun ayının
sonunda Denstervillin dəstəsi Rəşt və Ənzəlini tutdu, Gilan
sovetləri dağıdıldı. İlk vaxtlar üsyançılarla birlikdə, Gilanın kiçik
feodal hakimi Kuçek xanın cəngəllilərdən
ibarət dəstələri
ingilislərə müqavimət göstərdilər. Lakin bir qədər sonra Kuçek
xan işğalçılarla müharibəni dayandırdı və 1918-ci ilin avqustunda
general Denstervill ilə saziş imzaladı. Denstervill Gilanda Kuçek
xanın hakimiyyətini tanıdı. Kuçek xan isə ingilis hərbi dəstəsini
maneəsiz Bakıya buraxmağı və onları ərzaq ilə təchiz etməyi
öhdəsinə götürdü. Lakin general Denstervill az sonra müqaviləni
pozdu və cəngəllilərə qarşı qoşun göndərdi. Kuçek xanın
dəstəsi
yenidən meşələrə çəkilməli oldu.
1918-ci ilin avqustunda Denstervillin dəstəsi, yax-ınlaşmaq-
da olan türk ordusuna qarşı mübarizə aparmaq adı altında Bakıya
gəldi. Lakin sentyabrın 14-də Nuru paşanın Qafqaz İslam ordusu,
türk ordusu və Azərbaycan Cümhuriyyətinin hərbi hissələri Bakını
azad edəndə, general Denstervillin dəstəsi qarət etdiyi əmlakı
götürüb tələsik Bakını tərk etdi və Ənzəliyə qayıtdı.
18.3. Təbriz üsyanı və Azərbaycan (Azadistan) Milli
hökuməti. 1918-ci ilin ortalarında bütün İran İngiltərənin nəzarəti
altına alındı. Ölkədə ingilis ağalığına qarşı etiraz dalğaları geniş
vüsət aldı. Bütün ölkəni bürüyən narazılıq və etiraz dalğaları
1920-ci ilin əvvəllərində iri şəhərlərdə mitinq, nümayiş və piket-
lərə çevrildi.
İnqilabi çıxışlar Cənubi Azərbaycanda daha kütləvi və güclü
idi. Kütlələrin inqilabi çıxışları 1920-ci il aprelin 7-də Təbrizdə
üsyana çevrildi. Təbriz üsyanına Şeyx
Məhəmməd Xiyabaninin
başçılığı altında Azərbaycan Demokratik Partiyası rəhbərlik
edirdi. Təbrizdə hakimiyyət ADP-nin inqilaba rəhbərlik etmək
üçün yaratdığı «İctimai komissiya"nın əlinə keçdi. 1920-ci ilin
iyun ayında «İctimai komissiya» Şeyx Məhəmməd Xiyabaninin
başçılıq etdiyi «Milli hökumət» ilə əvəz olundu.
Tacir ailəsindən çıxmış Məhəmməd Xiyabani görkəmli din
xadimi, ruhani alim idi. O, hələ 1908-1909-cu illərdə Təbriz üs-
Azərbaycan Tarixi
295
yanında fəal iştirak etmişdi. M.Xiyabani 1909-cu ildə ikinci ça-
ğırış İran Məclisinə deputat seçilmişdi. O, İran Məclisində de-
mokratların fraksiyasına daxil idi və İranda imperialist dövlətlərin
ağalığına qarşı çıxış edirdi. Birinci Dünya müharibəsi illərində
M.Xiyabani
həm ingilis-rus, həm də alman-türk imperialistlərinə
qarşı hərəkatda iştirak edir, antiimperialist çıxışları ilə seçilirdi.
1918-ci ilin yazında Cənubi Azərbaycan və onun mərkəzi şəhəri
Təbriz türk qoşunları tərəfindən tutulduğu zaman türk hərbi
hakimiyyət orqanları M.Xiyabanini, antitürk təbliğatında ittiham
edib həbs etdilər və Qars şəhərindəki həbsxanaya saldılar. Birinci
Dünya müharibəsi qurtardıqdan sonra həbsxanadan çıxan
M.Xiyabani 1919-cı ildə Təbrizə qayıdıb Azərbaycan
demokratlarının rəhbəri oldu. M.Xiyabani və onun tərəfdarları
İranın müstəqilliyinin bərpası və möhkəmləndirilməsi uğrunda,
İranın respublika elan olunması və demokratik
islahatlar
keçirilməsi uğrunda, İranın hüdudları daxilində Cənubi
Azərbaycana muxtariyyət verilməsi uğrunda qətiyyətlə çıxış
edirdilər.
Təbriz üsyanının qələbəsindən sonra Urmu, Xoy, Salmas,
Marağa, Ərdəbil və Zəncanda da hakimiyyət demokratların əlinə
keçdi. Azərbaycan «azadlıq ölkəsi» elan edildi və «Azadistan»
adlandırıldı. Azərbaycan demokratları hakimiyyəti ələ aldıqdan
sonra şah hakimiyyət orqanlarının özbaşınalığına və qanunsuzluğa
son qoyuldu, geniş xalq kütlələrinin maddi durumunun
yaxşılaşdırılması üçün tədbirlər görüldü. Ərzaq çatışmazlığı
şəraitində möhtəkirliyə qarşı mübarizə aparılırdı. Ərzaq və
çoxişlənən malların qiymətləri aşağı salında. Ölkədə yeni
məktəblər və xəstəxanalar açıldı.
Lakin Azadistan «Milli hökuməti» Təbrizdə irtica
qüvvələrinə qarşı ciddi mübarizə aparmadı, irtica tərəfdarları
tərksilah edilmədi. Hətta Təbrizdəki fars kazak hissələri də
tərksilah edilməmişdi. «Milli hökumət» xalqı silahlandırmaq üçün
ciddi
tədbirlər görmədi, yalnız kiçik könüllü dəstələri yaradıldı.
Ona görə də irticaçı qüvvələr Təbrizdə açıq-açığına
Qəzənfər Rəcəbli
296
antidemokratik təbliğat aparır, təxribat və pozuculuq işləri aparır
və Azərbaycandan kənardakı həmfikirləri ilə, hətta şah
qoşunlarının komandanlığı ilə açıq surətdə əlaqə saxlayırdılar.
Təbriz üsyanının əsas hərəkətverici qüvvələri Azərbaycan
demokratlarının sosial tərkibinə uyğun olaraq milli ticarət və şəhər
xırda burjuaziyası, şəhər yoxsulları və yenicə təşəkkül tapan fəhlə
sinfi idi. Hökumət aqrar islahatları həyata keçirmədiyinə görə
kəndlilər milli-azadlıq hərəkatından kənarda qalmışdılar. Təbriz
üsyançıları İranın digər bölgələrindəki inqilabi hərəkat ilə əlaqə
saxlamadılar. Üsyançılar fəal hücum taktikasından
imtina etdilər
və yalnız passiv müdafiə taktikası seçdilər. Bütün bunlar Təbriz
üsyanının zəifləməsinə səbəb oldu və ingilislərdən dəstək alan şah
hökumətinin üsyanı yatırmasına kömək oldu.
1920-ci il avqustun sonunda şah hökuməti və ingilis
komandanlığı Təbriz üzərinə böyük qoşun hissələri göndərdi.
Sentyabrın 12-də irtica qoşunları Təbriz üsyançılarının
müqavimətini qırıb şəhəri tutdular. Üsyan iştirakçılarına amansız
divan tutuldu. Sentyabrın 14-də Şeyx Məhəmməd Xiyabani ələ
keçirildi və şəhərin küçələrində məhkəməsiz vəhşicəsinə
öldürüldü.
18.4. Cənubi Azərbaycanda 1917-1920-ci illər milli-
azadlıq hərəkatının tarixi əhəmiyyəti. Cənubi
Azərbaycanda
1917-1920-ci illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğrasa da,
Təbriz üsyanı yatırıldısa da inqilabın sölələri birdən-birə sönmədi.
1922-ci ildə Təbrizdə Azərbaycan Demokratik Partiyasının və
Şeyx Məhəmməd Xiyabani tərəfdarlarının fəaliyyəti yenidən
canlandı. İnqilabi hərəkat silahlı qüvvələrə də təsir etdi. 1922-ci il
fevralın 1-də Təbriz jandarmasının qarnizonunda üsyan baş verdi.
Üsyana səbəb hərbi nazir Rza xanın (sonralar İranda Pəhləvilər
şah sülaləsinin əsasını qoyan Rza şahın) hərbi islahatları,
mütərəqqi fikirli, demokratik əhval-ruhiyyəli zabitlərin silahlı
qüvvələrdən qovulması və uzun müddət ərzində jandarma və hərbi
qulluqçuların əmək haqlarının ödənilməməsi oldu. Üsyana
Səttarxan hərəkatının iştirakçısı olmuş zabit Lahuti başçılıq edirdi.